Azərbaycan
Parlamenti: tarix və müasirlik
Dövlət idarəçiliyi sistemində parlamentarizmin mövcudluğu demokratik quruluşun əsas əlamətlərindən biridir. Müasir dövrdə parlamentarizm dövlət hakimiyyətinin elə bir sistemidir ki, burada qanunvericilik və icra orqanlarının səlahiyyətləri arasında dəqiq hədd qoyulmuşdur.
Parlamentarizm ənənələrinin
çoxəsrlik tarixi vardır. Dəqiq müəyyən
edilmiş qanunvericilik səlahiyyətlərinə malik ilk
dövlət idarəetmə orqanı qədim Yunanıstanda
Xalq Məclisi, qədim Romada Senat olmuşdur. Orta əsrlər Avropasında ilk parlament 930-cu ildə
İslandiyada toplanmışdır. Bu
nümayəndəli orqan "Altinq” adlanırdı. Lakin müasir parlamentarizmin vətəni İngiltərə
sayılır. 1215-ci ildə məhz
İngiltərədə Böyük Azadlıq Xartiyası qəbul
edilmiş, bu akta uyğun olaraq kralın hakimiyyəti
xüsusi nümayəndəli orqan tərəfindən məhdudlaşdırılmışdır.
Mötəbər tarixi mənbələr
sübut edir ki, qədim dövrdə və orta əsrlərdə
mövcud olan Azərbaycan dövlətlərində də idarəçiliyə
və ictimai həyata dair qərarlar kollegial səciyyə
daşıyan məşvərət-məsləhət yolu ilə
qəbul edilmişdir. Bu isə Azərbaycanda parlamentarizm
rüşeymlərinin məhz qədim dövrlərdən bəri
formalaşdığı barədə mülahizələrin əsassız
olmadığını ortaya qoyur.
XX əsrin əvvəllərində
Rusiyada ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da
öz layiqli töhfəsini vermişdir. Bakı,
Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları da
daxil olmaqla, Azərbaycandan Rusiyanın I Dövlət
Dumasına 6 nəfər deputat seçilmişdi.
Əlimərdan bəy Topçubaşov, Məmmədtağı
Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan
Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan
İrəvanski Dumanın işində fəal iştirak
edirdilər. I Dumada Rusiyanın müxtəlif
regionlarını təmsil edən 36 deputatdan ibarət müsəlman
fraksiyası yaradılmışdı. Fraksiyanın
ilk iclasında Əlimərdan bəy Topçubaşov onun rəhbəri
seçilmişdi.
II Dövlət Dumasına da Azərbaycandan
6 nəfər deputat seçilmişdi: Fətəli xan Xoyski,
Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev,
Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal
Zeynalov. Bu deputatların hamısı parlamentin
müsəlman fraksiyasına daxil edilmiş, Fətəli xan
Xoyski, Xəlil bəy Xasməmmədov isə büronun
üzvü olmuşdular. III və IV
dövlət dumalarında da Azərbaycan təmsil
olunmuşdu. Bütün bu faktlar Azərbaycan
xalqının dünya parlamentarizm ənənələrinin təşəkkülünə
və inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
1918-ci il mayın
28-də müsəlman Şərqində ilk parlamentli
respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması xalqımızın qədim və zəngin
dövlətçilik tarixinin ən önəmli hadisələrindən
biridir. Azərbaycan Xalq Cümhuriyyəti və
onun parlamenti gərgin və mürəkkəb ictimai-siyasi
şəraitdə çox qısa müddət ərzində
fəaliyyət göstərsə də, onun demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər
xalqımızın dövlətçilik ənənələrinin
inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti
məhrumiyyətlərlə dolu olan çox mürəkkəb
tarixi şəraitdə meydana gəlmişdi. Birinci
Dünya müharibəsi nəticəsində zəifləmiş
çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca
baş verən inqilablar didib-parçalayırdı. 1917-ci ilin fevral inqilabı monarxiya rejimini birdəfəlik
devirdi. Hakimiyyətə gələn
Müvəqqəti hökumət Müəssislər Məclisinə
seçkilər keçirdi. Lakin Müvəqqəti
hökumət uzun müddət hakimiyyətdə qala bilmədi.
