“Azərbaycan” qəzetinin dünyaya gəlişi
Şirməmməd HÜSEYNOV:
"Azərbaycan” qəzeti millətə və dövlətə
xidmət edirdi”
1918-ci ildə "Azərbaycan” qəzetinin yaradılması ilə bağlı aparılan hazırlıq işləri olduqca gərgin dövrə təsadüf edirdi. Bu həmin vaxt idi ki, Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru yürüşə başlamışdı, qarşıda Azərbaycan hökumətini ciddi sınaqlar gözləyirdi.
Məhz belə bir vaxtda hökumət həm də öz rəsmi qəzetinin nəşrini planlaşdırırdı. Lakin qəzetin dərci xeyli texniki problemin həllini tələb edirdi. Belə ki, Gəncə şəhərində Azərbaycan dilində şriftlərin olmaması, ümumiyyətlə anadilli mətbəənin formalaşmaması qəzetin işıq üzü görməsinə ciddi əngəllər yaradırdı.
Gəncədə Azərbaycan dilində
şrift yox idi
Qəzetimizə açıqlamasında bu
proseslərə aydınlıq
gətirən Xalq Cümhuriyyəti dövrünün
mətbuat tədqiqatçısı,
professor Şirməmməd Hüseynov öncə
"Azərbaycan” qəzetinin
yaranması ideyasından
danışdı. Onun sözlərinə
görə, bəziləri
qəzetin Fətəli
xan Xoyskinin təşəbbüsü ilə
yaradıldığını yazırlar. Tarix isə deyir
ki, bu işin
təşəbbüskarı Nəsib bəy Yusifbəylidir. Nəsib bəy
Yusifbəyli Fətəli
xan Xoyskinin başçılıq etdiyi
birinci hökumət kabinəsində maliyyə
və maarif naziri idi. Tiflisdən Gəncəyə gələndən
sonra hökumət ikinci kabinəni yaratdı. İkinci hökumət kabinəsində
Nəsib bəy Yusifbəyli maarif və dini etiqad
naziri idi. Mətbuat məsələsinə də
maarif və dini etiqad naziri
baxırdı.
Şirməmməd Hüseynov deyir ki, 1918-ci ilin mart qırğınları ərəfəsində
Hacıbəylilər ailəsi
İranın Ənzəli
şəhərinə gedir. Elə ki,
türk ordusu İrandan keçib Azərbaycana daxil olur, bir çox
cavanlar da onlara qoşulub Gəncəyə gəlir.
Həmin
gənclərin arasında
Ceyhun Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli
də olur. Onda Ceyhun Hacıbəylinin
27, Şəfi bəy
Rüstəmbəylinin isə
25 yaşı vardı.
Bu barədə Zülfüqar Hacıbəyli
öz xatirələrində
yazır ki, həmin vaxt Gəncədə qəzet
nəşr etmək üçün jurnalist lazım idi. Nəsib bəy Yusifbəyli Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin
yaxşı qələmlərinin
olduğunu bilirdi.
Çünki Ceyhun Hacıbəyli "Kaspi” qəzetində mütəmadi
olaraq məqalələrlə
çıxış edirdi.
Buna görə Nəsib bəy Yusifbəyli onların hər ikisini dəvət edir və "Azərbaycan” adlı qəzeti çıxarmağı tapşırır.
Şirməmməd Hüseynov bildirir
ki, qəzeti nəşr etmək üçün ilk növbədə
mətbəə lazım
idi: "O vaxt Gəncədə bir mətbəə vardı.
O da quberniya mətbəəsi idi. Bu mətbəədə də hərflər rusca idi. Azərbaycan dilində hürufat (şrift) yox idi. Buna görə Nəsib bəy Yusifbəlyi iyun ayında səhiyyə və sosial təminat naziri Xudadat bəy Rəfibəylidən xahiş
edir ki, hürufat gətirmək üçün Tiflisə
adam göndərsin.
Bu, mümkün olmur və ona
görə qəzetin
dərci bir qədər gecikir. Odur ki, "Azərbaycan” qəzetinin birinci nömrəsi sentyabrın
15-də quberniya mətbəəsində
çap olunur”.
