Milli
Olimpiya Komitəsinin Ədalətli Oyunlar
Komissiyasının
20 illik yubileyi qeyd olunub
Sentyabrın
17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli
Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılov və MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti və
AzƏOK-un sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli
Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli
Oyunlar Hərəkatının (AƏOH) baş katibi
İoannis Psilopoulos, MOK-un baş katibinin müavini Azər
Əliyev, ölkəmizə dəvət olunmuş rəsmi
qonaqlar, tanınmış idmançılar və idman
ictimaiyyətinin digər nümayəndələri iştirak
ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AzƏOK-un fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandığı nailiyyəti yüksək qiymətləndirib.
Hər il ölkəmizdə 50-dən çox beynəlxalq turnirin təşkil olunduğunu diqqətə çatdıran nazir müavini ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. İ.İsmayılov deyib: “Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların ölkəmizdə keçirilməsinə tərəfdardırlar. Bu həftə Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək. Dünyanın ən güclü cüdoçuları Bakı tatamisində birincilik uğrunda mübarizə aparacaqlar. İdman sülhün və dostluğun carçısıdır. Digər sahələrdə olduğu kimi, idmanda da ədalət prinsipi vacib amillərdəndir. Sevindirici haldır ki, idmançılarımız ədalət prinsipinə sadiqdirlər və nümunəvi çıxışları ilə dünyada seçilirlər”.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə AzƏOK-un fəaliyyətindən və əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, çoxları ədalətli oyun anlayışını yalnız futbolla əlaqələndirirlər. Əslində, bu, belə deyil. Bütün idman növlərində ədalət anlayışı və prinsipi olmalıdır. İlk növbədə, bu, rəqibə hörmət kimi də dəyərləndirilir. Hər il AzƏOK 5 istiqamət üzrə namizədləri mükafatlandırır. Bunlar arasında idmançı, məşqçi, hakim, təbliğatçı və idman xadimi yer alır. Ədalətli oyun anlayışı təkcə idmançı ilə məhdudlaşmır. Məşqçi və hakimlərin də bu istiqamətdə mühüm xidmətləri var. İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. “Azərbaycan ədalətli oyunlarla bağlı dünyada keçirilən bütün tədbirlərdə uğurla iştirak edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün isə bütün lazımi şərait yaradılır. Mən bütün idmançılara ədalət prinsipləri əsasında mübarizə aparmağı və beynəlxalq yarışlarda idmançılarımıza ədalət prinsipləri ilə yanaşılmasını arzulayıram”, - deyə Ç.Hüseynzadə əlavə edib.
Sonra BƏOK-un prezidenti Jeno Kamuti çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dünyada Olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının Olimpiya hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəyini və 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib. J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: “MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK da əlindən gələn köməkliyi göstərəcək”.
Digər çıxış edənlər AzƏOK-un fəaliyyətinə uğurlar arzulayıblar.
Yubiley mərasimində AzƏOK-un sədri X.İsayevin müəllifi olduğu qurumun 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının və təşkilatın loqosunun təqdimatı da keçirilib.
Qeyd edək ki,
Azərbaycan Milli Olimpiya
Komitəsinin (MOK) Ədalətli Oyunlar
Komissiyası İlham Əliyevin 1997-ci ildə
MOK-un prezidenti
seçilməsindən sonra
yaradılıb. Onun təşəbbüsü
ilə fəaliyyətə başlayan təşkilat
1998-ci ildə Avropa və Beynəlxalq
Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəlxalq
Ədalətli Oyunlar Təşkilatları
ilə sıx əməkdaşlıq edir.
2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi
və Assambleyası, 2015-ci ildə Avropa və
Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının
birgə konqresi, Baş
Assambleyası və qala gecəsi ölkəmizdə
yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin
vacibliyinə yönələn bütün
təşəbbüslərə verdiyi hərtərəfli
dəstəyə görə Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev 2009-cu ildə Avropa Ədalətli
Oyunlar Hərəkatının
“Şərəf” nişanı, 2015-ci ildə isə
Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının
xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə, həmçinin Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa
Oyunlarının yüksək səviyyədə təşkilinə
görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif
edilib.
Azərbaycan.-2018.- 18 sentyabr.- S.4.