1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi.
Hakimiyyətə gələn
bolşeviklərin müharibədən
çıxdıqlarını elan etməsi bütün
ölkədə olduğu kimi, Cənubi Qafqazda da ictimai-siyasi
şəraiti dəyişdirdi.Cənubi Qafqazdan Müəssislər
Məclisinə seçilən deputatlar 1918-ci il
fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət
orqanı olan Zaqafqaziya Seymini - Zaqafqaziya parlamentini
yaratdılar. Seymin müsəlman fraksiyası Azərbaycan
əhalisini təmsil edən 44 deputatdan ibarət idi.
1918-ci il aprelin
9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və
Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri
Zaqafqaziya Seyminin və Zaqafqaziya Demokratik Federativ
Respublikasının uzun müddət fəaliyyət göstərməsinə
imkan vermədi. Nəticədə 1918-ci il
mayın 25-də gürcü nümayəndələr Seymdən
çıxdılar və mayın 26-da Gürcüstanın
müstəqilliyini elan etdilər.
1918-ci il mayın
27-də müsəlman fraksiyasının, yəni, Zaqafqaziya
müsəlman şurasının üzvləri də
ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini
elan etmək qərarına gəldilər. Bu məqsədlə
Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan
Milli Şurası, başqa sözlə, Azərbaycan parlamenti
elan etdi. Milli Şuranın rəyasət heyətinə
Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy
Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy
Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa
Şeyxülislamov, Xosrov bəy Sultanov daxil oldular. Gizli səsvermə yolu ilə Məhəmmədəmin
Rəsulzadə Azərbaycan Milli Şurasının sədri
seçildi.
1918-ci il mayın
28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli
Şuranın tarixi iclasında "İstiqlal Bəyannaməsi”
qəbul edildi. Xalqımızın milli mənlik
şüurunda dərin iz salmış bu tarixi sənəddə
deyilirdi:
"1. Bu gündən etibarən
Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi,
Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan
da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan
dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq
Cümhuriyyəti bütün millətlərlə, xüsusilə
qonşu olduğu millətlər və dövlətlərlə
mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq
Cümhuriyyəti milliyyətindən, məzhəbindən,
sinfindən, silkindən və cinsindən asılı olmayaraq
öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına
siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin
edir.
5. Azərbaycan Xalq
Cümhuriyyəti öz ərazisi daxilində yaşayan
bütün millətlərin sərbəst inkişafı
üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi
toplanıncayana qədər Azərbaycanın başında
xalqın seçdiyi Milli Şura və Milli Şura
qarşısında məsuliyyət daşıyan Müvəqqəti
hökumət durur.”
Milli Şura təxirə
salmadan Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan
Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etdi. 1918-ci il
noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun
qəbul edərək 120 üzvdən ibarət Azərbaycan
Parlamentini formalaşdırmağı qərara aldı. İclasda bildirilmişdi ki, Azərbaycanda müxtəlif
millətlər məskunlaşdığı
üçün onun qanunvericilik orqanında bütün millətlərin
nümayəndələri təmsil olunmalıdır. Bu məqsədlə Parlamentə müsəlmanlardan
80, ermənilərdən 21, ruslardan 10, alman və yəhudi
millətlərinin isə hərəsindən 1 nümayəndə
çağırılması nəzərdə tutulmuşdu.
Parlamentin yaradılması ilə əlaqədar
noyabrın 29-da Milli Şuranın "Bütün Azərbaycan
əhalisinə!” adlı müraciətnaməsi dərc edildi.
Müraciətnamədə deyilirdi: "...Şurai-Millinin ən
əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına
məxsus olan Şurai-Millini milli bir şəkildən
çıxarıb da dövləti bir şəkilə salmaq
oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə
görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq
bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir.
