Müsəlman Şərqinin və Azərbaycanın
100 yaşlı parlamenti
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı parlamentin indi də varisidir.
Varislik həmişə, eyni zamanda, böyük məsuliyyət deməkdir...”
Azərbaycan xalqının ümummilli lideri Heydər
ƏLİYEV
XX əsrin əvvəllərində - siyasi cəhətdən mürəkkəb və keşməkeşli illərdə çətin, məşəqqətli günlər yaşayan Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda apardığı yorulmaz mübarizə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.
1918-ci ilin mayı elə çətin bir dövrə təsadüf edirdi ki, dünyanın, xüsusilə də Qafqazın geosiyasi xəritəsində və həyatında bir il əvvəl - 1917-ci ildə baş vermiş mürəkkəb siyasi burulğan təbii olaraq burda yaşayan xalqların taleyindən də yan keçmirdi. Regionda bir-birinin ardınca dayanmadan cərəyan edən hadisələr qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında o dövrə qədər mövcud olmamış fərqli bir atmosfer yaratmış, bununla bərabər müstəqil dövlətin yaranması üçün artıq bir sıra siyasi və hüquqi əsaslar ortaya çıxarmışdı. Belə ki, Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi 1918-ci ilin fevral ayından başlayaraq fəaliyyət göstərsə də, həmin ilin mayında regiondakı siyasi vəziyyət əvvəlki aylara nisbətdə bir qədər də mürəkkəbləşdi. Nəticə etibarilə Seymin parçalanması prosesi sürətləndi və may ayının 28-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edildi. Həmin bəyannamə ilə Azərbaycan sözü artıq bir coğrafi ərazi olmaqdan əlavə həm də siyasi bir ifadəyə çevrildi və Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu, Cənub-Şərqi Zaqafqaziyadan ibarət müstəqil bir dövlət olması bəyan edildi. Bu, adi bir hadisə deyildi, bu, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa vaxtdan sonra beynəlxalq birlik tərəfindən dövlət kimi tanınması prosesinin başlanğıcı idi. Bu mühüm və tarixi hadisə qısa müddət sonra Azərbaycan xalqının həyatında bir sıra vacib tarixi və siyasi proseslərin cərəyan etməsinə səbəb olacaqdı. Bu hadisələrdən də biri "İstiqlal Bəyannaməsi”nin 6-cı bəndində qeyd edilmiş Məclisi-Müəssisanın toplanması idi.
Yuxarıda qeyd olunduğu kimi - "İstiqlal Bəyannaməsi” qəbul olunduqdan sonra yenicə yaranmış dövlətin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bir çox vacib sahələrində quruculuq işləri başlandı. Cümhuriyyət qurucuları hakimiyyət bölgüsü prinsiplərinə əsaslanaraq müstəqil qanunverici, icraedici və məhkəmə hakimiyyətlərini təxirə salmadan formalaşdırmağa çalışmış, öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə başlamışdılar. Lakin bu planları reallaşdırmaq ərəfəsində, nəinki Azərbaycanın əsas siyasi mərkəzi, o cümlədən bütün yaxın və orta şərqin siyasi mərkəzi sayılan, müstəsna iqtisadi imkanlara malik Bakı şəhərində vəziyyət heç də yaxşı deyildi. Bir neçə ay əvvəl ölkənin bir sıra bölgələri ilə bərabər burada da daşnak-bolşevik qüvvələr dinc əhaliyə divan tutmuş, öz mövqelərini paytaxt Bakıda möhkəmləndirməyə çalışmışdılar. Bu hal təbii ki, hökumətin Bakıda fəaliyyətini mümkünsüz etməklə onun işğalçı qüvvələrdən azad edilərək paytaxt elan edilməsini ciddi zərurətə çevirirdi. Yenicə yaranmış cümhuriyyət hökumətinin gərgin keçən diplomatik səyləri nəticəsində Azərbaycan hüdudlarına daxil olan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu yerli könüllülərlə birgə ölkənin bir sıra bölgələrini xain daşnak qüvvələrdən azad etdi. Artıq şanlı türk əsgəri sürətlə Bakıya doğru yaxınlaşırdı. Uğurla başa çatan tarixi döyüşlərdən sonra sentyabr ayının 15-də Bakı daşnak və eser-menşevik yığınından azad edildi. Bu xilasdan sonra yaranmış sabit şərait, artıq parlamentin toplana bilməsi üçün əlverişli imkanlar yaratmışdı. Respublika idarəçiliyinin hüquqi forma və qaydalarına sadiq qalan hökumət, eyni zamanda Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başlamışdı, bu məqsədlə qısa vaxtda xüsusi komissiya yaradıldı. İrəli sürülən bir neçə təklifi dəyərləndirən Azərbaycan Milli Şurası Müəssislər Məclisinin çağırılması işini öz üzərinə götürdü. Yaradılmış komissiya müvəqqəti Azərbaycan Respublikası parlamenti (Məclisi-Məbusan) yaratmağı təklif etdi. 1918-ci il noyabrın 5-də özünün ilk iclasını keçirən komissiya qərara gəldi ki, Müəssislər Məclisinin çağırılması, nəzərdə tutulmuş 16 dekabr tarixinə qədər qeyri-mümkündür və əvvəlki seçkilər üzrə müəyyən olunaraq seçilmiş nümayəndələr də daxil olmaqla müvəqqəti Azərbaycan Parlamenti (Məclisi-Məbusan) çağırılsın. Bundan sonra müvəqqəti parlamentin tərkibini müəyyən edəcək və seçki qanunu hazırlayacaq xüsusi komissiya təşkil olundu. Komissiya daha sonra hesab edirdi ki, Müəssislər Məclisinə seçkilər üzrə Ümumrusiya Mərkəzi Seçki Komissiyasının 1917-ci ildə təsbit etdiyi seçki qanununu Azərbaycana tətbiq etmək mümkün deyil. Yeni seçki qanunu və bu qanunla müəyyən ediləcək seçki mexanizminin hazırlanması üçün işçi qrupunun ən az 2 ay vaxta ehtiyacı var idi. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, 16 dekabr tarixi yaxınlaşırdı. Dünyada gedən taleyüklü siyasi proseslər, Birinci Dünya müharibəsinin bitmə ərəfəsi, dövlət hakimiyyətinin mənafeləri naminə nümayəndəli xalq təsisatının çox qısa bir müddət ərzində çağırılması Avropada Birinci Dünya müharibəsindən sonra yaranan şəraitdə böyük siyasi-diplomatik və hüquqi əhəmiyyətə malik idi. Xronoloji hadisələrə nəzər salarkən görürük ki, yaranmış milli hökumət Azərbaycan parlamentini (Məclisi-Məbusan) imkan olduğu qədər tez bir zamanda formalaşdırmağa çalışır və bu prosesi bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən isə yeni yaranmış dövlətin demokratik prinsiplərə uyğun olaraq fəaliyyət göstərmək istəyi ilə əsaslandırırdı. Göründüyü kimi, demokratik, hüquqi dövlət yaradan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə parlamentin yaradılmasını özünün ən ümdə vəzifələrindən biri hesab edirdi. Rəsmi olaraq qanunverici hakimiyyət - Azərbaycan Demokratik Respublikası parlamentinin (Məclisi-Məbusan) yaranmasının hüquqi əsasları 1918-ci il noyabr ayının 19-da qəbul edilən "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında” qanundur. Bu, Azərbaycan parlament tarixinin çox mühüm qərarı idi və məhz bu qərarla da Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması məsələsi həll olundu. Həmin qanunla Azərbaycan Parlamentinin 120 nəfərdən ibarət tərkibdə formalaşdırılması qərara alınmışdı və bir müddət sonra həmin üzvlərin toxunulmazlığı məsələsi də həll olunacaqdı. Bu tarixdən bir müddət əvvəl Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil ediləcəkdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri isə yenidən seçilməli idi. Yaradılması nəzərdə tutulan parlamentin formalaşdırılması prosesi həmin ilin - 1918-ci ilin dekabrın 3-də bitməli idi. Proseslərin bu axarda gedişindən sonra birpalatalı parlamentə gizli seçkilər keçirilməsi qərara alındı. Qeyd etmək yerinə düşərdi ki, tarixi mənbələrdən də məlum olduğu kimi, həmin vaxtdan bir neçə ay əvvəl - 1918-ci ilin martında erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı bəşər tarixində xüsusilə ağır cinayət hesab olunan soyqırımı törədilmiş, dinc əhaliyə qəddarlıqla divan tutulmuşdu. Bu cür ümidsiz və çətin bir məqamda ölkəni ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdən çıxaracaq, əhalinin bütün təbəqələrini və milli azlıqların nümayəndələrini təmsil edəcək parlamentin qısa zamanda, mümkün qədər tez fəaliyyətə başlaması üçün konkret tədbirlərin həyata keçirilməsi son dərəcə zəruri idi. Həddindən artıq mürəkkəb şəraiti nəzərə alsaq, seçkili orqan olan Məclisi-Məbusana ümumi seçki keçirilmədən onun seçkilərin keçirilməsi ilə bağlı təşəkkül tapmış ümumi qayda və prinsiplər əsasında təşkil edilməsi məntiqli idi. Həmçinin qeyd etmək lazımdır ki, parlamentin inzibati ərazilər üzrə təmsilçilərdən də təşkil edilməsi planlaşdırılmışdı. 120 nəfərlik mandat bölgüsünün bu meyarlar əsasında müəyyənləşdirilməsi, yenicə yaradılmış gənc dövlətin bütün inzibati ərazi vahidlərindən olan şəxslərin parlamentdə təmsilçiliyi üçün imkan yaradırdı. Proses özü demək olar ki, hər kəsin siyasi, milli, dini və sinfi mənsubiyyəti nəzərə alınmadan iştirak edə bilməsini təmin edirdi. Görülən ardıcıl və qətiyyətli tədbirlər, atılan addımlar gözlənilən məntiqi sonluğuna yaxınlaşdı və müsəlman dünyasının ilk parlamenti formalaşdırıldı. Onu da qeyd etmək lazımdır ki, həmin ərəfədə və sonralar ölkənin siyasi arenasında güc sahibi olmağa çalışan bəzi qüvvələr, o cümlədən imperiyanın əvvəlki sərhədinin pozulmamasının tərəfdarları, ermənilər, habelə yenicə yaranmış hökumətin legitimliyini tanımaq istəməyən General Tomson başda olmaqla ingilis hərbi qüvvələrinin komandanlığı parlamentin yaradılmasına, onun üzərində üçrəngli Azərbaycan bayrağının dalğalandırılmasına mane olmaq istəyirdilər. Mürəkkəb siyasi və sosial mühitin davam etdiyi bir ərəfədə - 1918-ci ilin noyabr ayının 17-də General Tomsonun rəhbərlik etdiyi qüvvələr Bakıya daxil oldular və yenicə yaradılmış əsas dövlət institutlarını (inzibati, məhkəmə və digər icra strukturlarını) nəzarət altına aldılar. Etiraf etmək lazımdır ki, bu məqamda, ingilis komandanlığının yenicə yaradılmış cümhuriyyətə və onun hökumətinə sərgiləyəcəyi münasibət öz əhəmiyyətinə görə son dərəcə vacib idi. 3 dekabr tarixində nəzərdə tutulmuş açılış mərasimi gecikirdi, çünki ingilis komandanlığı hələ də öz əks mövqeyində dayanmışdı və onların Azərbaycan hökumətinə təzyiqləri açıq-aşkar idi. Əsas arqumentləri də bu idi ki, hökumət müttəfiqlər tərəfindən tanınmayana qədər parlamentin açılmasına və fəaliyyətinə imkan verilməməlidir. Göründüyü kimi, parlamentin formalaşdırılması və ilk iclasının çağırılması nə qədər mürəkkəb və ağır şəraitdə baş tutmuşdu. Sadalanan bu təzyiqlərə baxmayaraq Azərbaycan xalqının və dövlətinin tarixindəki bu mühüm və fundamental hadisə baş verdi - çevik qərarların qəbulundan və hazırlıq işlərinin başa çatmasından sonra - 1918-ci ilin dekabr ayının 7-də günorta saat birdə indiki İstiqlaliyyət (o vaxtkı Nikolayevski) küçəsində böyük xeyriyyəçi H.Z.Tağıyevin tikdirdiyi binada (hazırki Füzuli adına Əlyazmalar institutunun və H.Cavidin ev muzeyinin binası) Azərbaycan Parlamentinin təntənəli açılış mərasimi oldu. Təkrar qeyd etmək yerinə düşər ki, bu parlament bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Birinci iclas çox təntənəli və sanki bayram əhval-ruhiyyəli idi. İclasda Azərbaycan xalqına təbrik nitqləri söylənildi. İlk iclasda dövrünün ən görkəmli hüquqşünaslarından biri, bəlkə də birincisi sayılan, tanınmış ictimai və siyasi xadim, diplomat, Azərbaycan dövlətçiliyinin əsas simalarından birinə çevrilmiş, siyasi mənsubiyyətinə görə bitərəf Əlimərdan bəy Topçubaşov sədr, Moskva Universitetinin məzunu, ixtisasca həkim olan Həsən bəy Ağayev onun müavini, Rəhim bəy Vəkilov isə katibi seçildi. Bundan başqa gündəlikdə digər məsələlərə baxıldı, hökumətin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı, bu ilk iclasla Azərbaycan parlamentarizminin ənənələrinin möhkəm əsası qoyuldu. Humanizm prinsipini öz fəaliyyətində əks etdirən parlament bu prinsipdən çıxış edərək amnistiya təklifini qəbul etdi və bununla bağlı müvafiq qərar layihəsinin hazırlanması üçün işçi heyət yaratdı. Qeyd edək ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın dünya ölkələri tərəfindən tanınması üçün Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin rəhbəri olduğuna görə sonralar parlamentin fəaliyyətinə faktiki Həsən bəy Ağayev rəhbərlik edirdi. Qısa vaxtda sədr, birinci müavin və fraksiya nümayəndələrinin iştirak etdiyi Məslələt Şurası təşkil edildi. Onu da qeyd edək ki, parlamentin təntənəli şəkildə təşkil olunmuş ilk iclasında başqa ölkələrdən dəvət olunmuş aparıcı dövlət xadimləri və nümayəndələrin iştirakı yenicə yaranmış gənc dövlətin və onun parlamentinin artıq Qafqaz regionunda "de-facto” tanınması kimi başa düşülməlidir.
