Erməni KİV: “Paşinyanın oğlu “əsgərliyini” kef

məclislərində, qumar oyunlarında keçirir

 

 

Ermənistan mediası və ictimaiyyəti baş nazirin övladının hərbi xidmətinin əslində əyləncə və istirahətdə keçməsi barədə danılmaz faktlar səsləndirir

Müzəffər Azərbaycan Ordusunun ən qısa zaman kəsiyində işğal altındakı əraziləri azad etmək iqtidarında olmasını Ermənistan 2016-cı ilin aprel döyüşündə, cari ilin mayında Naxçıvanda baş tutan əməliyyatlarda aydın gördü.

Elə bu səbəbdən hazırda təcavüzkarın ən böyük qorxusu Azərbaycanın zəbt olunmuş ərazilərini güc yolu ilə qaytara biləcəyidir. Çünki Ermənistan Azərbaycan Ordusunun bir zərbəsi ilə tam şəkildə darmadağın olacağını hər keçən gün daha yaxış görür. Bilir ki, Azərbaycanda ordu üzərindən kimlərsə hansısa şou düzəltmir, bu ordunun zabiti də, sıravi əsgəri də bir məqsədə xidmət edir - Vətənin ərazi bütövlüyünü bərpa etmək, yağını torpaqlarımızdan mümkün qədər tez qovmaq. Bunun üçün bütün ordu Ali Baş Komandanın əmrini gözləyir.

 

 

"Paşinyan İlham Əliyevdən nümunə götürsün

 

 

Azərbaycan Ordusunun güclənməsi işğalçı tərəfin ürəyinə getdikcə daha böyük qorxu salır. Hətta erməni mediası yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan ordu ilə bağlı şoular düzəltməkdənsə ordu quruculuğu sahəsində İlham Əliyevdən nümunə götürsə daha yaxşı olar.

"Jamanak” qəzeti bu məsələyə nəzər salaraq bildirir ki, Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi hələ də siyasi şou olaraq qəbul edilir. Məsələ bundadır ki, populist Paşinyan bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır.

O, ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqini saxlamaq istəyir. Halbuki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi bu ölkənin təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir

Ermənistan mətbuatında Paşinyanın oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçməsi barədə hər keçən gün maraqlı məlumatlar yayılır. Son xəbərlərdən isə belə bəlli olur ki, baş nazirin oğlu heç də bəyan edildiyi kimi sadə ermənilərlə birlikdə Füzuli-Cəbrayıl istiqamətində döyüş postlarında xidmət etmir, vaxtını Xankəndidə keçirir.

 

 

"Paşinyanın oğlu gecə əyləncələrindən vaxt tapmır”

 

 

Nikol Paşinyanın oğlunun hərbi hissədən kənarda yaşaması üçün Xankəndidə villa tutduğu da bəllidir. "Lragir” portalı yazır ki, Nikol Paşinyan oğlunun Qarabağda təhlükəsiz və komfortlu şəraitdə xidmət keçməsini təmin etdikdən sonra Aşot Paşinyan burada vaxtını boş keçirmir: "Artıq məlumdur ki, o, hərbi xidmətdən başqa hər şeylə məşğuldur. Hətta qudurmuşluğun dərəcəsinə baxın ki, evinin mühafizəsi üçün hərbi bölük ayrılıb. Burada onun özünə münasib bildiyi yoldaşları ilə bərabər gecə əyləncələrindən tutmuş qumar oyunlarına kimi hər şey təşkil olunur. Hətta bu yaxınlarda məlumat yayıldı ki, Aşot Paşinyan üçün Yerevandan böyük miqdarda pul göndərilib. Əsgərlikdə bu miqdarda pulun onun nəyinə lazım olması barədə isə heç bir izahat verilmir. Görünən budur ki, hərbi xidmət baş nazirin oğlu üçün pis keçmir. Necə ki, atası bütün qanunsuzluqlara gedərək baş nazir postunda vaxtını boş keçirmir, kreslosunda yerini daha da möhkəmləndirməyə çalışır”.

 

 

"İlham Əliyev tezliklə Azərbaycan bayrağını Xankəndidə ucaldacaq

 

 

Beləliklə, əgər məqsəd Ermənistanın baş nazirinin oğlunun Dağlıq Qarabağda əsgərlik etməsi olsaydı, ən azından təhlükəsizliyi üçün onu səs-küyə salmağa ehtiyac duyulmazdı. Bu məsələdə erməni mediası ölkə rəhbərliyini Azərbaycan tərəfdən nümunə götürməyə çağırır. Konkret fakt qismində isə qeyd olunur ki, Azərbaycan Prezidenti oğlu Heydər Əliyevi hərbi xidmətə yola salanda bunu əvvəldən Paşinyan kimi nümayiş etdirmədi. Yalnız andiçmə mərasimi zamanı bilindi ki, Azərbaycan Prezidentinin oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin "N” saylı hərbi hissəsində xidmətə başlayıb. Yəni, Ermənistandan fərqli olaraq bu məsələdə Azərbaycan tərəfi hansısa şou düzəltmədi.

İşğalçı ölkəni qorxudan odur ki, Azərbaycan və onun lideri İlham Əliyev tezliklə öz bayrağını Xankəndidə ucaldacaq.

