Sən demə,
analar iki dəfə kövrəlirmiş
Ana ürəyi bənzərsizdir, müqəddəsdir!
Həm də zərifdir, çırpıntılıdır.
Övladlarla bağlı məqamda isə bu zəriflik bir anda kövrəkliyə çevrilə bilir.
Qadının, övladın yaşından, ananın cəmiyyətdəki mövqeyindən, statusundan və digər amillərdən asılı olmayaraq...
Və bəzən həyatın elə
anı gəlib çatır ki, ananın ürəyi "bir
damcı” olur...
Və bir də sən demə, bütün analar iki halda istisnasız olaraq kövrəlirlərmiş.
Ürəyin "bir
damcı” olan vaxtı!
Bir qız övladı gəlinlik
paltarında, "Vağzalı” təranələri
altında ata ocağını tərk edəndə...
Bir də oğlu hərbi paltarı
geyinib Vətənin əsgər balasına çevriləndə!
Hətta göz yaşlarını
zahirdə gizlətsələr də, ürəklərinə
axır, hey axır...
Zərif, müqəddəs və
övlad sevgisindən incəlmiş ürəklərinə...
Bilinmir bu yaşlar sevincdən,
nigarançılıqdan, yoxsa ən ülvi arzularına
çatdıqlarındandırmı, yoxsa başqa səbəbdən!
Əbəs deməyiblər
ki, qadın ürəyi həmişə sirli olur.
AZƏRBAYCAN GÜC
GÖSTƏRMİR, GÜCÜNÜ GÖSTƏRİR
Ötən həftə bir
sıra hadisələrlə əlamətdar oldu.
Sentyabrın 15-də "Azərbaycan”
qəzetinin 100 yaşı qeyd edildi!
O qəzetin ki, ilk nömrəsini Gəncədə
buraxmaq məcburiyyətində qalaraq Bakının
bolşevik-daşnak işğalından azad edilməsinə həsr
etmişdilər.
Elə sentyabrın 15-də
Azadlıq meydanında keçirilən ikinci möhtəşəm
hərbi paradın da şahidi olduq!
* Bu parad təkcə nümayiş
etdirilən hərbi texnikanın yeniliyi,
dağıdıcı gücü və mükəmməlliyi
ilə fərqlənmirdi.
* Bu parad həm də yüz il bundan əvvəldə olduğu kimi, Azərbaycan-Türkiyə
qardaşlığının, çətin gündə daim
bir-birinin yanında olduğunun nümayişi idi!
* Bu parad əslində dostluğun,
qardaşlığın və əməkdaşlığın
paradı idi!
Artıq Azərbaycanın
Paşinyansayağı bəyanatlar verməsinə, müharibə
elan etməsinə, əzələ nümayişinə ehtiyac
yoxdur!
Azərbaycan öz gücünü
2016-cı ilin aprelində - Lələtəpə yüksəkliyinin
alınmasında, 2018-ci ildə isə Naxçıvanda
Günnüt kəndinin və digər mühüm strateji
yüksəkliklərin geri qaytarılmasında göstərdi!
Üst-üstə 13 min hektardan
çox Azərbaycan torpağı düşmən
işğalından azad edildi!
Həm də
Yerevan-Gorus-Laçın-Xankəndi yolu qəhrəman ordumuz tərəfindən
tam nəzarətə götürüldü.
Hər iki hərbi əməliyyatların
"dadı” hələ də Ermənistan ordusunun
"damağındadır”!
İtə deyirlər niyə
hürürsən? - Deyir, qorxuduram!
Deyirlər bəs
quyruğunu niyə bulayırsan? - Deyir, axı özüm də
qorxuram!
Paşinyan bəyanatlarının
"fəlsəfi mahiyyəti” belədir.
VƏTƏNƏ
XİDMƏT AMALI
Ötən həftənin maraqlı
hadisələrindən biri Azərbaycan Silahlı Qüvvələrinin
"N” saylı hərbi hissələrindən birində
baş verdi.
Ordu sıralarına
çağırılmış gənclərin hərbi
andiçmə mərasimi keçirildi.
Azərbaycan üçün adi, adət
etdiyimiz və tez-tez mavi ekranlarda gördüyümüz hadisədir!
Bu adi hadisəni təntənəli və
qeyri-adi edən isə andiçmə mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin və ailə üzvlərinin
iştirakı idi!
Bunun səbəbi isə oğul Heydər
Əliyevin Azərbaycan ordusunda hərbi xidmətə
başlaması idi!
Vaxtilə babası Heydər
Əliyev də orduda xidmət etmişdi!
Atası İlham Əliyev də əsgəri
borcunu vermişdi!
İndi isə növbə
özünə çatmışdı!
Bu sayaq təntənəli mərasimdə
valideynlərin, bacı və qardaşların iştirakı
təbiidir.
Həm də ənənə
şəklini alıb.
Elə dövlət
başçısı və ailə üzvləri də
unudulmaz mərasimə adi valideynlər kimi
qatılmışdılar.
Valideynlər
üçün ayrılmış yerdə, - hamı ilə
birlikdə oturmuşdular.
