1 nömrəli qəzet
100 yaşlı "Azərbaycan” mətbuat tariximizdə
təkcə rəsmi statusuna görə deyil, peşəkarlığı,
dövlətçiliyə sədaqəti ilə də ən
yüksəkdə dayanır
Yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd etdiyimiz 15 sentyabr tarixi - yəni Bakının işğaldan azad edildiyi gün başqa bir hadisə də baş verdi. Həmin gün Gəncədə baş məqaləsini Bakının azad edilməsinə həsr edən "Azərbaycan” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan qəzet milli dövlətçiliyin möhkəmlənməsi və Azərbaycanın beynəlxalq aləmdə tanınması uğrunda mübarizəyə mətinliklə qoşuldu, xalqımıza sədaqətlə xidmət etdi.
Cümhuriyyətin
yadigarı
Adını daşıdığı xalqın və məmləkətin hər bir uğuruna sevinən, dövlətə və xalqa layiqli xidməti məram seçərək qarşısına qoyan, müsəlman aləmində ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan bu qəzetin yaranması tarixi zərurətlə şərtlənmişdir. Çünki o dövrdə müstəqil dövlətin yeritdiyi siyasi kursun, qərar və göstərişlərin, görülən və görüləcək işlərin xalqa çatdırılmasına imkan verən, kütləvi savadsızlıq şəraitində geniş maarifləndirmə işi aparan, milli dövlətçilik şüurunun formalaşmasına əsaslı təsir göstərən mətbu orqana ciddi ehtiyac duyulurdu. Məhz bu səbəbdən də 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşrinə başlamaq barədə qərar verilmişdir. Ancaq bu da qaneedici olmamış, hökumət "Azərbaycan” adlı qəzetin nəşrinə başlamağı qət etmişdi. Qəzetinin ilk sayı isə tarixi bir gündə işıq üzü gördü. "Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad edildi” - yazan "Azərbaycan” qəzeti qəlbləri coşduran, ürəkləri riqqətə gətirən bu müjdəni fərəhlə yaydı. Beləcə, müstəqil dövlətin rəsmi qəzetinin əsası qoyuldu.
Ümumiyyətlə, "Əkinçi”dən sonra maarifpərvər ziyalılar dəfələrlə "Azərbaycan” adı ilə qəzet nəşr etməyə cəhd göstərsələr də, çar Rusiyasının mürtəce rejimi bu ideyanın reallaşmasının əleyhinə çıxmışdı. Çünki "Azərbaycan” adında qəzetin olması Azərbaycan adlı məmləkətin varlığını etiraf etmək idi. Bu mənada 1918-ci ildə "Azərbaycan” qəzetinin nəşrə başlaması milli mətbuat tariximizdə çox əlamətdar hadisə idi. Bununla ilk rəsmi dövlət qəzetinin əsası qoyuldu və Xalq Cümhuriyyətinin adı dünyaya yayılmağa başladı.
"Azərbaycan” qəzetinin ilk 4 sayı Gəncədə işıq üzü görmüşdü. İlk sayların hazırlanmasında Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin böyük xidmətləri var idi. Bakının işğaldan azad olunmasından sonra "Azərbaycan” qəzetinin redaksiya heyəti dövlət idarələri ilə bərabər Gəncədən Bakıya köçdü.
"Azərbaycan” qəzeti o dövrün mətbu orqanları arasında daha çox dövlətçilik maraqlarının və demokratik ideyalarının tərənnümçüsü olması ilə fərqlənirdi. Eyni zamanda, öz dəstxətti ilə seçilən "Azərbaycan” milli jurnalistikamızın mütərəqqi ənənələri üzərində təşəkkül tapan və cəmiyyətin milli və bəşəri dəyərlər üzərində maariflənməsinə çalışan qəzet idi. Qəzetin rubrikaları da onun əhatə dairəsindən xəbər verir: "Azərbaycanın Məclisi-Məbusanında”, "Hökumət qərarları”, "Rəsmi xəbərlər”, "Xarici xəbərlər”, "Azərbaycanda”, "Türkiyədə”, "Teleqraf xəbərləri” və s.
