Nümunəvi və qürurverici birlik
Ali Baş Komandan İlham Əliyev tezliklə Xankəndidə, Şuşada da hərbi parad keçirəcək
Sentyabrın 15-də Bakı daha bir möhtəşəm hərbi parada şahidlik etdi. Bu paradla Azərbaycan həm hərbi gücünü, həm də tək olmadığını dünyaya nümayiş etdirdi. Həmçinin bu parad qəlblərimizdəki vətən təpərini göstərdi. Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının paradda iştirakı isə başqa bir hal idi.
Prezident İlham Əliyev paradda çıxışında Türkiyə-Azərbaycan birliyinə toxundu və bildirdi ki, bütün dünya iki qardaş ölkənin bir yerdə olduğuna, sarsılmaz dostluqlarına bir daha şahidlik etmiş oldu. Yüksək səviyyədə hazırlanmış parad Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu.
Paraddan bir gün sonra isə Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi andiçmə mərasimi oldu. Onun şərəfli hərbi xidmətə başlaması insanların qəlbində fəxarət hissi oyatdı və bu, hər kəs tərəfindən xüsusi alqışlandı. Hərbi parad və Prezidentin oğlunun hərbi xidmətə başlaması ölkəmizdə günün müzakirə mövzusuna çevrilib. Siyasətçilərin, ekspertlərin hər biri paradın bir daha Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdiyini və ölkəmizin tarixində çox mühüm yer tutduğunu vurğuladılar.
Azərbaycan
xalqı öz müstəqilliyini qorumaq əzmindədir
Hərbi paradın hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə olduğunu xüsusi vurğulayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd etdi ki, 100 il bundan əvvəl Bakının azad edilməsi müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir.
Deputat bildirdi ki, hərbi
paradda Türkiyənin dövlət
başçısı, Azərbaycanın dostu
Rəcəb Tayyib Ərdoğanın,
Türkiyənin hökumət üzvlərinin, türk hərbi birləşmələrinin
iştirakı iki qardaş
xalqın birliyindən, həmişə bir-birinə dəstək
olacaqlarından xəbər verir.
Aydın
Mirzəzadənin sözlərinə görə, paradda
Prezident İlham Əliyevin çıxışı bir daha
göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini
qorumaq əzmindədir və bu məsələdə heç
nə ona mane ola bilməz: "Bugünkü güclü
dövlətimiz, güclü Silahlı Qüvvələrimiz
bunun bir daha təsdiqidir və belə paradların çox da
uzaq olmayan bir dövrdə Xankəndi, Şuşa və digər
işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə
heç bir şübhə yoxdur”.
Milli ruhu yüksəldən
hadisə
"Prezident övladının sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir”. Bunu isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Zahid Oruc söylədi. Deputat Azərbaycanda ordunun xüsusi inkişafına toxunaraq onun dövlət siyasətinin önünə çıxdığını qeyd etdi.
Zahid Orucun sözlərinə görə, Bakıda böyük milli coşquya səbəb olan, əsl səfərbərlik hadisəsinə çevrilən paradın hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi. Bu tarixi hadisəni bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə imkanları var: "Ermənistanın baş naziri Nikol Paşinyan siyasi vasitəçilərdən imtina edərək prosesi ordunun üzərinə keçirib. Azərbaycanın arzuladığı da elə budur. Axı, səngərdəki qüvvələr nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını təxmin etmək o qədər də çətin olmur”.
Zahid Oruc bildirir ki, diplomatik, siyasi və hərbi proseslər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucusunun adını daşıyan nəvə Heydər Əliyev hərbi mundirdə 10 milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı Qüvvələrin cərgəsində vətənə sədaqət andı içir: "Prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur. Nümunəvidir, qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün bir görk hadisəsidir”.
Sentyabrın 15-i bizi sevməyən qüvvələrə mesajdır
Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimlinin fikrincə isə, 15 sentyabr Azərbaycan tarixinin ən yaddaqalan, xalqımızın taleyində xüsusi təqvim kimi qeyd olunmağa layiq bir gündür: "Bu tarix ümumi görünüşdə bir şəhərin işğaldan azad olunmasını, işğalçının məğlubiyyətini ifadə edə bilər. Lakin məsələnin mahiyyətinə baxdıqda, onun məntiqi daha dərin köklərə bağlıdır. Burada təkcə Bakının erməni işğalından azad edilməsi deyil, bütün millətin azad edilməsi, müstəqilliyinin əldə olunması, xalqın taleyində yeni prosesin başlanması, Şərq islam aləmində elan olunan Xalq Cümhuriyyətinin kağız üzərindən real həyata köçürülməsi idi”.
Fəzail İbrahimli qeyd edir ki, sentyabrın 15-i keçirilmiş parad bir millət və iki dövlətin birgə səyi, qüvvəsi, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya bəyan etdi, bizi sevməyən qüvvələrə mesaj oldu: "Azərbaycan və Türkiyə ordusu birdir. Bir millətin iki dövləti bir dövlətin səviyyəsində də fəaliyyət göstərə bilir və istənilən məqamda istənilən addımı atmaq iqtidarındadır”.
Hər kəsə
örnək olan birlik
Milli Məclisin deputat Tahir Rzayev də Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin təmtəraqlı şəkildə qeyd edilməsini olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Onun fikrincə, 15 sentyabr Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutudur: "Bu tarix bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı dərin köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təzyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, 1918-ci ildə də Bakının köməyinə məhz Türkiyə çatdı”.
Tahir Rzayevin sözlərinə görə, bütün beynəlxalq toplantılarda, forumlarda Türkiyə və Azərbaycan prezidentləri eyni fikirlə, eyni mövqe ilə çıxış edirlər. Bu iki ölkəni birgə mənafelər birləşdirir. Azərbaycanla Türkiyənin qardaşlığı digər türkdilli dövlətlərə, millətlərə də örnək olmalıdır.
Fərizə
ƏHMƏDOVA
Azərbaycan.-2018.- 18 sentyabr.- S.5.