Bu məclisə azlıqda qalan millətlərdən
nümayəndələr cəlb olunduğu kimi, məmləkətin
vilayətlərindən də vəkillər
çağırılmışdır.
...Bütün Azərbaycan vətəndaşları
bilafərq millət və məzhəb, bir vətənin
övladlarıdırlar. Ümumi vətəndə müştərək
həyatlarını qurmaq və bərabərlikdə kəndi
səadətlərini hazırlamaq üçün onlar
bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər.”
1918-ci il dekabrın 7-də Hacı
Zeynalabdin Tağıyevin qız məktəbinin binasında
yeni formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin iclası keçirildi.İclasda Əlimərdan bəy
Topçubaşov Parlamentin sədri, Həsən bəy
Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə
baş katib seçildilər. O dövrdə Əlimərdan bəy
Topçubaşov Azərbaycanda olmadığına görə,
Parlamentin iclasına Həsən bəy Ağayev sədrlik
edirdi. Azərbaycan hökuməti işə
başlamış Parlament qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik
etmək və onun tərkibini müəyyənləşdirmək
yenə də Fətəli xan Xoyskiyə
tapşırıldı.
Qeyd edilməlidir ki,
Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda
onun 120 nəfərdən ibarət olması nəzərdə
tutulmuşdusa da, müxtəlif səbəblərdən
Parlament heç vaxt bu tərkibdə fəaliyyət göstərməmişdi. 1919-cu ilin
axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya
fraksiyasını və qrupunu cəmi 96 deputat təmsil edirdi.
Parlamentdəki siyasi partiyaların və qrupların qüvvələr
nisbəti aşağıdakı kimi idi: "Müsavat” və
bitərəflər fraksiyası - 38 nəfər,
"İttihad” - 13 nəfər, "Əhrar” - 6 nəfər,
"Sosialistlər” bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər,
müstəqillər - 3 nəfər, "Rus-slavyan cəmiyyəti”
fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər,
"Daşnaksütyun” fraksiyası - 6 nəfər,
"Azlıqda qalan millətlər” fraksiyası - 4 nəfər.
Parlamentdə təmsil olunan
partiya fraksiyaları və qrupları öz bəyanatlarında
bildirirdilər ki, onların əsas məqsədləri
ölkənin müstəqilliyinin və ərazi
bütövlüyünün qorunması, qonşu dövlətlərlə
dostluq münasibətlərinin yaradılması və
islahatların həyata keçirilməsidir. Təəssüf
ki, Parlamentdə təmsil olunmuş bəzi partiyaların
nümayəndələri özlərinin fəaliyyətində
ölkənin mənafeyindən daha çox təmsil etdikləri
siyasi qurumların mənafelərinə xidmət edirdilər.
Parlamentdə 11 komissiya fəaliyyət
göstərirdi. Bunlar aşağıdakılar idi: maliyyə-büdcə,
qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər,
sorğular, təsərrüfat-sərəncamverici, ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar, habelə Müəssislər Məclisinə
seçkilər keçirmək üzrə mərkəzi
komissiya.
Parlamentin fəaliyyəti
xüsusi olaraq bu məqsəd üçün
hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin
təlimatı” əsasında idarə olunurdu. Həmin təlimata
əsasən, ilk gündən Parlamentin iclasları məcburi
surətdə yalnız Azərbaycan dilində
aparılırdı. Ancaq başqa millətlərin
nümayəndələri rus dilində danışa bilərdilər.
17 aylıq fəaliyyəti
dövründə Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 145 iclası keçirilmişdir. Son iclas 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay
olmadığı üçün bu iclaslardan 15-i baş
tutmamışdır.
