Milli dövlətçilik
və qanunvericilik sistemində mühüm yer tutan Azərbaycan
Parlamenti
Azərbaycan Parlamenti - 100
Azərbaycan xalqı
müasir sivil dünyada özünəməxsus önəmli
bir yer tutur. Təsadüfi deyil ki, müsəlman Şərqində
parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda
qoyulmuşdur. 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik
tariximizin ən mühüm dövrünün
başlanğıcıdır. Xalqımız
bu tarixi dövr ərzində minillik zəngin dövlətçilik
ənənələrinə əsaslanaraq milli dövlət
quruculuğu uğrunda mübarizə aparmış, qurbanlar
vermiş, hər cür müdaxilələrə - daxildən
və xaricdən gələn müxtəlif xarakterli
dağıdıcı təsirlərə, təzyiqlərə
baxmayaraq, müstəqillik arzularını, ideallarını təsdiq
etmişdir.
Müsəlman Şərqində ilk
demokratik, hüquqi və dünyəvi dövlətin məhz
Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni,
iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin
formalaşmasına təkan verən çoxşaxəli
islahatların bu məkanda gerçəkləşdirilməsi
xalqımızın zəngin dövlətçilik ənənələrinə,
yüksək milli qürura, yenilikçi düşüncə
tərzinə malik olmasının parlaq təcəssümüdür.
Beləliklə, Azərbaycan
dövlətçiliyi tarixində ilk Konstitusiya aktı -
"İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan
dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan
olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil
Azərbaycan dövlətinin yarandığı bəyan
edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin
hüdudları müəyyənləşdirildi, həmçinin
dövlətin əsas fəaliyyət prinsipləri öz əksini
tapdı. "İstiqlal Bəyannaməsi”ndə
demokratik dövlətə məxsus atributların - hakimiyyətin
xalqa mənsub olması, vətəndaşların mülki və
siyasi hüquqlarının təmsil edilməsi, bütün
xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və
cinsi mənsubiyyətindən asılı olmayaraq, azad
inkişafı üçün şərait
yaradılması, ən nəhayət, hakimiyyətin
bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin
əsası kimi bəyan edilməsi Azərbaycan
xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində
olduğunu bütün bəşəriyyətə
nümayiş etdirdi. Bu sənəd Azərbaycan
xalqının millət-mədəniyyət statusundan tamamilə
başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət
statusuna qədəm qoyduğunu göstərdi.
Ulu öndər Heydər Əliyev belə
bir fikri vurğulayırdı ki, müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və
mədəni inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxmış, 1991-ci ildə
dövlət müstəqilliyini bərpa edən
xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin
qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən
istifadə etmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı
bir daha təsdiq etdi ki, müasir Azərbaycan dövlətçiliyi
öz tarixi köklərinə, mənbələrinə, ənənələrinə
həmişə sadiq olmuş və bu gün də sadiqdir. Sərəncamda
deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə
məruz qaldığı üçün qarşıya
qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun
şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Azərbaycan xalqı
ötən dövr ərzində milli dövlətçilik
atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada
uğurla gerçəkləşdirdiyi siyasət
xalqımızın tarixi-mədəni yaddaşını
özünə qaytararaq milli mənlik şüurunu
inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi
işığında müstəqillik arzularının
güclənməsi və yaxın gələcəkdə
yenidən həqiqətə çevrilməsinə zəmin
yaratdı”.
Çox təəssüf
ki, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyəti, o cümlədən onun parlament fəaliyyəti
kifayət qədər geniş öyrənilməmişdir. Belə ki,
kommunist ideologiyası bu məsələnin tədqiq edilməsinə
faktiki qadağa qoymuş, əksinə onun fəaliyyətinin,
həyata keçirdiyi tədbirlərin və o dövrün
hadisələrinin mahiyyəti təhrif olunmuşdur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham
Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” məlum sərəncamı - AXC-nin parlament
fəaliyyətinin hərtərəfli, dərindən təhlil
edilib öyrənilməsini tələb edir.
Azərbaycanda parlamentarizm ənənələrinin
inkişafına nəzər saldıqda görürük ki,
qanunverici hakimiyyəti həyata keçirən Azərbaycan
parlamenti böyük tarixə malikdir. Hələ XX əsrin
əvvəllərində Rusiya imperiyasında ilk parlamentin
formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini
vermişdir. Rusiyanın dövlət
dumalarına seçilmiş azərbaycanlı deputatların,
demək olar ki, hamısı milli təəssübkeşliyi
özünün həyat amalı hesab edən ziyalılar idi.