İlk 4 nömrə Gəncədə
çıxıb
Şirməmməd Hüseynov söyləyir ki, qəzetin Gəncədəki ilk nömrəsi
həm Azərbaycan, həm də rus dilində çap olunur. Maraqlısı odur ki, həm
azərbaycanca, həm
də rusca olan qəzetlər bir və iki
nömrəsi ilə səhifələnir. "Belə çıxır ki, onların hər biri ayrı-ayrı
qəzetlərdir, sadəcə,
bir yerdə çap olunub. Çünki bir qəzet olsaydı, sıralama 1,2,3 və 4 olardı. Qəzetin 2 və 3-cü nömrələri
yalnız rus dilində çıxıb.
Yenə üstündə 1və 2-ci səhifə
yazılıb. İkinci nömrə
sentyabrın 19-da, üçüncü
nömrə isə sentyabrın 22-də çıxıb.
Sentyabrın 25-də qəzetin 4 səhifəlik dördüncü
nömrəsi çap
olunub. Səhifələrin
üstündə 1,2,3
və yenidən 1 yazılıb. Bu da
onu göstərir ki, iki qəzetdir.
İmkan
olmadığına görə
bir yerdə çap edilib. Beləliklə, qəzetin Gəncədə
4 nömrəsi - 12 səhifəsi
çap olunub. Onlardan 9-u rus, 3-ü Azərbaycan dilində işıq üzü görüb.
Bununla da, "Azərbaycan” qəzetinin Gəncə dövrü tamamlanır”
- deyə Şirməmməd
Hüseynov bildirir.
Qəzetin Bakı dövrü
ilə bağlı danışan Şirməmməd
Hüseynov dedi ki, Bakı işğaldan
azad olunandan 2 gün sonra, sentyabrın 17-də Azərbaycan
hökuməti Bakıya
köçür. "Azərbaycan” qəzetinin redaksiyasının Bakıya
köçürülməsi işləri ilə yenə də Nəsib bəy Yusifbəyli məşğul
olur. O dövrdə
Bakıda ən yaxşı, müasir mətbəə isə Orucov qardaşlarının
olub. Nəsib bəy Yusifbəyli
Orucov qardaşları
ilə danışır
və bu mətbəəni onlardan pulunu ödəmək şərti ilə alıb, adını hökumət mətbəəsi
qoyurlar. Hətta parlament
iclaslarının birində
Orucov qardaşlarına
mətbəə üçün
büdcədən nə
qədər pulun ödənməsi müzakirə
olunur. "Görün necə demokratik olublar? Bolşeviklər kimi zəbt
etməyiblər, pulunu
ödəyib alıblar”
-deyə Şirməmməd
Hüseynov qeyd edir.
Dövlətçilik
amallarına xidmət edən qəzet
1918-ci il oktyabrın 3-də "Azərbaycan” qəzetinin Bakıda 4 səhifəlik ana dilində beşinci nömrəsi işıq üzü görür. Oktyabrın 7-də qəzetin rusca nəşri bərpa olunur. Ümumilikdə 1918-ci ildə qəzetin ana dilində 75, rus dilində isə 70 nömrəsi çıxır. Azərbaycanca çıxan qəzet də özünü müstəqil sayır, rusca da. Hər ikisi də öz tarixini sentyabrın 15-dən başlayır.
Ü.Hacıbəyli 1919-cu ilin martında Parisə qardaşı Ceyhun Hacıbəylinin göndərdiyi məktubunda yazırdı: "Sən gedəndən sonra Nəsib bəy Yusifbəyli mənimlə görüşüb, dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al. Məhəmməd Əmin də sənin məvacibini alsın. Smetada da belə nəzərdə tutuldu”. Bu barədə danışan Şirməmməd Hüseynovun sözlərinə görə, qəzeti hökumət maliyyələşdirirdi və hökumət mətbəəsində çap edilirdi. Xərcini hökumət çəkirdi, qəzet isə hökumətə xidmət edirdi.
Məhəmməd Əmin Rəsulzadə və Ü.Hacıbəyli yazırdılar ki, bizim 3 əsas qayəmiz var: "Bu Vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. "Azərbaycan” qəzetinin fəaliyyəti də məhz bu amallara xidmət edirdi. Bu barədə danışan Şirməmməd Hüseynov qeyd edir ki, bundan yüksək nə ola bilər?!: "Müstəqillik dövrünün mətbuatının prinsipi bunlardır. Heç bir siyasi partiyaya yox, Vətənə, millətə və dövlətə xidmət etmək... Millət üçün bundan böyük səadət ola bilməz”.
Ləman
MUSTAFAYEVA
Azərbaycan.-2018.- 15 sentyabr.- S.12.