Azərbaycan Xalq Cümhuriyyətinin
xarici siyasətində parlamentin yeri
Azərbaycan Parlamenti-100
Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin, mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Parlamentin yaradılması AXC hökumətinin dövlət quruculuğu istiqamətində atdığı ən uğurlu addımlardan idi.
Azərbaycan parlamenti dekabrın 7-də H.Z.Tağıyevin Qızlar gimnaziyasının binasında öz işinə başladı. İclas Milli Şuranın və "Müsavat” fraksiyasının sədri M.Ə.Rəsulzadənin nitqi ilə açıldı.
Sonra parlamentin sədri və onun müavininin seçilməsi
təklif olundu. "Müsavat” fraksiyası adından
çıxış edən Ş.Rüstəmbəyli
Ə.Topçubaşovun sədrliyə, onun müavinliyinə
isə H.Ağayevin namizədliyini irəli sürdü. Ən gənc deputat Rəhim bəy Vəkilov
parlamentin katibi oldu. Bütün namizədlər
parlament tərəfindən təsdiq edildilər. Topçubaşov Bakıda olmadığından onun
vəzifəsi müvəqqəti olaraq H.Ağayevə həvalə
olundu. Parlamentin cari işlərini idarə
etməkdən ötrü sədr, onun müavini və fraksiya
nümayəndələrindən ibarət Məsləhət
Şurası seçildi.
Azərbaycan parlamenti və ərazi
bütövlüyü məsələsi
Parlamentin yaradılmasından sonra Azərbaycan dövlətinin
qarşısında həllini gözləyən ciddi problemlər
dururdu. Belə
ki, gənc parlament Azərbaycan Cümhuriyyətinin müstəqilliyi
və ərazi toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və dövlətlərlə,
xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək,
geniş sosial-iqtisadi islahatlar həyata keçirmək,
güclü ordu yaratmaq işində AXC hökuməti ilə
birgə çox ciddi işlər görməli idi.
Azərbaycanın cümhuriyyət parlamenti və
hökumətinin fəaliyyətinin çox mühüm və
daim diqqət mərkəzində olan məsələsi
yaxın qonşularla münasibətlər və sərhəd
məsələləri ilə bağlı olmuşdur. Parlamentin ilk
iclasındakı çıxışında M.Ə.Rəsulzadə
qonşu millətlərlə münasibətlərin
qurulmasını belə şərh edirdi: "Qafqaziya millətlərinin
istiqlal və bərabərlikdə müstəqil olaraq
yaşamaları bir xəyali-bənd deyildir. Qardaş
millətimiz olan Şimali Qafqaziya, bütün cüziyyata rəğmən
daima səmimi qalan gürcülər, bizə bir çox mədəni
xidmətləri toxunmuş rus cəmaatının
mühüm bir qismi ilə əl-ələ verərək biz
Zaqafqaziyanın müqəddəratını bu qitə üzərində
yaşayan millətlərin arzusu vəchilə təmin edə
bilərik”.
Daha sonra
parlamentdə çıxış edən Fətəli xan
Xoyski qeyd edirdi ki, "...öhdəmizə düşən vəzifələrdən
birisi də Qafqaziyada bəzən din və qan
qardaşlarımızın və bəzən də
qonşularımız tərəfindən təşkil
edilmiş olan hökumətlər ilə dostanə əlaqə
və münasibətimiz məsələsi idi. Hökumət
dostluq hüslu üçün var qüvvəsilə
çalışdı. Gürcüstan ilə
aramızda heç bir ixtilaf vaqe olmamışdır. İki qardaş arasında da mübahisə olar.
Lakin mübahisəli məsələlərin həpsi
dostanə bir tərzdə həll edilir. Şimali
Qafqaziya bizə daha yaxındır. Həmişə
sözümüz, yolumuz, işimiz bir olmuş, bir-birimizə
mütəqabil kömək etmişik”. Daha
sonra F.X.Xoyski hökumətin fəaliyyəti ilə
bağlı məlumat verərkən bildirirdi ki, "hökumət
çalışmışdır ki, öz nüfuzunu millətin
gözündə itirməsin. Biz xahiş
edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz,
tənqidə ixtiyarınız var və tənqid xeyirli
şeydir. Parlamentin əsas vəzifəsi
də yol göstərməkdir”.