Azərbaycan Parlamenti öz fəaliyyətini
demokratik dövlətlərə xas prinsiplər əsasında
qururdu. Parlamentin müzakirəsinə 270-dən çox
qanun layihəsi çıxarılmış, onlardan 230-a
yaxını qəbul olunmuşdu. Qanunlar
qızğın və işgüzar fikir mübadiləsi
şəraitində müzakirə edilir, özü də
yalnız üçüncü oxunuşdan sonra qəbul
olunurdu.
Parlamentin qəbul etdiyi
qanunvericilik aktları dövlət və cəmiyyət həyatının
müxtəlif sahələrini əhatə edirdi. Dövlət quruculuğu ilə
bağlı "Azərbaycan vətəndaşlığı
haqqında”, "Milli Bankın yaradılması haqqında” və
bir sıra başqa qanunlar qəbul olundu, habelə Azərbaycanın
dövlət rəmzləri - respublikanın himni,
bayrağı təsdiq edildi, dövlət gerbinin
hazırlanması üçün müsabiqə elan olundu.
İlk dəfə olaraq Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti Azərbaycan dilini dövlət
dili elan etdi və bu barədə xüsusi qanun qəbul olundu. Dünyada
birincilər sırasında və Şərq aləmində
ilk dəfə olaraq qadınlara seçki hüququ verildi.
Azərbaycan Xalq Cümhuriyyətində
hakimiyyət bölgüsü prinsipinə də riayət
edilirdi. Parlament o dövrdə ölkə
qarşısında duran əsas vəzifələrin həyata
keçirilməsi və qanunvericilik bazasının
yaradılması baxımından əhəmiyyətli işlər
görür, gənc Azərbaycan dövlətinin dünya
dövlətləri tərəfindən tanınması
üçün var qüvvəsini sərf edirdi. Qonşu ölkələrlə iqtisadi, ticarət və
digər əlaqələrin inkişaf etdirilməsinə də
ciddi fikir verilirdi. Parlamentdə qəbul
olunan qanun və qərarlar hökumətin fəaliyyətinin əsas
istiqamətlərinin müəyyənləşdirilməsində
mühüm rol oynayırdı.
O dövrün ictimai-siyasi vəziyyəti
ordu quruculuğu məsələlərini ön plana
çıxarmışdı. Məhz bu sahənin
gücləndirilməsi ölkənin ərazi
bütövlüyünün qorunub saxlanılması
üçün müstəsna əhəmiyyət kəsb
edirdi.
Parlament elm, təhsil, mədəniyyət
sahələrinə də ciddi diqqət yetirirdi. Xalq maarifinin
inkişafı, tədris və teatr müəssisələrinin
milliləşdirilməsi, müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması deputatların ciddi məşğul
olduqları məsələlərdən idi. Parlamentin bu
istiqamətdə qəbul etdiyi ən mühüm aktlardan biri
də indiki Bakı Dövlət Universitetinin təsis edilməsi
haqqında 1919-cu il 2 sentyabr tarixli qanun idi.
Milli kadrların yetişdirilməsi məqsədi ilə
Parlament xarici ölkələrin ali məktəblərində
təhsil almaq üçün yüz nəfər azərbaycanlı
gəncin dövlət hesabına xaricə göndərilməsi
barədə qanun qəbul edərək xüsusi komissiya
yaratmışdı. Tez bir zamanda istedadlı gənclər
Fransa, İtaliya, İngiltərə və Türkiyə kimi
ölkələrin ali məktəblərinə
oxumağa göndərildilər.
Azərbaycan Xalq Cümhuriyyətinin
ən böyük nailiyyətlərindən biri də Paris
Sülh Konfransının iştirakçısı olan
dövlətlər tərəfindən Azərbaycanın
müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan
bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya
nümayəndə heyəti göndərildi. Nümayəndə
heyətinin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris Sülh
Konfransında iştirak edən əsas ölkələr Azərbaycanın
müstəqilliyini tanıdılar. Həmin il
aprelin 22-də Parlament İngiltərə, Fransa, İtaliya,
İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər
açmaq haqqında qanun qəbul etdi.
