İlham Əliyevdən gənclərə
tövsiyyə: İlk növbədə, milli maraqlardır, Vətənin
xöşbəxtliyidir, müstəqil siyasətdir
Sentyabrın
14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki
Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin
açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbin
direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə
yeni məktəb binasında yaradılan şərait barədə
məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli
2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində
genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılıb, açıq havada idman meydançası
yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin
sayı 25 min nəfərdən çoxdur. Əvvəllər
yaşayış massivində məktəb
olmadığından şagirdlər təhsillərini rayonun
Maştağa, Zabrat və digər qəsəbələrindəki
təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli
yeni məktəb binasının inşaat işləri
yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra
dövlətimizin başçısı məktəbin bir
qrup müəllim və şagirdi ilə
görüşdü.
Azərbaycan Prezidenti görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-
Sabahınız xeyir olsun, mən sizi ürəkdən
salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Yeni dərs ili ərəfəsində
biz Maştağa qəsəbəsinin Savalan yaşayış
massivində yeni məktəbin açılışına
toplaşmışıq. Bu gözəl hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə
verilən məlumata görə, bu yaşayış massivində
məktəb yox idi. Ona görə həm
uşaqlar, həm valideynlər böyük əziyyət
çəkirdilər. Göstəriş
verildi və qısa müddət ərzində belə gözəl
məktəb tikildi. 960 şagird yerlik məktəbdə
indi oxumaq, işləmək üçün bütün
şərait yaradılıb. Ərazisi də
böyükdür. Böyük idman
meydançası var. Yəni, burada işlər ən yüksək
səviyyədə aparılıb. Hesab
edirəm, bu gözəl təşəbbüs bir daha onu
göstərir ki, Azərbaycanda təhsilə çox
böyük diqqət yetirilir.
Əlbəttə, harada ki, məktəbin inşasına
ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul
oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində
19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin
əksəriyyəti artıq yaxşı vəziyyətdədir.
Hələ də təmirə ehtiyacı olan məktəblər
var və biz onları gələn illərdə təmir edəcəyik.
Ölkəmizdə isə bu il 200-dən
çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə
137 modul tipli məktəb tikilib. O kəndlərdə
ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə
idi. Qəzalı məktəblərin sökülməsi və
onların yerində yeni məktəblərin tikintisi
proqramı da ümid edirəm ki, gələn il
başa çatacaq. Beləliklə, Azərbaycanda
məktəb fondu ən müasir standartlara cavab verəcək.
İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən
çox məktəb tikilib və əsaslı təmir edilib.
Bu, təhsil sahəsinə çox böyük
töhfədir.
Məktəbdə uşaqlar yaxşı
oxumalıdır. Bir halda ki, belə gözəl şərait
var, burada təhsilin keyfiyyəti də yüksək
olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin
iş yeridir və müəllimlərin şəraiti də
yaxşılaşır. Müəllim olmaq istəyənlərin
sayı artır, müəllim peşəsinin hörməti
artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin
tərbiyə olunmasında valideynlərlə bərabər
aparıcı rol oynayır.
Bir məsələni də diqqətinizə
çatdırmaq istəyirəm. Mənə verilən məlumata
görə, bu il 500-dən artıq bal
toplayan 2 mindən çox abituriyent müəllim peşəsini
seçib. Bu, müəllim peşəsinə
olan marağın ən bariz nümunəsidir. Müqayisə
üçün deməliyəm ki, 2016-cı ildə 500-dən
çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri
müəllim peşəsini seçmişdi, indi isə 2 min.
Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini,
məktəblərin əksəriyyətində gözəl
şəraitin olmasını, müəllimlərin məişət
problemlərinin həllini göstərir. Son illər
ərzində müəllimlərin maaşları əhəmiyyətli
dərəcədə artıb və cəmiyyətdə
müəllimə olan ənənəvi hörmət bərpa
edilir. Bu, çox sevindirici haldır.
