Zərif güclülərin
tribunası
"Azərbaycan” qəzeti ölkəmizin qadın hərəkatının
vüsətlənməsinə töhfə verir
"Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”. Mətbuatın üzərinə düşən əsas vəzifəni 143 il əvvəl "Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlini qoymuş böyük mütəfəkkir Həsən bəy Zərdabi belə müəyyənləşdirirdi.
Həqiqətən, mətbuat cəmiyyətin güzgüsüdür. O, cəmiyyətdə baş verənlərə işıq salır. Yeniliklərə, inkişaf meyillərinə, mövcud problemlərə diqqət yönəldir. İnsanları maarifləndirir, müxtəlif mütərəqqi ideyaları, problemlərin həlli yollarını aktuallaşdırır.
Söz yox, belə bir fikir də var ki, mətbuatı cəmiyyətdən üstün və daha ağıllı qüvvə kimi qəbul edərək bir çox ictimai problemlərin həllini yalnız ondan gözləmək doğru olmaz. Onun missiyası cəmiyyətdə baş verənləri işıqlandırmaqdır. İnsanların xüsusi maraq göstərdiyi məsələləri təqdim etməkdir. Bu mənada, hər bir mətbuat aid olduğu cəmiyyətə bənzəyir.
Amma bu fikirlə polemika aparmaq da mümkündür. Mətbuat cəmiyyətdən üstün və daha ağıllı bir qüvvə olmasa da, digər institutlarla müqayisə edilməyəcək qədər güclü imkanlara malikdir. Mətbuat həm də cəmiyyətin önündə gedən, insanlara deməyə sözü olan ziyalılar, düşüncə adamları üçün bir tribunadır. Geniş xalq kütlələrinə nəyin doğru, nəyin yanlış olduğunu göstərən, örnəklər təqdim edən bələdçidir. Müxtəlif məsələlər barədə ictimai rəy formalaşdıran vasitədir. Cəmiyyətdə ayrı-ayrı ideyaların populyarlaşması, hansı düşüncələrin rəğbət, hansılarının etirazla qarşılanması medianın o ideyalara münasibətindən çox asılıdır. Ona görə də cəmiyyətin inkişafında mətbuatın üzərinə çox böyük vəzifə düşür.
Gələcəyə
soraq
Bu gün Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Ölkəmizdə senzura 1998-ci ildən bəri aradan qaldırılıb. Hər bir vətəndaş media orqanı yaradaraq kütləvi informasiya vasitələrinə dair qanunvericiliyin tələblərini pozmadan orada istədiyini tirajlamaq imkanına malikdir. Bunun müsbət cəhətləri, cəmiyyətin demokratik inkişafında, vətəndaşların ifadə azadlığının təmin olunmasında, rəy müxtəlifliyinin formalaşmasında oynadığı rol bəllidir. Amma yaradılmış imkanlar müsbət cəhətlər qədər müəyyən nöqsanlı hallara da yol açır. Bəzən qələm onun müqəddəsliyinin fərqində olmayan, mətbuatın, jurnalistikanın mahiyyətindən xəbərsiz, məsuliyyətsiz adamların əlinə keçir. Qələmi öz cılız maraqlarının təmin olunmasından ötrü alətə çevirən belələri azad sözü də, jurnalistikanı da urvatdan salır, insanlarda mətbu sözə inamsızlıq formalaşdırırlar. Yaxud auditoriyanın diqqətini cəlb etməkdən ötrü media heç bir ictimai əhəmiyyəti olmayan ucuz sensasiyalar ardınca qaçır. Hətta kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələbləri belə pozulur. Cəmiyyətdə ziyanlı meyillərin, kriminal ünsürlərin, pis vərdişlərin populyarlaşmasına rəvac verilir. Bir çox əhəmiyyətli mövzular isə yalnız məhdud sayda ciddi, hazırlıqlı auditoriyanı maraqlandırdığından diqqətdən kənarda qalır. Toxunulan mövzular da əksər hallarda peşəkarlıqla işlənmir. Diqqətə çatdırılan problemlərin həlli yolları o sahənin söz demək haqqına sahib mütəxəssislərinin iştirakı ilə araşdırılmır.