Bütün atalar kimi qürur və
fəxarət duyur...
Bütün analar kimi kövrəlir...
Bütün bacılar kimi həyəcan
hissi keçirirdilər!
Bir neçə ay öncə ADA
Universitetini bitirən Heydər bu dəfə əyninə məzun
mantiyası yox, əsgər paltarı geyinmişdi!
Ordunun ab-havası zahiri görkəminə
də təsirsiz qalmamışdı: üz cizgiləri bir qədər
sərtləşmiş, baxışları qətiləşmiş,
avtomatın qundağından tutan əlləri möhkəm-möhkəm
sıxılmışdı!
Boy-buxunu, nizami yerişi də öz
qaydasında!
Allah saxlasın!
Bəd nəzərdən qorusun!
Hamısını!
İnsanın əsl xoşbəxtliyi
özünü valideyn kimi xoşbəxt saymasındadır!
* Əgər övladın fərli
çıxıbsa...
* Əgər övladın
yaxşı oxuyub, bilikli mütəxəssis olubsa...
* Əgər övladın sağlam,
güclüdürsə və Vətənin keşiyində
dayanmağa gedirsə...
Bunun özü valideyn xoşbəxtliyi
deməkdir!
Əslində bütün valideynlər
də Allah onlara oğul payı verəndə bunu
arzulayırlar!
Övlad sənindir!
Amma əsgər paltarı geyinib,
kazarmaya köçdüsə, deməli,
hamımızındır!
Hər bir əsgər bizim hər
birimizin doğma balasıdır!
Çünki Vətənin
keşiyini çəkir!
Deməli, həm də Vətənin
övladıdır!
Yerləri nə qədər rahat, yeməkləri
nə qədər yaxşı olsa da, yenə onlardan nigaran
qalırıq!
Xidməti müddətlərini
başa çatdırıb tezliklə evə dönəcəkləri
günü səbirsizliklə gözləyirik.
Ayları, həftələri,
günləri saya-saya!
SİLAHDAN
GÜCLÜ SİYASƏT
Ali Baş Komandan bütün əsgərlərin
atası sayılır!
Bəzən səbrimiz daralır, nəfəsimiz
tıncıxır:
"Niyə torpaqları hərbi
yolla azad etmirik!”
Yaxşı da bilirik ki,
hamımızın ümid yeri İlham Əliyevdir!
Şübhə etmirik ki,
torpaqları o geri qaytaracaq!
Əminik ki, özünün
yaratdığı və ən yeni texnologiyaya əsaslanan
silahlarla silahlandırdığı orduya əmr etsə,
müasir Azərbaycan Ordusu çox qısa vaxtda Ermənistan
qoşunlarını süpürüb torpaqlardan atar!
Necə ki bunu Lələtəpə
və Günnütdə eləmişdi!
Amma İlham Əliyev Ali Baş
Komandan olaraq bu əmri verməyə tələsmir!
* Çünki dünyada hansı
proseslərin getdiyini hamımızdan yaxşı bilir!
* Çünki müharibənin əvvəlcə
siyasət, sonra hərb meydanında udulduğunu hamıdan
gözəl anlayır!
* Müharibəyə haçan,
hansı şəraitdə, necə başlamağı da
hamıdan əla hesablayır!
Eyni zamanda hər əsgərin də
qədrini hamıdan yaxşı bilir!
Hər gənc oğlanın bir ailənin,
bir nəslin ümid çırağı olduğunu gözəl
anlayır!
Odur ki, o
çırağı söndürməyə tələsmir.
Sülh yolu ilə inadla, inamla gedir!
Hətta ümidsiz vəziyyətlər
yarananda belə təmkinini itirmir!
Həm də bütün müharibələr
sülhlə bitir!
O sülhə qurbansız nail olmaq
mümkünsə, tələsmək nəyə lazım?!
Bəli, "Torpaq, uğrunda ölən
varsa, Vətəndir!”
Bunu indiyədək verdiyimiz 20 min
şəhid balamız da sübut edib!
Müharibə başlasa,
hamımız əsgərə çevriləcəyik!
Azərbaycanın əsgərinə!
İlham Əliyevin əsgərinə!
Çünki ona inanırıq,
güvənirik və sevirik!
İlham Əliyev də yeganə
oğlunu başqalarından ayrı tutmur.
Orduda xidmətə göndərir!
Həm də ailə üzvləri ilə
birlikdə andiçmə mərasiminə qatılır!
FAKTLAR
NƏLƏRİ SÖYLƏYİR
Azərbaycan Prezidenti mərddir, əyilməzdir,
vüqarlıdır!
Çünki o, müstəqil
dövlətə rəhbərlik edir, iqtisadi və siyasi cəhətdən
kimsədən asılı olmayan dövlətə!
Başqalarına forpostluq edən,
sərhədlərini özgə qoşunları qoruyan, ərazisində
başqa dövlətin ordusu yerləşən ölkənin
prezidenti isə yaltaq və yalaq olar, sahibinə xoş gəlmək
üçün daim onun üzünə müticəsinə
gülər, qəddini şax tutmağa qorxar.