İstər Gəncə, istər Bakı dövründə "Azərbaycan” qəzeti öz ətrafına dövrünün ən qabaqcıl ziyalılarını, ictimai xadimlərini, millət fədailərini toplamağı bacarmışdı. Milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrilmiş bu qəzetdə Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtlı, Firudin bəy Köçərli, Abdulla Şaiq və Azərbaycanın digər nüfuzlu ziyalıları, yazıçı-publisistlərinin imzaları görünürdü. Əsl qələm sahibi olan bu insanların müxtəlif mövzulardakı məqalələri daim maraqla qarşılanırdı və qəzetin fərqlənməsində onların rolu böyük idi. Mükəmməl siyasi məslək, milli əqidə daşıyıcısı olan bu ziyalılar öz fəaliyyətləri ilə Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə çalışmış, "Azərbaycan” qəzetində dərc edilən yazıları ilə dövlətçilik şüurunun inkişaf etdirilməsində, milli azadlıq ideyalarının yayılmasında müstəsna xidmətlər göstərmişlər. Məhz belə şəxsiyyətlərin qələminin məhsulu olan yazıları ilə "Azərbaycan” qəzeti milli varlığımızın, ümumxalq tarixinin və taleyinin güzgüsünə çevrilmişdi.
Məhz bu ziyalıların sayəsində geniş oxucu auditoriyası toplayan "Azərbaycan” ömrünün qısa olmasına baxmayaraq, yarandığı mühitin, fəaliyyət göstərdiyi dövrün tarixi salnaməsinə çevrilmiş, dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, milli məfkurənin və şüurun təkamülünə sədaqətlə xidmət etdi.
İlk müstəqil
dövlətimizin tribunası
Mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin tribunası olan "Azərbaycan” qəzeti operativliyi, peşəkarlığı və qərəzsizliyi ilə əsl jurnalistika məktəbi idi. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra dərci dayandırılsa da, "Azərbaycan” qəzeti xalqımızın ictimai şüurunda istiqlal düşüncəsinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görə bilmişdi. Beləliklə, əsl xalq dövləti olan cümhuriyyətin mütərəqqi ideyalarını yüksək səriştə ilə təbliğ etməklə yanaşı, hər tərəfi bürümüş cəhalətə, geriliyə və milli ideya düşmənlərinə qarşı cəsarətlə mübarizə aparmış, ildırımlar arasından şimşək kimi ucalan ilk müstəqil Azərbaycan dövlətinin dolğun salnaməsini yaratmışdır.
Tarixində 1918-1920-ci illərin salnaməçiliyini yaşadan "Azərbaycan” qəzetini mətbuat tədqiqatçıları haqlı olaraq "Cümhuriyyətin yadigarı” adlandırırlar. Çünki Xalq Cümhuriyyətinin yaşıdı olan "Azərbaycan” qəzetinin taleyi AXC-nin taleyi kimi olmuşdu. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra "Azərbaycan” qəzetinin nəşri dayandırıldı, adının çəkilməsi belə qadağan edildi. Sovet ideoloqları istəmirdilər ki, bu qəzet öyrənilsin, tədqiq edilsin. Çünki bununla istər-istəməz Azərbaycanın nə vaxtsa müstəqil dövlət olduğunu da demək lazım gələcəkdi. "Azərbaycan”ı gah "müsavatçı”, gah da burjua təmayüllü qəzet kimi qələmə verirdilər. Lakin "Azərbaycan” statusca rəsmi dövlət qəzeti olsa da, sözün əsl mənasında, azad fikir meydanı, müstəqillik və dövlətçilik ideyalarına xidmət edən nəşr idi. Çarizm zamanı olduğu kimi, sovet dövründə də "Azərbaycan” adlı qəzetin nəşrinə imkan verilməməsinin əsasında xalqların müstəqilliyini inkar etmək niyyəti dayanırdı.
Müasir
tariximizin salnaməsi
Bu gün "Azərbaycan”ın varisi olan müasir "Azərbaycan” qəzeti milli mətbuatımızın önündə inamla addımlayır. Respublikamız itirilmiş dövlət müstəqilliyini XX əsrin sonlarında bərpa etdikdən sonra "Azərbaycan” qəzeti də yenidən işıq üzü gördü, varislik ənənəsini yaşadaraq bu ənənəyə sadiqlik nümayiş etdirdi, müstəqil dövlətçiliyə sədaqətlə xidmətə başladı. Varislik ənənələrini yaşadan nəşr olmaqla bərabər, həm də sələfi kimi dövrünün ensiklopedik salnaməsi sayılan qəzetdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi xəttin geniş auditoriyaya çatdırılması, dövlətçilik maraqlarının və ümummilli məsələlərin işıqlandırılması əsas mövzulardır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev "Azərbaycan” qəzetinin fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, qəzetin əlamətdar günlərində redaksiya heyətini təbrik etmişdir. Heydər Əliyevin 24 il əvvəl - 1994-cü il dekabrın 6-da "Azərbaycan”ın 1000-ci nömrəsinin işıq üzü görməsi münasibətilə redaksiya heyətinə ünvanladığı təbrik məktubu ulu öndərin qəzetin fəaliyyətinə verdiyi böyük önəmin və diqqətin bariz nümunəsidir. Bu münasibətlə redaksiyanın yaradıcı heyətini təbrik edən Heydər Əliyev "Azərbaycan”ın xalqımızın istiqlal mübarizəsindəki xidmətlərini yüksək dəyərləndirərək deyirdi: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Demokratik Respublikasının rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən ADR kimi "Azərbaycan” qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu”.
