İqtisadi
əməkdaşlığın genişlənməsi
üçün böyük potensial var
Şahin
Mustafayev: "Çexiyanın Cənubi Qafqaz ölkələri
ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın
payına düşür"
Ötən
il Azərbaycan ilə Çexiya arasında ticarət
dövriyyəsi 2,4 dəfə, bu ilin yanvar-iyun ayları ərzində
2,1 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və sair sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.
İqtisadiyyat naziri Azərbaycan və Çexiya arasında müxtəlif sahələri, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənədin imzalandığını qeyd edib. Bildirilib ki, hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və sair sahələrdə 25 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2 milyard dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediliblər: "2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2,4 dəfə, cari ilin yanvar-iyun ayları ərzində 2,1 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib və bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür. "Gəncə avtomobil zavodu" və Çexiyanın "Tatra" şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə əməkdaşlığa dair memorandum imzalanıb və hazırda bu sahədə hazırlıq işləri davam etdirilir. Ölkələrimiz avtomobil və dəmir yollarının yenidən qurulması, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, vaqonların istehsalı, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir”.
Ş.Mustafayev Azərbaycanda xarici investisiyalar və iş adamları üçün yaradılmış imkanlar barədə də məlumat verərək deyib: "Azərbaycan stabil ölkədir, regionun siyasi və iqtisadi mərkəzidir, müasir infrastruktur yaradılıb, tranzit potensialı genişdir. Cənubi Qafqazda ÜDM istehsalının 60 faizdən çoxu Azərbaycanın payına düşür. Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə apardığı sorğunun nəticələrinə görə, xarici investorların 65 faizi Azərbaycandakı mövcud makroiqtisadi vəziyyəti müsbət, 89 faizi isə ölkənin makroiqtisadi perspektivlərini yaxşı və stabil kimi qiymətləndiriblər”.
Çex Respublikasının sənaye və ticarət naziri Marta Novakova nazir kimi ilk səfərinin Azərbaycana olmasından məmnunluğunu bildirib, Azərbaycanın uğurlu inkişaf yolunu vurğulayıb. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən M.Novakova sənaye, əczaçılıq, kimya, birgə müəssisələrin yaradılması və digər sahələrdə geniş əməkdaşlıq imkanlarını, bugünkü biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb, Çexiya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Çexiya İqtisadiyyat Palatasının vitse-prezidenti Borjivoy Minarj müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust isə çex şirkətlərinin fəaliyyətinə və əməkdaşlıq istiqamətlərinə dair təqdimatlarla çıxış edib.
Biznes forum
çərçivəsində iş
adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar
əlaqələrin genişləndirilməsi imkanları
müzakirə olunub.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.7.