Parlamentin
10 dekabr 1918-ci il tarixli ikinci iclasında
çıxış edən M.Ə.Rəsulzadə Qafqazda
mövcud olan dövlətlərlə münasibətlərin
qurulmasından bəhs edərkən qeyd edirdi ki, "müstəqil
bir cüzvünü təşkil eylədiyimiz Qafqaziya öylə
siyasi bir vəziyyət qarşısındadır ki,
buradakı cavan cümhuriyyətlər, Azərbaycan da daxil
olduğu halda, ancaq ittifaq və yalnız dostluq rəftar edə
bilər. Və belə rəftar edə biləcəkləri
gündən etibarən xilas olurlar. Buna
görə də xarici siyasətimizin "əlhəmdülla”sını
Qafqaziya ittifaqı təşkil etməlidir. Siyasətə və iqtisadiyyata, su ilə havaya
olduğu kimi, möhtac bulunduğumuz bu ittifaq xatirinə
aramızda bütün ixtilaflı məsələləri
sülh, müsalimət və qarşılıqlı güzəşt
və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyıq.
Qafqaziya millətlərinin hürriyyət və
istiqlalına gələcək zərbəyə hər kəsdən
ziyadə və həpimizdən əvvəl məruz qalacaq
şimali qafqaziyalı qardaşlarımızın müqəddəratı
hər zaman nəzərimizdən uzaq qalmasın”.
Sosialistlər ittifaqından deputat olan Əhməd
Cövdətin xarici siyasətə yönəlik
çıxışında "...Qonşularımız ilə
olan münasibətlərimizin heç də yaxşı
olmadığını, Avropa millət və dövlətləri
ilə lazım olan münasibətə girilmədiyini
görürüz. Şimali Qafqaz cümhuriyyəti ilə
sıxı münasibətin saxlanmasını arzu edəriz”
fikirlərini dilə gətirmişdi.
Qeyd etmək lazımdır ki, AXC parlamenti və hökumətinin
ciddi səylərinə baxmayaraq, bəzi hallarda qonşu
dövlətlərlə münasibətləri dinc yolla
nizamlamaq mümkün olmurdu. Məsələn, Azərbaycan Xarici
İşlər Nazirliyinin Müttəfiqlər
Komandanlığının qərargahına və
Gürcüstan, Ermənistan xarici işlər nazirlərinə
1918-ci il dekabrın 23-də göndərdiyi
851 nömrəli teleqramında Borçalıdakı sərhəd
mübahisələri ilə bağlı Gürcüstan və
Ermənistan respublikaları arasında gedən toqquşmalara
təəssüflənilir və qətiyyətlə onlara
xatırladılırdı: "Borçalı rayonu Azərbaycanın
ayrılmaz tərkib hissəsidir”.
Gərgin siyasi-hərbi vəziyyət
və ingilislərin ziddiyyətli mövqeyi
1918-ci il oktyabrın
30-da bağlanmış Mudros sazişindən sonra Osmanlı
qoşunlarının bölgəni tərk etməsi, Zəngəzur
və Qarabağ mahallarında yaranan gərgin siyasi-hərbi vəziyyət,
ingilislərin ziddiyyətli movqeyi, Azərbaycan
torpaqlarının itirilməsi təhlükəsi və s. məsələlər
respublika parlamentinin 1918-ci il dekabrın 20-də keçirilən
fövqəladə iclasında müzakirə olundu. Hökumətin gördüyü tədbirlərə
dair F.X.Xoyskinin çıxışı və müzakirələrdən
sonra torpaqların bütövlüyü və əhalinin
müdafiəsinə aid siyasi-hərbi və maliyyə-mənəvi
səciyyəli işlərin daha da qüvvətləndirilməsi
barədə qərar qəbul edildi.