Müasir parlamentimiz
1918-1920-ci illərdə fəaliyyət göstərmiş
Xalq Cümhuriyyəti Parlamentinin varisidir. Məhz bu illərdə
Cümhuriyyət parlamenti tərəfindən qəbul edilən
və hüquqi dövlətin əsas atributları olan
dövlət bayrağı, gerbi, himni 1991-ci ildən müstəqil
Azərbaycan parlamenti tərəfindən yenidən qəbul
edildi. Eyni zamanda, həmin illərdə
qanunvericilik fəaliyyətində rəhbər tutulan demokratik
prinsiplər, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu dəyərləri Milli Məclis tərəfindən
tanındı, qanunvericilik yaradıcılığında bu dəyərlər
əsas götürüldü. Buna görə
də Xalq Cümhuriyyəti Parlamentinin tarixi müasir
dövrümüzdə hüquqi dövlət və vətəndaş
quruculuğu yolunda inkişaf edən ölkəmiz
üçün önəmlidir.
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti ilk gündən müstəqilliyi qoruyaraq
inkişaf etdirməyi, xalqın firavan həyat tərzinə
nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin
müdafiəsində dayanmağı mühüm vəzifələri
kimi müəyyənləşdirmişdir. Tarixi faktlara görə, Azərbaycan
Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb
və çətin mərhələdə belə, demokratik
ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın
hüquq və azadlıqlarının təmini istiqamətində
qətiyyətli addımlar atdığını, ədalətə
və qanunçuluğa tapındığını,
maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə
söyləmək olar. Elmi-mədəni, siyasi və
iqtisadi intibaha zəmin yaradan islahatların həyata
keçirilməsi və demokratik ruhlu qanunvericilik sisteminin
formalaşdırılması göstərir ki, cümhuriyyəti
yaradanlar o dövrün mütərəqqi ideya və saf
düşüncəsi əsasında formalaşmış vətənpərvər
insanlar, dəyərli ziyalılar olmuşlar. Bu düşüncə sahibləri azərbaycançılıq,
türkçülük, islamçılıq, müasirlik,
dövlətçilik kimi anlayışlara yüksək etiqad
göstərmiş, xalqda milli özünüdərki, milli
ruhu gücləndirməyə xidmət edən qətiyyətli
addımlar atmışlar.
Cümhuriyyətin müxtəlif
sahələrdə ciddi uğur qazanmasını şərtləndirən,
eyni zamanda onun səmərəli daxili və xarici siyasətini
təmin edən mühüm amillərdən biri də müsəlman
Şərqində ilk dəfə olaraq 1918-ci ilin dekabrında
demokratik seçkilər yolu ilə çoxpartiyalı
parlamentin yaradılması olmuşdur. Bundan xeyli əvvəl Azərbaycan
Parlamenti 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli
Şura adı altında fəaliyyət göstərmiş,
44 nəfərlik müsəlman-türk nümayəndədən
ibarət bu qanunverici qurum qısa zamanda 10 iclasını
keçirərək mühüm tarixi qərarlar qəbul
etmiş, ölkənin idarə olunması məsuliyyətini
üzərinə götürmüşdü.
Milli Şuranın qısa zamanda qəbul
etdiyi "Azərbaycanın dövlət müstəqilliyinin
elan edilməsi haqqında”, "Birinci Müvəqqəti
hökumətin tərkibi haqqında”, "İkinci Müvəqqəti
hökumətin tərkibi haqqında”, "Müvəqqəti
hökumətin hüquq və vəzifələri
haqqında”, "Milli Şuranın buraxılması
haqqında” və "Azərbaycan parlamentinin
yaradılması haqqında” qanunlar milli qanunvericiliyin
inkişafı baxımından böyük əhəmiyyətə
malik idi.
Xalq Cümhuriyyəti hökuməti
1918-ci il sentyabrın 17-də Bakıya
köçdükdən sonra Azərbaycan Milli Şurası
noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa
etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin
il dekabrın 3-də Müəssislər Məclisinin
çağırılması haqqında qanun qəbul etdi və
öz fəaliyyətini dayandırdı. Beləliklə,
Azərbaycan parlamenti öz fəaliyyətinin bu dövründə,
daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə
və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
parlamentçilik tarixində əsas dövr və ya Bakı
dövrü 1918-ci il dekabrın 7-dən
1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk
iclas - 1918-ci il dekabrın 7-də, son iclas
- 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu
dövrdə parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti "İstiqlal Bəyannaməsi”nin müəyyən
etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti
nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü
təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan
haqları və azadlıqlarının dolğun təmin
olunduğu ən müasir hüquqi-demokratik dövlət
yaratmaq məqsədi daşıyan çox mühüm
qanunlar və qərarlar qəbul etmişdi.