Nə qədər acı olsa da, bütün bunlar müasir mediamızda geniş yayılan hallardır. Belə vəziyyətin aradan qaldırılmasından ötrü, görünür, hələ cəmiyyətimizdə maarifləndirmə işi çox getməlidir. Ona görə də hələlik ölkəmizdəki bir sıra media orqanlarından öz fəaliyyətini sırf peşəkarlıq prinsipləri əsasında qurmasını, üzərinə düşən missiyanı məsuliyyətlə yerinə yetirməsini gözləmək olmur.
Amma XXI əsr milli mətbuat tariximiz öz şərəfli missiyasını nə qədər çətin də olsa, illərdir vicdanla, məsuliyyətlə, ən əsası isə peşəkarlıqla yerinə yetirən parlaq nümunələrdən də xali deyil. Və çox sevindirici haldır ki, yüz illər sonra bu günümüzün tarixi hər hansı təsadüflərə istinadən deyil, məhz həmin nümunələr əsasında öyrəniləcək. Çünki cəmiyyət maarifləndikcə, pisi yaxşıdan ayırdıqca, ucuz sensasiyalara deyil, sanballı, keyfiyyətli, fikir yükünə malik faydalı kontentlərə meyil etdikcə təsadüflər yavaş-yavaş sıradan çıxacaq. Onlardan əsər-əlamət belə qalmayacaq. Bu xalqa, bu tarixə qalan haqqında söz açdığım parlaq nümunələr olacaq. Gələcəyə sorağı ən etibarlı mənbə kimi məhz onlar aparacaqlar.
Bir əsrə dəyər
İstisnasız şəkildə bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli yadigarlarından olan, bu ilin 15 sentyabrında fəaliyyətə başlamasının 100-cü ilini qeyd edən "Azərbaycan” qəzetidir.
Qəzetin keçmişi, bugünkü fəaliyyəti, müəllifləri, toxunduğu mövzular, təlqin etdiyi dəyərlər, qoruyub saxladığı peşəkar jurnalistika ənənələri, rəsmi dövlət qəzeti kimi milli dövlətçilik tariximizdə oynadığı rol və s. barədə çox məsələlərdən yazmaq olar. Bunların hərəsi bir məqalənin, geniş elmi-tədqiqat əsərlərinin mövzusudur. Və zaman keçdikcə yəqin ki, milli elmimiz də "Azərbaycan” qəzetinin fəaliyyətinin ayrı-ayrı məqamları barədə öz sözünü sanballı elmi əsərlərlə deyəcək. Onun milli mətbuat tariximizdəki yeri və roluna layiqli elmi qiymət veriləcək.
Bu yazını isə ilk baxışda bəlkə o qədər də diqqəti çəkməyən, amma mahiyyətinə varınca nə qədər böyük ictimai əhəmiyyət kəsb etdiyi aydın görünən bir mövzuya - "Azərbaycan” qəzetində gender məsələlərinə həsr etmişik. Qəzetin fəaliyyətinin 100-cü ildönümünə həsr edilmiş yazı üçün bu mövzunu seçməyimiz heç də təsadüfi deyildir. "Azərbaycan” qəzeti cəmiyyətimizi bu mövzuda ən çox və düzgün istiqamətdə maarifləndirən, öz materialları ilə örnək yaradan mətbuat orqanlarındandır. Və bu da Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı tarixi dəyərin davamıdır. Bu dəyərə sadiqlikdir.
Qadın haqqı
Məlum olduğu kimi, hər bir dövlətin siqləti həm də qadına göstərdiyi diqqətlə ölçülür. Biz öz ölkəmizdə bu meyarı daim hiss edirik. Cümhuriyyət qurucuları Azərbaycanın İstiqlal Bəyannaməsinə kişi və qadınlara bərabər hüquqlar verən müddəa daxil etmiş, bununla tarixdə yeni bir səhifə açmışdılar. Daha sonra isə Cümhuriyyət parlamenti Şərqdə ilk dəfə qadınların səsvermə hüququnu tanıdı və Azərbaycanın adı qadına səsvermə hüququ verən ilk ölkə kimi tarixə yazıldı.
