Prezident İlham
Əliyev: "Bu yol insanlara rahatlıq verəcək"
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad
avtomobil yolu ən yüksək standartlara cavab verir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad
avtomobil yolunun açılışında iştirak edib.
Bu gün ölkəmizdə yol-nəqliyyat
infrastrukturunun tamamilə yenidən qurulması və
müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin
yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri
birləşdirən avtomobil yollarının, yolayrıcıların
və körpülərin inşasına və yenidən
qurulmasına xüsusi diqqət yetirilir. Bu
cür yolların müasir səviyyədə inşası
regionların inkişafına müsbət təsir göstərir,
rayonların simasını əsaslı şəkildə dəyişdirir,
həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz
və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu
nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr
uğurla icra olunur. Bu isə dövlətimizin
həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş
öz həyatında hiss edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Saleh Məmmədov yolun texniki göstəriciləri
barədə dövlətimizin başçısına məlumat
verdi.
Bildirildi ki, 20 mindən çox əhalinin
yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad
avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü
texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət
zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb,
11,6 min kubmetr tikinti materialından və asfalt-beton
örtüyündən istifadə edilib. Yol
boyunca nişanlar və göstərici lövhələr
quraşdırılıb.
Qeyd edək ki, dövlətimizin
başçısının bu ilin yanvarında
imzaladığı Sərəncama əsasən tikilən
avtomobil yolu dörd yaşayış məntəqəsinin
rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında, həmçinin bu
bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev
yolun rəmzi açılışını bildirən lenti
kəsdi.
Sonra dövlətimizin
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Dövlətimizin
başçısı görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Biləsuvar rayonunda
çox gözəl bir gündür, biz yeni kənd yolunun
açılışını qeyd edirik. Bu
münasibətlə sizi ürəkdən təbrik edirəm.
Bu yol bir neçə kəndi birləşdirir.
On beş kilometr uzunluğunda olan bu yol ən
yüksək standartlara cavab verir. Bu kəndlərdə
16 min əhali yaşayır. Bu yol insanlara
rahatlıq verəcək.
Biləsuvar rayonunda yol
infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə
rayonun əksər kənd yolları əsaslı şəkildə
təmir və bərpa olunub. Mənə
verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin
təqribən 80 faizi artıq müasir yollarla təmin edilib.
Bu gün buraya gələrkən magistral yoldan
Biləsuvar şəhərinə qədər – bu yola qədər
yolun keyfiyyətinə fikir verdim və heç də mənim
xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla
bağlı fikirləriniz var. Ona görə indi dərhal
göstəriş vermişəm, müvafiq Sərəncam
imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin
vəsait ayrılacaq və gələn ilin təqribən yaz
aylarına qədər bu yol tam əsaslı təmir ediləcək.
Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan
çıxıb, həm də ensizdir. Göstəriş
vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar
şəhərinə giriş çox gözəl, möhtəşəm
olsun.
Ölkəmizdə yol
tikintisi ilə bağlı işlər uğurla gedir. Bu gün
Masallı rayonunda bir neçə kəndi birləşdirən
24 kilometr uzunluğunda yolun açılışını
qeyd etdik, indi isə Biləsuvarda. Yəni,
biz bir gündə 40 kilometrə yaxın kənd
yollarının açılışını qeyd etdik.
Ölkəmizdə yol
tikintisi geniş vüsət alıb. Bu il Dövlət
İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı
təmir olunması nəzərdə tutulub və yenidən
qurulur. O cümlədən magistral yolların salınması,
onların ən yüksək standartlara
çatdırılması prosesi də gedir.
Bu gün ölkə əhəmiyyətli
Bakı-Astara yolunun açılışını da qeyd
etdik. Bu, çox gözəl yoldur. Deyə
bilərəm ki, dünyanın ən yüksək
standartlarına cavab verir, çox rahat, təhlükəsiz
bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol
Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır,
çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ
biləcəklər. Eyni zamanda, əvvəlki
yol Biləsuvar şəhərinin içi ilə gedirdi və
əlbəttə ki, şəhər sakinləri
üçün müəyyən narahatlıq
yaradırdı. Yadımdadır, 2000-ci ildə
günlərin birində mən o yol ilə gələrkən
mənim yaxın dostumla da görüşmüşdüm.
2000-ci ildə parlament seçkiləri ərəfəsində,
Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni
salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım.
Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər
hər dəfə Biləsuvarda olarkən
görüşürük. İndi isə magistral
yol çəkilib. Biləsuvar rayonunun
yolları əsaslı şəkildə təmir olunur.