Ona görə müəllimlərin problemlərinin
həlli üçün gələcəkdə də işlər
aparılacaq. Təhsil sahəsində
aparılan köklü islahatlar səmərə verir, təhsilin
keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə
görürük və ümid edirəm ki, bu uğurlu proses
bundan sonra da davam etdiriləcəkdir.
Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə
cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk
növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda
ümumi savadlılıq səviyyəsi 100 faizə
yaxındır. Bu, çox gözəl
göstəricidir. Bu gün dünyada
savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə.
Onların arasında ancaq yüksək
texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar,
neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir.
Ölkələri inkişafa doğru aparan əsas
amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir.
Ona görə Azərbaycanda gənclər
çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox
böyük dəstək verilir, bu, dövlət siyasətidir.
İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət
göstərə bilməz. Ona görə,
ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar
ki, yaxşı oxusunlar və gələcəkdə həm
özləri üçün gözəl həyat qursunlar, həm
ölkəmizin inkişafına töhfə versinlər.
Əlbəttə ki, gənclərin tərbiyəsi
ilə bağlı həm müəllimlər, həm valideynlər
ciddi məşğuldurlar və mən bunu
alqışlayıram. Azərbaycan gəncləri
vətənpərvər gənclərdirlər və bundan
sonra da bizim gənclərimiz vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə almalıdırlar.
Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu,
əhəmiyyəti artır. Bölgədə Azərbaycanın
iştirakı olmadan heç bir layihə icra edilə bilməz.
Yaşadığımız regionda bizim siyasətimizdən,
qərarımızdan çox şey asılıdır.
Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana
təsir etmək istəyən xarici qüvvələrin də
sayı az deyil. Azərbaycan
vətəndaşları bunu bilirlər. Ancaq
bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı
hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza
uyğun olmayan təşəbbüslərə çəksinlər.
Ona görə ki, bizim çox güclü
siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz
müstəqil siyasət aparırıq, heç kimdən
asılı deyilik. Hesab edirəm, Prezident
kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən
biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət
aparır. O siyasət ki, milli maraqlar və ənənəvi
dəyərlər üzərində qurulubdur və elə etməliyik
ki, gələcək nəsil də öz gələcəyini
bu istiqamətdə görsün. Gələcək
nəsil də, ilk növbədə, vətənpərvər
olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz
doğma Vətəninə bağlı olmalıdır, bizim qədim
ənənələrə sadiq olmalıdır və bilikli,
savadlı olmalıdır. Belə olan halda
ölkəmizin gələcəyi də parlaq olacaqdır.
Belə olan halda Azərbaycan daim müstəqil
siyasət aparacaq. Çünki bizim siyasətimiz
həyatda öz əksini tapıb. İndi
baxın, dünyanın müxtəlif yerlərində
qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial
böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə
artır. Getdikcə daha çox narahatedici
məqamlar üzə çıxır. Ancaq
Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda
insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində
yaşayırlar. Azərbaycanda sosial və
iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər
böyük investisiyalar qoyulur. Əgər
biz təkcə təhsil sahəsini götürsək,
üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti
tələb edir. Yollar, su xətləri,
elektrik xətləri, qazlaşdırma, hərbi
gücümüzün möhkəmləndirilməsi,
energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza
etmişik. Bu gün dünya miqyasında,
xüsusilə yaşadığımız regionda Azərbaycan
seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda
təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə
bağlı heç bir narahatlıq, heç bir şübhə
yoxdur. Çünki biz bundan sonra da ancaq
inkişaf yolu ilə gedəcəyik.
Bunu təmin etmək üçün biz, ilk növbədə,
daha güclü olmalıyıq. Bir daha demək istəyirəm
ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə
bilməz. Bunu son 15 il ərzindəki
vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı
idarə edəcəksiniz. Ölkəmizin,
xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki,
ilk növbədə, milli maraqlardır, ilk növbədə,
Vətənin xoşbəxtliyidir, ilk növbədə,
müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər,
bütövlükdə cəmiyyət bu işdə öz
rolunu oynayır və oynayacaq. Belə
gözəl məktəbdə oxumaq və tərbiyə almaq
üçün bütün şərait var.
