Dağ rayonu Yardımlı bu
gün
İnfrastruktur
layihələrin icrası uğurla davam etdirilir
Viləşin
hər iki sahili bir neçə il bundan əvvəl
bomboş idi. İndi isə həmin ərazilərdə
rekultivasiya işləri aparılaraq əkin sahələri
yaradılmış, həmçinin sənaye
yönümlü bir neçə müəssisə
tikilmişdir. Yuxarıda, dağ
yamaclarının ətəyində isə başqa mənzərə
diqqəti cəlb edir. Yeni
yaraşıqlı evlər inşa olunmuş, həmin evlərin
həyətlərinə yollar çəkilmişdir.
Bütün bunlar son bir-iki il ərzində
yaranmışdır və Yardımlıya gələn hər
kəsə, xüsusilə əslən buradan olub başqa yerlərdə
məskunlaşmış insanlara xoş təsir
bağışlayır.
Yardımlı dağ rayonudur. Elə buna görə
də bu rayonda işləmək, uğur qazanmaq, hər
hansı bir layihəni həyata keçirmək başqa yerlərlə
müqayisədə çətindir və bunun
üçün daha çox zəhmət çəkmək
lazım gəlir. Şübhəsiz ki, hər
bir işdən ötrü dövlətin dəstəyi, maliyyə
vəsaiti başlıca şərtdir. Bu
haqda düşünərkən bir qədər əvvələ
qayıtmalı olursan. 2006-cı ilin
payızı göz önünə gəlir. O zaman
Prezident İlham Əliyev Yardımlıya səfərə gəlmişdi,
rayon əhalisi və ictimaiyyətin nümayəndələri
ilə görüşürdü.
Prezident neftdən gələn gəlirləri ilk növbədə
həlli vacib məsələlərə yönəltdi. Onlardan biri də
iqtisadiyyatı dağılmış, sosial problemləri uzun
illərdən bəri unudulmuş, insanlarının həyat
şəraiti aşağı düşmüş
rayonların inkişaf etdirilməsi idi. Məsələ
ilə bağlı 2004-cü il fevral
ayının 11-də ölkə rəhbəri regionların
sosial-iqtisadi inkişafına dair I Dövlət
Proqramını imzalamışdı. Yardımlının,
necə deyərlər, bəxti gətirmişdi. Həmin
proqram çərçivəsində burada həyati əhəmiyyətli
işlərə start verildi və ilk olaraq Masallı-Yardımlı
şose yolunun yenidən qurulmasına, daha sonra bununla paralel
olaraq rayona təbii qaz xəttinin çəkilişinə
başlandı. Bunlardan əlavə də
tikinti-quruculuq, abadlıq işlərinin aparılmasına təkan
verildi. Digər rayonlarda olduğu kimi, həyata
keçirilən infrastruktur layihələri, habelə
başqa quruculuq işləri bu rayonda da sükut və ətalət
buzlarını əritməyə başladı, əhalinin
nikbinliyini, sabaha inamını daha da artırdı. 2006-cı ilin payızında dövlət
başçısı Yardımlıya gələrək
tikintisi tamamlanmış Masallı-Yardımlı yolunun
açılışı və rayon mərkəzinə təbii
qazın verilməsi mərasimlərində iştirak etdi.
Həmin gün Yardımlıda misli
görünməmiş bayram ovqatı yaşandı. Düzdür, o vaxta qədər Yardımlıya
avtomobil yolu var idi, amma sovet hakimiyyəti süqut edəndən
sonra bu yol da keçmiş quruluş kimi dağılıb bərbad
hala düşmüşdü. Çəkilən
yeni yol rayon əhalisinə rahatlıq gətirdi, vaxt itkisinin,
avtomobillərin tez-tez sınıb dağılmasının
qarşısını aldı. Təbii
qazın verilməsi isə Yardımlının tarixində
misli görünməmiş hadisə idi. Rayonun
ən ucqar kəndlərindən belə tədbirə
çoxlu sayda adamlar gəlmişdilər. Ağsaqqallar
söz alaraq bu nəcib iş, əhaliyə
göstərilən diqqət və qayğı
üçün ölkə rəhbərinə öz təşəkkür
və minnətdarlıqlarını bildirdilər. Təbii qazın gəlişi ilə meşələrdə
balta səsi səngidi. Bax, beləcə
inkişaf etdi, dəyişdi dağlar diyarı
Yardımlı. Çətinlik,
imkansızlıq üzündən ölkəmizin müxtəlif
şəhər və rayonlarına səpələnən
Yardımlı sakinləri xeyirdə-şərdə
iştirak etmək üçün rayona gələndə
onun bu hüsnünü görüb əvvəl-əvvəl
gözlərinə inanmadılar. Amma bu,
reallıq idi. Elə bu inkişafa görə
Yardımlı rayon mərkəzinə şəhər statusu
verildi. Burada çoxlu sayda ictimai binalar, fərdi
evlər tikilmiş, parklar salınmış, küçələr
asfaltlaşdırılmış, səkilərə daş
döşənmiş, istinad divarları
hörülmüş, işıqlandırma sistemi yeniləndirilmişdir.