Parlamentin 1918-1920-ci illərdəki fəaliyyətini şərti olaraq iki dövrə bölsək, həmin dövrləri aşağıdakı kimi xarakterizə etmək olar:
Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin birinci dövrü - 1918-ci il
mayın 27-dən noyabrın 19-dək davam edən dövr. 44
nəfər müsəlman-türk heyətdən ibarət
olan birinci dövrü ərzində parlament çox
mühüm qərarlar qəbul etmiş, may ayının 28-də
Azərbaycanın müstəqilliyini elan edərək,
"İstiqlal Bəyannaməsi”ni qəbul etmiş, o dövr
üçün ölkənin idarə edilməsini öz
öhdəsinə götürmüşdür. Bu bəyannamə
həm də Azərbaycanın demokratiyası və
parlamentarizmi tarixinin ən vacib və fəxr duyulası
hüquqi sənədi olaraq bu gün də öz vacib və
praktiki əhəmiyyətini qoruyub saxlamaqdadır. Bu dövrdə
Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə
cəmi 10 iclası keçirilmişdir. İlk və son iclaslar isə
yuxarıda qeyd olunan tarixlərdir - 27 may və 19 noyabr. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin
I dövründə, daha dəqiq desək, Milli Şura
dövründə Tiflisdə, Gəncədə, daha sonra isə
Bakı şəhərində fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin ikinci dövrü - Fəaliyyətinin şərti
olaraq Bakı dövrü adlanan ikinci dövr təntənəli
ilk iclasın çağırıldığı 7 dekabr
1918-ci ildən 27 aprel 1920-ci ilədək olan 17 aylıq
dövrü əhatə etmişdir. Bu dövrü
parlamentin nisbətən daha məhsuldar dövrü də
adlandırmaq olar. Bu zaman kəsiyində
parlamentin 145 iclası olmuşdur. Qeyd edək
ki, yetərsay olmadığı üçün bu iclaslardan
15-i baş tutmamışdır. Seçki
hüququnda bərabərlik prinsipinin tətbiqi ilə bağlı
bir məqamı xüsusilə vurğulamaq vacibdir. Bu
dövrdə, daha da konkretləşdirsək, 1919-cu il iyulun 21-də qəbul edilmiş qanunla
bütün müsəlman aləmində (habelə bir
çox dünya ölkələrindən öncə)
qadınların da seçkidə iştirak etməsi
hüququ tam təsbit edildi. Həmin il
avqustun 21-də Bakı Dövlət Universitetinin
açılmasını nəzərdə tutan qanun layihəsinin
ilkin müzakirəsi keçirildi, sentyabrın 1-də layihə
üçüncü oxunuşdan keçərək təsdiq
edildi. Sentyabr ayının 29-da isə
"Bakı Dövlət Universitetinin Nizamnaməsi” təsdiq
edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti demək olar ki, bütün iclaslarında
özünün müəyyən etdiyi prinsiplərə daim
sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə
alaraq ölkənin ərazi bütövlüyünü təmin
etmək və müstəqilliyini qoruyub saxlamaq, o dövr
üçün aktual olan insan haqları və
azadlıqlarının dolğun təmin olunduğu ən
müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi
daşıyan çox mühüm qanunlar və qərarlar qəbul
etmişdi. Fəaliyyəti dövründə
parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılmış, onlardan 230-a yaxını qəbul
olunmuşdu. Aparılan müzakirələrin
demək olar ki, çoxu qızğın və işgüzar
fikir mübadiləsi mühitində gedir, qanunlar yalnız
üçüncü oxunuşdan sonra qəbul olunurdu. Qanunların hazırlanması, müzakirəsi və
təsdiqi prosesində 11 fraksiya və qrupa mənsub olan millət
vəkilləri iştirak edirdilər. Parlamentdə 11
komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə,
qanunvericilik təklifləri, Müəssislər Məclisinə
seçkilər keçirmək üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər,
sorğular üzrə, təsərrüfat-sərəncamverici,
ölkənin istehsal qüvvələrindən istifadə
üzərində nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar. Vətəndaşlarının
rifah halının yaxşılaşdırılması,
onların layiq olduğu həyat səviyyəsini təmin etmək
niyyəti daşıyan bütün bu qanunlar və qərarlar,
eyni zamanda hakimiyyətin hər üç qanadının -
qanunvericilik, icra və məhkəmə orqanlarının tam
formalaşdırılmasına, dövlət institutu kimi
möhkəmlənməsinə istiqamətlənmişdi.
