Azərbaycan elminin fəxri

 

Təbiət kimi, insan da gözəlliklə dolub-daşır.

 

Aida İmanquliyeva

 

Hər il sentyabrın 19-da Azərbaycan elmində müstəsna yeri olan görkəmli şərqşünas-alim, filologiya üzrə elmlər doktoru, professor Aida xanım İmanquliyevanın anım günüdür. Bu günlərdə böyük alimi tanıyan, tələbəsi və həmkarı olanlar, bütövlükdə ölkə ictimaiyyəti onu yad edir, elmi yaradıcılığına və keçdiyi həyat yoluna nəzər salmağa ehtiyac duyurlar.

Aida İmanquliyevanın elmi yaradıcılığı həqiqətən çox əvəzsiz, qiymətli və dəyərlidir. O, elmdə də, ictimai fəaliyyətində də, şəxsi həyatında da həmişə olduğu kimi görünürdü. Alimin fundamental əsərləri”Mixail Nüaymə və "Qələmlər birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”, yerlixarici nəşrlərdə çoxsaylı məqalələri həm bizim vətən elminin görünən bir fəslini, həm də bu gün çox vacib olan elmi axtarışların mənəvi əsasını təşkil edir.

Aida İmanquliyevanın elmi əsərləri onun dərin, humanist şəxsiyyətinin təzahürüdür. O, çox gözəl, zəhmətkeş, elmli bir Azərbaycan xanımı olmaqla yanaşı, həm də zahiri görünüşü ilə hamının diqqətini çəkmiş və ömrünün sonunacan əsl Azərbaycan xanımına məxsus ləyaqətli davranış normalarını gözləyən bir qadın, nümunəvi ana kimi yaddaşlarda qalmış, ürəklərdə kök salmışdır.

Bütün həyatını daim elmi axtarışlarda keçirən şərqşünas-alimin, böyük ağıl sahibieyni zamanda, təvazökar insan olan Aida xanımın yaradıcılığı elmi özü uçun əsas məqsəd seçən hər kəsə örnək ola bilər.

Aida Nəsir qızı İmanquliyeva 10 oktyabr 1939-cu ildə Bakıda görkəmli jurnalistpedaqoq Nəsir İmanquliyevin ailəsində doğulmuşdur. Ona görə də təəccüblü deyil ki, filoloji ixtisas onun üçün uşaqlıq çağından yaxın olmuş və ailə mühiti gələcəkdə ixtisas seçiminə təsir etmişdir. 132 saylı şəhər orta məktəbini bitirəndən sonra gənc qız Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuş və 1962-ci ildə buranı əla qiymətlərlə bitirmişdir. Dərin və hərtərəfli universitet hazırlığı, ilk mənbələri dəqiq və diqqətli təhliletmə bacarığı gələcəkdə Aida İmanquliyevanın elmimizin böyük ərəbşünas-alimi və pedaqoqu kimi formalaşmasında əsas rollardan birini oynamış oldu.

Həmin illərdə ailə həyatı qurub Mir Cəlal Paşayev ocağına gəlin gəlir, sonra isə elmə marağı onu Moskvaya, SSRİ Elmlər Akademiyasının aspiranturasına gətirir və 1966-cı ildə Aida xanım burada namizədlik dissertasiyasını müdafiə edir. Onu maraqlandıran məsələlərdən ən əsası ərəb mühacir ədəbiyyatı olmuşdur. Bu istiqamətdə gənc alim yeni ideyalar irəli sürür, lazım gələndə tənqidi fikirlər söyləməkdən də çəkinmirdi. Müdafiədən sonra istedadlı alimin fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə bağlanır. Burada o, elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, direktor müavini vəzifələrində çalışır. 1989-cu ildə Tiflisdə doktorluq dissertasiyasını müdafiə edir və 1991-ci ildən ömrünün sonunadək institutun direktoru kimi çalışır, bu vəzifədə həm də şərqşünaslıq sahəsində Azərbaycanda ilk qadın elmlər doktoru kimi yaddaşlarda qalır.