"Azərbaycan”
qəzeti ən çətin məqamlarda
sayıqlığını itirmədi
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması, "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salaraq bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxili və xarici dairələrin narahatçılığına səbəb olmuşdu. Onlar tərəfindən 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Heydər Əliyev həmin hadisələr zamanı da ilk növbədə xalqın dəstəyinə arxalanırdı. Onun dövlətçiliyimizin ağır dəqiqələrində xalqa etdiyi müraciətə cavab olaraq yüz minlərlə insanın gecəyarısı Prezident sarayının qarşısına toplaşması Azərbaycan rəhbərinin xalq arasında hansı inama və etimada malik olduğunu təsdiqlədi. Böyük şəxsiyyət Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi sayəsində bu təhlükəli cəhdlərin qarşısı alındı.
O ağır günlərdə "Azərbaycan” qəzeti də öz yazıları ilə xalqı ulu öndərin ətrafında birləşməyə çağırdı, qətiyyətlə dövlətçiliyin müdafiəsinə dayandı. "Azərbaycan”ın 1000-ci sayı ilə bağlı təbrik məktubunda bu məsələyə də toxunan Heydər Əliyev qəzetin xidmətlərinə yüksək qiymət verib: "Müstəqilliyimizə düşmən kəsilmiş xarici və daxili qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu gün də azğın niyyətlərindən əl çəkmirlər. Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan” qəzeti öz sayıqlığını bir an belə itirmədi”.
"Azərbaycan” qəzeti ölkəmizdə, eləcə də dünyada baş verən ictimai-siyasi proseslərin geniş oxucu kütləsinə çatdırılmasında böyük rol oynayır. Dövlət siyasətinin, o cümlədən ölkə parlamentinin fəaliyyətinin, qanun yaradıcılığı sahəsindəki yeniliklərin operativ işıqlandırılmasını diqqət mərkəzində saxlayır. Milli mentalitetimizin qorunması, azərbaycançılığın, vətənpərvərlik hislərinin, ən müxtəlif sahələrdəki nailiyyətlərimizin təbliği qəzetin diqqət yetirdiyi mövzulardır. 1998-ci ildə "Azərbaycan” qəzetinin 80 illik yubileyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda ümummilli lider Heydər Əliyev deyirdi: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra qəzetin taleyində yeni bir mərhələ başlanmış, respublikada cərəyan edən hadisələr, dövlət quruculuğu prosesi - demokratik, hüquqi, siyasi, sosial-iqtisadi islahatlar "Azərbaycan”ın səhifələrində daim obyektiv şəkildə işıqlandırılmışdır.
Heydər Əliyev 1993-cü ildən ölkəyə rəhbərlik etdikdən sonra bütün sahələr kimi, Azərbaycan mətbuatı da tərəqqi yoluna qədəm qoydu. Dövlətin mətbuatın inkişafına qayğısından kənarda qalmayan "Azərbaycan” qəzeti də təbii ki, bu dövrdə öz fəaliyyətini həm də müasir dövrün tələblərinə uğurla uyğunlaşdırdı, statusunu layiqincə qorudu.
