Ən böyük
“günahları” vətəni sevmək idi...
Böyük bir yola çıxmışdılar. Məqsədləri, amalları bir idi. Millətin gələcəyini düşünmək, azad dövlət qurmaq onlar üçün vəzifələrin ən alisi, ən müqəddəsiydi. Yollarına daşlar yağdıranlar çox idi. Onlar isə ümidlə, qətiyyətlə sabaha üz tutmuşdular.
Çıxdıqları yolun rahat, enişsiz-yoxuşsuz olmadığını əzəldən bilirdilər. Və tarixin axarını o zaman dəyişdilər ki, doğma milləti əsarətdən, müstəmləkə boyunduruğundan xilas etdilər, ona müstəqil dövlətə sahib olmaq fürsəti verdilər, bayrağını ucaltdılar, məktəblər, səhiyyə ocaqları, mətbuat orqanları açmağa başladılar.
Onlar sayca çox deyildilər. Yəqin, buna görə hərəsi bir yox, bir neçə işin qulpundan yapışmışdı. Bacarıqları, savadları yetən, gücləri çatan bütün sahələrdə fəaliyyət göstərir, yorulmadan çalışırdılar. Xəlil İbrahimin də silahı söz, mübarizə meydanı mətbuat oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəsmi mətbuat orqanının - "Azərbaycan” qəzetinin rusdilli nəşrinin redaktorlarından biri vəzifəsi ona həvalə ediləndə 1919-cu il idi. O zaman Xəlil İbrahimin cəmi iyirmi yeddi yaşı vardı. Bu gənc yaşınadək həyatın çox sərt sınaqlarından keçmişdi...
Zamanın tufanlarına, burulğanlarına düşmüş Xəlil İbrahim ömrünə bələdçimiz qızı Solmaz İbrahimova oldu. 92 yaşlı Solmaz xanımın "yadımdadır...”, "xatırlayıram...” kəlmələri ilə başlayacağı çox söhbətləri var. Amma o, hələ ki bizə görmədiyi illərdən söz açır. Atasından - Xəlil İbrahimdən eşitdiklərini danışır.
...XIX əsrin son onilliyində Azərbaycanın gözəl Qarabağının göz bəbəyi sayılan Şuşada çoxu ailəsini sənətkarlıqla dolandırırdı. İbrahimin də sənəti pinəçilik idi. Həyat yoldaşı da, şuşalı qadınların əksəriyyəti kimi, yaxşı xalça toxuyurdu. Onların Göyçək adlı qızları, Abış adlı oğulları vardı. 1892-ci il martın 25-də dünyaya gələn oğullarının adını isə Xəlil qoydular. Daha sonra dördüncü övladları - Məhəmməd doğuldu.
Kasıbçılıq çəksələr də, həyatlarından narazı deyildilər. Kədərli günləri 1897-ci ildə İbrahimin cavan yaşında vəfat etməsi ilə başladı. Başçısını itirmiş ailə ehtiyacla üz-üzə qaldı. Evin yükü, uşaqların qayğısı ana ilə qızın çiyinlərinə düşdü. Onların toxuyub satdıqları xalçalardan gələn gəlir yeganə dolanışıq yerləri oldu. Bir neçə il sonra anaları da dünyasını dəyişdi. Dörd uşaq taleyin ümidinə qaldı.
Bu boyda dərdin, ehtiyacın balaca Xəlilə oxumaq arzusunu unutdurmağa gücü yetmədi. Uşaq yaşlarından taleyin zərbələrinə mərd-mərdanə sinə gərdi. Yəqin, arzuları uğrunda mübarizə aparmağı, niyyətindən dönməməyi də elə o zaman öyrəndi. Ən böyük müəllimi həyatın özü oldu. Ona baxıb müvazinətini düzəltdi, çətinliklə də olsa, gedəcəyi yolu seçdi, ilk addımlarını atmağa başladı...
