İxrac idxalı 5 milyard dollar üstələyir
Güclü iqtisadiyyata malik olan müstəqil Azərbaycan
dünya miqyasında özünü ən yüksək səviyyədə
təqdim edir
Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir.
Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı, 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.
Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında söyləmişdi. Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işlərinin aparıldığını, rayonların inkişafına böyük sərmayə qoyulduğunu vurğulayan dövlət başçısı qeyd etmişdi ki, görülən işlər ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Regional inkişaf proqramlarının töhfələri
Son 15 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri göz önündədir. Azərbaycan regionları demək olar ki, artıq güc amilinə çevrilib.
Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.
Regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan İlham Əliyev hər il bölgələrə səfərlər edərək verdiyi tapşırıqların icrası ilə yerində tanış olur, əhali ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanır. Öz tapşırıq və tövsiyələrini verən dövlət başçısı səfər başa çatdıqdan sonra narahatçılıq doğuran məsələlərin həll edilməsi ilə bağlı müvafiq fərman və sərəncamlar imzalayır. Prezidentin Ehtiyat Fondundan müvafiq vəsaitlər ayrılır.
İlham Əliyevin yeni iqtisadi siyasəti dərin elmi-nəzəri əsaslara, praktik reallığa əsaslanmaqla, respublikanın bütün sahələrdə davamlı inkişafına xidmət edir. Təkcə bir fakta nəzər yetirmək kifayətdir. Əgər bir vaxtlar şəhər və rayonlarımız təbii qaz və elektrik enerjisinə həsrət qalırdısa, bu gün Babadağın ətəyindəki ucqar Lahıcda da mavi qaz şölələnir. Bu, həqiqətən, Azərbaycanın qüdrətinin nümayişidir.
Rahat, təhlükəsiz yollar, maneəsiz hərəkətin
təmini
Son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı, 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.
Azərbaycan həm də "Şimal-Cənub” və "Şərq-Qərb” nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə, bu işə öz mühüm töhfəsini verir. Müstəqil Azərbaycan xarici sərmayə cəlb etməklə, həm də Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasında yaxından iştirak edir. Ölkəmizin bu uğurlarını dəyərləndirərkən cənab İlham Əliyev deyib ki, beynəlxalq bazarlara və dənizə çıxışı olmayan bir ölkənin Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi tarixi nailiyyətdir.
Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yol ayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.
Bundan başqa, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Sentyabrın 18-də dövlət başçısının açılışında iştirak etdiyi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Xatırladaq ki, indi "köhnə yol” adlandırılan mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idi. Yəni yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır.
Magistral yol "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Dövlət başçısı respublikanın cənub bölgəsinə səfəri zamanı həmçinin Biləsuvarda 20 mindən çox nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun və Masallıda 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli- Məmmədxanlı avtomobil yollarının açılış mərasimlərinə qatılıb.
Yeni inkişaf mərhələsinə qədəm qoyan
Azərbaycan sənayesi
Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib, eləcə də xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradıb.
Son 15 ildə Azərbaycan
iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb. Dövlət
başçısının yeni iqtisadi konsepsiyasına
uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft ixracının artırılması üzrə
kompleks tədbirlər görülüb.
Xüsusilə sənayenin
müxtəlif sahələrinin inkişafına böyük
diqqət göstərilir. Bu da təsadüfi
deyil. Çünki sənaye
iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə
siyasətinə uyğun olaraq ölkədə yüzlərlə
müasir sənaye müəssisəsi yaradılıb.
Bütün bunların nəticəsində
daxili tələbatın ödənilməsində yerli məhsulların
payı əhəmiyyətli dərəcədə artıb,
ixracın həcmi isə genişlənib. İndi
ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənayenin, həmçinin
qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək
və əhalinin məşğulluğunu artırmaq məqsədilə
nəhəng sənaye parkları və məhəllələri
yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli
istifadə etməklə sənaye sahələrinin
inkişafı, istehsal prosesinin təşkilində infrastruktur
xərclərinin azaldılması baxımından bu cür sənaye
parklarının və məhəllələrinin müstəsna
əhəmiyyəti var. Bu obyektlər sahibkarlar arasında
kooperasiya əlaqələrinin gücləndirilməsi və
məşğulluqda sənayenin xüsusi çəkisinin
artırılması baxımından da müstəsna rol
oynayır.
Bu məqsədlə dövlət
başçısının müvafiq sərəncamları
ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye
məhəllələrinin yaradılması qərara
alınıb.
Artıq Neftçala Sənaye Məhəlləsi
sahibkarların istifadəsinə verilib. Məhəllədə
"Xəzər” avtomobil zavodu, balıq yemi, plastik məmulatlar,
suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar
və hazır içkilər istehsalı, modul tipli məktəb
binalarının quraşdırılması, balıq emalı
və konservləşdirilməsi ilə məşğul olan
9 müəssisə və 1 kiçik sahibkarlıq
emalatxanası fəaliyyət göstərir. Hacıqabul
Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə
verilməsi nəzərdə tutulur. Sabirabad
Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq
işləri aparılır.
5 milyon 230 min manat
dəyərində 10 layihə
Təşkili işləri
başa çatdırılan Masallı Sənaye Məhəlləsinin
sentyabrın 18-də İlham Əliyevin iştirakı ilə
açılış mərasimi olub. Bu məhəllə İlham
Əliyevin 2016-cı il iyunun 13-də
imzaladığı sərəncama əsasən
yaradılıb.
