Azərbaycan Cənubi Qafqazda
Avstriyanın əsas ticarət tərəfdaşıdır
"Avstriya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Əlaqələrimizin dərinləşməsi nəticəsində iki ölkə arasında möhkəm hüquqi baza yaranıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollar, cari ilin ilk altı ayı ərzində isə 216 milyon dollar təşkil edib”.
Bu fikri dünən Milli Məclisin Sədri Oqtay Əsədov Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşdə söyləyib. Bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edən sədr bildirib ki, qarşılıqlı yüksək səfərlər, biznes forumlar ticarət dövriyyəsinin həcminin artırılmasında faydalı olacaq.
Milli Məclisin Sədri Azərbaycanın Cənubi Qafqaz regionunda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynadığını qonağın diqqətinə çatdırıb.
Parlamentlərarası əlaqələrdən söz açan Oqtay Əsədov bu münasibətlərin razılıq doğurduğunu və Avstriya nümayəndə heyətinin sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün dünyada tanınır: "Biz bu münaqişənin sülh yolu ilə həllinə hələ də ümid edirik və bunun üçün səylərimizi artırırıq. Bu istiqamətdə Avstriyanın da ölkəmizə dəstək göstərəcəyinə inanırıq”.
Azərbaycan və Avstriya arasındakı mövcud əlaqələrin inkişafından söz açan vitse-kansler Haynts-Kristian Ştraxe yüksək səviyyəli qarşılıqlı səfərlərin və 2010-cu ildə ölkəmizdə Avstriya səfirliyinin fəaliyyətə başlamasının bu münasibətlərin daha da yaxşılaşmasına faydalı olduğunu söyləyib. Bu səfər isə əlaqələri daha da dərinləşdirməyə xidmət edəcək. Qonaq həmçinin qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas ticarət tərəfdaşıdır.
Vitse-kansler hesab edir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi mövcud potensialdan aşağıdır. O, ölkəsinin Avropanı Şərqə aparan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyərək, Avstriyanın nəqliyyat, dəmir yolu, su, ekologiya, internet texnologiyalarının inkişafı, tullantıların emalı, onların enerji sahəsindəki istifadəsi və bir çox sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Fərizə ƏHMƏDOVA,
Azərbaycan.- 2018.- 19 sentyabr.- S.6.