Xalq artisti Arif Məlikova
Hörmətli Arif müəllim!
Sizi – Azərbaycan
mədəniyyətinin görkəmli
nümayəndəsini 85 illiyiniz
münasibətilə səmimi
qəlbdən təbrik
edir, Sizə cansağlığı və
işlərinizdə müvəffəqiyyətlər
arzulayıram.
Sizin geniş
diapazonlu rəngarəng
yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq
hadisələrindəndir. Qara Qarayev
məktəbinin layiqli
davamçısı kimi
xalq musiqisi ənənələri və
dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək
meydana gətirdiyiniz çoxsaylı sənət
nümunələri ilə
musiqi salnaməmizin daha da zənginləşməsində
və ölkə mədəniyyətinin inkişafında
müstəsna xidmətləriniz
vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin
koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın
zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır.
Fəlsəfi düşüncələr
və bəşəri
duyğularla aşılanmış
ecazkar musiqiniz mənəvi kamilliyə
can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət
qarşısında irəli
sürdüyü tələblərə
cavab verən qiymətli əsərləriniz
ölkəmizin hüdudlarından
kənarda, dünyanın
ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü
tapmışdır.
Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq
Bakı Musiqi Akademiyasının professoru
və bəstəkarlıq
kafedrasının müdiri
kimi zəngin təcrübənizdən bəhrələnən
istedadlı musiqiçilər
nəslinin yetişdirilməsində
uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan
edən mühüm hadisələrə və
taleyüklü məsələlərə
münasibətdə Siz
həmişə əsl
vətəndaşlıq mövqeyi
nümayiş etdirmiş,
vətənpərvər və
aydın düşüncəli
ziyalı kimi də xalqımızın
hörmətini qazanmısınız.
Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın
və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən
daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının
ən ali
təltiflərinə – Heydər
Əliyev mükafatına,
"Heydər Əliyev”
və "İstiqlal”
ordenlərinə layiq
görülmüsünüz.
Əminəm ki, Siz bundan
sonra da bütün qüvvə və bacarığınızı
Azərbaycan mədəniyyətinin
inkişafı naminə
sərf edəcəksiniz.
Dərin
ehtiram və xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr
2018-ci il.
Azərbaycan.-2018.-
14 sentyabr.- S.2.