Aida İmanquliyeva öz elmi əsərləri və tədqiqatları ilə Azərbaycan şərqşünaslıq elmində yeni bir istiqamətin - yeni ərəb ədəbiyyatının tədqiqinin təməlini qoymuşdur. O, bu yolu sevərək seçmiş, araşdırdığı Şərq və Qərb mədəni əlaqələrinin öyrənilməsi üçün böyük əmək sərf etmişdir. Sivilizasiyalararası dialoq ideyasının siyasi, elmi, kulturoloji səviyyələrdə gündəmə çıxması əvvəlcə elmi, ədəbi yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Demək olar ki, indiki siyasətdə problem kimi aktuallaşan bir məsələ hələ XX əsrin əvvəllərində əksər yazıçılar tərəfindən dərk olunmuş və qaldırılmışdır. Aida xanım isə həmin ədəbi proseslərin XX əsr üçün böyük siyasi-ictimai mənasını dərk edərək həmin problemi Azərbaycan şərqşünaslıq məktəbinin vacib hissəsinə çevirə bilmişdir.

Alimin adı ilə Azərbaycanda ərəb, Şərq filologiyası sahəsinin çiçəklənmə dövrü də sıx bağlıdır. Onun bu sahədə əldə etdiyi nailiyyətlər müasirləri tərəfindən tanınmış və yüksək qiymətləndirilmışdir. Artıq onun birinci kitabı olan "Mixail Nüaymə və "Qələmlər birliyi” alimlərin diqqətini cəlb etmişdir. Burada yeni nəsil ərəb ədibləri haqqında səslənən fikirlər Misir, Livan, Suriya və digər ərəb ölkələrinin elmi dairələri tərəfindən maraqla qarşılanmışdır. Demək olar ki, sovet şərqşünaslıq elmində ilk dəfə müasir ictimai elmlərin prioritet araşdırma istiqaməti olan, mədəni müxtəlifliyin səciyyəvi elementlərini Aida xanım hələ keçən əsrdə müəyyənləşdirə bilmişdir. Onun yaradıcılıqlarını öyrənib araşdırdığı Əmin ər-Reyhani, Cübran Xəlil Cübran, Mixail Nüaymə yalnız ədib deyil, həm də ərəb dünyasının böyük vətənpərvər mütəfəkkirləri idilər ki, onlara bu aspektdə də baxılmış və qiymət verilmişdir. Professor A.İmanquliyeva öz əsərlərində Şərq və Qərb dünyagörüşlərinin və düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərini və bunun ədəbiyyatda əksini öz tədqiqat məqsədlərindən biri etmiş, bu problemi aktuallaşdıran uzaqgörən vətəndaş alim olmuşdur.

Aida İmanquliyevanın elmi yaradıcılığında ədəbiyyatşünaslıq, xüsusən ədəbiyyat nəzəriyyəsi ilə bağlı çox ciddi məsələlər də problem kimi qoyulmuşdur. Onların sırasında ədəbiyyatın missiyası və poeziyanın mahiyyəti məsələləri, ədəbi-bədii cərəyanların mahiyyəti, ədəbi-bədii əsərlərin müqayisəli tədqiqi, Qərb və Şərqdə meydana gələn ədəbi üslubların yaranması və inkişafı da olmuşdur. Bütün bu məsələlər üzrə tədqiqatçının həm də Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni baxışları mövcud idi. Çünki Aida xanım araşdırdığı problemlərin daim mahiyyətinə varmağı özünə borc hesab edirdi. O, araşdırmalarının obyekti olan Şərq və Qərb ədib və mütəfəkkirlərinin fikirlərini təhlil edərkən ədəbiyyatın, ədəbi prosesin mahiyyəti və vəzifələri haqqında tam təsəvvür yaradır ki, bunlar hamısı Azərbaycanın ədəbiyyat nəzəriyyəsi üçün zəngin materialdır.

Bir məqamı da qeyd etmək lazımdır ki, alimin fəaliyyəti çoxsahəli və rəngarəng olmuşdur. O, nəinki bədii tərcüməyə maraq göstərmiş və bir sıra ərəb yazıçısının əsərlərinin Azərbaycan dilinə çevrilməsində iştirak etmişdir, həm də müxtəlif səviyyələrdə keçirilən konfranslarda çıxışları ilə yadda qalmış, yerlixarici nəşrlərdə məqalə və məruzələrini dərc etdirmiş, elmi əsərlərə resenziyalar yazmış və elmi işlərə rəhbərlik etmişdir.