Xəlil İbrahim ibtidai təhsilini Şuşadakı rus-tatar məktəbində aldı. 1907-ci ildə Bakıya gəldi. Həmin il daxil olduğu Bakı realnı məktəbində iki il oxudu. Sarıcalılı xeyriyyəçinin göstərdiyi maddi yardım kəsildiyindən təhsilini tamamlaya bilmədi. Üç şəhəri - Gəncə, Tiflis və Bakını dolaşıb özünə iş axtarır, tapa bilmirdi. 1911-ci ildə Sarıcalıda Qasım bəy Zakirin nəvələrinin ev müəllimi oldu. Ona qalmaq üçün ərzaq anbarında yer də verdilər. Səhərədək siçanlar anbarda ora-bura vurnuxurdular. Amma on doqquz yaşlı gənc xoşbəxt idi. Çünki yeməyə çörəyi, qalmağa yeri vardı və işləyə bilirdi. "Kənd həyatından lövhələr” adlı ilk oçerkini də orada qələmə aldı. Bu oçerk 1913-cü ildə "Səda” qəzetində dərc olundu.
1912-ci ildə "Nəşri-maarif” cəmiyyətinin Əmircandakı məktəbində müəllimlik etdi. İyirmi yaşında həm müəllim işləyir, həm də bədii yaradıcılıqla məşğul olur, qəzetlərə məqalələr yazırdı. Xalqın sosial vəziyyəti, qadın azadlığı, savadsızlıq, teatrın problemləri və digər onu düşündürən, narahat edən mövzulara tez-tez müraciət edirdi. Xəlil İbrahim xeyriyyə və mədəni-maarif cəmiyyətlərinin işində də yaxından iştirak edirdi. 1916-cı ildə "Möhtaclara kömək” adlı qəzet çıxarmağa başladı. Birinci Dünya müharibəsinin ağır günlərində nəşrə başlayan qəzetin cəmi bir neçə sayı işıq üzü gördü.
1914-1918-ci illərdə dünyanı cənginə alan müharibənin gətirdiyi bəlalardan bəhs edən "Dəhşətli yanğın qarşısında”, "Avropa müharibəsi nə qədər baha ilə bitəcəkdir”, "Alban inqilabı” və başqa publisistik məqalələri dərc olundu.
XX əsrin əvvəllərindən böyük çar imperiyasının ərazilərini bürüyən siyasi iğtişaşlar getdikcə güclənirdi. Çarizm sərt tədbirlərə əl atsa da, inqilabi hərəkatın qarşısını ala bilmirdi. Çar Rusiyasının müstəmləkəsi altında olan ölkələrin qabaqcıl ziyalıları yaranmış vəziyyətdən istifadə edir, dövlət müstəqillikləri uğrunda mübarizə aparırdılar. Bakıda baş verən ciddi ictimai-siyasi hadisələrə Xəlil İbrahim də qoşulmuşdu. O, "Müsavat” partiyasının üzvü idi.
1917-ci ildə Hüseyn Cavid, Seyid Hüseyn, Abdulla Şaiq, Xəlil İbrahim və başqaları Bakıda yaradılan "Mühərrirlər və ədiblər cəmiyyəti”nin üzvləri oldular. İkinci iclasda Xəlil İbrahim cəmiyyətin katibi seçildi.
Mübarizə
meydanına çevrilən "Azərbaycan”
Uğrunda canlarını fəda etməyə hər an hazır olduqları müstəqil dövləti - Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. 1918-1920-ci illərdə cümhuriyyət qurucuları ilə birlikdə böyük coşquyla bütün sahələrdə fəaliyyətə başladılar. Onlar dövlət orqanlarının da təşkilatlanma işini qurur, azad ölkənin ordusunu yaradır, Azərbaycanın dövlət müstəqilliyinin dünya ölkələri tərəfindən tanınması istiqamətində böyük işlər görürdülər. Məqsədyönlü işlərin sırasında azad ölkənin mətbuatını yaratmaq və inkişaf etdirmək də əsas məsələlərdən idi. Bu mühüm sahədə Xəlil İbrahim də xüsusi xidmətlər göstərdi. Mətbuat işində təcrübəliydi. Əvvəllər "Səda”, "Tuti”, "Açıq söz”, "İqbal”, "Bəsirət”, "Qurtuluş yolu” qəzet və jurnallarında müntəzəm çıxış etmiş, bəzilərinin qısa müddətdə redaktoru olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti illərində də Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn, Səməd Mənsur, Fərhad Ağazadə kimi fəal jurnalistlərlə çiyin-çiyinə çalışdı. 1919-cu ilin 4 iyulundan "Azərbaycan” qəzetinin rus dilində nəşrinin 216-cı sayından 265-ci sayınadək redaktoru oldu. Ziddiyyətli bir dövrdə yeni hökumətin rəsmi orqanında məsul vəzifə daşımaq asan deyildi. İş rejimləri gərgin olsa da, ruh yüksəkliyi ilə çalışırdılar. Çünki ən böyük arzularına çatmış, müstəqil ölkənin vətəndaşları olmuşdular. Xəlil İbrahim qəzetdə həm də ictimai-siyasi hadisələrə, parlamentə dair maraqlı yazılarla çıxış edirdi. O, həmin il yaradılmış Jurnalistlər və Ədiblər İttifaqının sədr müavini də oldu.
