Yeniləşən Azərbaycana yeni məktəb
Bakının
Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər
Cabbarlı adına 187 nömrəli tam orta məktəbin
binası əsaslı təmir edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məktəbin
direktoru Nailə Məmmədova görülən işlərlə
bağlı dövlətimizin başçısına məlumat
verdi.
Diqqətə
çatdırıldı ki, 187 nömrəli tam orta məktəb
1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən
təhsil müəssisəsinə Cəfər
Cabbarlının adı verilib. 1991-ci ildə təhsil
ocağının ikinci korpusu inşa edilib. Məktəbin
binasında 2008-ci ildə cari təmir işləri
aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham
Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı
təmirə başlanılıb. Qısa vaxt ərzində təmir
işləri yüksək səviyyədə aparılıb.
Məktəbdə
yaradılan şəraitlə yaxından tanış olan
dövlətimizin başçısına bildirildi ki, burada
2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər
birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn
kabinetləri ən müasir tələblər səviyyəsində
qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs
ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri
biliklərini laboratoriyalarda tətbiq etmələri
üçün də yeni avadanlıqlar
quraşdırılıb. Təhsil ocağının idman
zalında yeniyetmələrin fiziki
sağlamlığının qorunması üçün
bütün şərait yaradılıb. Məktəbin akt
zalında müxtəlif tədbirlərin keçirilməsi
mümkündür. Şagirdlərin hərbi
hazırlığının və vətənpərvərlik
ruhunun yüksəldilməsi məqsədilə məktəbdə
hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin
yüksək texnologiyalar sahəsində biliklər əldə
etmələri üçün kompüter otaqları var.
Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da
olacaq. Təhsil ocağının həyətində də
abadlıq və quruculuq işləri həyata keçirilib,
idman meydançası yaradılıb. Bu gün 82 yaşı
olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək
üçün bütün şərait yaradılıb. Təhsil
ocağında tədris Azərbaycan və rus bölmələri
üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət
göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi
2010-cu ildə "50 ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının
ali məktəblərə qəbul səviyyəsi ildən ilə
artır. Bu il bu göstərici 50 faiz təşkil edib.
Son
illərdə ölkəmizdə yeni məktəb
binalarının inşası və əlavə korpusların
tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti
sayəsində təhsil islahatları uğurla davam edir.
Bütün bu işlər həm də onu göstərir ki,
şagirdlərin ən yüksək səviyyədə təhsil
almaları, onların elmin sirlərinə daha dərindən
yiyələnmələri üçün hərtərəfli
imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə
hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu
işlərə öz töhfəsini verir. Bu gün təhsil
müəssisələrinin əsaslı şəkildə
yenidən qurulması, yeni məktəb binalarının,
uşaq bağçalarının inşası prosesi məqsədyönlü
şəkildə uğurla həyata keçirilir. Paytaxtda və
ətraf qəsəbələrdə, eləcə də
respublikanın hər yerində orta məktəb binaları
yüksək standartlara uyğun şəkildə yenidən
qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil
müəssisələrinin ərazilərində abadlıq
işləri həyata keçirilir. Məktəblərin
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
də mühüm işlər görülür.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.2.