Azərbaycan kinosunun
120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib
Sentyabrın 14-də Bakı Media Mərkəzi "Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib.
Bakı
Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakcell
şirkətinin sponsorluğu ilə təşkil edilən tədbirdə
mərkəzin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri,
rəsmi nümayəndələr və başqa qonaqlar
iştirak ediblər.
Tədbirin
keçirilməsində məqsəd Azərbaycan kinosunun 120
illiyini qeyd etmək, ekran sənəti
yaradıcılığının xalqın mədəni-mənəvi
həyatında və Azərbaycanın zəngin mədəniyyət
salnaməsində oynadığı rolu bir daha vurğulamaq,
eləcə də musiqinin filmlərin mühüm komponenti
olmasını qabartmaqdı.
Tədbirdə milli kinomuzun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində müasir Azərbaycanın sənədli filmlərinin salnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb. Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizm dəyərlərini özündə əks etdirdiyi bildirilib. Bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.
Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjemanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış videokontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, "Əbədi ezamiyyət”, "Multikulturalizm ili”nə həsr olunmuş "Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Son iclas” və digər filmlər yer alır.
Mərkəz haqqında daha
ətraflı məlumatı şirkətin www.bakumediacenter.az
rəsmi internet saytından, "Facebook”, "Youtube”, "Linkedin”, "Instagram” və
"Twitter” sosial
şəbəkələrindəki səhifələrindən
əldə etmək mümkündür.
Azərbaycan.-2018.- 16 sentyabr.- S.12.