Gənc dövlətin varlığına qəzəblənən, Azərbaycanın müstəqilliyinə son qoymağa çalışan qüvvələr geri çəkilmək niyyətində deyildilər. Belə bir vaxtda "Azərbaycan” da mübarizə meydanına çevrildi.
Gedənləri qəriblik
və ehtiyac, qalanları sovet hökumətinin zindanları
gözləyirdi...
1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanın müstəqilliyinə son qoydular. Aprel işğalı milli qeyrətli, təəssübkeş yurddaşlarımızın məşəqqətli günlərinin başlandığı tarixdir. İşgəncələr, haqsızlıqlar çoxlarını xarici ölkələrə getməyə, mühacirətdə yaşamağa məcbur etdi. Xəlil İbrahim vətəndə qalanlardan oldu. Gedənləri qəriblik və ehtiyac, qalanları sovet hökumətinin zindanları gözləyirdi...
Sovet hakimiyyətinin qələbəsindən sonra "Azərbaycan” qəzeti də, Jurnalistlər və Ədiblər İttifaqı da fəaliyyətini dayandırmalı oldu. Ədəbiyyat, mədəniyyət xadimi, ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas, tərcüməçi Xəlil İbrahim bundan sonra da bədii-publisistik fəaliyyətini davam etdirdi. Yazıları "Kommunist”, "Ədəbiyyat”, "Kəndçi” qəzetlərində, "Maarif-mədəniyyət” jurnalında dərc olundu. O, ictimai-siyasi məsələlərə, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.
Teatrın vəziyyəti, yeni tamaşalar, aktyorların oyunlarından bəhs edən yazıları Xəlil İbrahimi obyektiv teatr tənqidçisi kimi tanıdırdı. Onun 1921-ci ildə səhnəyə qoyulan "Şeyx Sənan” haqqında yazdığı məqalə tamaşanı sovet quruluşunun tələbləri baxımından təhlil və tənqid edənlərə tutarlı cavab verdi. Xəlil İbrahim yazırdı: "Şeyx Sənan” Cavidin qüvvəli, ən gözəl əsəridir. Həm şəriət cəhətdən bu əsərdə Cavid müvəffəq olmuşdur, həm də seçmiş olduğu mövzunun ən mühüm hissəsini təşkil edən bir məsələdə qətiyyət, səbat və məntiq vardır, o da din məsələsidir... Əsərdəki oyuna gəlincə, aktyorlar da öz rollarını qənaətverici dərəcədə oynadılar. Xüsusən baş rolları: Xumarı Mərziyə xanım, Şeyx Sənanı A.M.Şərifzadə, Platonu Atamalıbəyov və Papası Cabbarzadə Qacar çox yaxşı oynadılar”.
Xəlil İbrahimin məqalələrində rəğbətlə adları çəkdiyi aktyorların da çoxu sonralar sovet hökumətinin repressiya siyasətinin qurbanı oldular.
