“Azərbaycan” qəzeti çağdaş mətbuatımızda
özünəməxsus mövqeyə, böyük
nüfuza malikdir
"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar
müəllim!
Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı və yadigarı, milli mətbuatımızın inkişafında
özünəməxsus yeri
olan "Azərbaycan”
qəzetinin 100 illik yubileyi münasibətilə
Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi-qəlbdən
təbrik edirəm.
1918-ci il sentyabrın
15-də mətbuat tariximizdə
ilk rəsmi dövlət
qəzeti kimi nəşrə başlayan
"Azərbaycan” milli
dövlətçilik məfkurəsinin
möhkəmləndirilməsində, xalqımızın azadlıq
ideallarının, mədəniyyətinin,
irsinin yaşadılması
və təbliğində
müstəsna rol oynamışdır. Bu qəzetin işıq üzü görməsi tariximizin şanlı hadisəsi - Bakının
bolşevik-daşnak işğalından
azad edilməsi, müstəqil Azərbaycanın
öz paytaxtına qovuşması ilə bir günə təsadüf etmişdi.
Bu, cümhuriyyət tariximizin, eyni zamanda mətbu fikir salnaməmizin yeni bir səhifəsinin
açılması idi.
"Azərbaycan” qəzeti fəaliyyəti dövründə Xalq Cümhuriyyətinin ən
mötəbər söz
tribunası olmaqla yanaşı, 1875-ci ildə
"Əkinçi” ilə
başlanan və XIX əsrin sonu - XX əsrin əvvəlində
digər nəşrlərimizin
davam etdirdiyi milli oyanış, özünüdərk və
istiqlaliyyət yolunun avanqardı olaraq bu salnamədə dərin iz qoymuşdur.
Dahi Üzeyir
Hacıbəylinin və
qələmdaşlarının son dərəcə mürəkkəb
ictimai-siyasi şəraitdə
gərgin, yorulmaz fəaliyyəti sayəsində
nəşr olunan qəzet ilk respublikamızın
varolma mübarizəsində
öz missiyasını
sonadək, layiqincə
yerinə yetirmişdir. Cümhuriyyət tarixinin öyrənilməsində
1918-1920-ci illərdə bu
qəzetdə dərc
olunmuş materialların
müstəsna əhəmiyyəti
var. Cümhuriyyətin süqutundan
sonra "Azərbaycan”
qəzeti də eyni aqibəti yaşamış, sovetləşmədən
sonrakı siyasi-ideoloji
reallıqlar onu mətbu fikir tariximizdən silməyə
çalışmışdır.
Bu gün biz həmin tarixi xatırlamaqla bərabər, "Azərbaycan”
qəzetinin taleyinə
mühacirət, nisgilli
ömür, repressiya yazılmış redaktorları
- Ceyhun bəy Hacıbəyli, Şəfi
bəy Rüstəmbəyli,
Xəlil İbrahim, eləcə də qəzetin o dövrdəki
yazarlarının xatirəsini
minnətdarlıqla yad
edirik.
XX əsrin sonunda
ölkəmiz yenidən
istiqlaliyyət yoluna qədəm qoyduqdan sonra "Azərbaycan” qəzeti də fəaliyyətini bərpa
edərək milli mətbuat ənənələrini
uğurla davam etdirmiş, müstəqilliyimizə
öz töhfələrini
vermişdir. Bu gün
əminliklə deyə
bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik kursu,
davamlı və dinamik inkişaf strategiyası "Azərbaycan”
qəzetinin səhifələrində
yüksək peşəkarlıqla
işıqlandırılır.
Hörmətli Bəxtiyar müəllim!
Rəhbərlik etdiyiniz qəzetin ölkəmizin ictimai-siyasi,
sosial və mədəni həyatındakı
proseslərə hər
zaman fəal jurnalistika və vətəndaşlıq mövqeyindən
yanaşması xüsusilə
təqdirəlayiqdir. "Azərbaycan” qəzeti dövrün taleyüklü
məsələləri ilə
bağlı dövlətçilik
mənafelərinə, milli-mənəvi
dəyərlərə xüsusi
diqqəti ilə seçilir və bütün bunların sayəsində çağdaş
mətbuatımızda özünəməxsus
mövqeyə, böyük
nüfuza malikdir.
Qəzet
həmçinin mədəniyyətimizin
inkişafı və təbliğini daim diqqətdə saxlayır.
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun rəhbəri, mədəniyyətimizin himayədarı
Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə ölkəmizdə
və xaricdə reallaşan mədəniyyət
layihələri qəzetdə
geniş əks olunur. O cümlədən,
Azərbaycanda uğurla
gerçəkləşən beynəlxalq festivalların,
digər irimiqyaslı
mədəni tədbirlərin
qəzetdə dolğun
şəkildə işıqlandırılması
məmnunluq doğurur.
Bu fəaliyyətinizdə rəhbərlik etdiyiniz kollektivə yeni-yeni uğurlar arzulayıram.
"Azərbaycan”ın 100 illik yubileyi münasibətilə Sizi və qəzetin bütün kollektivini bir daha təbrik
edir, hər kəsə möhkəm cansağlığı, işdə
və həyatda daim xoş günlər
diləyirəm.
Əbülfəs
QARAYEV,
mədəniyyət
naziri
Azərbaycan.-2018.- 15 sentyabr.- S.8.