Şəhərsalma fəaliyyətinin
tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Şəhərsalma
fəaliyyətinin tənzimlənməsinin səmərəliliyini
artırmaq məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. yerli
icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin
şəhərsalma sənədlərinə (qüvvədə
olan müfəssəl plana, belə plan olmadıqda və ya
onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin
mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərinə)
uyğunluğu barədə Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
rəyi olduqda tikintiyə icazə verirlər;
1.2. yerli
icra hakimiyyəti orqanları və bələdiyyələr
tikinti məqsədləri üçün torpaq sahələri
ayırarkən (məlumatlandırma icraatı qaydasında
yaşayış evlərinin tikintisi üçün
ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində
həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin
müvafiq ərazinin şəhərsalma sənədlərinə
(qüvvədə olan müfəssəl plana, belə plan
olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə
icazə verilməsinin mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
11-ci maddəsinə, o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərinə)
uyğunluğu barədə rəyi Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi verir.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla, tikintisinə icazə tələb olunan
binaların tikinti layihələrinin memarlıq həllərində
müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət
edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
75.4-cü maddəsi çərçivəsində, "Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 490 nömrəli
Fərmanının 2-ci hissəsində nəzərdə
tutulan tikintiyə icazə ilə fəaliyyət sferasına
(maraqlarına) toxunulan və tikintinin təyinatına uyğun
olaraq rəy bildirməli olan aidiyyəti qurumların
siyahısında bu fərmanın 1.1-ci bəndində göstərilən
rəyin nəzərə alınmasını təmin etsin;
2.3. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.5. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.6. bu fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi tikintisinə icazə verilən
binaların memarlıq planlaşdırma bölmələrində
müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət
edilməsinin təmin olunması üçün tədbirlər
görsün.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 sentyabr
2018-ci il
Azərbaycan.-2018.- 18 sentyabr.- S.3.