1922-ci ildə Cəfər Cabbarlının "Aydın” tamaşası barəsində tənqidçi yazırdı: "O, bir dünya yaratmaq istəyir ki, nə zülm olsun, nə zalim, nə hökm olsun, nə hakim, millətlər azad, fərdlər azad, zəhmət azad olsun. Hər kəs ancaq öz zəhmətinin və başqalarına zərər yetirməmək, hər tələblə öz arzusunun qulu olsun; istila olmasın. Bunun üçün də bir çarə var: üsyan! Kimə qarşı? Zülmə, istilaya... Azərbaycanı istila edən ruslara, Afrikada hakimiyyət sürən ingilislərə...”
Bolşeviklər qanla, qırğınlarla ələ keçirdikləri hakimiyyəti qorumaq üçün ilk gündən vətənini sevən, onun müstəqilliyi yolunda mübarizə aparmış ziyalıları hədəfə aldı. AXC-nin və "Müsavat” partiyasının qabaqcıl xadimlərindən olduğu üçün 1923-cü ilin yayında Azərbaycan Fövqəladə Komissarlığının və XI ordunun xüsusi şöbəsinin əsgərləri tərəfindən həyata keçirilən kütləvi həbslər zamanı tutulanlar sırasında Xəlil İbrahim də var idi. Ancaq bu dəfə o, sovet hakimiyyətinin qanlı caynaqlarından xilas ola bildi.
"Kommunist” qəzetində 1928-ci ildə dərc etdirdiyi "Teatr məsələləri” adlı məqaləsində teatrın tərbiyəvi və ictimai əhəmiyyətini belə ifadə edirdi: "Teatra gedənin özünəməxsus zövqü, tələbi və ehtiyacı var. Teatr kütlə üçündür. O, kütlənin ehtiyacını ödəməli, zövqünü oxşamalıdır. Lakin unutmamalı ki, teatr hər tamaşaçının hər tələbinə tabe olmaz. Belə ki, biz teatra tamaşaçını tərbiyə edən, ona müəyyən ruh verən müəssisə kimi baxırıq və böylə olduğu üçün də teatrın sabit bir xətti olmalıdır”.
1935-ci ildə "Ədəbiyyat qəzeti”ndə "Tərcümə keyfiyyəti haqqında” adlı məqaləsində də tərcümənin xalqların mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirirdi.
Elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılanda Xəlil İbrahim respublikanın baş elmi müəssisəsi sayılan bu cəmiyyətin üzvlərindən biri oldu. O il Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılan elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiyanın əvvəl üzvü, sonra məsul katibi seçildi və həm də komissiyanın "Dilimizin islahı” adlı mətbuat orqanının redaktoru oldu. Xəlil İbrahim görkəmli elm xadimləri Hənəfi Zeynallı, Hümbət Əlizadə, Əmin Abid, Yusif Vəzir Çəmənzəminli, Vəli Xuluflu, Salman Mümtaz, Balabəy Həsənbəyov, Bəkir Çobanzadə, Mövsüm Qədirli, Əziz Qubaydulin və başqaları ilə dil və əlifba problemlərinin həllində birgə layihələrdə iştirak etdi.
1930-cu ildən "Azərnəşr”də bədii ədəbiyyat üzrə redaktor işləyən Xəlil İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin - Şekspir, Şiller, A.Tolstoy və başqalarının əsərlərinin ana dilimizə tərcüməsində xeyli iş gördü.
Xəlil İbrahim Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda türk ədəbi lüğətinin hazırlanmasında da fəal iştirak etdi.
Azərbaycan dilində birinci dəfə V.İ.Leninin əsərlərindən ibarət 6 cildlik hazırlananda Ruhulla Axundovun rəhbərliyi altında o zaman "Kommunist” qəzetində işləyən Xəlil İbrahim də daxil olmaqla altı nəfərdən ibarət heyət yaradıldı.
Gecə
döyülən qapılar...
Xəlil İbrahim yaxın dostlarından biri ilə - şair Əhməd Cavadla İçərişəhərdə həyət qonşusuydu. İndi o evdə keçən illəri Solmaz xanımın ən kövrək xatirələridir: "Uşaq vaxtı ən çox gördüklərimiz Hüseyn Cavidlə Əhməd Cavad idi. Hüseyn Cavidin qızı Turan xanımla qardaşım bir sinifdə oxuyurdu. Əhməd Cavadgillə İçərişəhərdə qonşu idik. Cavad əmini, Şükriyyə xalanı, oğlanları Niyazini, Tuqayı yaxşı xatırlayıram”.