 

 

"Ermənistanın ən böyük kabusu - Azərbaycan Ordusu

 

 

15 sentyabrda Bakıda keçirilən parad fonunda bu qorxu daha da artıb. Ermənistan gördü ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgər zabitlər öz sələflərinin igidlik, mərdlik yolunu inamla davam etdirirlər. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, peşəkarlıq, eyni zamanda Azərbaycan-Türkiyə birliyi düşməni daha da sarsıtdı. Öz ordusu ilə haqlı olaraq qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Azərbaycan əsgərinin Ermənistanın işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə bir daha əmin oldu.

Erməni mediası yazır ki, Azərbaycan-Türkiyə birliyi, həmçinin güclü Azərbaycan Ordusu onlar üçün ən böyük kabusdur. Yüksək səviyyədə hazırlanaraq keçirilən parad həm Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə ermənilərə ünvanlanmış aydın mesajdır. Bu mənada ermənilər qorxularında tam haqlıdırlar.

 

 

Ermənistan ordusunda böyük xaos hökm sürür

 

 

Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra digər sahələrdə olduğu kimi, orduda da müsbətə doğru hansısa dəyişikliklər baş verməyib. Əksinə, erməni ordusunda vəziyyət getdikcə daha acınacaqlı hal alır.

Bu vəziyyətdə erməni ordusunda narazılıq yaradan məqamlardan biri Ermənistanın baş naziri Nikol Paşinyanın erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndəriləcəyini bildirməsidir. Belə ki, Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Artıq bununla bağlı məsələnin həllinin tapıldığı barədə erməni mediasında informasiyalar yayımlanmaqdadır.

 

 

Son bir ayda işğalçı ölkədə 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb

 

 

Paşinyanın bu hərəkəti erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Məsələ bundadır ki, ermənilər işğal altında olan Dağlıq Qarabağa xidmət etməyə əsgər göndərə bilmirlər. Digər tərəfdən, ordusunda xidmət etməkdən boyun qaçırıb intihara cəhd edən erməni hərbi qulluqçularının gedib Suriyada döyüşmələri qətiyyən inandırıcı görünmür.

Erməni mediası yazır ki, orduda vəziyyətin daha da ağırlaşdığı bir vaxtda hökumət şəriştəsiz addım atır. Diqqət ona yönəldilir ki, təkcə son bir ayda Ermənistan ordusunda 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb. İşğalçı ölkənin təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir ki, "N” saylı hərbi hissənin komandiri, onun müavini, əşya xidməti rəisi əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə gənc əsgərlərə ciddi ziyan vurublar. İttihama əsasən, həmin hərbi hissənin arxa cəbhə kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyəti keyfiyyətsiz əşyalarla təmin edilib. Bu faktla bağlı da Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

 

 

Aclıq, təhqirlər korrupsiya erməni hərbçilərini intihara aparır

 

 

Ermənistan ordusunda daha bir qalmaqal isə keyfiyyətsiz geyimlərlə bağlıdır. Ölkənin Müdafiə Nazirliyinin hərbi polisi hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan 10 min keyfiyyətsiz paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb. Təkcə avqustda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı "N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza döyülmə nəticəsində isə 17 hərbçi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb.

Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır. Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Məsələn, hələ səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sisteminin eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib.

O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib.

 

 

Ordunun ərzaqla təminatı da ciddi problemdir

 

 

"Jamanakqəzeti diqqəti bu fonda ona yönəldir ki, Nikol Paşinyan baş nazir postunu tutduqdan sonra etdiyi kadr dəyişiklikləri orduda vəziyyətin müsbətə doğru dəyişməsinə gətirib çıxarmayıb. Orduda döyüş qeyri-döyüş şəraitində itkilər davam edir. Həmişəki kimi ordunun ərzaqla təminatı da ciddi problemdir. Xüsusən Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək paltar göndərilməsini qadağan edib. Silahlı qüvvələrin rəhbərliyi hərbi komandanlıqlar isə orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb.

Adının çəkilməsini istəməyən vəzifəli şəxs erməni mediasına bildirib ki, artıq müəyyən müddətdir, müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər nəticədə aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır.

Mənbə onu da deyib ki, hərbi hissə komandandirləri döyüş yox, sadəcə, texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə yemək verilməməsilə bağlı "yuxarıdan” əmr alıblar. Bildirilir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır. Qeyd olunur ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər.

 

 

Xidmət etməyə əsgər tapılmır

 

 

Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan Ermənistan bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər. Əslində, bu məsələ indidən özünü qabarıq formada büruzə verir. Onu da bildirək ki, bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan bildirmişdi ki, Ermənistanın polis birlikləri ölkə sərhədlərində döyüş növbəsinə və sərhəd-nəzarət işinə cəlb olunacaqlar. O bildirib ki, indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsi üçün ehtiyac yaranıb. Polisdaxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstərir.

Hesab edilir ki, işğal siyasətinin davamı qarşıdakı dövr ərzində Ermənistanda digər sahələrlə yanaşı, orduda da daha ciddi çətinliklərin yaranmasına rəvac verəcək.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2018.- 17 sentyabr.- S.1;4.