Biləsuvar rayonuna diqqət
daim yüksək səviyyədə olubdur. Bu, mənim
Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir
çox sosial, iqtisadi obyektlərin açılışında
görüşmüşük - xəstəxananın,
Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin
açılışı. Bir sözlə,
Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun
infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi
90 faizə yaxındır. Göstəriş vermişəm
ki, gələn il Biləsuvar rayonunun
qazlaşdırılması 100 faizə
çatdırılsın, bu günə qədər həll
olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli
su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində
yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə
təminat yaxşılaşır. Bir
sözlə, infrastruktur məsələlərinin həlli
gözəl imkanlar yaradır, həm insanların
rahatlığını təmin edir, həm də iqtisadi
inkişafa təkan verir.
Ölkəmizdə kənd təsərrüfatının
inkişafı ilə bağlı çox ciddi addımlar
atılır.
Biz əsas ərzaq məhsulları ilə
özümüzü təminetmə səviyyəsinə
çox yaxınlaşmışıq. Biləsuvar
rayonunda kənd təsərrüfatı, o cümlədən
pambıqçılıq və digər sahələr
uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə,
deyə bilərəm ki, son üç il ərzində
əkin sahələri üç-dörd dəfə
artırılıb. Məndə olan məlumata görə, bu
il 12 min hektarda pambıq əkini təşkil
edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min
hektarda. Çünki pambıqçılıq
Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı
sahəsidir, əməktutumlu sahədir, məşğulluğu
artırır, insanların rifah halını
yaxşılaşdırır. Kənd təsərrüfatının
digər sahələri də böyük önəm
daşıyır. Bu ilin 8 ayında kənd
təsərrüfatımız əhəmiyyətli dərəcədə
artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə
təxminən 11 faiz artıb. Biz bu istiqamətdə
işlərimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycanın hər bir
rayonunda quruculuq-abadlıq işləri aparılır və
rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi,
içməli su xətlərinin çəkilişi,
qazlaşdırma - bütün bunlar böyük vəsait tələb
edir. Azərbaycan dövləti bu istiqamətdə
öz siyasətini aparır, insanların sosial rifahı,
onların yaxşı yaşaması üçün
bütün işlər görülür. Bizim kifayət qədər böyük
imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə
resurslarımız. Bu il biz öz
valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə
artıracağıq. Səkkiz ayın
yekunları da çox müsbətdir. Bizim
ixracımız əhəmiyyətli dərəcədə
artıb və ixrac idxalı təqribən ən azı 5
milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin
möhkəm səviyyədə saxlanmasına xidmət edir və
bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri
icra edək. Bütün bunları biz
öz hesabımıza edirik. Biz
güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan
dünya miqyasında özünü ən yüksək səviyyədə
təqdim edir.
Əlbəttə ki, ordu
quruculuğu ilə bağlı məsələlər öz
həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın
50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə
və bir neçə gün bundan əvvəl Bakının
işğalçılardan azad olunmasına həsr edilmiş
hərbi paradlar bizim gücümüzü, qüdrətimizi
göstərib. Əlbəttə, bizim
ordumuzun bu səviyyədə olması hər bir vətəndaş
üçün qürur mənbəyidir.
Bu gün bizim tədbirdə
Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak
edir. Ona mən
xüsusi minnətdarlığımı bildirmək istəyirəm
ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz,
qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə
alıb, Vətən uğrunda döyüşüb, Vətən
uğrunda həlak olub, şəhid olub. Təkbaşına
bir çox işğalçını məhv edərək
şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi
ki, ölümə gedir, bilirdi ki, o döyüşdən
sağ-salamat çıxmayacaq. Buna baxmayaraq,
canından keçdi və düşmənə Azərbaycan əsgərinin
hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi.
Biləsuvar rayonu fəxr edə bilər ki, belə
gözəl övlad yetişdirib və bu gün Azərbaycan
Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə
olması Mübariz kimi övladlarımızın
addımları, qəhrəmanlığı nəticəsində
olmuşdur.
Bu gün Ermənistan ordusu
bizimlə rəqabət apara bilməz. Ermənistan
indi çox ağır vəziyyətə düşüb.
İyirmi il Ermənistana rəhbərlik
etmiş kriminal diktatura rejimi çöküb. Mən
dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə
idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə
gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir,
sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan
sərhədində gərginliyə rəvac verən
addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli
cavabını verir, verəcək, necə ki, 2016-cı ilin
aprel döyüşlərində onları yerinə oturtdu,
torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may
ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat
nəticəsində böyük ərazi nəzarətimizə
keçdi. Bundan sonra da biz onlara lazım olan
vaxtda tutarlı cavablar verəcəyik. Düşmən
bilir ki, bizim qarşımızda duruş gətirə bilməz.
Baxın, bir neçə gün bundan əvvəl
onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan
sərhədində atışma olubdur və əsgərlərimiz
onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə
özlərinə gəlsinlər.
Biz bu istiqamətdə siyasətimizi
ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik,
daha da böyük vəsait ayıracağıq və ordumuzun
döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş
etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin
hazırlığı düşmənə yaxşı bir
siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.