Azərbaycanın ərazi bütövlüyü məsələsi
parlamentin daim diqqət mərkəzində olmuş və
bununla bağlı bir neçə dəfə müzakirə
də keçirilmişdi. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-i və 25-də olan
iclaslarında Naxçıvan bölgəsi və ümumiyyətlə,
keçmiş İrəvan quberniyasının azərbaycanlı
əhalisinin vəziyyəti ilə bağlı məsələlər
müzakirə edilmişdi. Parlamentin yanvar
ayının 25-də keçirilən iclasında xüsusi bəyanatla
çıxış edən M.Ə.Rəsulzadə Ermənistan
hökumətini Naxçıvan və digər qəzaların
azərbaycanlı əhaliyə düşmən münasibət
bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər
görməyə çağırdı. M.Ə.Rəsulzadə
çıxışında qeyd edirdi ki, Naxçıvan və
Şərur qəzalarında və İrəvan
quberniyasının sair yerlərində müsəlmanların
başında yenə təzədən top qumbaraları
partlayır, müsəlmanlar min türlü əzab və cəfalara
düçar olurlar... Əlbəttə,
hökumət bu xüsusda tədbirlər görməli, nahaq
tökülən qanların önünü almağa
çalışmalıdır. Tezliklə
keçmiş İrəvan quberniyası türk-müsəlman
əhalinin vəziyyətinin öyrənilməsi, ermənilərin
onlara qarşı törətdikləri vəhşiliklərin
qarşısının alınması, Azərbaycanın cənub-qərb
bölgələrinin ərazi toxunulmazlığının təmin
olunması istiqamətində müəyyən tədbirlər
görüldü. Azərbaycanın Ermənistanda
diplomatik nümayəndəliyinin də açılması bu
işlərdə çox mühüm rol oynadı.
1919-cu il yanvarın 29-da Məmmədxan Təkinski
İrəvana səfir təyin edildi.
Məlum olduğu kimi, həmin illərdə istər ermənilər,
istərsə də ruslar Lənkəranda və Qarabağda
ciddi problemlər yaradır, müstəqil dövlətimizin
möhkəmlənməsinə mane olurdular. Bu problem 1919-cu il aprel ayının 14-də Azərbaycan
parlamentinin 29-cu iclasında müzakirə edildi. Müzakirələrdə iştirak edən M.Ə.Rəsulzadə
Qarabağ məsələsinə toxunarkən qeyd edirdi ki,
oraya general-qubernator təyin olunmuşdur. O,
Qarabağın Azərbaycanın "hüquqi mülkiyyəti...”
olduğunu bildirmişdi. M.Ə.Rəsulzadə
çıxışında "Bizcə və hökumətcə,
Qarabağ məsələsi yoxdur. Necə
ki, Bakı məsələsi yoxdur. Buna
görə də Qarabağ ünvanı ilə olan hər
növ təklifi rədd ediriz” fikrini bildirmişdi.
AXC-nin mövcud olduğu dövrdə həm hökumətin,
həm də parlamentin apardığı uğurlu daxili və
xarici siyasət nəticəsində Azərbaycanın
Naxçıvan, Qarabağ və Zəngəzur qəzalarında
Ararat Respublikasının hərbi təcavüzünün
qarşısını almağa müəyyən qədər
nail olundu.
Şimali Qafqaz dağlıları öz müstəqilliklərini
elan etdikdən sonra onu Osmanlı dövləti ilə
yanaşı sevinclə qarşılayan ikinci dövlət Azərbaycan
Cümhuriyyəti idi. Şimali Qafqaz Dağlı Xalqları İttifaqı
Respublikası (qısaca - Dağlılar Respublikası) öz
istiqlalını 1918-ci il may ayının
11-də elan etmişdi. Onun müstəqilliyini
Azərbaycan, Gürcüstan və Osmanlı imperiyası
tanıdı. 1918-ci ilin noyabrında
Dağlılar Respublikası hökumətinin
başçısına göndərdiyi məktubda general
Tomson yazırdı ki, Paris Sülh Konfransının qərarına
qədər Dağlılar Respublikasının istiqlalına təminat
verilir. Lakin bir müddətdən sonra
Dağlılar Respublikasına qarşı şimaldan, yəni
Denikinin ordusu tərəfindən təhlükə
yaranmağa başladı. Belə bir vaxtda
cümhuriyyət parlamentində ciddi müzakirələr
başladı.