Qadın problemi Cümhuriyyət parlamentinin, ayrı-ayrı dövlət strukturlarının diqqətdə saxladığı aktual məsələlərdən idi. Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artması, sahibkarlıq fəaliyyətinə qoşulması üçün cümhuriyyət parlamentində qanun qəbul edilmişdi. Qadınların daha çox məşğul olduqları kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir, buna vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanalarının açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılmışdı. Səhiyyə sahəsində də xidmətin keyfiyyətinin yüksəldilməsində qadınların maraqları dövlət tərəfindən müdafiə olunurdu.
Həmin dövrün mətbuat səhifələrində vaxtaşırı olaraq ailə və qadın probleminə dair maraqlı yazılar dərc edilirdi. Məsələn, Səlim Səri imzalı bir müəllif "Azərbaycan” qəzetinin dekabr 1918-ci il tarixli 62-ci nömrəsində işıq üzü görmüş "Qadınlıq haqqı” adlı məqaləsində yazırdı ki, qadınların haqqı bəhs mövzusu olduğu zaman etiraf edək ki, biz erkəklər bu məsələdə tamamilə bitərəf olmuruq. O, Platona istinadən bildirirdi ki, "Əflatuna görə, ərlə arvad sağ və sol əl kimidir. Əllərimiz eyni işi görməklə mükəlləfdir. Yalnız birini artıq işlətmək vərdişi onu digərindən bacarıqlı etmişdir” - dediyi halda, bu gün ibadət əsnasında "Ya Rəbbi, məni hür yaratdığına və qadın olaraq dünyaya gətirmədiyinə həmd və şəfa edirəm” - deyirik.
Səlim Sərinin fikrincə, aradan bunca əsrlər keçdi və mədəniyyət bugünkü yüksək dərəcəsinə çatdı, amma qadın mövzusunda düşüncələrimiz az dəyişdi. Halbuki, qadın hər şeydən əvvəl anadır, tərbiyəçidir, müəllimdir. Qadın dilindən çıxan hər kəlmə ana şəfqəti şəkli alır. Buna görə də qadına veriləcək ilk haqq, ilk imtiyaz izdivacda və ailədə olmalıdır. Fəqət qəribədir ki, feminizm bu gün izdivaca qarşı adətən, bir düşmən vəziyyətindədir. Bunu idarə edən mütəfəkkir qadınlar istəyirlər ki, qadının şəxsiyyəti olsun, iradəsinə sahib, istiqlaliyyətinə hakim olsun, qadın erkəyin icazəsində olan vəziyyətindən qurtulsun. İfrat bəzək, artıq tualet yapmasın. Xəfif xarakterlik, işvəbazlıq, şuxluq, erkəklərə xoş görünmək kimi əsrlərdən bəri kök salmış vərdişləri söküb atsın. Ciddi və məhsuldar cəhdlər göstərsin. Lazım gələndə erkəklərə möhtac olmadan keçinə biləcək bir sənət əldə etsin. Təsadüfi bir izdivaca həmən nail olmasın. Şəxsiyyətlərini belə tərbiyə edən qadınların mükəmməl zövcə və misilsiz ana ola bilmələri xatirə gələrkən, bu qədər uzaqgörən və tədbirli olmaları izdivac sahəsini daraldır...”
Cümhuriyyət parlamentinin yeganə qadın əməkdaşı, islam dünyasının ilk jurnalist ziyalılarından olan Şəfiqə xanım Əfəndizadə də "Azərbaycan” qəzetinin, həmçinin dövrün digər mətbu orqanlarının səhifələrində çıxışlar edir, məqalələrində, hekayə və bədii yazılarında tərbiyəvi mövzuları, qadın azadlığı problemlərini, vətənpərvərlik məsələlərini gündəmə gətirirdi.
Ulu öndərin
dövlətçilik irsində gender bərabərliyi
1911-ci il yanvarın 22-də müsəlman Şərqində "İşıq” adlı ilk qadın qəzetinin qısa müddətli (2 il) fəaliyyətindən sonra yaradılan qadın mətbuat orqanlarının nəşr dövrü də məhz cümhuriyyət dönəminə təsadüf edir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadın hərəkatının geniş vüsətini nəzərə alaraq, bu hərəkatı istiqamətləndirmək niyyətilə müxtəlif qəzetlərdə qadınlar üçün ayrı-ayrı səhifələr, sonradan "Zəhmətkeş qadınların yolu” və "Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlər nəşr etdirdi.