Həmçinin qeyd etməliyəm ki, Azərbaycan
Parlamenti öz fəaliyyətinin vacib hissəsini dövlət
müstəqilliyinin qorunub saxlanmasına və dövlətin
təhlükəsizliyinin, ərazi
bütövlüyünün qarantına çevriləcək
ordu quruculuğu məsələlərinə yönəltmişdi.
Parlamentin fəaliyyəti və AXC dövrü ilə
bağlı aparılan araşdırmalar və müşahidələr
bir daha göstərir ki, bu dövrdə Azərbaycan
parlamentarizminin əsası qoyulmuş, parlament bir dövlət
institutu olaraq ölkənin siyasi həyatında üzərinə
düşən funksiyanı öz imkanları daxilində
reallaşdıra bilmişdir. Parlament qanunvericilik
hakimiyyətinin klassik tələblərinə uyğun olaraq fəaliyyət
göstərmiş, ölkədə cərəyan edən
siyasi proseslərin inkişafında böyük işlər
görmüşdü. Parlament rəsmi
dövlət orqanı olan "Azərbaycan” qəzetini rus və
Azərbaycan dillərində dərc etmişdir. Amma təəssüflər olsun ki, o dövr
dünyanın siyasi xəritəsində və həyatında
gedən proseslər sanki səngimək bilmir, bəşər
tarixinə düşəcək gözlənilməz dəyişikliklər
bir-birini durmadan əvəz edirdi. Bu tarixi proseslərdən
daha biri 1917-ci il inqilabından sonra
bolşeviklərin qısa vaxtda öz siyasi və hərbi
mövqelərini möhkəmləndirməsi idi ki, bununla da
ortaya çıxmış məlum siyasi iddialar Qafqazdan da yan
keçmədi. 1920-ci ilin aprelində yenicə
yaranmış gənc Azərbaycan Cümhuriyyəti
bolşeviklər tərəfindən işğala məruz qaldı.
Bolşevik-kommunistlərin Azərbaycan daxilindəki
təxribatçıları onların adından
hazırladıqları ultimatumu Azərbaycan Cümhuriyyətinə
göndərdikdən sonra parlament bu ultimatumu müzakirə
etmək üçün gözlənilməz tarixi
iclasını çağırmağa məcbur oldu. Aprelin 27-də axşam saat 20.45-də
çağırılmış həmin məlum tarixi
iclasdakı uzun və həyəcanlı, ağrılı,
taleyüklü müzakirələrdən sonra hakimiyyətin
bolşeviklərə demokratik əsaslarla verilməsi ilə
bağlı səsvermə keçirildi. Saat 23:45-də
başa çatan iclasda hakimiyyətin müəyyən şərtlərlə
Hərbi İnqilab Komitəsinə verilməsi haqqında qərarın
əleyhinə 1, bitərəf 3, səs verməyən 3 nəfər
olmaqla müvafiq qərar qəbul edildi. Bununla da
Azərbaycan parlamentarizm tarixi özünün şərti
birinci dövrünü başa vurmaq məcburiyyətində
qaldı.
Məlum olduğu kimi, 1920-ci il aprelin 28-də bolşevik işğalına
məruz qaldıqdan bir müddət sonra Azərbaycan ərazisində
Sovet Sosialist Respublikası elan edildi. Demokratik yolla xalq tərəfindən
seçilmiş hökumət güc yolu ilə devrildikdən
sonra yeni idarəçilər tərəfindən sovet idarəetmə
orqanlarının yaradılması prosesinə start verildi. Məqalənin əvvəlki bəndlərində də
qeyd edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasında ilk
qanunvericilik səlahiyyətlərinin həyata keçirilməsi
işğalçı Azərbaycan Hərbi İnqilab Komitəsinə
məxsus olmuşdur. Fəaliyyətini zorakı üsul
və vasitələrə söykənərək quran komitə
insan hüquqlarını total şəkildə pozan heç
bir milli və mənəvi meyarı nəzərə almayan
direktivlər verir, fəaliyyətini ancaq bu məcrada davam elətdirməyə
yönəlik addımlar atırdı. Bu cür
ağır illərdən başlayan mərhələ -
parlament tarixindəki ən uzunmüddətli dövr - Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından sonrakı onilliklər
dövrüdür. Hesab edirəm ki, məhz
bu illər də digər bir sıra vacib siyasi mərhələlər
kimi Azərbaycanın siyasi hakimiyyətinin
araşdırılması, öyrənilməsi
üçün hələ uzun perspektivlərdə aktual
olacaq. Sadalanan illərə müxtəsər
formada nəzər salsaq görərik ki, 70 illik həmin
dövr ərzində qanunverici orqan sovet-bolşevik hakimiyyətinin
əsas subyektləri tərəfindən qəbul edilmiş qərarları
yalnız "rəsmiləşdirirdi”. Bu
"rəsmiləşdirmə” zamanı aparılan müzakirələr
isə obrazlı ifadə etsək, əməli şəkildə
aparılmır, bir növ parlamentarizmdən kənar fəaliyyət
ortaya qoyulurdu. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra 1937-ci ilə qədər olan şərti dövrdə ali qanunverici orqan Ümumazərbaycan Sovetlər
Qurultayı olmuşdur. 1937-ci ildən
başlayaraq gələn növbəti dövrdə isə
hakimiyyətin qanunverici orqanı qismində Azərbaycan Sovet
Sosialist Respublikasının Ali Soveti fəaliyyət göstərməyə
başlamışdır. Bu mərhələdə
ilk dəfə olaraq Ali Sovetə birbaşa seçkilər
keçirilmiş, bir qurum olaraq fəaliyyəti əvvəlki
illərlə müqayisədə nisbətən daha nəzərəçarpan
olmuşdu. 1937-ci ildən bu yana olan dövrü nisbətən
geniş təhlil etsək görərik ki, 1969-cu ilin
ortalarından başlayaraq qanunverici orqan daha çox milli mənafelərdən
çıxış etmiş, statusu sovet parlamenti olsa da, az əvvəl
təhlil etdiyimiz dövrlə müqayisədə müstəqil
formada milli siyasət aparılmasının çalarları
onun fəaliyyətində açıq-aşkar ortada idi.
Bundan təxminən 10 il sonra - 1978-ci ildə
növbəti konstitusiyanın qəbulu Ali Sovetin fəaliyyətinə
də təsir etmişdir. Həmin illərdə
deputatların azərbaycanlılardan ibarət olan milli tərkibi,
əvvəlki illərlə müqayisədə parlamentin demək
olar ki, bütün iclaslarında Azərbaycan dilindən
davamlı istifadə olunması hesab edirəm ki, bu illərin
sovet ab-havası nöqteyi-nəzərindən xüsusi
vurğulanmalıdır.
