Qardaşların zəfər
yürüşü
Bakı şəhərinin azad
edilməsinin 100 illiyinə həsr olunmuş parad Türkiyə
mediasının əsas gündəm mövzusu oldu
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir.
Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək hər iki ölkə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edib. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.
Türkiyə ilə Azərbaycanın
dostluğunun sarsılmazlığı bu günlərdə cərəyan
edən proseslər fonunda bir daha təsdiqini tapdı. Belə
ki, sentyabrın 15-də paytaxtın Azadlıq meydanında
Bakı şəhərinin işğaldan azad edilməsinin 100
illiyinə həsr olunmuş parad keçirildi. Prezidentlər İlham Əliyevin və Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə təşkil
olunan əsrin ən möhtəşəm paradına türk
mediası da xüsusi diqqət ayırıb. İki ölkənin
liderlərinin Bakı görüşü Türkiyədə
tirajlanan bir neçə yüz minlik qəzetlərin
manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri,
internet portalları bu mövzu ətrafında materiallar təqdim
ediblər. Onlardan bəzilərini diqqətinizə
çatdırırıq.
"Yeni
Şafak”:
"Olmazsa
olmazımızdır”, "Bir ürəkdə iki can”
"Yeni
Şafak” qəzeti "Olmazsa olmazımızdır”, "Bir
ürəkdə iki can” adlı xəbərləri manşetdən
verib. Qeyd edilib ki, dünya daha bir möhtəşəm
parada şahidlik etdi. Azərbaycanın
paytaxtında Bakı şəhərinin azad edilməsinin 100
illiyinə həsr olunmuş parad keçirilib. Düz
100 il əvvəl Bakı tarixində ilk dəfə
Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordu birləşmələrinin
zəfərini bayram edirdi. Həmin gün yenidən
təkrarlanır. Prezidentlər İlham
Əliyev və R.Ərdoğanın paradla bağlı fikirlərinin
yer aldığı xəbərdə bildirilir ki,
qardaşlığın rəmzinə çevrilən bu zəfər
bayramı Azərbaycan-Türkiyə birliyinin sarsılmaz, əbədi
olduğunu göstərir.
İlham Əliyevin "Yüz il bundan əvvəl Nuru
paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli
Ordusunun birgə əməliyyatı nəticəsində
Bakı işğalçılardan azad edildi. Bir gündən
çox davam edən şiddətli döyüşlərdə
bizim əcdadlarımız əsl qəhrəmanlıq,
şücaət göstərmişlər” fikirlərinin də
yer aldığı məqalədə Qafqaz İslam Ordusunun qəhrəmanlığının,
dostluğunun, qardaşlığının unudulmaz olduğu
diqqətə çatdırılıb.
"Star”:
"Qarabağ
qətiyyəti”
"Star”
qəzetinin "Qarabağ qətiyyəti” başlıqlı
məqaləsində bildirilib ki, Türkiyə Azərbaycan
uğrunda 1132 şəhid verib. Hər iki
dövlət başçısının tarixi paradda etdikləri
çıxışlarının yer aldığı məqalədə
Türkiyə Prezidentinin Dağlıq Qarabağ problemi ilə
bağlı verdiyi mesajlar xüsusi diqqət çəkib.
Vurğulanıb ki, Ərdoğanın
"Dağlıq Qarabağ məsələsi bizim
üçün də eyni dərəcədə
ağrılı problemdir. Qardaş Azərbaycanın
ərazilərinin 20 faizini işğal altında
saxlayanların, bir milyondan çox qardaşımızın
öz vətəninə qayıtmasına mane olanların bizdən
sərhədlərimizi açmağımızı gözləmələri
əbəsdir” fikirləri növbəti dəfə Azərbaycan-Türkiyə
dostluğunun və qardaşlığının sarsılmaz
olduğunu göstərir.
"Sabah”:
"İşğalçılar
sərhədlərimizi açmağımızı gözləməsinlər”
"Sabah” qəzetinin "İşğalçılar
sərhədlərimizi açmağımızı gözləməsinlər”
başlıqlı xəbərində isə bildirilib ki,
sentyabrın 15-də Bakı dünyanın ən möhtəşəm
paradına şahidlik etdi. Azərbaycan və
Türkiyə prezidentləri paradda çıxış edərək
verdikləri mesajla iki ölkə arasında
qardaşlığın sarsılmaz və əbədi
olduğunu növbəti dəfə sübut etdilər. R.Ərdoğanın "Qardaş Azərbaycanın
ərazilərinin 20 faizini işğal altında
saxlayanların, bir milyondan çox qardaşımızın
öz vətəninə qayıtmasına mane olanların bizdən
sərhədlərimizi açmağımızı gözləmələri
əbəsdir” fikirlərinin yer aldığı xəbərdə
bildirilib ki, Türkiyə Prezidenti Yerevana açıq mesaj
göndərdi. Xüsusilə beynəlxalq
münasibətlər müstəvisində iki dövlətin
bir-birini ardıcıl və davamlı dəstəkləməsi
olduqca təqdirəlayiqdir.