Sizi bu gözəl hadisə münasibətilə bir daha
təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Dövlətimizin
başçısına yeni məktəb binasının
inşasına görə minnətdarlığını
bildirən valideyn Hacıbala BABAYEV dedi:
-Cənab
Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən
salamlayır və Sizə "Xoş gəlmisiniz!” deyirik.
Cənab
Prezident, bu gün bizim çoxdan arzuladığımız
bir gündür. Bu yeni təhsil ocağı
övladlarımızın xoş gələcəyini göstərir.
Cənab
Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin
və yeni yaşayış massivinin sakinləri adından
ürəkdən "Çox sağ
olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə
təhsil alacaq gənclərimiz gələcəkdə
dövlətinə, millətinə, Prezidentinə layiqli
övladlar olacaqlar.
Uzun illərdir ki, cənab Prezident, bizim
övladlarımız çətinliklə uzaq məsafə qət
edərək təkcə Maştağa qəsəbəsindəki
orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki
məktəblərdə də təhsil alırdılar. Bu da
övladlarımız üçün çətinlik
yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə
və biz sakinlərə göstərdiyiniz qayğının
nəticəsində bu narahatlığımıza son qoyuldu.
Cənab
Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi
dəstəkləyirik və həmişə Sizinləyik.
Möhtərəm cənab Prezident, biz sakinlər
adından Sizə, Sizin ailənizə, övladlarınıza
cansağlığı, uzun ömür, işlərinizdə
yeni-yeni uğurlar, müvəffəqiyyətlər
arzulayırıq. Allah Sizi qorusun.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
X X X
Dövlətimizin başçısı müəllimlərlə
söhbət etdi.
Müəllimə
Arizə MAHMUDOVA: Cənab Prezident, Sizi salamlayırıq,
"Xoş gəlmisiniz!” deyirik. Tikilən bu
möhtəşəm bina bizim narahatlığımıza son
qoydu. Buna görə də Sizə dərindən minnətdarıq,
Allah Sizi var eləsin!
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Burada neçə müəllim işləyir?
Direktor Qənirə
ƏMİRCANOVA: 70 müəllim fəaliyyət göstərəcək.
960 nəfərlik şagird heyəti nəzərdə
tutulub. İnşallah, çox yaxın
müddət ərzində məktəb fəaliyyətə
başlayacaq.
Prezident
İlham ƏLİYEV: Bəli, mütləq. Müəllimlər
başqa məktəblərdən gəliblər.
Qənirə
ƏMİRCANOVA: Bəli, nümunəvi məktəblərdən
seçiləcək. Çünki bu cür məktəbdə
elə müəllimlər işləməlidirlər ki, həqiqətən
layiqli olsunlar.
Prezident
İlham ƏLİYEV: Təhsilin səviyyəsi yüksək
olmalıdır. Uşaqlar da gedib Maştağa
qəsəbəsində oxuyurdular.
Qənirə
ƏMİRCANOVA: Bəli, kənar yerdə oxuyurdular.
Prezident
İlham ƏLİYEV: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik
yaradırdı. Savalan yaşayış
massivində son illər əhali artıb.
Qənirə
ƏMİRCANOVA: Bəli, 30 minə yaxınlaşıb, 25
mindən artıqdır.
Prezident
İlham ƏLİYEV: Yəqin ki, gələcəkdə bir məktəbin
tikintisinə də ehtiyac olacaq.
Qənirə
ƏMİRCANOVA: Bizim orada sahəmiz də var.
Planlaşdırılır, hərtərəfli perspektiv
düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə
minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Yaxşı ki, siz bu məsələni
qaldırdınız. Mənə məlumat
çatan kimi dərhal göstəriş verdim ki, tezliklə
məktəb tikilsin. Bu, bir daha onu göstərir
ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən
qaldırılsın. Mən dəfələrlə
çıxışlarımda demişəm ki, Azərbaycanda
ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də
bizi narahat edən məsələlər kifayət qədər
var və onları həll etmək üçün gərək
bizdə məlumat olsun. İctimai nəzarət,
ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat
da bizə çatmır. Ona görə
bir daha bu fürsətdən istifadə edərək Azərbaycan
vətəndaşlarına müraciət etmək istəyirəm.