1919-cu il
mart ayının 6-da parlamentin iyirminci iclasında Fətəli
Xan Xoyski Dağıstanda yaranmış böhranlı vəziyyətlə
bağlı deputatlara geniş məlumat verdi:
"...Hamımıza yaxın dost və həmdəm olan
Dağıstan cümhuriyyəti üzərinə
Könüllü ordu qoşunu yürüş edib, yerlərini
istila və hökumətinə təklif edir ki,
özünü ləğv etsin, Dağıstan
qoşunlarını buraxsın, özləri də cəbrən
əhalidən əsgər yığmağa
başlayırlar. Biz bu sözləri eşidən
kimi onların səfirlərindən məlumat istədik”.
Azərbaycan hökuməti Dağıstan
hökumətinin səfirindən dəqiq məlumat əldə
etdikdən sonra öz etirazını bildirdi. "... Bizim hökumət və parlament və bütün
Azərbaycan camaatı bir fikirdədir ki,
dağıstanlılara belə zülm olan halda biz sakit otura
bilməriz. İndi hökumət
özünü borclu bildi bu xüsusda müttəfiqlər
nümayəndəsi general Tomsona Azərbaycan hökumətinin
nöqteyi-nəzərini bildirsin”. Azərbaycan
hökuməti şimaldakı hadisə ilə bağlı
Tomsona öz etiraz notasını da verir. "Biz
var qüvvəmizlə Şimali Qafqaziya hökumətinə
kömək etməliyiz, siz bilirsiniz ki, Könüllü
ordunun əsl siması indi açılır. Əvvəlcə onların hərəkəti bir
balaca Gürcüstanda oldu. Azərbaycan
dairəsindən biz onları çıxarmışıq;
Şimali Qafqaziyada olan Könüllü ordunun fikri yalnız
bolşeviklərlə mübarizə deyil. Onların mübarizəsi cəmi xırda millətlər
ilədir; və istəyirlər ki, xırda millətlərin
ixtiyarını yox edib tapdalasınlar. Bu
barədə bir millət o birinin ixtiyarının əlindən
alınmasına aşkardır ki, bitərəf baxa bilməz,
aşkardır ki, Dağıstan hökumətinə dəyən
zərbə bizə dəymiş kimidir. Mən
bizim hökumət və parlamentimizin Dağıstan hökumətinə
(352-353) kömək edəcəyini onların səfirinə xəbər
verdim. Azərbaycanın nə hökuməti,
nə də parlamenti qoymayacaqdır onların hüququ
tapdalansın, var qüvvəmizlə onlara kömək edəcəyiz”.
Əhməd
Cövdət (sosialist) öz çıxışında
şimaldan gələn qara qüvvənin əsl məqsədini
belə açıqlayırdı: "Möhtərəm məbuslar
(deputatlar)! Onlar nə qədər şimdiki
halda Gürcüstana və Şimali Qafqaziyaya hücum, hədə
gəlməkdə isələr də, əsl məqsədləri
Bakıdır. Bu qara qüvvə ilə
çarpışmaq yalnız Dağıstan, ya
Gürcüstanın vəzifəsi deyildir. Qafqaziyada yaşayan müstəqil millətlərin
hamısının vəzifəsidir. Çünki
bu gün Dağıstan hüduduna gələn yarın
Bakıya gələcək və Bakıya gələn
qüvvə yaxın zamanda Tiflisi də istila etmək istəyəcəkdir.
...Bu təhlükə Ümumqafqaziya təhlükəsi və
millətlərin haqq və hürriyyətini təhtit edən
bir təhlükədir ki, bunun qabağını bütün
Qafqaziya millətləri və camaatı bir vücud kimi ittihad
etməklə saxlamalıdırlar. Bu barədə
hökumətin verdiyi notaya bütün
varlığımız ilə tərəfdarız. Ancaq bunlara qarşı yalnız nota ilə
çıxmaq kifayət etməz. Bu qara
qüvvələr ilə mübarizə məsələsi, təkrar
edirəm, yalnız inquş, avarların öhtəsinə
buraxılmayaraq, böylə mühüm bir vəzifə
qarşısında qətiyyən Zaqafqaziya millətlərini
birləşərək əlbirliyi ilə və ciddiyyətlə
çarpışması lazımdır. Bu
məsələ üçün də biz öz tərəfimizdən
Azərbaycana və Gürcüstana təklif ediriz qəti və
şiddətli tədbirlər görməyə cəhd
göstərsinlər”.
