Üzeyir Hacıbəyli
zirvəsi
Bu gün mədəniyyət tariximizin ən əlamətdar günlərindən biridir. Uzun illərdir ki, Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.
Üzeyir Hacıbəyli 1885-ci ilin bu günü Şuşada dünyaya göz açmışdı. O, altmış üç illik ömrünü xalqına, vətəninə həsr etmişdi. Adı tariximizə ictimai xadim, istiqlal mücahidi olaraq yazılmışdı. Bütün həyatını xalqının tərəqqisi yolunda fəda edən böyük ziyalının çoxşaxəli yaradıcılıq yolu da heyrətamizdir. Pedaqoq, publisist, redaktor, bəstəkar, musiqişünas... Üzeyir Hacıbəyli hər bir sahədə eyni dərəcədə istedad və bacarıq nümayiş etdirmişdi. O, Azərbaycan tarixində neçə-neçə ilkə imza atmışdı. Dahi bəstəkar 1908-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdu. Üzeyir Hacıbəyli yaradıcılığında hər zaman milliliyi qoruyub saxlamışdı. Öz ölməz əsərlərində dərindən bələd olduğu Azərbaycan milli musiqisindən, muğamlarımızdan bəhrələnmişdi. "Leyli və Məcnun”, "Əsli və Kərəm”, "Koroğlu” və digər operaları müəllifinin parlaq istedadı ilə bərabər, Azərbaycan musiqi mədəniyyətinin zənginliyinin, bənzərsizliyinin nümunəsinə çevrildi. Üzeyir bəy Hacıbəyli həm də çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərlərinin müəllifi kimi şöhrət qazandı. Bəstəkarın o dövr Azərbaycanın məişətinin, xalq adət və ənənələrinin əksini tapdığı "O olmasın, bu olsun”, "Arşın mal alan”, "Ər və arvad” musiqili komediyaları bu gün də teatrlarımızın repertuarlarından düşmür. Üzeyir Hacıbəyli həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Azərbaycan Respublikasının Dövlət himninin musiqisinin müəllifidir. "Professional Şərq musiqisinin atası” adlandırılan, 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edilən şöhrətli bəstəkarımızın əsərlərinə bütün dünyada maraq və sevgi var.
Üzeyir Hacıbəyli təkcə Azərbaycan musiqisini deyil, rus və dünya klassik musiqisini də dərindən bilirdi. O, mənalı ömrünün qırx beş ilə qədərini xalqının mədəniyyətinin, musiqisinin inkişafı, dünyada tanıdılması, təbliğ olunması naminə gərgin çalışdı və böyük işlər gördü.
Onun musiqimizin yüksəlişi yolunda xidmətləri saysız-hesabsızdır. O, böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi də dünya şöhrəti qazandı. Üzeyir bəy respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisinin tədqiqinə, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq oldu.
Üzeyir bəy kimi dahisi olan xalq xoşbəxtdir. 18 sentyabr həm də bu duyğunun bayramıdır. Üzeyir Hacıbəylinin doğum gününü xalqımız uzun illərdir əlamətdar gün kimi qeyd edir. Bu günün musiqi günü kimi qeyd olunması ənənəsini görkəmli bəstəkarımız və dirijorumuz maestro Niyazi qoydu. Bu ənənə uzun illər davam etdi. 1995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı fərman imzaladı. Həmin ildən milli musiqimizin, mədəniyyətimizin inkişafında misilsiz xidmətlərinə görə borclu olduğumuz Üzeyir Hacıbəylinin doğum günü respublikamızda Milli Musiqi Günü kimi bayram edilir.
Bu ilin 18 sentyabrında da Azərbaycanın zəngin və təkrarsız milli musiqisinə yenidən Üzeyir Hacıbəyli zirvəsindən baxılacaq. Hər il olduğu kimi, bu il də sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Builki festival çərçivəsində Türkiyə, Rusiya, ABŞ, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər - T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Tədbirdə xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək.
Festival çərçivəsində görkəmli müğənni, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş "Azərbaycan opera səhnəmizin Nigarı” adlı tədbir də təşkil olunacaq.
Sentyabrın 22-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Həmçinin festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilərin təşkili də nəzərdə tutulur.
Sentyabrın 23-də saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” marionet tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru və rəssamı əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Sentyabrın 26-sı saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivala yekun vurulacaq. Yekun konsertdə əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2018.- 18 sentyabr.- S.11.