Təhsil
infrastrukturu təkmilləşdirilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki
295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir işləri zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Hazırda birnövbəli sistemlə məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən dövlət siyasətində təhsilin
inkişafına xüsusi diqqət yetirilir. Son illərdə çoxlu sayda yeni məktəb binasının inşası,
mövcud təhsil müəssisələrinin
isə müasir səviyyədə yenidən
qurulması geniş vüsət alıb. Bu layihələr paytaxtımızla
yanaşı, respublikanın ən ucqar kənd
və qəsəbələrini də əhatə edir. Bu işlərlə
yanaşı, Azərbaycanda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
və yenilənməsi istiqamətində də mühüm işlər görülür.
Bütün bunlar bir daha sübut
edir ki, insan kapitalının formalaşmasında
müstəsna rola malik
olan təhsil sahəsinin inkişafına
ölkəmizdə ən yüksək səviyyədə diqqət
göstərilir. Bütün bunlar isə gənc nəslin bilikli,
savadlı və intellektual səviyyədə
yetişməsində mühüm rol oynayır.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.1.