Cümhuriyyətin gender siyasətinə dəyərli töhfələr verən "Azərbaycan” qəzeti 100 il əvvəl olduğu kimi bu gün də öz fəaliyyətində qadınların ictimai fəallığının təşviqinə böyük önəm verir. Ölkəmizdə yeganə rəsmi dövlət qəzeti olan bu mətbuat orqanı, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf kursunun ən mühüm istiqamətlərindən biri kimi dövlətimizin həyata keçirdiyi gender siyasətinin mahiyyətini, məqsədlərini geniş xalq kütlələrinə izah edir. Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş ayrı-ayrı məqalələrdə, mütəxəssis rəylərində, elmi-kütləvi mahiyyət daşıyan materiallarda bu mövzuya geniş yer ayırır.
Məlum olduğu kimi, ümummilli lider qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin əsas vəzifələrindən sayırdı. O, 1969-cu ildə - respublikamıza ilk dəfə rəhbər təyin olunanda qadın problemləri, qadınların inkişafı, onların irəli çəkilməsi haqqında dünya miqyasında söhbət gedirdi. Elə həmin dövrdə Heydər Əliyev qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq bir neçə ali məktəbə qadın rektorlar təyin edilmişdi.
Ulu öndər hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, qadınların mükafatlandırılmasına, orden-medallarla təltif olunmasına səylərini əsirgəmirdi. Həmin illərdə neçə-neçə qadın "Sosialist Əməyi Qəhrəmanı”, "Qəhrəman ana” fəxri adları almışdı. Bütün bunlar ölkə başçısının xalqa göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi.
"Azərbaycan” qəzeti bu kimi faktlara diqqət yönəltməklə ölkəmizdə həyata keçirilən gender siyasətinin tarixi mahiyyətini əks etdirir. Bu siyasətin hələ Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlandığını, sistemli xarakter daşıdığını göstərir və bu yanaşmanın müsbət nəticələrini diqqətə çatdırır.
Məqsədinə
çatan siyasət
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda öz əksini tapdı. Həmin il Azərbaycan "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu. Bu gün dünyada inkişaf etmiş elə dövlətlər var ki, onlar hələ də bu konvensiyaya qoşulmayıb. Çünki onlar həmin sənədə qoşulmağa hazır olmadıqlarını özləri etiraf edirlər. Konvesiyaya qoşulmaq elə də asan iş deyil. Bundan ötrü respublikada əlverişli şərait olmalıdır. Müəyyən vəzifələr yerinə yetirilməlidir. Dövlətimizin keçid dövrünü yaşamasına, ölkəmizdə müharibə getməsinə, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial-mənəvi problemlərinə baxmayaraq, bizim bu konvensiyaya qoşulmağımız məhz Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində mümkün oldu.
Qadınların problemlərinin dövlət səviyyəsində həlli məqsədilə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Komitə yaranandan sonra Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2000-ci il martın 6-da təsdiq edildi. Sənədin əsas müddəalarından biri də məhz qadın və kütləvi informasiya vasitələri idi. Həmin gün Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanla dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün növbəti tarixi addım atıldı.
Ulu öndərin müəyyənləşdirdiyi inkişaf kursunun digər istiqamətləri kimi qadınlarla bağlı siyasət də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Qadınlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, seçkili orqanlarda, ayrı-ayrı dövlət strukturlarında təmsilçiliyinə, təhsil almasına, müxtəlif sahələrdə karyera qurmasına, sahibkarlıq fəaliyyəti ilə öz işinin sahibinə çevrilməsinə geniş imkanlar yaradılır. Sevindirici haldır ki, bu gün cəmiyyətimizdə qadına qarşı şiddət, ayrı-seçkilik, bu zərif varlıqlarla kobud rəftar, onların hüquqlarının məhdudlaşdırılması cəhdləri və s. kimi mənfi davranışlara qarşı çox ciddi ictimai qınaq mexanizmi formalaşmaqdadır. Cəmiyyətimiz inkişaf etdikcə qadının ailədəki, ictimai həyatdakı yeri və rolu, kişi və qadınların hüquq bərabərliyi haqqında da aydın bir münasibət formalaşır.