1937-ci ildə repressiya bəlası qara bulud kimi dünyalarını qaraltdı. Sabahlarından nagüman yaşayırdılar. Hər gün Əhməd Cavad işdən gələndə evlərinin küçəyə baxan pəncərəsinin qabağında dayanır, şüşəni döyürdü. Xəlil İbrahim pəncərəyə yaxınlaşanda ucadan salam verir, sonra astadan: "Xəlil əfəndi, bu gün də filankəsi apardılar” deyib gedirdi.
1937-ci il iyunun 3-dən 4-nə keçən gecə Əhməd Cavadı həbs etdilər. Ondan sonra bir gecə Şükriyyə xanımla oğlu Aydını apardılar.
...Əhməd Cavadın həbsindən beş
ay ötürdü. Noyabrın 6-sı idi. On bir il idi ki, həmin
gün Xəlil İbrahimin evində xüsusi gün kimi qeyd
edilirdi. 1937-ci ilin 6 noyabrında isə evlərindəki əhvali-ruhiyyə
Solmaz xanımı xeyli təəccübləndirdi.
Gündüz yoldaşları gəldi. Axşam isə qonaq
olmadı. İlk dəfəydi ki, onun ad günü belə
soyuq, səssiz-səmirsiz keçirdi. Xəlil İbrahim
qonaqsevən idi. Ona görə evləri gediş-gəlişli
olardı. Son aylar hamının ayağı onlardan çəkilmişdi.
Evləri suyu sovrulmuş dəyirmana bənzəyirdi. Artıq uşaqlar da hiss
edirdilər ki, nə isə baş verir. Amma nə
olduğunu bilmirdilər. Ataları işsiz
qalmışdı, həbs olunmaq qorxusu vardı... Bunları anlayacaq yaşda deyildilər.
Sonralar başa düşdülər ki,
dostlarının, məsləkdaşlarının, əqidə
yoldaşlarının həbsindən sonra Xəlil İbrahim,
əslində, təklənibmiş. Yaxın
dostlarının ardınca gec-tez ona da növbənin
çatacağını duyanlar Xəlil İbrahimdən kənar
gəzirmişlər.
O illərin
ən böyük qorxusu gecənin bir aləmi qapıların
döyülməsiydi. Çünki, adətən,
"NKVD”-nin əməkdaşları gecə yarıdan
keçmiş gəlirdilər. Noyabrın
11-dən 12-nə keçən gecə növbə onlara
çatdı. Gələnlər
üç nəfər idilər, biri erməni, biri rus, biri isə
azərbaycanlı.
Xəlil İbrahimin evində çoxlu nadir kitab, əlyazmalar,
hərəsi bir tarix olan şəkillər, sənədlər
var idi. Bunlar bir nəfərin, bir ailənin deyil,
bütövlükdə millətin mənəvi xəzinəsiydi.
Xəlil İbrahimi həbs etməyə gələnlər
onları dağıdıb talan etdilər, lazım bildiklərini
daşıyıb maşına yüklədilər.
Ayrılıq anları gəldi. Xəlil İbrahim qapının
ağzında dayanan, bənizi avazımış oğluna diqqətlə
baxa-baxa dilləndi: "Oğlum, mən sizin qarşınızda
təmizəm, heç bir günahım yoxdur. Qorxma,
çox çəkməz, aydınlaşdırarlar. Ürəyinizi sıxmayın, mən uzağı
bir aya, ay yarıma gələrəm”.
Həyat yoldaşı Gülüstan xanım
qızı ilə birlikdə "NKVD”-nin zirzəmisində
saxlanılan Xəlil İbrahimə hər həftə
"peredaça” aparırdı. Gülüstan
xanım Elxanı getməyə qoymurdu, onu qoruyurdu. Qorxurdu bir gün yenə gecəyarı
qapıları döyülər, bu dəfə on altı
yaşlı oğlunun ardınca gələrlər.