Alimin həmkarları vurğulayırlar ki, Aida İmanquliyevanın əsərləri çox dəqiq, heç bir faktı nəzərdən qaçırmayan, nəticələri düşünülmüşelmi olan araşdırmalardır. düşünürük ki, bu gün də Şərq filologiyası problemləri ilə məşğul olan hər bir tədqiqatçı onun Şərq xalqlarının mədəni irsi məsələlərini əhatə edən əsərlərini mütləq diqqət mərkəzində saxlamalıdır. Görkəmli elm xadiminin kitabları özündə qiymətli faktiki materialları ehtiva edir ki, onların əsasında müasir araşdırmalarda daha geniş ümumiləşdirmələr aparmaq mümkündür.

Ümumiyyətlə, alimin kitabları sovet və Azərbaycan şərqşünaslığına dünya ərəbşünaslıq elminin o vaxt üçün əldə etdiyi nailiyyətləri gətirə bilmiş və ərəb filologiyası və ədəbiyyatşünaslığı üçün başlanğıc nöqtəsi olmuşdur. Aida xanımın əsərləri bu gün bir məktəbdir, müasir tədqiqatçılar üçün nəzərdə tutulan mükəmməl akademik bir məktəb. O məktəbdən yüzlərlə alim bəhrələnmiş, elmin yüksək zirvələrinə qədəm qoymuşlar.

Aida İmanquliyevanın pedaqoji fəaliyyəti də diqqətəlayiqdir. O, Azərbaycanda, həm də keçmiş SSRİ məkanında yeni ərəb ədəbiyyatı kursunun yaradıcısı olmuşdur. Ərəb mühacirət ədəbiyyatından ixtisas fənnini BDU-da tədris edən ilk pedaqoq kimi də tanınırdı. Onun tələbələri sevimli müəllimlərinin mühazirələrini səbirsizliklə gözləyir, yeni biliklərə və elmi yeniliklərə yiyələnirdilər. Bu gün alimin bir neçə nəsil tələbələri, o cümlədən bu sətirlərin müəllifi müxtəlif elmi sahələrdə çalışır və minnətdarlıqla onlara ərəb ədəbiyyatına məhəbbəti aşılayan pedaqoqu, gözəl, səmimi insanı - Aida xanımı xatırlayırlar. Ona görə də tamamilə məntiqidir ki, böyük alimin xatirəsini əbədiləşdirmək üçün onun adına təsis olunmuş təqaüd təhsil aldığı və müəllimi olduğu BDU-nun Şərqşünaslıq fakültəsinin əlaçı tələbələrindən birinə verilir.

Aida xanımın kitabları bir sıra dillərə tərcümə olunur, dünyanın elmi mühitində geniş yayılır və yüksək səviyyədə qəbul olunur. Bu isə milli elmi fikrimizə artıq müstəqillik dövründə qoyulmuş bir tarixi abidədir. Aida xanımın həm Şərq, həm də Qərb elmi ənənələrini dərindən bilməsi, ərəb-müsəlman mədəniyyətinin məntiqini, mənasını və ruhunu dərindən anlaması son zamanlar ərəb və islam dünyasının dəyərlərinin dərkinə olan tələbat artdıqca onun elmi nəticələrinə yeni bir ahəng verir.

Aida xanımın elmi fəaliyyəti ilə yanaşı, nümunəvi ailəsi də olmuş, o, Azərbaycan cəmiyyətində tanınmış, dəyərli vətəndaşlar tərbiyə etmişdir. Bu gün övladları analarının şəxsiyyəti, elmi fəaliyyəti ilə fəxr edironun xatirəsini daim uca tuturlar.

Aida İmanquliyevanın həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, böyük aliminsan, zamanını qabaqlayıb özünəməxsus fikir azadlığına və onu ifadə etmək qabiliyyətinə, elmi sərbəstliyinə görə yeni əsrin adamı ola bildiyaddaşlarda əbədi yaşadı.

 

Nərgiz AXUNDOVA,

AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik

 

Azərbaycan.- 2018.- 19 sentyabr.- S.10.