1982-ci ildən müstəqilliyimizin
bərpa olunduğu 1991-ci ilədək olan şərti
dövr az əvvəl nəzər
saldığımız əvvəlki dövrlə müqayisədə
nisbətən passiv bir dövr kimi də xarakterizə oluna bilər.
Məlum olduğu kimi, 80-ci illərin sonu SSRİ məkanında
cərəyan edən gözlənilməz siyasi və tarixi
hadisələr, sovet rəhbərliyinin Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevə
qarşı qərəzli münasibəti, Dağlıq
Qarabağla bağlı ermənilərin ortaya
atdığı iddialar, onun mənfur qüvvələr tərəfindən
məqsədli şəkildə siyasətdən kənarlaşdırılması
prosesinin fonunda Ali Sovetin bu hadisələrə münasibətdə
açıq-aşkar nəzərəçarpan passivliyi təhlil
etdiyimiz bu şərti dövrə təsadüf edir. Ölkəmizə qarşı başlanmış məqsədyönlü
siyasi hücumlar, xüsusilə yuxarıda qeyd etdiyimiz erməni
siyasi həyasızlığından qaynaqlanan sovet ermənipərəstliyinə
və Azərbaycana, habelə Heydər Əliyevə yönələn
təzyiqlərə Ali Sovet demək olar ki, faktiki
"danışan” susqunluq nümayiş etdirirdi. SSRİ-nin süqutuna qədər davam edən bu
dövrdə Ali Sovet müstəqil siyasətdən,
obrazlı desək, üfüqdə görünməyəcək
dərəcədə uzaq idi. Təəssüflə
qeyd etməliyik ki, heç də xoş olmayan, arzuolunmaz bu
dövr xalqda ikrah hissinin yaranmasına səbəb olmuş,
ona olan inam sürətlə itmişdi. Belə bir vəziyyətdə
SSRİ rəhbərliyinin böyük dövlət xadimi Heydər
Əliyevə qarşı az əvvəl də
qeyd etdiyimiz qərəzli münasibəti nəticə etibarilə
xalqımızı və min bir əziyyətlə qurduğu
dövlətin növbəti faciəsinə səbəb oldu. Ölkəmiz ittifaqın qaçılmaz
çökməsindən ən çox itki ilə
çıxan respublika oldu. Heç
şübhəsiz ki, proseslərin bu ürəkağrıdan
məcraya yönəlməsində əsas səbəblərdən
biri siyasi arenada o vaxt mövcud olan "fəallar”ın səriştəsizliyi
və gücsüzlüyü idi. Adıçəkilən
qüvvələrin və parlamentin o vaxtkı səhv və qətiyyətsiz
mövqeyi Azərbaycan xalqının taleyindəki ən
ağır səhifələrdən biri olan 20 yanvar səhifəsini
açdı. Əvvəlki cümlədə
qeyd etdiyimiz siyasi səriştəsizlik və səbatsızlıq
öz məntiqi ağır nəticəsini göstərdi.
Onsuz da faciəli olan vəziyyət daha da
mürəkkəbləşirdi və artıq ölkə fəlakətin
astanasında idi. Proseslərin dayanmadan ölkəmizin
milli mənafeləri üçün mənfi yöndə getdiyi
bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin XII
çağırışının birinci sessiyasında
xalqının taleyindən dərin narahatçılıq
keçirən Heydər Əliyev 1991-ci il
fevralın 5-də konkret təkliflərlə plenar iclasda
çıxış etdi. O, öz
çıxışında Mixail Qorbaçovun
apardığı siyasətin yarıtmazlığını
açıq-aşkar və qətiyyətlə, qorxmadan tənqid
edərək, SSRİ rəhbərliyinin uğursuz daxili siyasətin
bir neçə paytaxt şəhərlərdə faciələrə
səbəb olduğunu bəyan etdi, Dağlıq Qarabağla
bağlı özünün dəqiq analizlərini tribunadan səsləndirərək
auditoriyaya çatdırdı. Beləliklə,
sovet hakimiyyəti illərinin sonlarında parlament Heydər
Əliyevin çıxışlarından sonra öz passiv
dövründən aktiv müdafiə strategiyasına qədəm
qoydu. Məhz bu aktiv oyanışın təsirindən
idi ki, siyasi proseslər və tarixi müzakirələr
parlamentin iclas zalında dayanmadan bir-birini əvəz etməyə
başladı. Artıq 70 illik həsrətdən
sonra dövlət müstəqilliyinin konstitusion əsaslarla təsbit
olunması obyektiv zərurətə çevrilərək
gündəlikdəki ən vacib yerini aldı. Müdrik,
fəxr duyulacaq, zəngin tarixi keçmişi olan Azərbaycan
xalqının dövlət müstəqilliyi uğrunda
mübarizəsi Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”nı qəbul etməsi ilə nəticələndi.
Bu, yüzminlərlə azərbaycanlının həyatının
itirilməsi bahasına baş tutmuş mürtəce
bolşevik işğalından 70 il sonra,
müstəqilliyin bərpası ilə nəticələnən
tarixi bir qərar idi.
Müstəqilliyini yenicə
bərpa etmiş Azərbaycan Respublikasının parlamenti əvvəlki
cümlədə qeyd etdiyimiz Konstitusiya aktı və ondan irəli
gələn suverenlik əsasında fəaliyyət göstərməyə
başlamışdı. Çünki müstəqilliklə
bağlı qəbul edilmiş konstitusiya aktı "de-facto”
olaraq konstitusiyanın qüvvədən düşməsi
anlamını verirdi və qarşıdan gələn zaman kəsiyində
parlament çox sayda qanunlar qəbul etməli, demokratik dəyərlərə
söykənən hüquq sistemi formalaşdırmalı idi.
1991-ci ilin oktyabr ayından başlayan müstəqillik
dövründə parlament öz üzərinə düşən
vəzifə və funksiyaları yerinə yetirməyə
çalışsa da, təəssüflər olsun ki,
1993-cü ilin iyun ayına qədər bir çox hallarda
ürəkaçan hadisələr cərəyan etmirdi.
