Azərbaycan həqiqətləri “Azərbaycan”ın internet səhifəsində

 

Dünya azərbaycanlıları ölkəmizlə bağlı həqiqətləri, yenilikləri qəzetimizin saytından öyrənirlər

 

 

Əsası 1918-ci ildə qoyulan "Azərbaycan” qəzetinin də ömrü Xalq Cümhuriyyəti qədər olmuşdu. Lakin ömrünün qısalığına baxmayaraq, qəzet ilk saylarından yarandığı mühitin, fəaliyyət göstərdiyi dövrün tarixi salnaməsinə çevrildi, milli istiqlal məfkurəsinin intişarında, milli şüurun təkamülündə misilsiz xidmətlər göstərdi. Geniş oxucu auditoriyası toplamaqla, səhifələrinə ən qabaqcıl ziyalıların, ictimai xadimlərin və millət fədailərinin imzalarını cəlb etməklə dövrünün seçilən, fərqlənən nəşri olan "Azərbaycan” milli problemlərin səsləndirildiyi əsl xalq tribunası idi.

 

 

İnternet versiyası

 

 

Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan "Azərbaycan” qəzetinin də taleyi elə cümhuriyyətin taleyi kimi oldu. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra "Azərbaycan” qəzetinin nəşri dayandırıldı, adının çəkilməsi belə qadağan edildi.

Yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra "Azərbaycan” qəzeti yenidən nəşrə başladı. Varislik ənənəsini yaşadaraq bu ənənəyə sadiqlik nümayiş etdirdi. Bu mənada müasir "Azərbaycan” varislik ənənələrini yaşadan qəzet olmaqla bərabər, həm də sələfi kimi dövrünün ensiklopedik salnaməsidir.

"Azərbaycan” qəzeti həmişə mütərəqqi və pozitiv yeniliklərə açıq olub. Diqqətli oxucu qəzetin səhifələrində - istər məqalələrdə, istər mövzuya yanaşmasında, istərsə də dizaynında fərqli üslubların şahidi ola bilər.

XX əsrin sonlarına doğru informasiyakommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla gündəlk həyatımzın ayrılmaz hissəsinə çevrildi. Xüsusən ötən əsrin ən mühüm kəşflərindən biri sayılan internet dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ informasiya mübadiləsini təmin edən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsi kimi dünyanın hər yerində insanların məişətinə daxil oldu. İndi cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada İKT-nin üstünlüklərindən istifadə olunmasın. İKT, o cümlədən internet bütün dünyada kütləvi informasiya vasitələrinin fəaliyyətinin operativliyininçevikliyinin təmin olunmasında, informasiyanın daha geniş auditoriyaya yayılmasında əsas vasitələrdən biridir.

Respublikamızın rəsmi dövlət nəşri olan "Azərbaycan” qəzeti fəaliyyətini müasir dövrün çağırışları ilə uzlaşdıraraq İKT-nin üstünlüklərindən yararlanır. Bunun nəticəsidir ki, redaksiyanın şəraiti də illər öncədən tamamilə yenilənib. Artıq 16 ildir ki, redaksiya tam kompüterləşdirilib. Əgər həmin vaxta kimi yalnız qəzetin səhifələnməsində kompüterdən istifadə edilirdisə, 2002-ci ildən başlayaraq hər bir əməkdaş fərdi kompüterlə təmin olunub. Maddi imkanlar daxilində redaksiyanın sonuncu nəsil kompüterlərlə təmin olunması daim diqqət mərkəzində saxlanılır.

2002-ci ildən həm də redaksiyadakı bütün kompüterlərin yüksək sürətli internetə çıxışı təmin olunub. Halbuki həmin dövrdə internet xidmətləri indiki qədər geniş deyildi və tək-tük, barmaqla sayılası qədər internet media orqanı göstərmək olardı. Artıq 16 ildir ki, oxucular ölkənin və dünyanın hər yerindən "azerbaijan-news.az” ünvanına daxil olmaqla qəzetdə gedən yazıları internet vasitəsilə oxuya bilirlər. Saytda "Azərbaycan” qəzetinin çap versiyasında işıq üzü görən bütün yazılarla yanaşı, gündəlik informasiyalar da yer alır. Həmçinin saytda qəzetin çap versiyasını "PDF” formatında görmək mümkündür.

İnternet böyük sürətlə dəyişən və yeniliklərə doğru can atan bir informasiya məkanıdır. Son illərdə bu məkanda baş verən bir sıra mütərəqqi yenilikləri və informasiyanın çatdırılması istiqamətində artan imkanları nəzərə alaraq "Azərbaycan” qəzetinin internet səhifəsi həm dizayn, həm məzmun və əhatə dairəsi, həm də informasiyanın çatdırılması baxımından təzələnib. Bu günlərdə səhifənin yeni versiyası test yoxlamalarından sonra istifadəyə verilib.

