Zəfər
yürüşü
100 il öncə
türk ordusunun yardımı ilə Bakı işğaldan
azad edildi
Kafkaslar, yol ver bizə, biz Bakuye varacağız.
Babalardan miras qalan yurdları biz alacağız.
Qafqaz
İslam Ordusuyuz , pek imanlı, pek
şanslıyız,
Baş
komutan fərmanlıyız, ay yıldızlı
nişanlıyız…
Zaman
1918-ci il, ilıq bir may səhəridir... Gəncə
çölləri zəfər marşı oxuyan müzəffər
ordunu qarşılamaq üçün al qırmızı lalələrə
bürünüb...
Zaman
1918-ci il, həzin bir payız səhəridir...
Hələ günəş
çıxmamış xilaskar ordu Şabanı
dağlarından enərək Yasamal yamaclarına
çıxır. Artıq düşmən
məhv edilib və Bakı azaddır. Xalq sevinc göz
yaşları içərisində, bu qalib ordunu
qarşılamaq üçün küçələrdə
selə dönüb...
Həmin gün Qafqaz İslam Ordusuna
başçılıq edən Nuru Paşa Azərbaycan
hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu
Ordu komandanlarına teleqramlar ünvanladı. Bu teleqramların
hamısı eyni cümlə ilə başlayırdı:
"Bakı şəhəri 30 saatlıq şiddətli
müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth
olunub”...
"Bakıda cəsədlərdən
başqa heç bir müsəlman qalmamışdı”
1918-ci ildir. Birinci Dünya müharibəsi bitmək
üzrədir. Həmin dövrdə
Osmanlı dövləti düz 10 cəbhədə
savaşırdı. Bu elə bir dövr
idi ki, 3 qitəyə hökm edən imperatorluq parçalanma
ilə üz-üzə qalmışdı. Şimalda çar rejimi dağılmış,
bolşeviklər hakimiyyəti ələ keçirmişdi.
Qafqazda bolşeviklərin basqısı hər
keçən gün daha da artırdı. Qafqazla
bağlı hazırlanan bütün planların mərkəzində
isə zəngin neft mədənləri olan Azərbaycan
dururdu.
Məqsəd bu ərazidən türk, müsəlman əhalini
təmizləmək və neft yataqlarını ələ
keçirmək idi. İstila planları çox keçmədən
həyata keçirilməyə başlandı. Bolşeviklər erməni dəstələrini
silahlandırdılar. Bir tərəfdə ağır
silahlarla təchiz olunmuş bolşevik ordusu və erməni
birləşmələri, digər tərəfdə isə əliyalın
və tənha qalmış azərbaycanlılar...
Elə buna görə də düşmən gün
keçdikcə daha da azğınlaşırdı. Təsadüfi
deyildi ki, 30 mart 1918-ci ildə bolşevik ordusu və erməni
birləşmələri Bakı ətrafında kütləvi
qətllər törətməyə başladı. Onlar
uşaq, qadın, qoca demədən hər kəsi hədəfə
almışdı və bunun isə bir adı var idi:
Soyqırımı. Təkcə martın 30-dan
aprelin 1-nə kimi Bakıda 15 mindən çox əhali qətlə
yetirilmişdi. Həmin günlərin
şahidləri danışırdılar ki, Bakıda cəsədlərdən
başqa heç bir müsəlman qalmamışdı. Həmçinin Şamaxıda, Qubada, Lənkəranda
və ölkənin digər bölgələrində də əliyalın,
silahsız insanlara qarşı soyqırımı törədilmişdi.
Osmanlı dövləti Azərbaycana
kömək üçün dünyanı
qarşısına aldı
1918-ci il aprelin əvvəllərində olduqca çətin
və mürəkkəb zamanda Osmanlı dövlətindən
kömək istəmək üçün azərbaycanlılardan
ibarət heyət yarandı. Məhəmməd
Əmin Rəsulzadənin başçılıq etdiyi qrup
İstanbulda hərbiyyə naziri Ənvər Paşa və
Sultan Məhəmməd Rəşadla görüşür.