Belə bir gerçəklik adamların
şüuruna, düşüncəsinə öz təsirini
göstərdi. Bakı, Sumqayıt və
digər yerlərdə yaşayanlar demək olar ki, hər həftə
ata-baba ocaqlarına baş çəkirlər. Bir də axı, indi Yardımlıya gedib-gəlmək
çətin deyil. O, sovetlər zamanında idi ki, buradan
Bakıya hər gün tək bir avtobus gedirdi. İndi
isə hər saat yarımdan bir paytaxta, Sumqayıta isə bir
gün ərzində bir neçə mikroavtobus yola
düşür. Hələ çox
adamın özünün şəxsi minik maşını
olduğunu demirik. Onu da qeyd edək ki,
keçən əsrin 90-cı illərində rayondan
getmiş bir çox adamlar, ailələr yenidən rayona
qayıdırlar. Elələri də var ki, Bakıda,
Sumqayıtda, digər yerlərdə yaşasalar da, burada -
öz dədə-baba yurdunda da ev tikir,
bağ-bağat salırlar.
Bu gün rayonda tikinti-quruculuq, abadlıq işləri ilə
yanaşı, Prezidentin imzaladığı sərəncama
uyğun olaraq, Cəlilabad-Yardımlı avtomobil yolundakı
işlər də uğurla davam etdirilir. Yolun 12
kilometri əsaslı şəkildə yenidən
qurulmuşdur. Eyni zamanda, 20 min nəfər əhalinin
yaşadığı 15 yaşayış məntəqəsini
birləşdirən, ümumi uzunluğu 22 kilometr olan
Sırıq-Vərgədüz-Binə-Osnağaran yolunun
tikintisinə başlanılmışdır. Əhalinin
müraciəti nəzərə alınaraq ümumi
uzunluğu 4 kilometr olan Alabulaq-Odrağaran yolu təmir
edilmişdir. Sakinlərinin sayı 3 min 500 nəfərə
çatan və 7 kəndi birləşdirən 17 kilometrlik
Sırıq-Əfcədulan-Əngövül-Zəngələ-Keçələkəran
avtomobil yolunun tikintisi üçün hazırlıq işləri
görülməkdədir. Cari ilin ötən
dövrü ərzində 9 ədəd çoxmərtəbəli
evin dam örtüyü, fasad hissələri, qapı və pəncərələri
yenilənmiş, rənglənmə işləri
görülmüş, kommunal evlərin həyətlərinə
çınqıl döşənmiş, səliqə-sahman
yaradılmışdır.
Rayon əhalisinin içməli suya olan tələbatını
ödəmək üçün başlanmış işlər
davam etdirilir.
Yaxın vaxtlarda Yardımlı şəhərinin
su-kanalizasiya xətti istismara veriləcək. Bir çox kəndlər, xüsusilə Yolocaq, Vərov,
Separadi yaşayış məntəqələri içməli
su sarıdan neçə illərdir ki, əziyyət çəkirlər.
Bu və digər kəndlərin əhalisi uzaq məsafələrdən
maşınlarla su gətirmək məcburiyyəti
qarşısında qalmışlar. Artıq
Sineyir-Separadi magistral su xətti Yolocaq kəndinə qədər
çəkilmişdir. Hazırda 9 yaşayış məntəqəsinin
7 min nəfərə yaxın sakini bu sudan
istifadə edir. Arvana kəndində isə
artezian quyusu qazılmışdır. Əhali
quyudan çıxarılan su ilə ehtiyaclarını
qarşılayır. Yaxın zamanlarda
rayonun digər kəndlərində əhalinin suya olan tələblərini
ödəmək məqsədilə tədbirlər həyata
keçirilməsi planlaşdırılmışdır.