Xatırladaq ki, qəzetin internet səhifəsi ilk dəfə 4 il əvvəl yenilənmişdi. O zaman əvvəlki variantda olan "naviqasiya menyusu” tamamilə yenilənmiş, burada bəzi bölmələr ləğv olunmuş və əvəzində yeniləri yaradılmışdı. "Naviqasiya menyusundan” aşağıda yer alan xəbərlərdən ibarət slayderdə isə informasiyalar öz-özünə dəyişir və oxucunun hər bir yazı ilə tanışlığını asanlaşdırır. Yeni yaradılan "onlayn” xəbər lentində hər gün ən son xəbərlər yer alır.

Onu da qeyd edək ki, "Azərbaycan” qəzeti kollektivinin əməyi sayəsində son illərdə 14 adda 19 cild kitab ərsəyə gətirilərək nəşr olunub. Qəzetin saytının yeni versiyasında yer alan ayrıca bölmədə həmin nəşrlərlə "PDF” variantda tanış olmaq mümkündür.

Məlum olduğu kimi, sosial şəbəkələr informasiya mübadiləsinin çevikliyinə imkan verməklə internetin son onillikdə ortaya çıxardığı yeniliklərdən biridir. "Azərbaycan” qəzetinin internet səhifəsində bu amil nəzərə alınıb. İndi qəzetin saytındakı yazı ilə tanış olan oxucu "Facebook” və "Twitterkimi sosial şəbəkələrə keçidlər vasitəsilə həmin yazını bəyənə, paylaşaya "e-mail” vasitəsilə başqalarına göndərə bilər. Səhifədəki linklər vasitəsilə isə digər saytlara keçid etmək mümkündür.

 

 

Dəqiq informasiya almaq istəyənlər "Azərbaycan”a müraciət edirlər

 

 

"Azərbaycan” qəzetinin internet versiyası il ərzində 2 milyon dəfədən çox izlənilir. Bunun da təxminən 10 faizi 100-dən artıq xarici ölkənin payına düşür. Əsasən Fransa, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Gürcüstan, Norveç kimi ölkələrdən səhifəyə baxış qeydə alınır. Maraqlıdır ki, Cənubi Amerikada yerləşən Peru dövləti də baxış sayına görə ilk onluqdadır. Sirr deyil ki, Azərbaycanla bağlı daha dəqiq informasiya almaq istəyən insanlar məhz "Azərbaycan” qəzetinin internet versiyasına müraciət edirlər. Məsələn, 2016-cı ilin Aprel döyüşləri zamanı "Azərbaycan” qəzetinin internet saytına xaricdən girişlərin sayı birdən birə bir neçə dəfə artmışdı. O cümlədən əlamətdar hadisələr, seçkilər zamanı qəzetin saytına xaricdən daxilolmalar artır. Bu ondan xəbər verir ki, Avropadan Avstraliyaya, Amerikadan Çinə, Finlandiyadan Cənubi Afrika Respublikasına qədər ölkəmizə dair dəqiq məlumat almaq istəyənlər "Azərbaycan” qəzetinə müraciət edirlər.

"Azərbaycan”ın 100 illiyi ərəfəsində isə qəzetin internet səhifəsinin yeni versiyası istifadəyə verilib. Səhifənin tam olaraq yeniləndiyini ana səhifədən görmək mümkündür. İlk diqqəti çəkən əvvəlki variantda "naviqasiya menyusundan” aşağıda yer alan xəbərlərdən ibarət slayderdə informasiyaların sayının artmasıdır. Əvvəllər slayderdə öz-özünə dəyişən informasiyaların sayı 5-dən 10-a çatdırılıb. Bu, oxucunun daha çox informasiya ilə tanışlığını asanlaşdırır. Yeni versiyada oxucuların qəzetin çap versiyasını "PDF” formatda izləmək imkanları da artırılıb. Səhifədə həmçinin yeni bölmələr də yaradılıb.

Qəzetin axtarış sistemitam yenilənib. Yeni proqramın tətbiqi nəticəsində əvvəlki versiyada axtarış zamanı yaranan qüsurlar aradan qaldırılıb. İndi daha ünvanlı olan axtarış sistemi vasitəsilə oxucular axtardıqları materialı çox asanlıqla tapa bilərlər. İstifadəçilər, həmçinin sayt vasitəsilə hava proqnozunu öyrənə, o cümlədən valyuta məzənnəsi ilə tanış ola bilərlər.

Ümumiyyətlə, "Azərbaycan” qəzetinin internet səhifəsinin yeni versiyası ilə tanışlıq göstərir ki, indi oxucuların informasiya almaq imkanları daha da genişlənib. Bir sözlə, internetininformasiya mübadiləsinin ən son yeniliklərini özündə cəmləşdirən yeni versiya "Azərbaycan” qəzetinin oxucularının ürəyincə olacaq.

 

Cəfər KƏRİMOV,

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2018.- 15 sentyabr.- S.12.