Masallı Sənaye Məhəlləsi iqtisadiyyatın və
sahibkarlığın inkişafına mühüm töhfə
verəcək
İlham Əliyev
Azərbaycanın sənayesinin inkişafı istiqamətində
çox düzgün yolda olduğunu, çox düzgün
addımlar atıldığını bəyan etdi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
18-də Masallı Sənaye Məhəlləsinin
açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır. Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahə elan olunub və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Masallı Sənaye Məhəlləsində görülən işlər, həmçinin ölkədə yaradılan və yaradılmaqda olan sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycanda ilk sənaye məhəlləsi dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işlərinə 200 nəfər cəlb olunub. Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu. Məlumat verildi ki, Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı Sənaye Məhəlləsində fəaliyyət göstərən "Perla” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ilə tanış oldu. Bu istehsalat sahəsinin yaradılmasında müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 1,2 milyon manatdır. "Perla” brendi ilə satışa çıxarılacaq müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. İstehsal sahəsində 30 daimi iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.
Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən istehsal sahəsi yaradılıb. Burada "Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.
"Birlik-3A” MMC isə Sənaye Məhəlləsində taxta evlər istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya məbləği 500 min manat olan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək.
"Kainat-2016” MMC-nin taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə əlavə dövlət dəstəyi göstərilərək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır.
Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır.
Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır.
Sonra Prezident İlham Əliyev Sənaye Məhəlləsində "Azərxalça” ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Bildirilib ki, Mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb.
Sənaye Məhəlləsində mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan şəraitlə də tanış oldu. Burada toplantı və təlimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, "Start-up”lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan digər sahələr var. İnzibati binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq "Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. "KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. "KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və "KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.
Sonra Prezident İlham Əliyev Məhəlləyə investisiya yatıran yerli sahibkarlarla görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Bu gün Masallı rayonunun həyatında əlamətdar bir gündür. Biz Masallı Sənaye Məhəlləsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Burada çalışan insanlara, sahibkarlara, fəhlələrə uğurlar arzulamaq istəyirəm. Çox gözəl hadisədir. Bu təşəbbüs Masallı rayonunun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək. Burada hazırda 200 iş yeri var, bundan sonra isə daha çox iş yeri yaradılacaq.
Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq.
Ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir.
Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.
Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.
Ona görə bu gün Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir.
Masallı rayonuna həmişə
böyük diqqət göstərilmişdir. Bu, mənim Prezident kimi
Masallı rayonuna 10-cu səfərimdir. Bütün səfərlər
zamanı biz çox önəmli obyektlərin, layihələrin
açılışını qeyd etmişik, o cümlədən
bu gün. Masallıda infrastruktur layihələrinin
icrası uğurla gedir. Qazlaşdırma 100 faizə
yaxınlaşır və əminəm ki, gələn il bütün yaşayış məntəqələri
və bütün sakinlər qazla tam təmin olunacaqlar. Bu, tarixi nailiyyət olacaq. Çünki
Masallıda əvvəlki illərdə qazlaşdırma
çox aşağı səviyyədə idi. Heç şəhərin böyük hissəsi
qazla təmin edilmirdi, o ki qaldı, kəndlərə,
ümumiyyətlə, qaz yox idi. İndi biz
100 faizə yaxınlaşırıq. Elektrik
enerjisi ilə bağlı məsələlər öz həllini
tapır, yeni yarımstansiyalar tikilir ki, Masallı sakinləri
dayanıqlı enerji ilə təmin edilsinlər. Mən 2016-cı ildə burada olarkən biz şəhərin
içməli su layihəsinin
açılışını qeyd etdik. Hesab
edirəm ki, bu da tarixi hadisədir. Masallı
şəhəri tam, ən yüksək standartlara cavab verən
içməli su ilə təmin edilib. İndi
kəndlərin su problemləri öz həllini tapır.
Digər infrastruktur layihələrinə
gəldikdə, yol tikintisi, xüsusilə kənd
yollarının tikintisi uğurla gedir. Mənə
verilən məlumata görə, kənd yollarının təxminən
85 faizi yenidən qurulub. Əminəm ki,
növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə
də kənd yolu qalmayacaq. Masallı şəhərinin
küçələrinin yenidən qurulması
üçün mənə rayondan müraciət edilib və
müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə
şəhərin bütün küçələri də ən
yüksək səviyyədə yenidən qurulacaqdır.
Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm
ki, bu gün Bakı-Astara magistral yolunun
açılışı olmuşdur. Bu
da tarixi layihədir. Çünki Azərbaycanın
imkanını göstərir və eyni zamanda, yol çox
keyfiyyətlidir, ən yüksək dünya standartlarına
cavab verir və məsafə baxımından Bakıdan Astaraya
gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur
və artıq yeni yol şəhərlərə girmir, - nə
Biləsuvar, nə də Masallı şəhərlərinə,
- yeni bir istiqamətlə düz sərhədə qədər
gedir. Əlbəttə, Masallı rayon
sakinləri də hesab edirəm ki, bunu çox yüksək
qiymətləndirəcəklər. Çünki
magistral yolla, xüsusilə yük maşınlarının
gecə-gündüz o tərəf-bu tərəfə işləməsi
insanları narahat edirdi, müəyyən təhlükə
yaradırdı.
Bu, infrastruktur layihələri
ilə bağlı olan işlərdir. Sosial məsələlər
Masallı rayonunda uğurla həll olunur. Mən
bütün açılışları yaxşı
xatırlayıram. Mərkəzi rayon xəstəxanasının
əsaslı təmirdən sonra açılışı,
göz xəstəxanasının, olimpiya kompleksinin, gənclər
evinin, "ASAN xidmət” mərkəzinin
açılışları – bütün bunlar çox
önəmli layihələrdir. Cənub
zonasında birinci "ASAN xidmət” məhz Masallı şəhərində
yaradılıb və mən iki il bundan əvvəl
açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə,
Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar
xidmətin işini yüksək qiymətləndirirlər.
Beləliklə, hesab edirəm
ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə
bağlı bütün əsas işləri
görmüşük. Əlbəttə, görüləsi
işlər hələ çoxdur. Baxmayaraq
ki, 40-dan çox məktəb tikilib və əsaslı təmir
edilib, hələ də təmirə ehtiyacı olan məktəblər
kifayət qədər çoxdur, onları da biz həll edəcəyik.
Əsas odur ki, bütün məsələlər
həll olunur, yerlərdən gələn təkliflərə
müsbət baxılır. Biz gələn
ilin əvvəlində regionların sosial-iqtisadi
inkişafına dair yeni Dövlət Proqramını qəbul
edəcəyik və yerlərdən gələn təkliflər
əlbəttə ki, proqramın tərtibatında
mühüm rol oynayacaq. Ona görə
sakinləri narahat edən məsələlər mütləq
məruzə edilsin, bizə göndərilsin ki, növbəti
proqramda bu günə qədər həll olunmayan bütün
məsələlər öz əksini tapsın.
Bir daha sizi bu gözəl
hadisə münasibətilə təbrik edirəm, sizə
uğurlar arzulayıram.
***
Masallı rayon ictimaiyyəti
adından dövlətimizin başçısına minnətdarlığını
bildirən sahibkar Süleyman QURBANOV dedi:
- Möhtərəm, cənab
Prezident, Sizi Masallı Sənaye Məhəlləsində
salamlayırıq. Masallıya xoş gəlmisiniz.
Tapşırığınıza
uyğun olaraq inşa edilən Masallı Sənaye Məhəlləsi
bu gün nəinki bizim rayonun, hətta ətraf rayonların da
inkişafına öz töhfəsini verəcəkdir. Masallı Sənaye Məhəlləsi
sənayenin inkişafı ilə yanaşı, həmçinin
çoxsaylı iş yerlərinin açılması deməkdir.
Bir sözlə, bizə burada çox gözəl
şərait yaradılmışdır, Sənaye Məhəlləmizdə
bank, poçt, tibb məntəqəsi, hüquq məsləhətxanası
fəaliyyət göstərəcəkdir. Sənaye məhəlləsində
yaradılmış yeni mexanizm - "Kiçik və Orta
Biznesin Dostu” Mərkəzi çoxsaylı xidmətlərlə
həmişə biz sahibkarların yanında olacaq. Sözün qısası, burada hər cür şərait
yaradılıb. Cənab Prezident, bu da dövlətimizin
güclü olması, Sizin biz sahibkarlara
göstərdiyiniz yüksək diqqət və qayğı
deməkdir.
Mən əvvəllər
Rusiyada fəaliyyət göstərirdim. Özəl
bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana
qayıtmağa, öz Vətənimdə fəaliyyət
göstərməyə sövq etdi. İndi
mən Masallı Sənaye Məhəlləsinə investisiya
yatırmışam, öz mebel istehsalı sahəmi
açmışam.
Cənab Prezident, rayonumuzun
inkişafına göstərdiyiniz yüksək diqqət və
qayğınıza görə bütün masallılılar
və masallılı sahibkarlar adından Sizə təşəkkür
edirik, minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2018.- 19 sentyabr.- S.2-3.