Zaqafqaziyada yaranmış
respublikalar arasında sərhəd məsələlərinin
həlli də Parlamentin diqqət mərkəzində idi. Lakin ərazi
və sərhəd məsələləri ilə əlaqədar
Azərbaycanla Gürcüstan arasında aparılan
danışıqlarda ümumi razılığa gəlmək
mümkün olsa da, Ermənistanla heç cür
razılığa gəlmək mümkün
olmamışdı. 1920-ci il
martın 20-də Azərbaycanla İran arasında dostluq,
konsulluq əlaqələri və s. haqqında ikitərəfli
müqavilələr imzalanmış və aprelin 15-də
Parlament bunları təsdiq etmişdi.
Xalqımızın dövlətçilik
şüurunun inkişafında misilsiz rol oynamış Azərbaycan
Xalq Cümhuriyyəti və onun Parlamenti sübut etdi ki, Azərbaycan
xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini
qurmağa qadirdir.Sovet Rusiyasının hərbi müdaxiləsi
və XI Qırmızı Ordu hissələrinin qanlı hərbi
əməliyyatları nəticəsində Azərbaycan Xalq
Cümhuriyyəti süqut etsə də, bu dövlət qurumu
xalqımızın azadlıq hərəkatı tarixində dərin
iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq
Cümhuriyyəti sübut etdi ki, ən qəddar totalitar və
repressiya rejimləri belə, Azərbaycan xalqının
azadlıq ideallarını və müstəqil dövlətçilik
ənənələrini məhv etməyə qadir deyildir.
Xalq Cümhuriyyətinin
süqutu o dövrdə mövcud olan obyektiv və subyektiv səbəblərlə
bağlı idi. Rusiyada qurulmuş kommunist-bolşevik
hakimiyyəti keçmiş imperiyanın bütün ərazisini
ələ keçirməyə çalışırdı.
Bolşeviklərin planlarında Azərbaycan
xüsusi yer tuturdu. Təsadüfi deyil ki,
Qızıl Ordu Cənubi Qafqaza yürüşünü Azərbaycandan
- Bakıdan başlamışdı.
Sovet hakimiyyəti
dövründə əsasən "Sovetlər qurultayı” və
"Ali Sovet” adları ilə fəaliyyət göstərən
qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik
olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan
xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya
bilmişdir. Bununla əlaqədar, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamda deyilir: "Azərbaycan
Xalq Cümhuriyyəti təcavüzə məruz
qaldığı üçün qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilmədən
süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi
müstəqillik ideyası unudulmadı. Azərbaycan
xalqı ötən dövr ərzində milli dövlətçilik
atributlarının bir çoxunu qoruyub saxlaya bildi”.
Sovet İttifaqının tərkibində
Azərbaycan müstəqil dövlət olmasa da, bu 71 illik
dövr gələcək dövlət müstəqilliyi
üçün əsasların formalaşması
baxımından mühüm rol oynamışdır. Xüsusən,
böyük siyasi və dövlət xadimi Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə
Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq
dövrü yaşanmışdır. Sovet
İttifaqının ən geridə qalan respublikalarından
biri kimi tanınan Azərbaycan Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə həyatın bütün sahələrini
bürüyən dərin tənəzzüldən xilas oldu,
dirçəliş və inkişaf yoluna qədəm qoydu.
Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni
və mənəvi yüksəliş dövrü kimi daxil
olaraq, xalqın milli mənlik şüurunun
oyanışına güclü təkan verdi,
tarixi ənənələrinin, dilinin qorunmasına şərait
yaratdı.Bütün bunların nəticəsi idi ki,
keçmiş SSRİ məkanında Azərbaycan İttifaq
büdcəsindən heç bir dotasiya almadan yaşayan iki
respublikadan biri idi. Bu isə Azərbaycanın siyasi müstəqilliyə
aparan yolda ən mühüm və həlledici mərhələ
olan iqtisadi müstəqilliyə tam nail
olduğunu göstərirdi.
