Ad günün mübarək
Dünyaya göz açdın min bir ümidlə,
Yoluna nə qədər bədxahlar çıxdı.
Kövrək qamətini Şimal küləyi
Səni boy atmağa qoymadı, yıxdı.
Adını daşıdın Azərbaycanın,
Hər sözün, hər yazın haqdan gələn səs.
Dilini qorudun doğma ananın,
Dedilər: "Danışma, sən səsini kəs!”
Zamanın ən ağır vaxtlarında da
Sussan da, var idin kül altda köztək.
Həyat sınağından ləyaqət ilə,
Üzüağ çıxanlar olubdur tək-tək.
Azadlıq günəşi yenidən doğdu,
Üçrəngli bayrağım göyə yüksəldi.
Yurdumun qeyrətli hər qızı, oğlu
Görüb bu büsatı, səcdəyə gəldi.
Oyandın yeni bir azadlıq günü,
Yazdın hər sözünü ilhamla, şövqlə.
Təzədən başladın sən öz ömrünü -
Hər nömrən doğuldu mənayla, zövqlə.
Sən düzə düz dedin, əyriyə əyri,
Dövlətə, millətə xidmət edirsən.
Məramın, məqsədin hamıya bəlli,
Seçib öz yolunu, düz yol gedirsən.
Sözün çəkisini qızıldan artıq
Bilib, gözləmisən ləyaqətini.
İtməyib çəkdiyin əzab-əziyyət,
Sərraflar veriblər öz qiymətini.
Üzeyir dühası ruhunda yaşar,
Nə yaxşı, nə yaxşı, yenə də varsan.
Nə qədər anamız Azərbaycan var,
Bu adla əbədi yaşayacaqsan.
Seyran CAVADOV
Azərbaycan.-2018.- 15 sentyabr.- S.16.