Böyük oxucu
kütləsinin rəğbətini qazanan qəzet
Bu gün elektron informasiya vasitələri, xəbər saytları nə qədər artsa da, "Azərbaycan” qəzeti daim KİV məkanında öz liderliyini qoruyub saxlayır. Çünki bu qəzet ölkəmizin tarixinin salnaməsidir. Keçmişlə bağlı dəqiq informasiya almaq istəyən hər kəs mütləq "Azərbaycan” qəzetinə müraciət edir. Qəzeti vərəqləyən hər bir vətəndaş burada müstəqillik tariximizlə bağlı lazımi məlumatları, faktları, qanunvericilik sənədlərini əldə edə bilir. Ölkənin beynəlxalq arenada qazandığı nailiyyətlər, sosial-iqtisadi inkişaf məsələləri "Azərbaycan” qəzetinin müntəzəm işıqlandırdığı mövzulardandır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin tarixi və müasir gerçəkliklər fonunda şərhi, qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi, azərbaycanlıların soyqırımı, erməni terrorizmi və bu qəbildən olan digər mövzular qəzet üçün hər zaman aktualdır. Təsadüfi deyil ki, mənim şəxsi arxivimdə "Azərbaycan” qəzetinin son 25 illik toplusu cəmləşmişdir. Qəzetdə dərc olunan məqalələrimi isə sonradan kitab kimi çap etdirmişəm.
Onu da qeyd edim ki, bu gün Milli Məclisin deputatı, komitə sədri kimi qanun yaradıcılığı prosesində fəaliyyət göstərsəm də, ictimai-siyasi fəaliyyətimdə ilk addımları jurnalist kimi atmışam. Ona görə sözün məsuliyyətinin, sözün gücünün və təsirinin nə olduğunu yaxşı bilirəm. Bu mənada "Azərbaycan” qəzetinin fəaliyyətini həm də bir peşəkar kimi qiymətləndirmək istəyirəm.
"Azərbaycan” rəsmi dövlət qəzeti statusuna
malikdir. Odur
ki, dövlət başçısının bütün fəaliyyəti,
gördüyü işlər, keçirdiyi görüşlər
- ölkə daxilində və xaricdəki tədbirlərdə
iştirakı, səfərləri, imzaladığı fərman
və sərəncamlar, qanun, qərar və dövlət
proqramları, yeni obyektlərin təməlqoyma və
açılış mərasimləri, görüş və
danışıqların mahiyyəti qəzetdə ətraflı
işıqlandırılır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, onun ədalətli
həlli istiqamətində görülən işlər, ordu
quruculuğu prosesi "Azərbaycan”ın səhifələrində
daimi yerini tapıb.
Bəlkə də bəzilərində belə təəssürat
var ki, "Azərbaycan” daha çox rəsmi xarakterli
informasiya ilə maraqlanan oxucu kütləsinin qəzetidir. Bu,
kökündən səhv bir düşüncədir. Qəzetin son nömrələrini vərəqləmək
kifayətdir ki, həmin təsəvvürlərin
yanlışlığına əmin olasan. Çünki "Azərbaycan”da işıq
üzü görən məqalələr, sözün əsl
mənasında, məzmunca rəngarəng və əhatəlidir.
Dövlətin
qayğısını və həm də rəsmi dövlət
qəzeti kimi məsuliyyətini daim hiss edən "Azərbaycan”
bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
respublikamızda gedən möhtəşəm quruculuğun və
sürətli tərəqqinin, reallaşan qlobal enerji və
digər iqtisadi layihələrin, aparılan köklü
islahatların obyektiv işıqlandırılmasına,
ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə
layiqli töhfələr verir. Qəzet Azərbaycan
Konstitusiyası ilə təsbit edilmiş söz, fikir və mətbuat
azadlığının bərqərar olmasına, vətəndaşların
məlumat azadlığının yüksək səviyyədə
təmin edilməsinə, milli mentalitetimizin qorunmasına, oxucu
auditoriyasında azərbaycançılıq hislərinin ən
müxtəlif sahələrdəki nailiyyətlərimizin təbliğinə
geniş yer ayırır. Eyni zamanda, qəzet milli-mənəvi
dəyərləri geniş təbliğ edən, gənc nəsildə
vətənpərvərlik ruhu aşılayan məqalələrə
geniş yer verməklə, xalqın tarixən
formalaşmış milli dəyərlərinə, məfkurə
və düşüncə sisteminə, mentalitetinə zidd
olan məsələlərə qarşı da barışmaz
mövqe tutur, KİV-də bəzən özünü
göstərən xoşagəlməz hallara, söz
özbaşınalığına qarşı amansız
mübarizə aparır, milli mətbuatın
saflığı uğrunda ictimai mübarizədə fəallıq
göstərir.
