Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
ANA SƏHİFƏ / Səfərlər 17:27 18.09.2018
Dövlət atributlarımıza xüsusi
ehtiram nümunəsi
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, indi əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
Məlumat verildi
ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa
çatdırılıb. Ümumi ərazisi
400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati
və yardımçı otaqlardan ibarətdir.
Muzeyin sərgi zalında ümumilikdə
6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün
xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks
etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan
şəhərlərinin gerbləri, qədim metal
sikkələr, kağız pullar sərgilənir.
Bundan əlavə,
Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan
SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar,
gerblər, bayraqlar, Silahlı Qüvvələrin
geyim formaları, Ümummilli
Liderin andiçmə mərasimindən
fotoşəkillər, Ulu Öndərin
dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham
Əliyevin andiçmə, Bayraq
Meydanının açılışı mərasimlərində
çəkilmiş fotoşəkilləri, poçt
markaları, orden və medallar
muzeyin ekspozisiyasına daxildir.
Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını
daşıyan mədəniyyət və istirahət
parkında yaradılıb və burada hündürlüyü 56 metr
olan Dövlət Bayrağı
ucaldılıb, ətrafında fəvvarə kompleksi
inşa edilib,
postamentdə Azərbaycan Respublikasının gerbi,
himni, xəritəsi əks olunub.
Azərbaycan.- 2018.- 19 sentyabr.- S.5.