Osmanlının Qafqaza ordu göndərməsi,
sadəcə, ruslara deyil, ingilislərə və ermənilərə
qarşı da döyüşməyi vacib edirdi. Birinci Dünya müharibəsində
Osmanlının müttəfiqi Almaniya isə türklərin
Qafqazda güclənməsini istəmirdi. Yəni
bu mürəkkəb situasiya onu göstərirdi ki,
Osmanlının Azərbaycana kömək etməsi
üçün bir çox siyasi güclərlə
mübarizə aparması lazım gələcək.
Bütün bunlara baxmayaraq, Osmanlı dövləti dərhal
Azərbaycana kömək etmək haqqında qərar verdi. Ənvər Paşanın
29 yaşındakı qardaşı Nuru Paşa yardıma
göndəriləcək orduya başçı təyin
edildi.
Beləliklə, Azərbaycanın dərdlərinə dərman
olacaq və müstəqilliyini təmin edəcək Qafqaz
İslam Ordusu yaradıldı. Nuru Paşanın
başçılıq etdiyi ordu artıq 1918-ci ilin aprelində
Zəngəzurda idi. Nuru Paşa zaman-zaman
ruslarla, ingilislərlə, ermənilərlə vuruşaraq
mayın 25-də Gəncəyə daxil oldu. Gəncə əhalisi Osmanlı ordusunu sevinclə
qarşıladı. Qafqaz İslam Ordusu Gəncədə
düşmənin ciddi müqaviməti ilə
qarşılaşsa da, qısa zamanda fəth edildi sakitlik
yaradıldı. Bu döyüşlərdə
112 əsgər şəhid oldu. 3 gün
sonra, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan
edildi və Gəncə müvəqqəti paytaxt oldu.
Növbə Bakını
işğaldan azad etmək idi
Azərbaycanın paytaxtı Bakı olmalı idi. Şəhər
isə işğal altındaydı. Nuru
Paşa əvvəlcə bütün heyəti azərbaycanlılardan
ibarət bölüklər yaratdı və onları Qafqaz
İslam Ordusuna birləşdirdi. Növbə
Bakının işğaldan azad edilməsi idi. Amma bölüklər kifayət deyildi. Buna görə Nuru Paşa hərbi dəstək
qüvvət istədi. Qısa zamanda dəstək
qüvvələrin gəlməsi ilə Qafqaz İslam Ordusu
Bakıya doğru irəlilədi. Dəstək
qüvvələrlə birlikdə ordunun sayı 20 minə
çatdı.
Bakının şimalındakı Şamaxı və Mərəzə
ilə cənubundakı Salyan-Neftçala bölgəsini
düşməndən təmizlədikdən sonra Qafqaz
İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər
yaxınlaşdı. Hərbi birləşmələr son dərəcə
ağır bir vəziyyətdə irəliləməkdə
davam edirdilər. Ordu silah, sursat, rabitə,
nəqliyyat, su və ərzaq
çatışmazlığı kimi bir çox çətinliklərlə
üzləşmişdi. Əsgərlərin
ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə
ordu arasındakı məsafə də artmışdı.
Düşmənin ordu birləşmələri
geri çəkilərkən rabitə xətlərini, dəmir
və şose yolu ətrafında işə yarayacaq, su və ərzaq
mənbələrini məhv edirdilər. Qafqaz
İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Bunun üçün əllərində lazımi ləvazimat
çatışmırdı. Nuru Paşa
düşmənin məhv etdiyi rabitə xətlərini və
dəmir yolunu istifadəyə yararlı hala salmağa
çalışırdı. Amma
ixtisaslı mütəxəssis tapmaq çətin
olduğundan bu işlər ləng gedirdi.
30 saatlıq şiddətli
döyüş
Sentyabrın 13-də Hacı Həsən kəndinin qərbindəki
müşahidə məntəqəsində Nuru Paşa
Bakı üzərinə həlledici hücum əmrini
imzaladı. Həmin gün axşam orduya Qafqaz İslam Ordusu komandirinin
"Sarıxaçlı kilsə istiqamətində irəli”
- hücum əmri verildi. Sentyabrın 14-də
səhər tezdən, hələ günəş
çıxmamış xilaskar ordu Şabanı
dağlarından enərək Yasamal yamaclarına
çıxdı və əl bombaları ilə düşməni
məhv edərək şəhərin girişində
dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə döyüş
yerinə gələn düşmənin qərb cəbhəsi
üzrə erməni komandiri şəhəri təslim etməyə
hazır olduqlarını bildirdilər.