Ümumi sahəsi 10 hektar
olan məhəllədə tikinti işlərinə ötən
ilin iyulunda başlanıb. Sənaye məhəlləsində
dövlət vəsaiti hesabına lazımi infrastruktur, o
cümlədən 2,5 MVt gücündə
elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan
sutəmizləyici qurğu qurulub. Sahibkarlıq
subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində
10 layihə təqdim edilib. Artıq
reallaşdırılan bu layihələr çərçivəsində
200 yeni iş yeri açılıb. Sənaye məhəlləsində
müxtəlif mebel və onların hissələrinin
istehsalı üzrə 5 müəssisə qurulub və
sahibkarlar tərəfindən bu layihələrin icrasına
ümumilikdə 3,5 milyon manatdan çox
investisiya yatırılıb.
Məhəllənin inzibati
binasında toplantı və təlimlərin keçirilməsi
üçün hərtərəfli şərait
yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri,
"Startup”lar üçün ofislər, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və
digər sahələr var. Binada, eyni zamanda, sahibkarlara
sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri
xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə sənaye
məhəlləsinin bütün ərazisi pulsuz internetlə
təmin olunub. Digər sənaye məhəllələrində
olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də
sahibkarlar tərəfindən böyük maraq göstərilir.
Burada həmçinin
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta
Biznesin Dostu” (KOB) Mərkəzi də fəaliyyət göstərəcək. Gələcəkdə
ölkənin digər şəhər və rayonlarında da
sahibkarlara dəstək məqsədilə yaradılacaq
"Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti
yeni kiçik və orta biznes sahələrinin yaranmasına,
kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə
regionun potensialının reallaşdırılmasına
yönələcək.
Beləliklə, bütün
bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin
tərkib hissələrindən olan sənayeləşmənin
sürətləndirilməsi prioritet sahə elan olunub və
bu istiqamətdə irimiqyaslı layihələrin icrası
davam etdirilir.
Müasir sənaye məhəllələrinin
yaradılması həm də ölkəmizin iqtisadi
potensialını nümayiş etdirir, iqtisadi
gücümüzü artırır.
Masallı Sənaye Məhəlləsinin
açılışında dövlət
başçısı vurğuladı ki, ölkəmizdə
sənayeləşmə ilə bağlı siyasət
uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu
ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən
11 faiz artıb. Bu isə görülən
işlərin bəhrəsidir.
Prezident Ehtiyat
Fondundan 12 milyon manat vəsait ayırdı
Bütün bunlar Azərbaycanın
son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf
etdiyini təsdiqləyən faktorlardır. Bu müddət ərzində
iqtisadiyyat, yəni, ümumi daxili məhsulun 3,2
dəfə artması isə dünya miqyasında rekord
göstərici hesab olunur.
Dövlət başçısı
respublikanın cənub bölgəsinə səfəri
zamanı gələn ilin əvvəlində regionların
sosial-iqtisadi inkişafına dair yeni dövlət
proqramının qəbul ediləcəyini də diqqətə
çatdırdı: "Ona görə sakinləri narahat edən
məsələlər mütləq məruzə edilsin, bizə
göndərilsin ki, növbəti proqramda bugünə qədər
həll olunmayan bütün məsələlər öz əksini
tapsın”.
Prezident səfərin sonunda
yenə də sakinləri narahat edən məsələlərin
məruzə edilməsini tapşırdı və elə həmin
gün 5 sərəncam imzaladı.
Dövlət
başçısının imzaladığı sərəncama
əsasən Ələt-Astara-İran İslam Respublikası
ilə dövlət sərhədi (81 km) - Biləsuvar avtomobil
yolunun yenidən qurulması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat
ayrıldı.
Digər iki sərəncam
Masallı rayonunda abadlıq-quruculuq işlərinin
aparılmasına və suvarma sistemlərinin
yaxşılaşdırılmasına aiddir. Belə ki, rayonda 37
kiçik sututarında zəruri təmir-bərpa işlərinin
aparılması üçün Prezidentin Ehtiyat Fondundan
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon
manat, şəhərdə abadlıq-quruculuq işlərini
davam etdirmək, o cümlədən 10 küçədə əsaslı
yenidənqurma işləri aparmaq üçün Masallı Rayon
İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı.
İlham Əliyev həmçinin Biləsuvar
şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil
məktəbi binasının tikintisi üçün
Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2
milyon, şəhərdə istismar müddəti başa
çatmış çoxmənzilli binaların sakinlərinin
mənzil-məişət şəraitini
yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli
yaşayış binasının tikintisi üçün Biləsuvar
Rayon İcra Hakimiyyətinə 3 milyon manatın
ayrılması ilə bağlı daha iki sərəncam
imzaladı.
Beləliklə, dövlət
başçısı Masallı və Biləsuvar şəhərlərində
tikinti-quruculuq işləri, sosial infrastruktur layihələrinin
davam etdirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan
ümumilikdə 12 milyon manat vəsait ayırdı. Bu da Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi
inkişafına xüsusi önəm verdiyini, bütün məsələləri
daim diqqət mərkəzində saxladığını bir
daha təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 20 sentyabr.- S.1;9.