Bir sözlə, ölkə həyatının müxtəlif
sahələrinə dair aktual, maraqlı və cəsarətli
yazılar dərc etməklə sələfi kimi böyük
oxucu kütləsinin dərin rəğbətini qazanan qəzetin
məqalələri mövzu əhatəliliyi, rəngarəngliyi,
fakt zənginliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, milli
mətbuatımızın yubileylərində Prezident İlham
Əliyevin sərəncamları ilə "Tərəqqi”
medalı ilə təltif edilən və "Əməkdar
jurnalist” fəxri adı alan, mənzillə təmin olunan
jurnalistlər arasında "Azərbaycan”çılar da var.
Bu, qəzetə verilən böyük dəyərin, cəmiyyətdəki
nüfuzun göstəricisidir.
Peşəkarların ünvanı
Hazırkı iqtidarın bir neçə qəzeti olsa
da, "Azərbaycan” ölkənin məhz rəsmi dövlət
qəzetidir və öz fəaliyyəti ilə bu statusunu
layiqincə daşıyır. Deputat həmkarımız,
dostum, qələmi ilə seçilən, Azərbaycan mətbuatında
öz dəstxətti olan, əsl media kapitanı Bəxtiyar
Sadıqovun baş redaktorluğu ilə qəzetdə peşəkar,
əqidəsi sağlam jurnalist ordusu cəmləşib. Qəzet ən müxtəlif mövzulara işıq
salmaqla, o cümlədən cəmiyyəti narahat edən məsələləri
işıqlandırmaqla daim oxucularının
görüşünə gəlir. Rəsmi
qəzet olsa da, üslubu qətiyyən rəsmi deyil. Qəzetdə dərc olunan publisistik yazılar öz
şirinliyi ilə "rəsmi dil”dən yayınaraq
oxucuları daha çox cəlb edir.
"Azərbaycan” qəzetinin hazırkı qəzet
bolluğunda lider qəzet statusunu layiqincə
daşıması da kifayət qədər real zəminə -
qəzetdə peşəkar jurnalistlərin fəaliyyət
göstərməsinə əsaslanır. Uzun illər mətbuatda
çalışan və qələmi ilə özünü
təsdiqləmiş bu insanlar daim
çalışdıqları qəzetin təəssübünü
çəkir, onun daha maraqlı çıxmasına,
geniş oxucu auditoriyası qazanmasına, cəmiyyətin
güzgüsü rolunu oynamasına əhəmiyyətli dərəcədə
nail olurlar.
"Azərbaycan” qəzeti statusuna uyğun olaraq ölkə
parlamentinin fəaliyyətini, qanun
yaradıcılığı sahəsindəki yenilikləri,
müstəqil dövlətimizin hüquqi bazasının
möhkəmləndirilməsi istiqamətində Milli Məclisdə
həyata keçirilən tədbirləri də hər zaman
operativ işıqlandırır. Özünün
varislik ənənəsinə sadiq qalaraq dövlət siyasətinin
xalqa doğru-dürüst çatdırılmasını
daim diqqət mərkəzində saxlayır. "Azərbaycan” qəzeti Milli Məclisin orqanı
kimi qanunların ictimai müzakirəsində də fəaldır.
Belə müzakirələr qəzetin
oxucularını fəal vətəndaş mövqeyindən
çıxış etməyə yönəldir. Deputatlar üçün isə qanunun daha işlək
ortaya qoyulmasına xidmət edir.
19 cilddə 14 adlı kitab
"Azərbaycan” qəzeti kollektivi öz işini
yalnız qəzetçilik fəaliyyəti ilə
yekunlaşdırmır. Məlum olduğu kimi, "Azərbaycan” qəzetinin
səhifələrində dərc olunan və
aktuallığı ilə seçilən məqalələrdə
ölkəmizin inkişafına dair, keçmişimiz,
bugünümüz və sabahımızla bağlı mükəmməl
elmi-fəlsəfi və nəzəri yanaşmalar yer alır.
Bu məqalələrdə görkəmli elm
xadimləri, ziyalılar, mütəxəssislər tərəfindən
Azərbaycanın müstəqillik illərindəki, xüsusən
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən islahatların nəticələri təhlil
olunur. "Azərbaycan” qəzeti həmin
məqalələrin və onlara verilmiş rəylərin cəmiyyət
üçün aktuallığını və əhəmiyyətini
nəzərə alaraq onların kitab halında nəşrini
də məqsədəuyğun sayır. Buna
görə də qəzet tərəfindən son illərdə
19 cilddə 14 kitab ərsəyə gətirilərək nəşr
olunub. "İnkişafın Azərbaycan modeli”,
"Müasir Azərbaycan dövrün baxışında”,
"Vətəndaş cəmiyyətinə yol açan
ideyalar”, "Yeni siyasət: inkişafa doğru”,
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” və digər bu kimi kitablar öz
aktuallığını daim qoruyub saxlayır.