Bütün bunlar, öz yazıları ilə dövlətimizin gender siyasətinə təbliğati dəstək verən, bu siyasətin öz məqsədinə çatmasına kömək göstərən "Azərbaycan” qəzeti kimi dəyərli mətbuat orqanlarımızın fəaliyyətinin xoş bəhrəsidir. Belə media orqanlarımızın fanatik adətlərə, qızların təhsildən yayındırılmasına, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamasına qarşı çıxan tənqidi materialların, qınaqların nəticəsidir. İllərdir ki, "Azərbaycan” qəzeti də bu problemləri qabardır. Onların həlli yollarının ictimai müzakirəsini təşkil etmək üçün mühüm addımlar atır.
Gender mədəniyyəti
Demokratik inkişafın əsas istiqamətlərindən birinin gender bərabərliyinin təmin edilməsindən keçdiyi artıq sübuta ehtiyacı olmayan reallıqdır. Və qeyd etdiyimiz kimi, Azərbaycan dövləti cəmiyyətdə bu prinsipin bərqərar olmasından ötrü ondan asılı nə varsa, edir. Amma bu məsələ təkcə mühüm dövlət sənədlərinin qəbulu, inzibati tədbirlərin həyata keçirilməsi ilə də məhdudlaşmır. Gender bərabərliyinin təmin olunması təkcə dövlət institutlarının görə biləcəyi iş deyil. Bu, fərd olaraq hər bir vətəndaşın məsələyə münasibətindən, davranışlarından çox asılıdır. Əgər kişilər cəmiyyətdəki dominant statuslarını qadınlarla bərabər imkanlara əsaslanmaqla bölüşmək istəməsələr, onları özlərinə tabe vəziyyətdə görməyə can atsalar, ictimai-siyasi həyatda onlara rol vermək istəməsələr, cəmiyyətdə gender bərabərliyi təmin olunmaz.
Gender bərabərliyi bir mədəniyyətdir. Bu mədəniyyətin olmaması demokratik inkişafa əngəl törədir. Bu da öz növbəsində ölkənin dinamik inkişafını ləngidir. Hüquqi dövlət quruculuğu prosesində insan potensialından tam istifadə edilməsinə mane olur. Bu xüsusda "Azərbaycan” qəzetinin fəaliyyətində diqqəti çəkən əsas cəhətlərdən biri qəzetin cəmiyyətimizdə məhz gender mədəniyyətinin formalaşmasına çalışmasıdır. Bu məsələdə media orqanlarının üzərinə çox böyük vəzifə düşür və "Azərbaycan” qəzeti gender mövzusuna yanaşma tərzi ilə başqa media qurumlarına da peşəkarlıq nümunəsi göstərir.
Biz bu gün Azərbaycan mediasında çox tez-tez gender stereotiplərinin qabardılmasının şahidi oluruq. Bəzən gender mövzusu ancaq qadın-kişi münasibətləri kontekstində şərh edilərək bəsitləşdirilir. Qadınlar və kişilərin cəmiyyətdəki yeri, onların funksiyaları və sosial rolları ilə bağlı formalaşmış təsəvvürlər mediaya təkcə mövzularla deyil, istifadə edilən dil, metaforalar və terminlər vasitəsilə də yeridilir. Media bilərəkdən və ya bilməyərəkdən qadınları kişilərlə müqayisədə daha əlverişsiz şəkildə işıqlandırır. Bununla da cəmiyyətdə qadınlarla kişilərin mövcud yeri haqqında hökmran olan stereotiplər daha da qüvvətləndirilir. Mətbuat qadınlara gözəl və cazibədar olmaq, dadlı yeməklər bişirmək, evinin xanımı olmaq kimi vərdişlər aşılayır. Siyasətçi xanımların isə "kişi kimi” davranışları, "dəmir ledi” olmaq kimi xüsusiyyətləri qabardılır.
Amma "Azərbaycan” qəzetində bu stereotiplərin heç biri görünmür. Əksinə, bu qəzet cəmiyyətdə gender stereotipləri ilə bağlı ənənəvi təsəvvürlərin dəyişməsi üçün bütün imkanlardan istifadə edir. Bu yöndə təbliğat aparır. Cəmiyyətdə qadının və kişinin rolu ilə bağlı oxucularına doğru informasiyalar verir. Bununla bağlı aydın təsəvvürlərin formalaşmasından ötrü cəmiyyət qarşısındakı sosial məsuliyyətini vicdanla yerinə yetirir.