Bununla belə parlament ilk növbədə - 1991-ci il noyabrın 26-da "Milli Şura haqqında”
1991-ci il 30 oktyabr tarixli Konstitusiya qanununu yenidən nəzərdən
keçirərək Milli Şuranı Milli Məclis
adlandırmaq barədə qərar qəbul etdi.
Əgər "Azərbaycan
parlamentarizmi tarixinin ən əlamətdar hadisəsi
hansıdır” sualına cavab istənilsə, hesab edirəm
ki, buna ən yaxşı cavab "1993-cü il iyunun 15-də
xalqın təkidli tələbi ilə Bakıya
qayıtmış Heydər Əliyevin parlamentin sədri
seçilməsi”dir.
Bu dövrdən Azərbaycan
parlamentarizminin, paralel olaraq Azərbaycan dövlətçiliyinin
inkişafında əsas mərhələ
başlamışdı. Respublikanın 1920-ci ildəki kimi ağır bir məqamında,
dünyanın siyasi xəritəsindən Azərbaycan
Respublikası adının silinmək təhlükəsi ilə
üz-üzə qaldığımız bir vaxtda görkəmli
siyasi xadim, Azərbaycan xalqının sonralar haqlı olaraq
özünə ümummilli lider seçdiyi Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə
seçildi. O gün həqiqətən də sözün əsl
mənasında xilas günü idi. Həmin gün ulu öndər
parlamentin tarixi iclasında özünün proqram xarakterli
çıxışını etdi:
"Azərbaycan
Respublikasının bugünkü ağır, mürəkkəb
və gərgin vəziyyətini tam məsuliyyətlə dərk
edirəm. Bu vəzifəni öz üzərimə
götürərək öz məsuliyyətimi anlayıram və
bunların hamısını rəhbər tutaraq əlimdən
gələni edəcəyəm. Ali Sovetin
sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan
Azərbaycan Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün əsas vəzifələrdən
biri hesab edirəm. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə
yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri
əsasında, müasir tələblərlə, dünyada
gedən proseslərlə bağlı olaraq təmin
olunmalıdır. Bu sahədə mən
daim çalışacağam və heç kəsin
şübhəsi olmasın ki, ömrümün bundan
sonrakı hissəsini, harada olursa-olsun yalnız və
yalnız Azərbaycan Respublikasının müstəqil
dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.
Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim
fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun
başına nə gəlir-gəlsin, müstəqilliyini itirməyəcək,
yenidən heç bir dövlətin tərkibinə daxil
olmayacaq, heç bir başqa dövlətin əsarəti
altına düşməyəcək”.
Məqalənin əvvəlində
qeyd etdiyimiz kimi, dağılmaq təhlükəsinin
astanasında olan Azərbaycan Respublikası artıq
uçurumdan xilas edildi. Məhz bundan sonrakı illərdə nəinki
parlamentarizmin, ümumilikdə istənilən bir dövlətin
inkişafını şərtləndirəcək
başlıca amil - sabitlik təmin edildi, dövlət
institutları mökəmləndirildi, ordu quruculuğuna
başlanıldı. Dahi şəxsiyyət
qısa vaxtda və çevik formada peşəkar dövlət
xadiminə xarakterik bir şəkildə dövlətçiliyi
və parlamentarizmi möhkəmləndirməyə
başladı. Hesab edirəm ki, Heydər Əliyevin
1993-cü il iyun ayının 15-dən
oktyabrın 3-dək parlamentə rəhbərlik etdiyi müddət
parlamentarizm tariximizin qızıl dövrü hesab edilməlidir.
Məhz bu illərdən sonra, daha da dəqiqləşdirsək,
1995-ci il seçkilərindən sonra
nümunəvi parlamentin təşkili prosesi başlandı. Əslində Azərbaycan xalqı da hakimiyyətə
Heydər Əliyevi çağırmaqla ümidlərini
doğrulda biləcək və ölkəni gələcəyə
inamla aparmağa qadir yeganə liderinə etimad və etibar
etdiyini göstərdi. Hadisələrin
sonrakı məcralarda davam etməsi də bu fikrin həqiqət
olduğunu sübut etdi. Həmin hadisələr
əsasında sübut olundu ki, müstəqilliyini yenicə bərpa
etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin taleyini yaşamaqdan qurtuldu. Heç
də təsadüfi deyil ki, sonralar Azərbaycan
xalqının adından çıxış edən Milli Məclis
Azərbaycanın müxtəlif bölgələrindən
göndərilən müraciətlərdən dolayı
özünün 1997-ci il 27 iyun tarixli qərarı
ilə həmin tarixi günü Milli Qurtuluş Günü
elan etmişdi.
Beləliklə, respublikanın
rəhbərliyinə dəvət edilmiş Heydər
Əliyev xalqının və rəhbərlik etdiyi ölkəsinin
gələcəyi naminə, gecikmədən xilaskarlıq
missiyasına başladı, müstəqilliyin qorunub
saxlanması üçün qısa zaman kəsiyində
dövlətçiliyin fundamental problemlərini həll etdi. Məhz bu
addımların nəticəsi olaraq hesab edirəm ki, ulu
öndər bugünkü Azərbaycan dövlətinin
memarı olmaqla yanaşı, həm də haqlı olaraq
müasir Azərbaycan parlamentinin də banisi hesab edilir. Onun rəhbərliyi dövründə Ali Sovet
artıq təşəkkül tapmış dövlətçilik
sistemimizdə hakimiyyətin 3 əsas qanadından biri kimi
öz yerini tam möhkəmləndirdi.
Bu məqamda xüsusi qeyd etmək
vacibdir ki, hakimiyyətin başqa dövrlərindən fərqli
olaraq məhz həmin dövrdə - ölkənin siyasi,
sosial, mənəvi böhran keçirdiyi ağır bir şəraitdə
ortaya qoyulan bu qətiyyət həddindən artıq vacib idi. Eyni zamanda qeyd
etməliyəm ki, Heydər Əliyev sədr olduğu dönəmdə
parlamentlərin fəaliyyətində əsas prinsiplərdən
biri olan aşkarlığı Ali Sovetin fəaliyyətinin əsas
prinsiplərindən birinə çevirmişdi. Məhz həmin ərəfədə iclaslar,
keçirilən müşavirələr, mətbuatın
iştirakı ilə keçirilən brifinq və konfranslar
televiziya ilə canlı yayımlanır, ölkənin siyasi həyatında
cərəyan edən proseslər xalqa birbaşa
çatdırılırdı.