"Milliyet”:
"Ermənistan
çıxışı”
"Milliyet” qəzeti "Ermənistan
çıxışı” başlıqlı xəbərində
İlham Əliyevin fikirlərinə geniş yer verərək
vurğulayır ki, Türkiyə-Azərbaycan
qardaşlığı səmimi əməkdaşlığa
söykənir. Azərbaycan ilə Türkiyə
arasında siyasi, iqtisadi əlaqələr və digər sahələrdəki
əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir
ki, bunları həmin ölkələrin cəmiyyətlərinə
anlatmağa, eləcə də dünyaya izah etməyə
heç bir ehtiyac yoxdur. Bunun növbəti
dəfə 100 ilin ən möhtəşəm paradında
şahidi olduq. R.Ərdoğanın "Azərbaycanın
sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi,
ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də
kədərlənərik, Azərbaycan sevinərsə, biz də
sevinərik” fikirlərinə yer ayıran nəşrdə
bildirilib ki, Dağlıq Qarabağ problemi həll olunmadan
Türkiyə-Ermənistan münasibətlərinin
normallaşması mümkün deyil.
"Türkiye”:
"Ermənistana xəbərdarlıq. Qarabağ problemi həll
olunmadan addım atmarıq”
"Türkiye” qəzeti "Ermənistana xəbərdarlıq. Qarabağ
problemi həll olunmadan addım atmarıq” başlıqlı xəbərini
manşetə çıxarıb. Bildirilir
ki, Azərbaycanla Türkiyə aralarında münasibətlərin
nə dərəcədə yüksək səviyyədə
qurulduğunu, tərəflərin mühüm əhəmiyyət
kəsb edən maraqlar ətrafında hər zaman bir-birini
müdafiə etməyə hazır olduqlarını həmişə
göstərib. Hər iki prezidentin Bakı
şəhərinin azad edilməsinin 100 illiyinə həsr
olunmuş paradla bağlı
çıxışlarının yer aldığı məqalədə
İlham Əliyevin "Türkiyə-Azərbaycan əlaqələri
ən yüksək zirvədədir. Məncə,
dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə
bir-birinə bu qədər yaxın olsun, bu qədər
bir-birinə arxa-dayaq olsun”, R.Ərdoğanın isə
"Qardaş Azərbaycanın ərazilərinin 20 faizini
işğal altında saxlayanların, bir milyondan çox
qardaşımızın öz vətəninə
qayıtmasına mane olanların bizdən sərhədlərimizi
açmağımızı gözləmələri əbəsdir”
fikirlərini xüsusi olaraq diqqətə
çatdırıblar.
"Yeni
akit”:
"Azərbaycanda
qürur günü”
"Yeni akit” qəzeti "Azərbaycanda qürur
günü” başlıqlı xəbərində parad
haqqında oxuculara ətraflı məlumat verib. Qeyd edilib ki,
sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq
meydanında Bakı şəhərinin azad edilməsinin 100
illiyinə həsr olunmuş parad keçirilib. 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə
Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu
və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini
bayram edirdi. Həmin gün yenidən təkrarlandı.
İlham Əliyev və R.Ərdoğanın
paraddakı çıxışlarının yer
aldığı məqalədə bildirilib ki, Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı
bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
"Hürriyet”:
"Boş
yerə gözləməyin”
"Hürriyet” qəzeti isə "Boş yerə
gözləməyin” başlıqlı xəbəri manşetə
çıxarıb. Hər iki dövlət
başçılarının çıxışlarına
geniş yer ayrılan məqalədə qeyd olunub ki, əsrin
paradı qardaşlığın, sədaqətin rəmzinə
çevrilib. Prezident İlham Əliyevin "Azərbaycan
xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz
xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikirlərini
oxuculara çatdıran nəşr Qafqaz İslam Ordusunun Azərbaycana
gəlməsi və Nuru paşanın rəhbərliyi
altında Gəncədən Bakıya gəlməsi, bir
neçə şəhərin azad edilməsi və
sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində
Bakının azad edilməsinin tarixi hadisə olduğunu
yazıb.
Rəcəb Tayyib Ərdoğanın Dağlıq
Qarabağla bağlı Ermənistana növbəti xəbərdarlığını
xüsusi başlıqla oxucularına təqdim edən qəzet
yazır ki, dövlət başçısının
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı
ilə bağlı paraddakı çıxışı bunu
deməyə əsas verir. Biz Türkiyədə
hər zaman "Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” deyərək hərəkət edirik və
dar gündə də, yaxşı gündə də
qardaşlarımızın yanındayıq.