İttihad
fraksiyasının adından Q.Qarabəyovun
çıxışından: "Üç ay bundan əvvəl
həmin bu mənbələrdən bütün firqələrin
dedikləri bu idi ki, Azərbaycan və bütün Qafqaziya
millətləri istiqlalını son qətrə
qanımıza qədər müdafiə edəcəyik. Dağıstan hökuməti də Qafqaziyada təşkil
etmiş müstəqil dövlətlərin biridir. Şimdi görünüz o adamlar ki özlərinə
Rusiyanın sahibi deyirlər, Dağıstanın bu hürriyyətini
dağıtmaq istəyirlər və Dağıstan bu yolda
yalnız qalmışdır. Bu
qardaşlıq hissi bizi vadar edir əlimizdə silah onların
köməyinə gedək. Onların
müharibəsi bizim müharibəmizdir. Biz
burada söz ilə deyil, feilən onların müharibəsinə
şərik olmalıyıq. Onlar
Qafqaziyanın müqəddimə elçisidirlər. Onların qələbəsi bizim qələbəmizdir”.
Parlamentin
deputatı, bitərəf Bəhram bəy Axundovun da
çıxışı maraq doğurur: "Qabaqkı natiqlərin
dediklərini eşitdiniz, ələlxüsus Əhməd bəy
Pepinovun. Mən də bunların dediklərinə
şərik olmaqla bərabər, Könüllü ordu
haqqında bir neçə söz demək istərdim. Denikinin ətrafına toplananlar kimlərdir? Lyaxov kimdir? Lyaxov haman
adamdır ki, neçə il bundan əvvəl İran
inqilabı əleyhinə qalxıb İran
demokratiyasını əzdi. Böyük alimlərdən
Müctəhidi (Məlikül Mütəkəllimini)
asdırdı. İndi Lyaxov kimi generallar
Denikinin ətrafına yığılmışlardır.
Həmin Lyaxov əvvəl fikrində tutub ki,
Bakıya gəlib bizim demokratiya və hürriyyət-pərvər
üləmalarımızı parçalasın. Ona görə mən bitərəflər namından
keçən natiqlərin dediklərini müdafiə edərək
təklif edirəm ki, bizə yaxın olan Dağıstan
hökumətinə axır qanımıza qədər kömək
edib canımızı da onlara fəda edək”.
Lakin
çox təəssüflər olsun ki, bütün bu
çağırışlar və köməkliklər
heç ciddi nəticə verməmiş, əvvəlcə
Denikinin ordusunun, sonra isə sovet ordusunun hərbi təcavüzü
nəticəsində Şimali Qafqaz Dağlı Xalqları
İttifaqı Respublikasının varlığına son
qoyulmuşdur.
AXC
hökuməti və parlamenti 1918-1920-ci illərdə öz
diplomatik fəaliyyətini genişləndirərək
Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ,
Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa,
İsveçrə, İsveç, Danimarka, Latviya, Litva,
Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan,
Dağlılar Respublikası, Krım və başqa ölkələrlə
səfirlik və nümayəndəliklər səviyyəsində
diplomatik münasibətlər yaratdı, ikitərəfli və
çoxtərəfli müqavilələr, sazişlər
imzaladı.
Paris Sülh Konfransı
Parlament
ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini
sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq
aləmdə tanıdılmasından ötrü də
mühüm siyasi addımlar atmışdı. Parlamentin birinci
iclasında (7 dekabr 1918) çıxış edən M.Ə.Rəsulzadə
yaxın günlərdə Parisdə başlayacaq sülh
konfransına işarə edərək deyirdi: "...Artıq
milləti öldürmək, millətin hüququnu pamal etmək
qətiyyən mümkün deyildir. Qaliblər də,
məğlublar da millətlərin hüququ təslim ediləmməz
deyirlər. Yaxında açılacaq
sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim
olacaq. Bu gün əhvala hakim olanlar
müttəfiqlərdir. İngiltərə,
Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlərin
təmini-hüququ və "Cəmiyyəti-əqvam”
şüarı yazılıbdır. Dövlətlərin
Bakıda bulunan nümayəndələri naminə general
Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi
konfransında həll olunacağını rəsmən elan
etmişdir. Biz azərbaycanlılar
bütün mövcudiyyətimiz ilə kəndi müqəddəratımızı,
kəndi istiqlalımızı müdafiə və mühafizədə
israr edər, səbat və mətanət göstərərsək,
heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti
payidar olar”.