Ən əsası isə "Azərbaycan” qəzeti ayrı-ayrı qadın şəxsiyyətlərimizin simasında cəmiyyət üçün örnəklər yaradır. Onların həyat və fəaliyyətinə müntəzəm şəkildə, geniş yer verməklə bu şəxsiyyətlərimizin uğur hekayələrini təqdim edir. Stereotipləri bununla da ortadan götürür. Cəmiyyətə aşılayır ki, bərabər imkanlar mühitində kişi və ya qadın, fərq etməz, hər kəs öz potensialını reallaşdıra, Vətənə layiqli töhfələr verə bilər.
"Azərbaycan” qəzeti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, XX əsr dünya şərqşünaslıq elminin parlaq nümayəndələrindən olan Aida xanım İmanquliyevanın şəxsində Azərbaycan qadınının elmdə çatdığı zirvələri göstərir. Belə böyük şəxsiyyətlərimizin öz ömür dastanları ilə yaratdıqları mənəvi dəyərlərimizi təbliğ edir. Elmə, biliyə həvəs göstərən gənc qızlarımızı bu dəyərlər ruhunda tərbiyələndirməyə çalışır, onlardan örnək götürməyə çağırır.
Azərbaycan
qadınının uğur hekayəsi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında bu gün Azərbaycan qadını qadın fəallığı tarixinin ən böyük nailiyyətlərini yaradıb. Zaman keçdikcə bu nailiyyətlərin sırasını daha da genişləndirir. Bunlar tək bir şəxsiyyətin deyil, tarixən Azərbaycan qadınının əldə etdiyi nailiyyətlərdir. Mehriban xanımın bu gün bütün dünyada yetişdiyi ali məqam ümumən Azərbaycan qadınının yüksəldiyi ucalıqdır.
O, ölkəmizin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə nəinki Azərbaycan Respublikasının, eləcə də müxtəlif dövlət və beynəlxalq təşkilatların yüksək mükafatları, fəxri adları ilə təltif olunub. Bunlar dünyanın Azərbaycan qadınına verdiyi layiqli qiymətdir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir. O, təkcə ölkə qadınları üçün deyil, bütün dünya qadınları üçün bir örnəkdir.
Mehriban xanımın həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli-mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir.
Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa, səmərəli fəaliyyətə səsləyir. Bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız Mehriban xanımın fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktivliklərini getdikcə artırırlar. Cəmiyyətimizdə filantropiya ənənələrinin gücləndiyi, xeyriyyəçilik ənənələrinin genişlənməsində gənc qızlarımızın xüsusi fəallığı müşahidə edilir. "Azərbaycan” qəzeti də bu cür nümunələrə öz səhifələrində geniş yer ayırır, Azərbaycan qadınının mükəmməl obrazını yaradır. Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş yazılarla onun təlqin etdiyi ali dəyərlərin daha çox insana yetişməsinə, daha çox fərdin öz həyatını bu dəyərlər ruhunda qurmasına can atır.
Qəzet belə bir nümunələrə indi həqiqətən çox böyük ehtiyacımızın olmasının fərqindədir. Cəmiyyətin mənəvi tərbiyəsindən ötrü kütləvi informasiya vasitələrində ziyanlı fakt və hadisələrə deyil, müsbət örnəklərə diqqət yönəlməsinin zəruriliyini duyur və öz fəaliyyətini bu istiqamətdə qurur.
Peşəkarlıq
örnəyi
"Azərbaycan” qəzetinin peşəkar tərzindən faydalanan, məsələlərə bu prinsiplə yanaşaraq sensasiya ardınca deyil, ictimai maraqlar ardınca gedib cəmiyyətin inkişafına az-çox xeyir vermək istəyən media orqanlarımız təəssüf ki, hələ çox azdır. Son illər mediada gender məsələləri ilə bağlı bir ziyanlı tendensiya da güclənib. Bu, kütləvi informasiya vasitələrində, sosial mediada qadınlarla bağlı daha çox kriminal məsələlərin gündəmə gətirilməsidir. Media nədənsə qadına qarşı zorakılıqla bağlı xəbərləri geniş yayaraq ictimailəşdirməkdə maraqlıdır. Tez-tez belə sərlövhələr oxuyuruq: "Ər qadını bıçaqladı”, "Qadın evdən qaçdı”, "Gəlin toydan qaçdı”, "Nişanlı qız özünü asdı” və s.