Azərbaycan Prezidenti
şanlı-şöhrətli nəslin nümayəndəsi,
keçmiş SSRİ rəhbərlərindən biri olmuş
Heydər Əliyevin oğlu və siyasi varisidir! Hər dəfə
prezident seçkilərində xalqın böyük dəstəyi
və məhəbbəti ilə yenidən bu yüksək vəzifəyə
seçilir!
Paşinyan özünə yeni
ağa axtaran nökərin günündədir: köhnəsindən
qorxduğundan qopa bilmir, təzəsi isə onu havayı yemləmək
niyyətində deyil! O, Ermənistanın cinayətkar rəhbərlərinin
korrupsiya əməllərindən bezərək dilənçi
vəziyyətinə düşmüş erməni
xalqının narazılıq dalğasında meydana gəlib.
Meydana isə həbsxanadan gəlmişdi. İndi isə həm qisasını alır, həm
də layiq olmadığı kürsüsünü əldən
verməmək üçün min bir hoqqadan
çıxır, tez-tez sərsəm və səfeh bəyanatlar
səsləndirir.
Azərbaycan Prezidenti İlham
Əliyev Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars transmilli
layihələrini reallaşdırır; Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərini işə salır;
"Yeni əsrin müqaviləsi”ni
imzalayır; okeana birbaşa çıxışı olmayan
Bakını nəqliyyat qovşağına və logistika mərkəzinə
çevirir.
Paşinyan sədəqə
həsrəti ilə Avropanı gəzir, Amerikadan yardım
umur, erməni diasporuna yalvar-yaxar edir, qəpik-quruş
üçün sinov gedir.
Azərbaycan beynəlxalq
görüşlərin, tədbirlərin, möhtəşəm
idman oyunlarının keçirildiyi meydana, qlobal
dünyanın problemlərinin müzakirə olunduğu mərkəzə
çevrilib.
Ermənistanın bir-iki dövlətdən
savayı qapısını açan, Paşinyanı adam yerinə qoyan yoxdur!
Biz heç vaxt dünya şöhrətli
Prezidentimizi forpost Ermənistanın rəhbərliyində təsadüfi
ünsür sayılan Paşinyanla müqayisə etmərik!
Allah eləməsin!
Sadəcə hamının
gördüyü, bildiyi, şahidi olduğu faktları
sadaladıq.
ŞƏRƏFLİ
MİSSİYANIN DAVAMI
Andiçmə mərasimindən
sonra Heydər Əliyev Azərbaycanın bir nömrəli əsgərinə
çevrildi!
Özü boyda daş kimi
Paşinyanın təpəsinə düşdüyünə
görə!
Paşinyanın büdcəsi
boşdur, meydanda verdiyi vədləri yerinə yetirə bilmir,
sədəqə alası yerlər isə bir-birinin ardınca
fıs çıxır!
Deyəsən hələ də
anlamır ki, Ermənistanı fəlakətdən, erməni
xalqını isə dilənçilikdən qurtarmaq
üçün münaqişəni həll etməli,
işğal altındakı torpaqları
boşaltmalıdır.
Populist çıxışlar və
hərəkətlər qısa zamanda effekt verir!
Müvafiq biliyi, təcrübəsi və
hörməti olmayanlar dövlət gəmisini idarə edə
bilməzlər!
Xüsusən minalanmış
körfəzdə!
Oğlunu Qarabağa göndərməklə
nə demək istəyirdi?
Onsuz da hamı bilir ki, kiçik
Paşinyan bütün günü Xankəndidə
kef-damaqdadır!
Buna Ermənistanda sosial şəbəkəyə
yazanlar özləri şahidlik edirlər.
Guya Qarabağı bu ikisi qoruyub
saxlayacaqmış...
Heydər Əliyev doğma Vətən
torpağını azad etmək üçün təhsilini
yarımçıq qoyaraq əyninə əsgər paltarı
geyinib!
O, öz vətənində xidmət
edir!
Nəyin uğrunda
vuruşacağını gözəl anlayır və
şüurlu şəkildə qəbul edib!
Nəslinin
başladığı şərəfli missiyanı şərəflə
davam etdirir.
Vətənə xidmət bu nəslin
ən böyük amalı, müqəddəs
saydığı işdir!
Paşinyanın narahatlığı
da elə-belə deyil!
Torpaqların qaytarılma vaxtı
sürətlə yaxınlaşır!
İndi dünyada çox şey dəyişib,
yeni situasiyanın yaranması prosesi başlayıb!
Ümidimiz yenidən inama çevrilməkdədir!
Həm də inanırıq ki,
Qarabağı məhz Heydər Əliyevin xidmət etdiyi
dövrdə qaytaracağıq!
Siyasətlə gücün,
ağılla üzaqgörənliyin, hərblə
diplomatiyanın vəhdəti buna möhkəm təməl
yaradıb!
Aprel və Günnüt
şapalağından sonra əsgər təpiyinin zamanı
yetişir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2018.- 19 sentyabr.- S.1; 7.