1991-ci ildə sovet
imperiyasının dağılması nəticəsində Azərbaycan
yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin
ilk illərində baş verən hadisələr 1918-1920-ci
illərdə cərəyan edən hadisələrin təxminən
eyni idi, erməni təcavüzü, xarici dövlətlərin
Azərbaycana qarşı təxribatları oxşar xarakter
daşıyırdı. Azərbaycan
çox mürəkkəb problemlərlə
qarşılaşaraq çıxılmaz vəziyyətə
düşmüşdü.
Lakin bu dəfə
xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin
müqəddəratının həll edildiyi 1993-cü ilin
iyun günlərində ulu öndər Heydər Əliyev
yenidən hakimiyyətə gələrək Azərbaycanın
parçalanıb dağılmasının
qarşısını aldı və onu dəhşətli fəlakətlərdən
xilas etdi. Heydər
Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik
məharəti və əzmkarlığı sayəsində
müstəqil dövlətçiliyimizin məhvinə səbəb
ola biləcək problemlər uğurla həll
edildi.
Qeyd etmək lazımdır
ki, Heydər Əliyevin böyük siyasətə
qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri
seçilməsi ilə başlanmışdır. Heydər
Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə
parlament mədəniyyətinin inkişafında mühüm
rol oynamış, müasir peşəkar parlamentin
formalaşması istiqamətlərini müəyyən etməyə
kömək göstərmişdir.
Ulu öndərin rəhbərlik
etdiyi komissiya tərəfindən hazırlanmış və
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın
ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğunun əsaslarını müəyyən etdi, yeni
siyasi və hüquqi sistemin yaradılmasına yol
açdı. Real hakimiyyət bölgüsü
təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin
yeri və rolu dəqiq təyin edildi.
Parlamentin
formalaşdırılmasının müasir standartlara
uyğun gələn mexanizmi yaradıldı. Demokratiya şəraitində
Milli Məclisə indiyədək beş dəfə
keçirilmiş azad, ədalətli və şəffaf
seçkilər Azərbaycanın demokratik inkişafında
mühüm rol oynamışdır.
Artıq 23 ilə
yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi
qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata
keçirir. Parlament ölkədə aparılan hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə
prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin
möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir.
1995-ci ildən indiyədək Milli Məclis
dövlət və cəmiyyət həyatının müxtəlif
sahələrini nizama salan 5750-yə qədər qanun və qərar
qəbul etmişdir.
Ötən illər ərzində
parlamentin fəaliyyətinə nəzər salarkən hökmən
qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri
daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin
peşəkarlıq səviyyəsi yüksəlmişdir.
Azərbaycan parlamenti 125
deputatdan ibarətdir. Milli Məclisin deputatları majoritar
seçki sistemi, ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında sərbəst, şəxsi
və gizli səsvermə yolu ilə seçilirlər. Parlamentin hər
çağırışının səlahiyyət müddəti
5 ildir.
Milli Məclis hər il
iki növbəti yaz və payız sessiyalarına
yığılır. Konstitusiyada nəzərdə
tutulan hallarda Milli Məclisin növbədənkənar
sessiyaları çağırılır. Parlamentin
iclasları bir qayda olaraq, ayda iki dəfədən az olmayaraq keçirilir. Milli Məclis
öz səlahiyyətlərinə aid məsələlər
üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul
edir. Parlamentdə 15 komitə,
Hesablayıcı və İntizam komissiyaları fəaliyyət
göstərir.
Parlament özü mahiyyət
etibarı ilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən
isə demokratiyanın inkişafı və onun dönməzliyinin
təmin edilməsi üçün zəruri şərtdir.