Bununla da "Sentrokaspi diktaturası” darmadağın
edildi və Bakı antiazərbaycan qüvvələrin əlindən
xilas oldu. Bu döyüşlərdə 1136 Osmanlı əsgəri
şəhid oldu. Bakı ilə yanaşı, Azərbaycanın
bir çox bölgəsində onların xatirə məzarlıqları
var...
İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng
edən Osmanlı dövlətinin hərb naziri Ənvər
Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində
Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyskiyə
teleqram göndərib Azərbaycan xalqı və hökumətini
böyük qələbə münasibətilə təbrik
etdi. Fətəli Xan Xoyski Nuru Paşanı şəhərin
azad edilməsi münasibətilə təbrik edərkən
yazırdı: "Millət Sizə minnətdardır”.
1918-ci il sentyabrın 17-də - Fətəli xan Xoyski
kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət
hökuməti Bakıya köçdü. Bakı
rəsmən paytaxt elan olundu.
Nuru Paşa nədən
Bakını tərk etmək məcburiyyətində
qaldı?
Bakının azad edilməsindən ay yarım sonra
Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq
olan Osmanlı imperiyası məğlubiyyətlə üzləşir
və oktyabrın 30-da Mudros sülh müqaviləsi
imzalanır. Bu sazişin Azərbaycana dair bir sıra şərtləri
vardı.
Belə
ki, 11-ci maddəyə görə, türk ordusu tezliklə Cənubi
Azərbaycandan çıxmalı, 15-ci maddəyə əsasən
Cənubi Qafqaz dəmir yolu, Bakı və Batum tam şəkildə
müttəfiqlərin sərəncamına verilməli idi. Mudros müqaviləsinin 12-ci maddəsində göstərilirdi
ki, Cənubi Azərbaycandakı və Qafqazdakı Osmanlı
qüvvələri Birinci Dünya müharibəsi öncəsindəki
sərhədlərə qədər geri çəkilməli
idilər.
Noyabrın 8-də ingilis hökuməti Osmanlı dövlətindən Qafqazdakı bütün türk qüvvələrinin, o cümlədən Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 1914-cü il hüdudlarına geri çəkilməsini tələb etdi. Bu dövrdə Qafqazda və Cənubi Azərbaycanda təxminən 73 min nəfərə qədər türk əsgəri vardı. Nuru Paşa Qafqaz İslam Ordusunun komandanlığından istefa verdiyini və Azərbaycan Ordusunun xidmətinə keçdiyini bildirdi.
Beləliklə, Qafqaz İslam Ordusu noyabr ayından etibarən Bakını və Azərbaycanı göz yaşları içərisində tərk etmək məcburiyyətində qaldı. Amma Azərbaycan xalqı bu qəhrəman ordunun xidmətlərini heç bir zaman unutmadı. Qafqaz İslam Ordusundan Azərbaycanda qalan əsgərlərini də, şəhid olanlarını da illərlə yaşadığı ağır və məşəqqətli zamana rəğmən içində, özündə yaşatdı...
Bakının ən hündür
nöqtəsində qoşa qardaş məzarlığı...
Bu gün Bakının ən hündür nöqtəsində, iki qardaş dövlətin, Azərbaycan və Türkiyənin övladlarının müqəddəs məzarlığı var. Orada Azərbaycanın müstəqilliyi, daim var olması uğrunda canlarından keçən şəhidlər uyuyur. Amma bu gün onların ruhu narahatdır. Çünki Azərbaycanın döyünən ürəyi Qarabağ düşmən işğalı altındadır. Əminik ki, tezliklə sələfləri kimi igid və mərd oğullarımızın sayəsində vətən torpağımızın bu yarası da sağalacaq. Bu zaman bütün şəhidlərimiz məzarlarında rahat uyuyacaqlar və ruhları da sakitlik tapacaq...
Yasəmən
BAĞIROVA
Azərbaycan.-2018.- 14 sentyabr.- S.9.