Heydər Əliyev Fondu ölkəmizdə
muzey işinin təşkilinə
xüsusi diqqət göstərir
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan Dəmirçi
Arxeologiya Muzeyi Azərbaycanda
ilk belə muzeydir
Ümummilli lider Heydər Əliyevin ideyalarını özündə yaşadan və inkişaf etdirən Heydər Əliyev Fondu ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına, mədəni irsin təbliğinə, tarixi abidələrin qorunmasına, dünya xalqlarına tanıdılmasına xüsisi diqqət və qayğı göstərir. Millətin ruhunu, tarixini, habelə milli dövlətçiliyimizin nişanələrini özündə ehtiva edən muzeylər zənginləşdirilir, məbədlər, abidələr, türbələr əsaslı təmir olunur və müasir görkəm alır. Milli dövlətçilik baxımından gələcək nəsillərə, habelə dünya xalqlarına tanıdılması vacib olan müxtəlif profilli muzeylərin, tarixi yerlərin və tarix-diyarşünaslıq muzeylərinin sayı ildən-ilə artmaqdadır. Son illər respublikamızın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.
Onlardan 79-u tarix və tarix-diyarşünaslıq muzeyi, 95-i elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev-muzeyi, 24-ü incəsənət və ədəbiyyat muzeyi, 5-i hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləridir. Azərbaycanda olan muzeylərin 46-sı isə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Muzeylərdən 20-si Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da zaman-zaman mədəni irsimizin qorunması və dünyada tanıdılması ilə bağlı böyük işlər görüb.
"Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar” - deyən ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda xalqımızın keçmişini və indisini özündə yaşadan muzey quruculuğu sahəsində də daim ürəkaçan nailiyyətlər qazanılmışdır. Bir faktı xatırlatmaq yerinə düşər ki, əgər 1969-cu ildə Azərbaycanda 29 muzey fəaliyyət göstərirdisə, bu gün həmin muzeylərin sayı 200-dən çoxdur. Ölkəmizin Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Quba, Lənkəran, Şəki kimi böyük şəhərləri ilə yanaşı, son illər rayonlarda da yaradılan tarix-diyarşünaslıq və digər profilli muzeylər turistlərin ən çox maraq göstərdikləri mədəniyyət müəssisələridirlər. Ötən ay belə mədəniyyət müəssisələrinin sırasına biri də əlavə olunmuşdur. Bu, Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya standartlarına uyğun inşa edilən Dəmirçi Arxeologiya Muzeyidir. Respublikamızda indiyə qədər Arxeologiya Muzeyi olmayıb. Bakıdakı isə Arxeologiya və Etnoqrafiya Muzeyidir. Bu da əslində, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgi-ekspozisiya zalıdır. Bu gün xalqımızın arxeologiya mədəniyyəti dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. On illər boyu arxeoloqlarımızın qazıntılar zamanı əldə etdikləri etnoqrafik materiallar müxtəlif muzeylərdə, elmi-tədqiqat institutlarının fondlarında qorunub saxlanılır, tədqiq edilir, barəsində məlumatlar çap olunur. Azərbaycanda Arxeologiya Muzeyinin yaradılmasına böyük ehtiyac vardı. Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyi bu sahədə ilk arxeologiya profilli muzeydir. Ötən ayın sonlarında bu möhtəşəm muzeyin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Bu zalda Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar həm də bölgəyə gələn turistlər üçün böyük maraq doğuracaq, onlar ölkəmizin tarixi keçmişi ilə daha yaxından tanış ola biləcəklər. Həmçinin muzey bütövlükdə həmin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, arxeoloq-alim, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli mətbuata açıqlamasında bildirmişdir ki, Dəmirçi Arxeologiya Muzeyində Azərbaycan arxeologiyası mühafizə olunacaq, qorunacaq və təbliğ ediləcək. Ötən il Dəmirçi kəndi ərazisində arxeoloji qazıntılar aparılıb və ekspedisiyada o da iştirak edib. Alim bildirir ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gəgəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çay və əhəng daşlarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə, sol böyrü üstə, başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələr də aşkarlanıb. Onların içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı, sərkərdə və toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Bu gün respublikamızın bir sıra bölgəsində aparılan genişmiqyaslı tədqiqatlar dəyərli maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasına səbəb olub ki, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi-mədəniyyət abidələrinin qorunub-saxlanılmasında və gələcək nəsillərə ötürülməsində tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeylərinin fəaliyyəti mühüm rol oynayır.
Rəhman SALMANLI
Azərbaycan.-
2018.- 20 sentyabr.- S.11.