Uzun əsrlər boyu Avropa demokratiyasının
təcrübəsində sınaqdan
çıxarılmış çoxpartiyalılıq,
plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə
Azərbaycan parlamentinin praktikasında da özünü
doğrultmuşdur. Bizim təcrübəmiz
də göstərir ki, cəmiyyətdə mövcud olan
siyasi qüvvələrin, cərəyanların və fikirlərin
bütün spektrini əks etdirən parlament əsl demokratiya
və siyasi mədəniyyət məktəbidir. Parlament milli qanunvericiliyi qabaqcıl dünya ölkələrinin
hüquq normalarına və standartlarına
uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini
aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir,
söz, mətbuat, vicdan, birləşmək, sərbəst
toplaşmaq və digər siyasi azadlıqların
reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə
zəmin yaradır.
Milli Məclis dövlətin
daxili və xarici siyasətini parlament vasitələrinin
köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə
uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi,
sosial islahatların hüquqi mexanizmi daha da inkişaf etdirilir və
təkmilləşdirilir.
Qanunvericilik fəaliyyəti ilə
yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə
baş verən mühüm siyasi hadisələrə
münasibətini bildirir, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması,
yalançı erməni təbliğatının ifşa
edilməsi üçün zəruri tədbirlər
görür.
Məlum olduğu kimi,
müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti
və rolu getdikcə artır. Bunun sadə bir səbəbi
vardır. Parlament diplomatiyasının dili
çox anlaşıqlıdır. Beynəlxalq
siyasətlə bağlı olan bir sıra məsələlərdə
parlament diplomatiyası ənənəvi diplomatiya
üsullarını uğurla tamamlayır.
Parlament diplomatiyası
parlamentlərarası əməkdaşlığın keyfiyyətcə
yeni bir sahəsidir. O, dövlətlərin qarşılaşdıqları
problemlərin həllinə, sivilizasiyalararası dialoq
üçün maneələrin aradan qaldırılmasına
sanballı töhfə verir.
Məhz buna görə də
Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli
əlaqələrinin inkişafına xüsusi diqqət
yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın
müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin
qanunvericilik orqanları ilə əməkdaşlıq və
qarşılıqlı əlaqə haqqında 20-yə qədər
saziş bağlanmışdır. Milli Məclisdə
80-dən çox ölkənin parlamentləri ilə əlaqələr
üzrə işçi qrupları yaradılmışdır.
Milli Məclis ölkəmizin üzv
olduğu beynəlxalq təşkilatların parlament məclislərinin,
o cümlədən Parlamentlərarası İttifaqın,
ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası
Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası
Assambleyasının, İslam Əməkdaşlığı
Təşkilatı Parlament İttifaqının, Türkdilli
Ölkələrin Parlament Assambleyasının, Avronest
Parlament Assambleyasının və digər nüfuzlu təşkilatların
üzvüdür, bir neçə parlament təşkilatı,
o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament
Assambleyası, Baltik Assambleyası ilə yaxından əməkdaşlıq
edir.Milli Məclisin nümayəndə heyətləri beynəlxalq
təşkilatların toplantılarında müntəzəm
iştirak edir, dövlətimizin müxtəlif məsələlərə
dair mövqeyini beynəlxalq aləmə çatdırmaq
üçün bu vasitədən də səmərəli
istifadə edirlər.
Milli Məclis nəzarət
funksiyasını da uğurla yerinə yetirir. Hər il Nazirlər
Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları
üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın və İnsan alverinə
qarşı mübarizə üzrə milli koordinatorun hesabat və
məruzələri dinlənilir. Azərbaycan
parlamenti dövlət büdcəsinin icrasına nəzarət
edir, qanunların icrasının monitorinqini həyata
keçirir.
Parlament xalqın mənafelərinin
həqiqi təmsilçisi olmalı, millət vəkili isə
onu seçmiş insanların qayğıları ilə
yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm
surətdə seçiciləri ilə görüşür,
onların təşəbbüsü ilə Milli Məclisdə
problemlər qaldırır, insanları narahat edən məsələlərin
həlli üçün səylərini əsirgəmirlər.