Biz isə bundan sonra da
uğurla inkişaf edəcəyik. Ordu quruculuğu,
iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi
– bütün bu istiqamətlər üzrə uğurlu siyasət
aparılır. Bu gün Azərbaycan
dünya miqyasında çox böyük hörmətə
malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik
adasıdır, inkişaf, quruculuq yeridir. Bunun
təməlində Azərbaycan xalqının zəhməti,
xalq-iqtidar birliyi dayanır.
Mən sizi bir daha bu gözəl
hadisə münasibətlə ürəkdən təbrik edirəm,
sizə yeni uğurlar arzulayıram.
***
Rayon ictimaiyyəti adından
çıxış edən Akif
KAZIMOV dedi:
-Möhtərəm cənab Prezident,
mən Sizi Biləsuvar ictimaiyyəti adından səmimi
salamlayıram, rayonumuza xoş gəlmisiniz.
Bu gün bizim
üçün çox əlamətdar bir gündür. Sizin
iştirakınızla rayonumuzun dörd kəndini birləşdirən
bu gözəl avtomobil yolu istifadəyə verilir. Bu yolun əhəmiyyətini sözlə ifadə etmək
çox çətindir. Sakinlərimiz
rayon mərkəzinə gedərkən minbir əziyyətlə
üzləşirdilər. Payız-qış
aylarında, ümumiyyətlə, bu yolda palçıq
üzündən hərəkət etmək mümkün
deyildi. Yay aylarında isə toz-torpaqdan evlərin
qapı-pəncərələrini açmaq mümkün
olmurdu. Sizin
tapşırığınıza əsasən aparılan əsaslı
yenidənqurma işlərindən sonra belə bir gözəl
yol istifadəyə verildi və bizim canımız o çətinliklərdən
birdəfəlik qurtuldu.
Cənab Prezident, hər gün
yüzlərlə nəqliyyat vasitəsi, minlərlə insan
bu rahat yoldan istifadə edir. Onlar dərin minnətdarlıq
hissi ilə Sizə həmişə duaçıdırlar.
Atalar demişkən, abad kənd yolundan bilinər.
Sizin göstərişinizə,
qayğınıza və diqqətinizə əsasən
ölkəmizdə geniş vüsət alan
yol tikintisi bu gün Azərbaycanın inkişafından xəbər
verir. Mən uzun müddət müxtəlif rəhbər
vəzifələrdə işləmişəm və bilirəm
ki, yol tikintisi çox baha başa gəlir, böyük maliyyə
vəsaiti tələb edir. Lakin
bütün dünyanı bürüyən maliyyə və
iqtisadi böhranlara baxmayaraq, bu gün Ələt-Astara
magistralı kimi nəhəng bir layihənin
reallaşdırılması Azərbaycanın gücündən
xəbər verir.
Ələt-Astara yolu demək
olar ki, regionun şah damarıdır. Bu yol cənub
zonasının iqtisadi inkişafına, xüsusən turizmin
canlanmasına böyük təkan verəcək. Həm də ki, kəndli öz yetişdirdiyi məhsullarını
mərkəzi şəhərlərə çıxartmaq
imkanına malikdir.
Cənab Prezident, Sizin rayonumuza hər
səfəriniz zamanı həllini gözləyən bir
çox problemlər yoluna qoyulur. Bu gün də
təzə inşa edilən Gənclər Evi və Bayraq
Muzeyi bizə hədiyyə olunur.
Cənab Prezident, Allah-Təala
qurub-yaradan, yol çəkən, su çəkən, ağac
əkən, bina tikən, bağ salan insanları sevir, himayə
edir və qoruyur. Siz bir lider olaraq Azərbaycanı,
xalqımızı, dövlətimizi işığa
doğru, inkişafa doğru, təhsilə doğru, dünyəviliyə
doğru, müasirliyə doğru və nura doğru inamla
aparırsınız.
Cənab Prezident, bu, Heydər
Əliyev siyasətinin təntənəsidir. Siz
bu siyasəti daha da inkişaf etdirərək bu gün Azərbaycanı
bu səviyyəyə çatdırmısınız. Siz çox humanist və səxavətli rəhbərsiniz.
Siz bizim qayğımıza qalırsınız,
şəhərlərimizi, kəndlərimizi,
yollarımızı abadlaşdırırsınız, bu
işlərə səxavətlə çox böyük vəsait
sərf edirsiniz.
Biz Sizə möhkəm
cansağlığı arzu edirik. Biz Sizə minnətdarıq.
Biz Mehriban xanıma minnətdarıq. Siz Azərbaycan uğrunda gecə-gündüz
çalışırsınız, işləyirsiniz, Azərbaycanı
dünya səviyyəsinə çıxarırsınız.
Bu, bizim fəxrimizdir. Biz
Sizinlə fəxr edirik. Allah-Təaladan Sizə
uzun ömür, cansağlığı diləyirəm.
Allah-Təala Sizi və ailə üzvlərinizi
qorusun. Sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan. - 2018.- 19 sentyabr.- S.4-5.