“Azərbaycan” qəzetinin
kollektivinə
Sizi
"Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə
səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə
uğurlar arzulayıram.
Müstəqil
dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın
inkişafına əvəzsiz töhfələr verən
"Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə
başlamışdır. Cəmi iki il işıq üzü
görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini
dayandırmış qəzet nəşr olunduğu qısa
dövr ərzində görkəmli ziyalıların,
tanınmış ictimaiyyət nümayəndələrinin
tribunasına çevrilərək, xalqımızın maariflənməsində,
müstəqillik ideallarının gerçəkləşməsində,
mədəniyyətinin yüksəlişində, mənəvi
dəyərlərinin qorunmasında önəmli rol
oynamışdır.
XX əsrin
sonlarında ölkəmiz yenidən müstəqilliyə
qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan”
qəzeti öz ənənələrini davam etdirərək,
milli dövlət quruculuğu prosesində fəal
iştirakı ilə seçilmişdir. Demokratik
inkişafın tərkib hissəsi kimi söz və məlumat
azadlığının təmin edilməsi, kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılması milli mətbuatımızın, o cümlədən
"Azərbaycan” qəzetinin öz missiyasını daha səmərəli
şəkildə yerinə yetirməsinə yeni imkanlar
açmışdır. Qəzet peşəkarlıq,
obyektivlik və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etmiş, ölkəmizin
sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin
formalaşması, milli həmrəyliyin möhkəmlənməsi
və digər sahələrdə həyata keçirilən
dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan
ictimaiyyətinə çatdırılması istiqamətində
məqsədyönlü fəaliyyət göstərmişdir.
Respublikamızın
dinamik inkişaf etdiyi, cəmiyyət həyatının
bütün sahələrinin yeniləşdiyi müasir dövrdə,
habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti
ilə şərtlənən rəqabət mühitində mətbuatımız
ümummilli məsələlərin həlli, cəmiyyətimizin
rifahı naminə üzərinə düşən vəzifələri
daha böyük əzmlə yerinə yetirməyi
bacarmalıdır. Əminəm ki, "Azərbaycan” qəzetinin
kollektivi də qarşıdakı dövrdə bu çətin
və şərəfli işin öhdəsindən uğurla
gələcək.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 sentyabr
2018-ci il.
Azərbaycan.-2018.- 15 sentyabr.- S.1.