Ölkəmizdə nümunəvi
parlament - Prezident münasibətləri bərqərar
olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev
Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü
hüququna əsaslanaraq müasir dünya standartlarına
uyğun qanun layihələrinin hazırlanmasını və
parlamentə təqdim olunmasını təmin edir. Bunu qeyd etmək kifayətdir ki, parlamentin qəbul
etdiyi layihələrin 80 faizindən çoxu dövlət
başçısının təşəbbüsü ilə
müzakirəyə çıxarılır.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev birinci və ikinci
çağırış Milli Məclisin deputatı
olmuş, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinə böyük uğurla rəhbərlik
etmişdir.
O, Milli Məclisin gündəlik işini, problemlərini
parlamentin içərisindən müşahidə edib bələd
olmuşdur. Milli Məclisin fəaliyyəti ilə
bağlı məsələləri dərindən bildiyinə
görə qanunvericilik orqanına çox böyük
hörmət, diqqət və qayğı göstərir.
Bunu qeyd etmək kifayətdir ki, 2013-cü və
2018-ci illərdə Azərbaycan Prezidentinin andiçmə mərasimləri
Milli Məclisdə təşkil edilmişdir. Milli Məclisin
deputatlarının iş şəraitinin
yaxşılaşdırılması, parlamentin qanunvericilik və
qanunyaratma fəaliyyətinin təkmilləşdirilməsi
üçün həyata keçirilən bütün tədbirlər
dövlət başçısı tərəfindən hər
vasitə ilə dəstəklənir. Azərbaycan Prezidentinin
parlamentə böyük önəm verməsi onun bu sözlərində
parlaq ifadəsini tapmışdır: "Mənim
üçün Milli Məclis çox əziz və doğma
bir yerdir, mənim doğma evimdir... Biz bir məqsədə
qulluq edirik. Amalımız da, məramımız
da birdir - ölkəmizi möhkəmləndirmək, gücləndirmək,
Azərbaycan xalqının rifah halını
yaxşılaşdırmaq, güclü, zəngin dövlət
yaratmaqdır”.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva 12 ilə yaxın
müddət ərzində Milli Məclisin deputatı
olmuşdur. Dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində,
parlamentin beynəlxalq əlaqələrinin dərinləşdirilməsində
yaxından iştirak etmişdir. Mehriban
Əliyeva Milli Məclisdə 4 amnistiya aktının müəllifi
olmuşdur. Bu amnistiya aktları təqribən
40 min məhbusa şamil edilmişdir. Həm
bu insanların, həm də onların yaxınlarının
sayını nəzərə alsaq, Mehriban xanımın nə
qədər ailəyə sevinc bəxş elədiyini təsəvvür
edə bilərik. Mehriban Əliyeva bu
gün də Milli Məclisin fəaliyyətinə
böyük diqqətlə yanaşır.
Gündəlik fəaliyyətində
Milli Məclis mərkəzi və yerli icra və məhkəmə
hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil
və yaradıcılıq mərkəzləri ilə sıx
qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin
müxtəlif qolları arasında səmərəli əməkdaşlıq
ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata
keçməsini təmin edir.
Ulu öndər Heydər
Əliyev Azərbaycanın qanunvericilik orqanını
dünyanın inkişaf etmiş ölkələrinin
parlamentləri səviyyəsində görməyi
arzulayırdı və bunun üçün çox
böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə
olduğu kimi, bu sahədə də başlanmış işlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl
şəkildə davam etdirilir.
Artıq indi qətiyyətlə
söyləmək olar ki, müasir Azərbaycanın 100
yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən,
qanunları qəbul etmək yolu ilə mühüm ictimai
münasibətləri tənzimləyən, icra hakimiyyəti
orqanlarının fəaliyyətinə nəzarət edən
ali təmsilçilik orqanıdır.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Azərbaycan.- 2018.- 21 sentyabr.- S.1; 4.