Yuxarıda qeyd edildiyi kimi,
1993-cü ilin iyun ayında ölkədə faktiki olaraq 1920-ci
ilin ab-havası var idi, hakimiyyətdaxili çəkişmələr,
prezident kürsüsünün tərk edilməsi və
boş qalması, erməni təcavüzü dövləti
faktiki idarəedilməz bir vəziyyətə gətirib
çıxarmışdı. Siyasi böhran
günü gündən dərinləşirdi. Qeyd olunan gərginliyi nəzərə alaraq parlament
obyektiv mövqedən çıxış edərək iyun
ayının 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin
hamısının Ali Sovetin sədrinə verilməsi
haqqında Qərar qəbul etdi. Qərarda deyilirdi:
"...Hadisələrin bu səmtdəki
inkişafı, habelə mövcud şəraitdə respublika
həyatının mühüm sahələrini - müdafiəni,
təhlükəsizliyi, daxili hüquq qaydasını təmin
edən dövlət idarəetmə orqanları rəhbərlərinin
olmaması Azərbaycan dövlətçiliyini təhlükə
qarşısında qoyur, dövlət hakimiyyət
qurumlarının və idarəetmə sisteminin
dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində
yaranmış hakimiyyət boşluğu nəticəsində
müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır
cinayətlər, xüsusilə də qətllər, qarətlər,
ictimai təhlükəsi yüksək olan başqa əməllər
törətməkdədirlər. Vəziyyətin bu
cür kəskinləşməsi Azərbaycanın fəlakətinə,
dövlətçiliyimizin süqutuna səbəb ola bilər. Yaranmış vəziyyət
respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin
aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə,
qanunçuluğun bərpasına, bütün qüvvələrin
xarici təcavüzə qarşı səfərbər edilməsinə
yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edir. Azərbaycan
Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən
"Azərbaycan Respublikasının Prezidenti bu və ya
başqa səbəblərə görə öz vəzifələrini
daha icra edə bilmədikdə, Azərbaycan
Respublikasının yeni prezidenti seçilənədək
onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə
keçir...”.
Qeyd olunan bu cümlələrdə
o dövrün ifadə etməyə
çalışdığım mənzərəsi demək
olar ki, gözümüz önündə aydın şəkildə
canlanır. Bu mənzərə, qəbul edilmiş bu vacib qərarı
obyektiv şəraitdən doğan, tam əsaslandırılmış
bir qərar kimi dəyərləndirməyi tələb edir.
Parlamentin bu qeyd olunan qərarı qəbul olunduqdan sonra şəraiti
tam düzgünlüyü ilə qiymətləndirən Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirən sədr - Heydər Əliyev ölkədə
baş verən prosesləri izləyən xarici ölkələri
öz məramı ilə tanış etməyi
özünə borc bildi və 1993-cü il iyulun 2-də
müvafiq bəyanatla çıxış etdi:
"Azərbaycan
Respublikası adından bəyan edirəm ki, Azərbaycan
dövlətinin daxili və xarici siyasətində heç bir
dəyişiklik baş verməyəcəkdir. Bildirirəm
ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad
iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan dövləti
insan hüquqlarına və bütün beynəlxalq hüquq
normalarına riayət edəcək, respublikamızda
başlanmış demokratik islahatlar bundan sonra daha geniş və
sürətlə həyata keçiriləcəkdir...”
Bir məqamı da qeyd etməyi zəruri
hesab edirəm: baş verən çox mürəkkəb və
ağrılı hadisələr fonunda ölkə parlamentinə
rəhbərlik etmək, həqiqətən də o liderdən
çox böyük siyasi bacarıq tələb edirdi və
belə şəraitdə daxildə və xaricdə gedən
siyasi prosesləri dərindən təhlil edərək
düzgün qərar qəbul etmək yalnız və
yalnız nadir şəxsiyyətlərə xas ola
bilərdi. Aydın şəkildə
görünür ki, Heydər Əliyev həmin şəxsiyyətlərdən
idi və bu şəxsiyyət o mürəkkəb,
taleyüklü dövr üçün Azərbaycan
xalqına verilmiş bir şans idi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
ümummilli liderin parlamentə sədr seçildiyi 15 iyun
gününü haqlı olaraq belə qiymətləndirmişdi:
"Qurtuluş gününün Azərbaycanın müasir
tarixində çox böyük rolu vardır. Müstəqilliyimizi
əldə etdikdən sonra ölkəmiz çox böyük
problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə
düşmüşdü. Məhz
ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı, fəaliyyəti nəticəsində
ölkəmiz bu çətin günlərdən şərəflə
çıxa bilmişdi”.
Ulu öndər Ali Sovetin sədri
kimi, özünün 2 iyul tarixli bəyanatına uyğun
şəkildə ölkənin strateji maraqlarını nəzərə
alaraq, Azərbaycanın 20-ci əsrdəki beynəlxalq
münasibətlər sistemində yerini müəyyənləşdirdi,
əvvəlki hakimiyyətin buraxdığı kobud səhvlərin
ağır nəticələrini qısa zamanda aradan
qaldırdı. Göründüyü kimi, Azərbaycan
parlamentarizminin 1993-cü ilin iyunundan oktyabrına qədər
davam edən 4 aya yaxın bu mərhələsi ölkə
üçün nə qədər əhəmiyyətli və
taleyüklü bir mərhələ idi. Bu 4 ay başa
çatdıqdan sonra böyük seçici fəallığı
və səsvermə faizi ilə Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsi nəticəsində
onun parlamentə sədrlik dövrü başa çatsa da, Azərbaycanın
həyatında görünməmiş
sıçrayışla 2003-cü ilədək davam edən
keyfiyyətcə birinci mərhələ başladı -
ölkənin neft strategiyasının prioritetləri müəyyənləşdirildi,
"Əsrin müqaviləsi” imzalandı və məhz bu qərarlardan
sonra ölkədə son 25 ildə bir məqalənin səhifələrinə
sığmayacaq saysız-hesabsız quruculuq işlərinə
başlanıldı. Bütün bu sadalananlar göstərir
ki, Azərbaycan parlamentinin fəaliyyətinə xronoloji
baxış zamanı onun yuxarıda qeyd olunan "Azərbaycan
parlamentarizmi tarixinin ən əlamətdar hadisəsi
hansıdır” sualına verilmiş cavab kifayət qədər
əsaslandırılmış cavab idi və bütün bu
qeyd olunanların fonunda "Heydər Əliyev müasir Azərbaycan
parlamentarizminin banisidir” fikri bundan əvvəlki sualın
cavabı ilə tam ahəng yaratmış bir fikir kimi bizim
yaddaşımıza həkk olunacaq.