1938-ci il martın 18-də ana-qız yenə Xəlil
İbrahimə bağlama apardılar. Çox
keçmədi ki, göndərdiklərini geri qaytardılar.
Üstündə bir parça kağızda
yazılmışdı: "Gülüstan, sağ ol,
özündən və uşaqlardan muğayat ol. Xəlil”. "Xətt və imza Xəlilindi, -
Gülüstan xanım qızına Xəlil İbrahimin
imzasını göstərərək izah etdi: - Bax
görürsən, latın qrafikasıyla
Xəlil yazılıb, sonuncu hərf - l hərfi üstən
aşağı sanki burulub, əslində, bu da əski ərəb
əlifbasıyla Xəlil oxunur. Xəlil, adətən,
belə qol çəkir”. Bunu bir Xəlil
İbrahim, bir də Gülüstan xanım bilirdi.
Gülüstan xanım bilmirdi gedənin dərdinə
yansın, yoxsa özünün, uşaqlarının günlərinə
ağlasın.
Gecələr hər səsə, hənirtiyə
diksinirdilər. Onlara elə gəlirdi ki,
"NKVD”-nin qara maşını yenə qapılarında
dayanacaq. Bu dəfə onların ardınca
gələcəklər.
Xəlil İbrahim ağlı kəsəndən ata
qayğısı görməmişdi. Övladlarını
da sovet hakimiyyəti atasız yaşamağa məhkum etdi.
O gedəndə kiçik qızı 3 yaşındaydı.
Solmaz xanım deyir: "Güllər atamı dumanlı şəkildə
xatırlayırdı. Bacımın yadında
daha çox bir xatirə qalmışdı ki, anamla Elxanı
apardılar. Amma bu, sonralar oldu. Əslində, atamın həbsindən sonra bizə
toxunmadılar. Hamı buna təəccüblənirdi, elə
özümüz də! Məhəllənin
Nağı adlı süpürgəçisi vardı.
Gözləri bir balaca zədəli olduğundan adına Kor Nağı deyirdilər.
Şübhəli adam idi. Anamın
həbs olunmaması, bizim uşaq evlərinə verilməməyimiz
nədənsə onu bərk narahat edirdi. İçindəki
paxırı gizlətməyə heç cəhd də eləmirdi.
Anamdan soruşurdu ki, necə olub səni
tutmayıblar? Atamdan bir-iki il sonra istəyinə
çatdı, anamı tutdurdu, adını da qoydular alver eləyib.
Göstərilən səbəb tamamilə mənasız,
əsassız idi. Anam iki ay həbsdə
qaldı. Bakının ovaxtkı hərbi
prokuroru Davud atamın dostlarından idi. Sanballı,
sözükeçən adamdı. Arvadı
Məsmə xanım da anamın rəfiqəsiydi. Elxanla Davud əminin yanına gedib anamın həbs
olunduğunu xəbər verdik. O buraxdırdı. Yoxsa anam həbsdə qalacaqdı”.
Atası həbs olunandan aylar sonra Solmaz İbrahimova Sovet
İttifaqında birinci şəxsdən - Stalindən
tutmuş aşağılara qədər bütün səlahiyyətli
şəxslərə məktublar göndərməyə
başladı.
Ümidlə atasını axtarırdı.
Böyük Vətən müharibəsi başlayanda Solmaz
İbrahimovanı prokurorluğa çağırıb xəbərdarlıq
etdilər: "Müharibə gedir, xalq düşmənlərinin
işi ilə məşğul olmaq vaxtı deyil. Nə qədər
sizə dəyib-toxunmuruq...” Məsələ
aydın idi. O gündən Solmaz xanım məktub
yazmağı dayandırdı.
Onları ölümə göndərirdilər,
çünki "xalq düşmənləri”nin
uşaqları idilər...
1941-ci ildə, Böyük Vətən müharibəsi
başlayan kimi Elxanı əsgər apardılar. "Xalq
düşmənləri”nin oğullarını cəbhəyə
deyil, cərimə batalyonlarına təyin edirdilər. Onları ölümə göndərirdilər,
çünki "xalq düşmənləri”nin
uşaqları idilər. Elxan da "cəzasını”
Mozdokda çəkirdi.