"Akşam”:
"Dağlıq
Qarabağ olmazsa olmazımız”
"Akşam” qəzeti isə "Dağlıq
Qarabağ olmazsa olmazımız” başlıqlı xəbərində
iki liderin fikirləri əsasında 100 illin paradına
geniş yer ayırıb. Bildirilib ki, Azərbaycan
ilə Türkiyə arasındakı münasibətlər ən
yüksək zirvədədir. İki
ölkə bütün sahələrdə əməkdaşlıq
edir, bütün məsələlərdə eyni mövqedən
çıxış edir, beynəlxalq təşkilatlarda
bir-birinə daim dəstək verir.
Nəşr
Prezident R.Ərdoğanın Türkiyənin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində hər
zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə
etdiyini diqqətə çatdırıb: "Azərbaycanın
sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi,
ağrısı, problemi də bizim problemimizdir. Azərbaycanın ən böyük problemi olan
Dağlıq Qarabağ məsələsi bizim
üçün də eyni dərəcədə
ağrılı problemdir. Dağlıq
Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin
bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir”.
"Vatan”:
"İşğala
son qoyulmasa, sərhədlər açılmayacaq”
"Vatan” qəzeti "İşğala son qoyulmasa, sərhədlər
açılmayacaq” başlıqlı xəbərində hər
iki ölkənin dövlət başçılarının əsrin
paradı barədə çıxışlarını
ön plana çıxarıb. Qeyd olunub ki, 100 il
bundan əvvəl Nuru paşanın komandanlığı
altında yeni yaradılmış Azərbaycan Milli Ordusu
könüllülərlə birlikdə Bakını
işğalçılardan azad edib. Yüzlərlə
hərbi texnikanın, uçuş vasitələrinin, zirehli
texnikaların, raket və artilleriya silahlarının, hava
hücumundan müdafiə sistemlərinin, helikopterlərin,
pilotsuz uçuş aparatlarının, digər silah və
texnikanın nümayiş olunduğu parad bütün
dünyanın diqqət mərkəzində olub.
Qeyd olunub ki, R.Ərdoğanın "Dağlıq
Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin
bərpasının ən vacib şərtidir. Bunu hamı
bilməlidir” fikirləri isə Türkiyənin Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində də
xüsusi fəallıq göstərdiyini, bu məsələdə
Azərbaycanın ədalətli mövqeyinə tam dəstək
verdiyini açıq şəkildə nümayiş etdirir.
"Karar”:
"Qarabağda
qardaşın yanındayıq”
Qardaş ölkənin "Karar” qəzeti isə 100 ilin
ən möhtəşəm paradını oxuculara
"Qarabağda qardaşın yanındayıq”
başlıqlı xəbəri ilə çatdırıb. Hər iki dövlət
başçılarının fikirlərinin yer
aldığı məqalədə qeyd olunub ki, Azərbaycan və
Türkiyə silahlı qüvvələrinin hərbi
qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın
milli hərbi qüvvələri əsasında təşkil
edilmiş Qafqaz İslam Ordusunun süvari və
piyadalarının qiyafəsində, hər iki ölkənin
dövlət bayraqları altında tribuna önündən
keçdilər. Zəfər günü adlandırılan 15
sentyabr 1918-ci il tarixinin 100 illiyinin qeyd
olunması türk birliyinin, qardaşlığının
nümunəsidir.
"Milat”:
"İşğalçılara sərhədləri açmarıq”
"Milat” qəzetinin "İşğalçılara sərhədləri açmarıq” başlıqlı xəbərində isə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığı qeyd edilib. Yazılıb ki, R.Ərdoğanın "İşğalçılara sərhədləri açmarıq” açıqlaması isə Yerevana növbəti mesajdır. Azərbaycan lideri İlham Əliyevin çıxışında dediyi "Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikrinin yer aldığı məqalədə Türkiyə-Azərbaycan münasibətlərinin həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynadığı xüsusi vurğulanıb.
"Anadolu” xəbər agentliyi, "TRTHaber”, "AHaber”, "NTV”, "CNN Türk” kanallarında və bir çox xəbər agentliklərində dərc edilən və göstərilən xəbərlərdə də R.T.Ərdoğanın Azərbaycana rəsmi səfərinə və hər iki ölkə liderlərinin fikirlərinə geniş yer ayrılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu səfər növbəti dəfə sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir.
Elçin
CƏFƏROV
Azərbaycan.-2018.- 17 sentyabr.- S.1;6.