Azərbaycan diplomatları Parisdə toplanmış qalib
dövlətlər tərəfindən tanınma və
kömək əldə etmək üçün aktiv fəaliyyətə
keçmişdi. Bununla əlaqədar olaraq AXC parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri
Ə.Topçubaşovun başçılığı ilə
Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin
göndərilməsi haqqında qərar qəbul etmişdi.
Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək
üçün aşağıdakı tərkibdə:
Ə.Topçubaşov - sədr, M.H.Hacınski - sədrin
müavini, nümayəndə heyətinin üzvləri -
Ə.A.Şeyxülislamov, Ə.Ağayev və müşavirlər
M.Məhərrəmov və C.Hacıbəylidən ibarət
nümayəndə heyətini təsdiq etdi. "Avropa
və Amerikanın sivil dövlətlərinin ictimai fikrini bu
ölkələrin işgüzar dairələrilə ticarət
əlaqələri yaradılmasına ən çox kömək
edən istiqamətə hazırlamaq” üçün
nümayəndə heyətinə əlavə səlahiyyətlər
verilmişdi. Bütün maneələrə
baxmayaraq, Azərbaycan nümayəndə heyətinin çox
çətin və üzücü fəaliyyətindən
sonra, nəhayət, Paris Sülh Konfransında AXC-nin de-fakto
tanınması barədə qərar qəbul olundu.
F.X.Xoyski: "...Ümumtürk aləmi
üçün böyük bayram”
Azərbaycan
Cümhuriyyətinin de-fakto tanınması parlamentin 14 yanvar
1920-ci il tarixli yüz on yeddinci iclasında
geniş müzakirə olunmuşdur. İlk
söz həmin dövrdə xarici işlər naziri Fətəli
xan Xoyskiyə verilir. O, çıxışında bu
mühüm hadisəni yüksək qiymətləndirir və
deyir ki, "istiqlalını elan etdikdən sonra bir millət
gərək cəmi aləmə göstərsin və isbat
etsin ki, dərhəqiqət kəndisinin istiqlaliyyətə
layiqi vardır. Bu surətdə onun istiqlalı
təsdiq edilə bilər. Habelə bu bir il
on ay müddətində Azərbaycan milləti öz həyatını,
dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə
məlum edib özünü eylə göstərdi ki, Avropa
onun həqqani verməyə və istiqlalını təsdiq
etməyə vadar oldu”. F.X.Xoyski bu hadisənin "...yalnız
bizim üçün deyil, islam milləti
və ümumi türk aləmi üçün böyük
bir bayram” olduğunu bildirir. Daha sonra o qeyd edir
ki, "böylə bir günü dərk etmək
üçün qeyri millətlər onillərlə
çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində
qazandıq. Böylə az müddətdə
istiqlaliyyətini alan bir millətin onu möhkəm
saxlayacağına əminəm”.
İclası aparan sədr "...bu yolda şəhid
düşənlərin ruhlarına ehtirama ayağa
qalxmağı” təklif edir.
Sonra sədr
daxil olan təbrik teleqramlarını elan edir: 1. Tiflisdən Məclisi-Müəssisan
rəisinin baş müavini Mitadze tərəfindən; 2. Bu
haqda Məclisi-Məbusan tərəfindən cavab teleqrafı;
3. Krım milli parlamenti əzası Şəfiqəxanım
Kaspirinski və qeyriləri; 4. Tiflisdən Müsəlman Milli
Şura sədri Nərimanov; 5. Türküstan Məclisi-Müəssisan
dəvəti komitə rəisi Çuqayev; 6. Azərbaycan
xanımları Eynulhəyat xanım Yusifbəyli və qeyriləri;
7. Bakı şurayi-bələdiyyə sədri Qasım
Qasımzadə; 8. Bakı Cəmiyyəti-Xeyriyyədən
Qasım Qasımov; 9. Qafqaz nemesləri ittifaqının rəisi
Yevgeni Terster; 10. Salyandan "Müsavat” firqəsi
rəisi Səmədov; 11. Lehistan nümayəndəsi
Ostrovski; 12. Azərbaycan dostu; 13. Qafqazda Norveç konsulu Qorski; 14. Gəncə bələdiyyə rəisi Ələsgər
bəy Xasməmmədov; 15. Lehistan
Cümhuriyyətinin siyasi nümayəndəsi Viktor Tolitski;
16. Erməni cümhuriyyətinin xariciyyə
naziri Gülxandarov; 17. Leh cəmiyyəti
"Anisko” tərəfindən Pikarski; 18. Ukrayna
siyasi nümayəndəsi katibi Tişkeviç tərəfindən.