Qəzetinin gərgin araşdırma və zəhməti
nəticəsində çapdan çıxmış silsilə
məqalələr toplusundan ibarət olan kitablar ölkəmizin
inkişafının strateji istiqamətlərini, milli
inkişaf strategiyasının əsas nəticələrini
müfəssəl şəkildə əks etdirir. Kitablarda ulu öndər Heydər
Əliyevin böyük zəhmət, dəmir iradə,
sarsılmaz qətiyyət bahasına qurub-yaratdığı,
uğur magistralına çıxardığı, onun layiqli
davamçısı İlham Əliyevin daha da inkişaf etdirərək
hər bir Azərbaycan vətəndaşının milli
qürur yerinə çevirdiyi müstəqil dövlətin qət
etdiyi möhtəşəm yola nəzər salınır və
qazanılmış nailiyyətlərin düzgün dəyərləndirilərək
gələcək nəsillərə
çatdırılması bir missiya olaraq qarşıya
qoyulur. Eyni zamanda ensiklopedik səciyyəyə
malik kitab faktoloji baxımdan zəngin xarakterlidir. Bütövlükdə, Azərbaycanın
keçdiyi möhtəşəm iqtisadi, siyasi, mədəni
inkişafının, ölkəmizin dünya birliyində
layiqli yer tutmasının salnaməsi olan bu kitablar,
sözün həqiqi mənasında, dövlətin
keçdiyi inkişaf yolunun öyrənilməsi
üçün mühüm mənbə rolunu oynayır.
"Azərbaycan”ın yubileyi onun
oxucularının bayramıdır
Müstəqil dövlətimizin salnaməsinə çevrilən "Azərbaycan” hazırkı qəzet bolluğu şəraitində öz sanbalı və səviyyəsi ilə seçilir. Onu xoş xəbərlər müjdəçisi də adlandırmaq mümkündür. Xalqın və dövlətin ölkə daxilində, beynəlxalq arenada qazandığı uğur və nailiyyətlər çox zaman "Azərbaycan” vasitəsilə insanlara çatdırılır. Tariximizə işıq salan "Azərbaycan” bugünün salnaməçisi, sabahın yolgöstərənidir.
Çoxlarının bəlkə də nəzərindən yayınan bir məqam var. Son səhifəyə diqqət yetirəndə görürük ki, "Azərbaycan” qəzetinin qeydiyyat nömrəsi "1”dir. Yəni, ölkənin ilk qeydə alınmış qəzetidir. Amma "Azərbaycan” öz fəaliyyəti ilə, sözün bütün mənalarında, ölkəmizin bir nömrəli qəzetidir. Qəzet bu gün öz sələfinin ideyalarını yaradıcılıq ənənələrini fəaliyyətində əsas meyar kimi götürərək uğurla davam etdirir, dövlətçilik maraqlarının müdafiəsində ləyaqətlə dayanır. Ona görə 100 yaşlı "Azərbaycan” qəzetinin yubileyi yalnız əməkdaşlarının deyil, həm də onun oxucularının bayramıdır.
Özümü də daim bir üzvü hiss etdiyim "Azərbaycan”ın kollektivini qəzetin 100-cü ad günü münasibətilə təbrik edirəm. Əminəm ki, "Azərbaycan” bu illər ərzində qazandığı nüfuzu bundan sonra daha da artıracaq, respublikamızda cərəyan edən ictimai-siyasi proseslərin oxuculara daha dolğun, obyektiv və operativ çatdırılmasında var gücünü əsirgəməyəcək.
Müstəqilliyimizin yaşıdı, 100 il əvvəl nəşrə başlamış "Azərbaycan”ın varisi olan müasir "Azərbaycan” qəzeti özünəməxsus mətbuat ənənələrinə bundan sonra da şərəflə sadiqlik nümayiş etdirəcək, vətəndaşlarımızın dövlətçilik ideyaları ətrafında sıx birləşməsinə xidmət edən fəaliyyətini uğurla davam etdirəcəkdir.
Hadi
RƏCƏBLİ,
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Azərbaycan.-2018.- 15 sentyabr.- S.10.