Azərbaycan parlamentarizminin zəngin
və taleyüklü Heydər Əliyev dövrü bitdikdən
sonra Milli Məclis öz fəaliyyətini zaman keçdikcə
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları,
parlamentarizm ənənələrinə uyğun olaraq davam
etdirməyə başladı. Aparılan
müşahidələr və təhlillər göstərir
ki, birinci çağırış Azərbaycan Respublikası
Milli Məclisinin fəaliyyəti üçüncü
çağırışa qədərki dövrdə ölkə
həyatında, dövlət quruculuğunda və
qanunvericiliyin "sabitləşməsi”ndə vacib olan normativ
hüquqi aktların, məcəllələrin, konstitusiya
qanunlarının qəbulu fonunda yadda qaldı. Normayaratma fəaliyyəti ilə bağlı
ümumi statistikaya nəzər salsaq görərik ki, I
çağırış Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən 797, II
çağırışda 843, III
çağırışda 956, IV
çağırışda 1267, V
çağırışda (29 iyun 2018-ci ilə qədər)
1129 qanun qəbul olunmuşdur. 1991-ci ildən
1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi
sayı isə 1000-dən çoxdur. Beləliklə,
Milli Məclis tərəfindən son 27 il ərzində
qəbul edilmiş qanunların ümumi sayı - mövcud
qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq
müqavilələrin təsdiq edilməsi haqqında qanunlar
da daxil olmaqla - 5992-yə yaxındır.
2005-ci ilin noyabrında
keçirilən seçkilərdən sonra fəaliyyətinə
davam edən üçüncü çağırış
Milli Məclislə hesab edirəm ki, Azərbaycan
parlamentarizminin növbəti mərhələsi başlayıb. Bu dövrdən
başlayaraq qanunverici orqan aparıcı beynəlxalq təşkilatlarla
öz əlaqələrini daha məhsuldar formada qurmuş,
seçkilərdən dərhal sonra Azərbaycan parlamentinin
binası və maddi texniki bazası parlament tarixində
heç vaxt olmadığı bir şəkildə - İKT-nin
müasir tələblərinə tam cavab verən səviyyədə
qurulmuş, qısa vaxtda yeni inzibati korpus tikilmiş, plenar
iclas zalı zəruri kompüter, video və audio
avadanlıqlarla təchiz edilmişdir. 2006-cı ilin payız
sessiyasında Parlamentin təntənəli
açılışında iştirak edən ölkə
prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə
nəzər salaraq geniş nitq söyləmiş, 2017-ci ilin
may ayında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla
cümhuriyyətin və parlamentin 100 illik yubileyinin dövlət
səviyyəsində geniş qeyd edilməsi qərara
alınmış və Azərbaycan Respublikasının Milli
Məclisinə parlamentin yaranmasının 100 illik yubileyi
münasibətilə xüsusi iclasın keçirilməsi
tövsiyə edilmişdir. Sərəncamda həmçinin
parlament tariximizin başlanğıc dövrü aydın
şəkildə təsvir edilmişdir: "...Cümhuriyyət
parlamentinin il yarımlıq fəaliyyəti
boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin
möhkəmləndirilməsinə, siyasi və iqtisadi
inkişafa, mədəniyyət və maarif sahələrində
sürətli irəliləyişə imkan verdi...”
Azərbaycan Respublikasının Milli
Məclisi öz fəaliyyətində parlamentarizm ənənələrinə
daim sadiqlik nümayiş etdirmişdir - Milli Məclis 11 dekabr
1998-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 80 illiyi haqqında” Qərar qəbul etmiş,
2008-ci il iyunun 19-da xarici ölkələrin parlament sədrləri,
sədr müavinləri, parlament üzvləri, beynəlxalq
parlament təşkilatlarının, eləcə də xarici
dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələrinin
iştirakı ilə Azərbaycan Parlamentinin 90 illik yubileyinə
həsr olunmuş təntənəli yığıncaq
keçirmişdir. 2018-ci ilin may ayında "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan
Respublikasının yubiley medalı”nın təsis edilməsi
ilə əlaqədar qəbul edilmiş qanun da hesab edirəm
ki, bu ənənəyə sadiqliyin göstəricisidir.
Bu gün tam əminliklə deyə
bilərik ki, Milli Məclis zəngin keçmişi, zəngin
irsi, zəngin kitabxanası, müasir iclas zalı, Heydər
Əliyev muzeyi, rahat iş mühiti olan bir parlamentə
çevrilmişdir. Yaradılmış bütün bu şərait,
görülmüş işlər, Milli Məclisin hakimiyyət
qanadı olaraq öz üzərinə düşən vəzifəni
müasir dünyanın parlamentlərinin iş prinsipinə
uyğun şəkildə həyata keçirə bilməsi
üçün əlverişli imkanlar yaratmışdır.
Bundan başqa Milli Məclis bu gün Avropa Şurası
Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatının
Parlament İttifaqı, MDB Parlament Assambleyası, Türkdilli
Ölkələrin Parlament Assambleyası, Avronest Parlament
Assambleyası kimi mühüm beynəlxalq təşkilatlarda
tamhüquqlu, NATO Parlament Assambleyası ilə assosiativ üzv
kimi yüksək səviyyəli əməkdaşlıq edir,
öz fəaliyyətində Azərbaycan xalqının
maraqlarını hər şeydən üstün tutur,
xalqın ona göstərdiyi etimadı bütün məsuliyyəti
ilə doğrultmağa çalışır, Azərbaycan
Respublikasının və xalqının adını hər
şeydən uca tutur. Biz, 100 yaşlı Azərbaycan
parlamentinin azad, güclü, müstəqil Azərbaycanımızın
möhkəmləndirilməsi və inkişafı, onun
müasir dünyanın əsas subyektlərindən birinə
çevrilməsi istiqamətində öz üzərinə
düşən vəzifələri yerinə yetirəcəyini
inamla deyə bilərik.
100 yaşın mübarək, Azərbaycan
parlamenti!
Ziyafət
ƏSGƏROV,
Milli Məclis sədrinin birinci müavini
Azərbaycan.-
2018.- 19 sentyabr.- S.1; 8-9