Yaşayış məntəqələrinin
qazlaşdırılması diqqət mərkəzindədir. Gavran kəndinin
qazlaşdırılması üçün artıq buraya
lazım olan mal-materiallar gətirilmişdir. Bundan sonra isə mərhələli şəkildə
Ostayır, Dəlləkli, Çayüzü, Nisəqala,
Şəfəqli, Osnağaran, Anzov, Hamarkənd, Abbasabad və
Hovaran kəndləri qazlaşdırılacaqdır.
Yavaş-yavaş payızın nəfəsi
duyulmaqdadır. Yağışlı-qarlı havalarda
dağlıq ərazilərdə elektrik enerjisi təminatında
yaranan problemlər hər kəsə yaxşı məlumdur.
Əvvəlki illərin təcrübəsi belə
deməyə əsas verir. Bunu nəzərə
alaraq rayon elektrik şəbəkəsinin kollektivi yay
aylarında müəyyən işlər
görmüşdür. Belə ki, 10 və
0/4 kilovoltluq elektrik xətləri təmir olunmuş,
Ostayır və Dəlləkli kəndlərində SİP
kabelləşmə aparılmışdır. Yaxın aylarda isə Yeni Yardımlı
yarımstansiyasından qidalanan Sırıq, Alabulaq, Odrağaran
kəndlərində də SİP kabelləşmə işinə
başlanması planlaşdırılır.
Dağlıq yerlər təbii şəraitinə,
relyefinə görə heyvandarlıq üçün daha
çox əlverişli olur. Lakin Yardımlıda əkinçilik
də heç vaxt unudulmayıb. Ta qədim zamanlardan
buranın əhalisi əməyin hər iki istiqamətini
paralel inkişaf etdiriblər. Zaman keçib, zəhmətlə
ömür sürən bu insanların övladları təhsil
alıb, bəziləri alim, həkim, şair kimi ad-san
qazanıblar və digər peşələrin sahibləri
olublar. Onların bəziləri indi
respublikamızın tanınmış insanlarıdır.
Yardımlı əsasən, kənd təsərrüfatı
rayonudur. Buna görə də dövlət
başçısının bu mühüm sahəni daha da
inkişaf etdirmək haqqında qəbul etdiyi qərarlar, həyata
keçirdiyi tədbirlər rayon əhalisinin ürəyindən
olmuşdur. Yardımlı camaatı son illər
rayon üçün ənənəvi bitki olmayan
tütün əkininə başlamışlar. Cari ildə
50,6 hektarda tütün əkmişlər.
İndiyədək sahələrdən 30 tondan
çox məhsul yığılaraq "Dəniz-2010” MMC-yə
təhvil verilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə əkin sahələri genişləndirilmişdir. Belə ki, ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsinə Yardımlı rayonu da öz töhfəsini verir. Taxıl əkilmiş 3 min 168 hektar sahənin hər hektarından 22,4 sentner məhsul əldə edilmişdir. Yardımlıda yetişdirilən kartof keyfiyyəti və dadı etibarilə qonşu rayonların məhsullarından fərqlənir. Bu da onun dəmyə şəraitində yetişdirilməsi ilə bağlıdır. Bu il hər hektardan 93 sentner kartof götürülmüşdür. Mütəxəssislərin rəyinə görə, cari il Yardımlı arıçıları üçün o qədər də əlverişli olmasa da, qazanılan nəticələr qənaətbəxşdir. Arıçılar oktyabr ayında Bakıda keçiriləcək bal yarmarkasına hazırlaşırlar.
Aqrar sektordan söhbət açarkən bir məsələni vurğulamağı da özümüzə borc bildik: hazırda dağ rayonu olan Yardımlıda "Aqrolizinq” ASC-nin heç bir təşkilatı, heç bir filialı yoxdur. Hər hansı kənd təsərrüfatı texnikası lazım olduqda sahibkarlar, torpaq mülkiyyətçiləri Masallıdakı filiala müraciət etməli olurlar. Təsəvvür edin ki, 50 kilometrlik darısqal dağ yolu ilə enli taxılbiçən kombaynı, habelə digər texnikanı buraya gətirmək nə qədər çətin və təhlükəlidir. Güman etmək olar ki, əlaqədar təşkilatlar bunları nəzərə alacaqlar.
Yardımlıda əhali arasında xoş əhval-ruhiyyə, sabaha böyük inam olduğunu gördük. Xoş ovqat, inam olan yerdə isə həmişə yüksək nəticələr əldə edilir.
Seyran CAVADOV
Azərbaycan.-2018.- 16 sentyabr.- S.11.