Masallı şəhərində yeni
infrastruktur layihələrinin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Masallı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45,0 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artmış, Olimpiya idman kompleksi, "ASAN həyat” kompleksi, bayraq meydanı və Dövlət rəmzləri muzeyi, Tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Uşaq-incəsənət məktəbi, regional boks və taekvando mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilmiş, rayon mərkəzi xəstəxanası, Mədəniyyət mərkəzi əsaslı təmir olunmuş, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq "Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Masallıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 19 sentyabr.-
S.6.