Müharibənin ilk günlərində Gülüstan
xanımı da tibb işçisi kimi səfərbərliyə
aldılar.
Solmaz xanım danışır: "Gülləri də əlimdən
alıb uşaq evinə verdilər ki, mən saxlaya bilmərəm.
Anam çox bacarıqlı qadın idi. Gülləri ordan çıxartdı. Elxan cərimə batalyonundan ölümcül
qayıtdı. Onu da sağaltdı. Elxan müharibədən əvvəl universitetə
daxil olmuşdu. Qayıdandan sonra oxuduğu
kursa - ikinci kursa götürdülər. Orada
Elxana göz verib, işıq vermirdilər. Onu hədələyirdilər ki, "xalq
düşməni”nin oğlusan, atanın yolu ilə gedirsən,
filologiya fakültəsinə daxil olmusan ki, onun işlərini
davam etdirəsən”.
Elxanın yaxın dostlarından biri həbs olunandan sonra Gülüstan xanım əmin oldu ki, növbə oğlunundur. Ovaxtkı Azərbaycan SSR-in maarif naziri Mirzə İbrahimova zəng vurdu. O, Xəlil İbrahimi yaxşı tanıyırdı. Gülüstan xanıma dedi ki, mən yalnız təhsilləri ilə bağlı uşaqları Bakıdan çıxara bilərəm. O il birinci dəfə Bakıdan Moskvaya oxumağa tələbə göndərirdilər. Elxan xilas edilməliydi. Ancaq Mirzə müəllim Solmaz İbrahimovanın da adını o siyahıya saldı. Moskvaya 1944-cü ilin avqustunda getdilər. Elxan Bakı Dövlət Universitetinin ikinci kursundan getdiyi üçün onu Moskva Dövlət Universitetinin ikinci kursuna qəbul etdilər. Solmaz xanım isə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunun 1-ci kursuna daxil oldu. 1948-ci ildə hər ikisi təhsilini bitirib Bakıya qayıtdı. Elxana heç yerdə iş vermədilər. Solmaz xanımı isə Bakıda açılmış Xarici Dillər İnstitutuna (indi Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimi kimi işə qəbul etdilər. Dörd ay sonra - 1949-cu il fevralın 2-də onu guya təyinat üzrə işləmədiyi üçün işdən azad etdilər.
Xalqını sevənlər
"xalq düşməni” adıyla ittiham olundular
İşsiz qaldıqları günlərdə yenidən atasını axtarmağa başladı. Elə bir səlahiyyətli şəxs, orqan yox idi ki, müraciət etməsin. Hətta Moskvaya, K.E.Voroşilovun qəbuluna getdi. Sanki Xəlil İbrahim adında adam heç olmamışdı. Solmaz xanım yada salır: "Moskvadan verilən axırıncı cavab bu oldu ki, belə bir adam yoxdur. 1956-cı ildə Mir Cəfər Bağırovun məhkəməsi olanda teleqram vurdum ki, məni qəbul eləyin, atamı axtarıram. Bağırovun məhkəməsini SSRİ-nin baş prokuroru Rudenko aparırdı. Məni Bazinov soyadlı prokuror qəbul etdi. Bazinov mənə dedi ki, sabah gəlin, mən aydınlaşdıraram. Səhəri gün yenidən onunla görüşdüm. Bildirdi: "Görürəm güclü adamsız... Sizin atanız güllələnib”. "Biz isə elə bilirdik o sağdır, Sibirdədir. Anama hərdən deyirdim, Allahın altında biləydim, kimin aqibəti daha ağırdır, - orada atamın, ya burada bizim...”
