İlham Əliyev və
Rəcəb Tayyub Ərdoğandan dünyaya mesaj:
Yüz il əvvəl də bir yerdə
idik, bu gün də birik :
Bakı bir əsr sonra yenidən Azərbaycan və
türk əsgərlərinin
möhtəşəm paradına- qələbə,
birlik və sədaqət yürüşünə şahidlik
etdi
Prezident Rəcəb Tayyib
Ərdoğanın
çıxışı
Əziz qardaşım Prezident İlham Əliyev.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin qəhrəman nümayəndələri.
Dəyərli qonaqlar.
Xanımlar və cənablar.
Çox dəyərli bakılı qardaşlarım.
Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram.
Bu səmimi dəvətinə və qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Xanımına şəxsən öz adımdan və xanımım adından ürəkdən salam və ehtiramımı bildirirəm.
Əvvəla, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.
Böyük şair, mərhum Bəxtiyar Vahabzadə bu birliyimizi belə gözəl ifadə edib:
Bir ananın iki oğlu,
Bir amalın
iki qolu.
O da ulu, bu
da ulu,
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız,
Sevincimiz-məlalımız.
Bayraqlarda
hilalımız,
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum,
Ata yurda könül
verdim.
Ana yurdum, ata yurdum,
Azərbaycan-Türkiyə.
Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm
edən qardaşlığın
ən gözəl nümunəsidir.
Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın
dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü
qeyd etmirik, eyni zamanda, əziz
şəhidlərimizin bizə
əmanəti olan
"Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz
qan qardaşlığımızı
da dərk edirik.
Dəyərli qardaşlarım, burada bir həqiqəti dərhal vurğulamaq istəyirəm. 1918-ci il
sentyabrın 15-də hazırda
yaşadığımız ərazilərdə baş
verən müharibə,
əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl
burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin
də rəmzidir.
Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin
minlərlə kilometr
uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini
dərk etmədən
Azadlıq meydanındakı
bu həmrəylik mənzərəsinin mənasını
anlaya bilmərik.
Bundan bir əsr əvvəl qardaşlarımızın işğal
altında çəkdiyi
zülm elə bir həddə çatmışdı ki,
Nuru paşa Gəncəyə gələndə
azərbaycanlı uşaqlar
hamısı bir ağızdan məmnunluqlarını
belə ifadə etmişdilər:
Qatar gəlib yan verir,
Gəncəliyə şan verir.
Gəncənin cavanları,
"Bakı!” deyə can verir.
Azərbaycanın məşhur "Lalələr”
mahnısının kədərli
hekayəsi də eyni şəkildə çəkilən əzabların
və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı
sevinc hissinin ifadəsidir.
Gəncə bölgəsinə hərəkət
edən minlərlə
əsgər başlarındakı
qırmızı fəsləri
və qotazları ilə uzaqdan gəlincik çəmənzarına
bənzər bir mənzərə yaradırdılar. Gəlincik Azərbaycan
dilində lalə deməkdir. Bəstəkar
Telman Hacıyevin lalə ilə bağlı mahnısında
şair hisslərini bu cür ifadə
edib:
Yazın
əvvəlində Gəncə
çölündə,
Çıxıblar yenə də dizə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə, düzə
lalələr.
Meylim üzündəki qara xaldadir,
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxtdır aşiqin gözü yoldadır,
Bir qonaq gələsiz bizə lalələr.
Nuru paşanın
və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi
azərbaycanlı qardaşlarımız
arasında belə böyük həyəcana,
belə böyük bir ümidə səbəb olub.
Dəyərli qardaşlarım, bu
gün 1918-ci il sentyabrın 15-də
qazanılmış böyük
qələbəni kiçik,
əhəmiyyətsiz göstərməyə
çalışan bəzi
qüvvələrin olduğunu
bilirik. Buna təşəbbüs
göstərənlər o dövrdə
aldıqları ağır
məğlubiyyətin rüsvayçılığını
hələ də unuda bilməyənlərdir.
Osmanlı dövlətinin imzaladığı
Mudros atəşkəs
müqaviləsi təəssüf
ki, bu dairələrə
fürsət verib və Qafqaz İslam Ordusunun bu torpaqlardan çəkilməsinə yol
açıb. Bundan daha da ağrılısı odur
ki, həmin dövrdə eyni dairələr Azərbaycan
Xalq Cümhuriyyətinin
varlığına son qoymaq
üçün böyük
səy göstəriblər.
Təəssüf ki, müstəqilliyinin
bərpasından 22 ay sonra
bu məsələdə
uğur qazanıblar.
Qafqaz İslam
Ordusunun və Azərbaycan Ordusunun 1918-ci
ildə burada həyata keçirdikləri
əməliyyatlar o dövrdə
Azərbaycanın ərazi
bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin
təməlini qoyub.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini
yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə
Respublikası olması
heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın
təbii nəticəsidir.
Türkiyə olaraq müstəqilliyinin
ilk dövrlərindən başlayaraq
Azərbaycana əlimizdən
gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam
edəcəyik.
Bu gün Türkiyə
Azərbaycanın sadəcə
siyasi və hərbi deyil, eyni zamanda, ticarət,
iqtisadiyyat, mədəniyyət
və digər bütün sahələrdə
ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə
təhsil almış
azərbaycanlıların sayı
125 mindən çoxdur.
Hazırda 15 mindən çox
azərbaycanlı tələbə
Türkiyə universitetlərində
təhsil alır.
Əsgərlərimiz birgə təlimlər
keçir, Əfqanıstan
kimi dünyanın müxtəlif bölgələrində
birlikdə fəaliyyət
göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı,
əziz qardaşım
İlham Əliyevin səylərinin çox böyük bir payı vardır.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı –Tbilisi–Qars dəmir yolu, TANAP kimi birgə həyata keçirdiyimiz layihələr bütün regiona töhfəsini verir. Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. İnşallah, Azərbaycan da çox yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacaq. Digər tərəfdən, bütün bu nailiyyətlərlə bərabər, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək "Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik.
Hörmətli Prezident, dəyərli dostlarım, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.
Hər iki ölkənin gənclərinin birgə tariximizdən və bugünkü bayram tədbirindən nəticə çıxaracağına inanıram. Bu fikirlərlə çıxışıma yekun vuraraq, bu böyük qələbəni bizlərə ərməğan edən Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın Ordusunun bütün qurucularını, Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini təmin edən Ənvər paşanı, bu qalib ordunun komandanı Nuru paşanı rəhmətlə yad edirik.
Qafqaz
İslam Ordusunun bütün komandanlarına, hər bir əsgərinə
və xüsusilə, bu torpaqlar uğrunda canından
keçmiş əziz şəhidlərimizə Allahdan rəhmət
diləyirəm.
Bu
möhtəşəm tədbiri həyata keçirən
qardaşım İlham Əliyevə və komandasına şəxsən
öz adımdan və xalqım adından bir daha minnətdarlığımı
bildirirəm.
Rəbbim bizi şəhidlərimizin
yolundan ayırmasın. Sizlərə də
ehtiramımı bildirirəm. Bu böyük ildönümü
münasibətilə həm Azərbaycan Respublikasının,
həm Türkiyə Respublikasının, həm də türk millətinin hər bir
fərdinin bayramını təbrik edirəm. Allah
sizi qorusun.
Azərbaycan.-2018.- 16 sentyabr.- S.4-6.