Yaxud kriminal hadisələrlə bağlı xəbərlərdə
uşaqların, qadınların simaları göstərilir.
Tamam unudulur ki, bu gün siması göstərilən o
uşaq sabah bir universitetin tələbəsi, bir müəssisənin
əməkdaşı, yaxud bir evin xanımı, bir ailənin
başçısı olacaq. Arxivlərdə, internet
resurslarında onların keçmişindəki hansısa
arzuolunmaz anı dəlillərlə əbədiləşdirmək
yaramaz. Və ya təsəvvür edin ki, boğazı kəsilmiş
qadının uşağından jurnalist açıqlama
alır. Bu
uşağın onsuz da dünyası tar-mar olub. Bir anda hər
iki valideynini itirib. Atası həbs edilib,
anası faciəli şəkildə ölüb. Lakin "jurnalist” ondan atasının anasını
necə öldürdüyünü soruşur.
İstər-istəməz öz-özünə sual edirsən: bu xəbərlərin, belə materialların hər hansı bir ictimai əhəmiyyəti varmı? Onların psixoloji ziyanı, cəmiyyətdə yaratdığı travmalar, mənfi təsir gücü cəmiyyətin bu hadisələr haqqında xəbərdar olmasının kiçik informativ faydasından qat-qat böyük deyilmi?
Ümumiyyətlə, qadın mövzusuna hansı rakursdan yanaşmalıyıq ki, cəmiyyətimiz bundan ziyan deyil, fayda götürsün? Və bu suallara "Azərbaycan” qəzetinin səhifələrində cavab tapa bilirik.
"Azərbaycan” qəzeti Həsən bəy Zərdabinin "Əkinçi” qəzetinin, "İşıq” jurnalının və digər tarixi mətbuat orqanlarımızın maarifçilik ideyalarından ruhlanaraq, bu ideyaları ləyaqətlə davam etdirərək görkəmli qadın ictimai-siyasi xadimlərimizin, xanım alim və publisistlərimizin, pedaqoqlarımızın, şair və yazıçılarımızın, bir sözlə, bütün xanım fəallarımızın yazılarına, çıxışlarına geniş yer verməklə ictimai fikir tariximizə, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin daha da genişlənməsinə yol açır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclis Sədrinin müavini Bahar Muradova və parlamentdə təmsil olunan digər xanım deputatlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova, eləcə də başqa ziyalı xanımlarımız "Azərbaycan” qəzetinin daimi müəlliflərindəndirlər.
Qəzet ailə dəyərləri, uşaq tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulara müntəzəm yer ayırır. Qadınların cəmiyyət həyatındakı rolunu, maarifçilik ənənələrini, ailə-övlad münasibətlərini, milli-mənəvi dəyərlərimizin qorunmasını təbliğ edir. "Azərbaycan” qəzetinin digər materialları kimi gender mövzusundakı yazılarında da elmilik, tarixilik, bədii-publisistik üslub məqalələrin maraqla oxunmasına istiqamət, oxucuya mənəvi zövq verir.
Cəmiyyətimizdə milli vətənpərvərlik ruhunun aşılanmasında da bu qəzetin müstəsna rolu var. "Azərbaycan” qəzetinin öz yazıları ilə qadınlarımız arasında apardığı maarifləndirmə işi, aşıladığı vətənpərvərlik ruhu Vətənimizin gələcəyi üçün layiqli vətəndaşların, Vətən yolunda canını belə əsirgəməyən cəsur övladların yetirilməsi deməkdir.
Milli mətbuatımızın tarixi 143 ildən çoxdur. "Azərbaycan” qəzeti bu tarixin düz bir əsrlik şərəfli dövrünü bölüşür. Arzu edirəm ki, bu tarix minilliklərə yetişsin. Nə qədər ki, Azərbaycan var, Vətənimizin adını daşıyan bu qəzet də yaşasın, yaratsın, maarifçilik nurunu əbədiyyətə qədər yandırsın.
Nurlana
ƏLİYEVA,
YAP Qadınlar
Şurasının sədri,
Bakı Slavyan
Universitetinin rektoru, professor
Azərbaycan.-2018.- 15 sentyabr.- S.11.