Öz xahişlərini, onları narahat edən
məsələləri çatdırsınlar ki, biz də
onları həll edək.
Qənirə
ƏMİRCANOVA: Biz də çox sevinirik ki, Siz buna dərhal
reaksiya verirsiniz. Yəni, bunu arxa plana
keçirmirsiniz. Elə bil ki, bu, Sizin
stolunuzun üstündə gündəlik bir məsələdir.
Bu, sakinləri, bütün xalqı,
bütün milləti çox sevindirir.
Prezident
İlham ƏLİYEV: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri
həll etməkdən ibarətdir ki, insanları narahat edən
məsələlər aradan götürülsün.
İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha
da çox iş görə bilək. Ona görə
hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl
təşəbbüsün təzahürüdür. Vətəndaşlar
müraciət ediblər, biz isə tezliklə göstəriş
verib bunu təşkil etmişik və bu gün burada yeni dərs
ili ərəfəsində bərabər
sevinirik.
Qənirə
ƏMİRCANOVA: Siz bizim sevincimizə
qatıldığınız, bizimlə bərabər
sevindiyiniz üçün biz ikiqat sevinirik.
Prezident
İlham ƏLİYEV: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb
istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı
təmir edilib. Adətən yeni dərs ili ərəfəsində
mən məktəblərin vəziyyəti ilə
tanış oluram. Əvvəlki illərdə adətən
bir məktəb seçilirdi ki, biz bu məktəbdə
öz sözümüzü deyək. Bu il mən xüsusilə
bu məktəbi seçdim. Çünki bu məktəbin
çox özəl yeri var, bax, dediyim bu məsələlərə
görə. Ona görə bir daha sizi təbrik edirəm.
X X X
Daha sonra
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə
tanış oldu.
Diqqətə
çatdırıldı ki, təhsil müəssisəsi 960
şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs
ləvazimatları ilə təchiz edilib. Məktəbdə
birinci sinif şagirdləri üçün hələlik 5
sinfin açılması nəzərdə tutulur. Onların hər
birində 24 şagirdin təhsil alması
planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə
siniflərin açılması üçün də
imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və
məktəbli çantaları ilə təmin olunublar.
Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi,
informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar,
müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin
fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin
nəzəri biliklərini artırmaları üçün hərtərəfli
imkan yaradılıb. Gənclərin
çağırışaqədərki hazırlıq
kabineti də zəruri avadanlıqla təchiz olunub.
Təhsil
müəssisəsindəki əmək təlimi otaqlarında
şagirdlər bacarıqlarını nümayiş etdirə
və peşə vərdişlərini üzə
çıxara biləcəklər. Məktəbin zəngin
kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin
ixtiyarına veriləcək oxu zalında mütaliə etmək
üçün hər cür şərait var. 200 nəfərlik
akt zalında isə müxtəlif kütləvi tədbirlərin
keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və
bütün zəruri avadanlıqla təchiz edilən zalda
idmanla məşğul ola biləcəklər.
Burada
yaradılan şərait bir daha sübut edir ki, son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
təhsilin inkişafı istiqamətində aparılan
islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması ilə nəticələnib.
Bütün bu işlər həm də onu göstərir ki,
Azərbaycanda təhsilin və elmin inkişafına ən
yüksək səviyyədə dövlət
qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda
insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin
müasir, intellektual və savadlı yetişməsi
üçün dövlətin həyata keçirdiyi siyasətin
əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil
sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni
məktəb binalarının inşası, mövcud təhsil
müəssisələrində yeni korpusların tikilməsi və
əsaslı təmirin aparılması mühüm əhəmiyyət
kəsb edir.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
Azərbaycan.-2018.- 15 sentyabr.- S.2.