İnsan
kapitalının inkişafında təhsil prioritet sahədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki
192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var.
Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Zəngin təbii sərvətlərindən səmərəli
istifadə edən Azərbaycan insan
kapitalının daha da
inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına
göstərdiyi diqqət və qayğının nəticəsi
olaraq son illərdə
müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses
Azərbaycanın bütün bölgələrini
əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində
həyata keçirilən bu fəaliyyət
proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə
seçilən, müasir təlim
avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri
də 192 nömrəli tam orta
məktəbdir. Burada təlim-tədrisin
yüksək səviyyədə aparılması üçün hər cür
şərait yaradılıb. Bütün
sinif otaqları, fənn kabinetləri ən
müasir tələblər səviyyəsində
qurulub. Məktəb müasir
tədris avadanlıqları və dərs ləvazimatları
ilə təchiz edilib. Bu
təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq
işləri görülüb. Həyətdə
futbol və voleybol
meydançaları yaradılıb.
Azərbaycan.-2018.- 14 sentyabr.- S.2.