Parlamentdə
M.Ə.Rəsulzadənin çıxışından:
"...Bu üçrəngli bayrağı burada əllərimizdə
titrədərək yüksəltdiyimiz zamanda bir ümid bəsləyərək
deyirdik ki, bir dəfə yüksələn bayraq bir daha enməz.
Bunu küçələrdə bu gün
elani-şadmani edən xalqla bərabər bütün
dünya göstərir ki, bir dəfə yüksələn Azərbaycan
bayrağı bir daha aşağı enməz”.
Parlamentin üzvü Aslan bəy Səfikürdski Azərbaycanın müstəqilliyinin tanınmasının səbəbini Azərbaycanın "müstəqil yaşaya” bilməsi ilə əlaqələndirir.
Parlamentdə təmsil olunan "...Vanseviç polyaklar tərəfindən, Qoxman yəhudilər tərəfindən və Baqradze gürcülər tərəfindən parlamenti bu gün münasibəti ilə təbrik edirlər”.
Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə hökumətin bu bayram münasibətilə "bir əfvi-ümumi layihəsini” hazırlamağa başladığını və "...yaxın günlərdə həmən layihənin vəkillərə təqdim ediləcəyini və layihəni qəbul” etmələrini xahiş edir.
Beləliklə, 1920-ci ilin yanvarında Paris Sulh Konfransında Azərbaycan Cümhuriyyətinin siyasi cəhətdən tanınması Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Böyük çətinliklər və məhrumiyyətlər hesabına qazanılmış qələbə ilə əlaqədar olaraq Ə.Topçubaşov Parisdən Azərbaycan hökumətinin başçısı N.Usubbəyova göndərdiyi məktubunda yazırdı: "Siyasət kimi elastik və dəyişkən heç bir şey yoxdur. Buna görə də onun qabarması və çəkilməsi həmişə gözlənilməzdir. Buna baxmayaraq, hər hansı real bir formada bizim də azad və müstəqil yaşamaq ümidlərimizi itirmirdik və hətta keçmiş Rusiyanın bütün xalqları üçün ən ağır günlərdə, bizə əməyimizin əbəs olduğu deyilən günlərdə belə ümidlərimizi itirmirdik. Biz ona görə belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla müstəqillik qazana biləcəyimizə inanırdıq. Bununla yanaşı, biz digər kiçik xalqların ibrətamiz mübarizələrini də unutmuruq. Öz azadlıqlarını əldə etmək üçün bu xalqlar yarım il, bir il yox, onillərlə və daha çox mübarizə aparmış, çoxlu insan və maddi itkilər hesabına arzularına çatmışlar. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
* * *
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi. Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə, parlamentin 155 iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (1918, 27 may - 19 noyabr), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrdə (1918, 7 dekabr - 1920, 27 aprel) olmuşdur. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.
Beləliklə, sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırıldı və onun ərazisi işğal olundu. Azadlığının və müstəqil dövlətinin müdafiəsinə qalxmış xalqın müqavimət hərəkatı qan içində boğuldu, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hakimiyyət strukturları məhv edildi. Şimali Azərbaycan yenidən Rusiyanın işğalı altına düşdü. Lakin müəyyən zaman keçdikdən sonra tarixi məqamın verdiyi imkandan istifadə edən Azərbaycan xalqı düz yetmiş bir il sonra öz müstəqilliyinə qovuşdu.
Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu və bununla da Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Vaqif ABIŞOV,
tarix üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan.-2018.- 18 sentyabr.- S.8.