Xəlil İbrahim "Müsavat” partiyasının üzvü olmuşdu, Azərbaycanın müstəqilliyi uğrunda fəal mübariz idi. Repressiya illərində ittiham üçün başqa nə lazım idi ki?! Möcüzə o zaman ola bilərdi ki, Xəlil İbrahimi həbs etməyəydilər. Belə bir möcüzə baş vermədi. Xəlil İbrahim o dəhşətli günlərdə tutuldu, "NKVD” zirzəmisində dəfələrlə məşhər ayağına çəkildi. Ağır işgəncələrlə "gərəkli ifadə” alındı. 1938-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı "üçlüy”ünün 11 mart tarixli qərarıyla "xalq düşməni” elan olundu, martın 23-də güllələndi. İki gün sonra Xəlil İbrahimin 46 yaşı tamam olacaqdı...
Xəlil İbrahimin "cinayət işi”nə 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən yenidən baxıldı. Xəlil İbrahimin işində cinayət tərkibi olmadığı üçün ona bəraət verildi.
Bundan sonra, 1957-ci ildə Xəlil İbrahimin ailəsinə Nizami küçəsi, 45 ünvanında iki otaq verdilər. Bu da həyatlarının daha bir nisgili: "Bəraət çox gec gəldi. Anam 50 yaşında qoca qarıya dönmüşdü. Sağlamlığını itirmişdi. Sağ yeri yox idi. Ağır diabet idi. Sonra gözləri tamamilə tutuldu. Onda hamımız ali təhsil almışdıq, anamın yanında idik. O, 1966-cı il yanvarın 15-də vəfat etdi”.
Sovet hakimiyyəti, əslində, repressiya qurbanlarının ailə üzvlərini də sağ buraxmırdı. 1937-ci ildən sonra çəkdikləri qorxu hisləri - hər an həbs olunacaqları, güllələnəcəkləri, sürgünə göndəriləcəkləri təhlükəsi ömürlərini gilə-gilə əridirdi. Gülüstan xanımın da gəncliyini, gözəlliyini, sağlamlığını məhv etdilər. Övladları gözləri qarşısında zülm, zillət çəkdilər. Xəlil İbrahimin uşaqları olduqlarına görə Elxan da, Solmaz da, Güllər də dönə-dönə haqsızlıqlara uğradılar, işlərinə maneçilik törətdilər. Repressiya qurbanlarının uşaqlarının çoxunun həyatı həmişəlik tar-mar oldu. Solmaz xanım danışır: "Elxan evlənəndə 35 yaşı vardı. Mən isə ailə qurmadım. Kim bizimlə evlənərdi?! Bacıma gəlincə, o, institutu bitirəndə biz artıq bəraət almışdıq. İctimai statusumuz başqa idi”.
Xəlil İbrahimin övladları mübarizələrdən keçə-keçə atalarının adına layiq ömür sürdülər. Elxan atasının yolunu davam etdirdi. Uzun illər müxtəlif redaksiyalarda çalışdı, jurnalist, baş redaktor, tərcüməçi işlədi. SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü oldu. 1981-ci ilin yanvarında vəfat etdi.
Solmaz xanım Moskvaya köçdü. Moskva Dövlət Pedaqoji Universitetinin İngilis dili fakültəsinin dosenti oldu. Təqaüddədir. Hər yay Moskvadan Bakıya istirahətə gəlir. Güllər xanım isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti kimi təqaüdə çıxdı.
Xəlil İbrahimləri qurban seçdilər, həbsxanalara atdılar, sürgünlərə yolladılar, güllələdilər. Çünki "günahkar” idilər. "Günahları” doğma millətini sevmək, onun yolunda səməndər quşu kimi yanmaq, haqq səsini ucaltmaq idi.
Onların çoxunu belə suçlayırdılar: "Sovet hökumətinə qarşı gizli fəaliyyət göstərir”. Əslində, bu, bəhanə deyildi, sovet hökumətinin qorxusu, xofu idi. Xalqını sevənlər "xalq düşməni” adıyla ittiham olundular. Canlarını fəda etdikləri vətənlərində bir məzarlıq yer də qıymadılar onlara...
Solmaz xanım gözlərini boşluğa zilləyir, öz-özü ilə danışırmış kimi pıçıldayır: "Nargin adasında dəniz atamın da son mənzili oldumu? Elə deyirlər. Amma kim bilir...”
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2018.- 18 sentyabr.- S.9.