Bütün bu qanunlar və
qərarlar, nəticə etibarilə, hakimiyyətin
üç qolunun - qanunvericilik, icra və məhkəmə
orqanlarının formalaşdırılmasına yönəlmişdi. Birinci
Dünya müharibəsində böyük dövlətlərin
dünyanı bölüşdürmək uğrunda
mübarizəsinin həlledici mərhələyə daxil
olduğu və ölkənin başı üzərini yeni
işğal təhlükəsinin aldığı çox
mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə
fəaliyyət göstərən Azərbaycan Parlamenti öz
fəaliyyətinin mühüm hissəsini dövlət
müstəqilliyinin qorunub saxlanmasına və ordu
quruculuğu məsələlərinə yönəltmişdi.
Qeyd olunmalıdır ki, parlamentin bu sahədə
qəbul etdiyi qanun və qərarların müzakirəsində
parlament üzvləri, bir qayda olaraq, həmrəylik və
yekdillik nümayiş etdirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti
kimi, onun parlamentinin də özünəməxsus tarixi bir yol
keçməsi bu dövrün, xüsusilə də Bakı
dövrünün xronoloji ardıcıllıqla təhlil edilməsini
zəruri edir: 1918-ci il sentyabrın 15-də türk generalı
Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam
Ordusunun bilavasitə köməyi ilə Bakı şəhərinin
erməni-daşnak birləşmələrinin yaratdıqları
qondarma "Sentrokaspi diktaturası”ndan azad edilməsi ilə Azərbaycan
Xalq Cümhuriyyəti parlamentinin formalaşdırılması
ilə bağlı mütərəqqi təşəbbüslərin
reallaşmasına münbit zəmin yaranmış oldu. Sentyabrın 17-də paytaxt Gəncədən
Bakıya köçdükdən sonra isə cümhuriyyət
hökuməti istər ictimai-siyasi, istərsə də təsərrüfat
və mədəni quruculuq sahəsində mühüm tədbirlər
həyata keçirməyə başladı. İlk növbədə, Müəssislər Məclisinin
çağırılması işinin təşkili
üçün Nazirlər Şurasının sədri, daxili
işlər və xalq maarif nazirlərindən ibarət
komissiya yaradıldı.
1918-ci il iyunun 17-də
Gəncədə fəaliyyətini dayandırmış Azərbaycan
Milli Şurası noyabrın 16-da Bakıda öz işini yenidən
bərpa etdi. Həmin gün keçirilən
iclasda F.X.Xoyski hökumətin işlərinin
çoxluğunu əsas gətirərək Müəssislər
Məclisinin çağırılması üçün
hazırlıq işlərinin Milli Şuraya həvalə
olunmasını təklif etdi. Cümhuriyyət
rəhbərliyi Azərbaycan Parlamentini mümkün qədər
tez formalaşdırmağa çalışır, bunu bir tərəfdən
milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən
dövlət idarəetməsini demokratik prinsiplər əsasında
formalaşdırmaq istəyi ilə əsaslandırırdı.
"Azərbaycan Parlamentinin yaradılması
haqqında” qanun layihəsinin qısa zamanda hazırlanaraq
noyabrın 19-da qəbulu da məhz bu məqsədə xidmət
edirdi. Qanun siyasi-hüquqi hadisə kimi təqdirəlayiq
olmaqla, seçkilərin keçirilməsi üçün
hüquqi baza yaradırdı.
"Azərbaycan Parlamentinin
yaradılması haqqında” Qanuna əsasən, hər 24 min nəfərdən
bir nümayəndə hesabı ilə parlamentdə təmsil
olunması qaydası müəyyən edilirdi. Bu prinsiplə
parlamentdə müsəlmanların 80, ermənilərin 21,
rusların 10, almanların 1, yəhudilərin 1 nümayəndə
ilə təmsil olunmaları nəzərdə tutulmuşdu.
Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən
ibarət olmaqla formalaşdırılması qərara alınmışdı.
Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən
8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni komitələrindən
seçilməli idi. Bakıdakı rus əhalisindən Rus
Milli Şurası 10, alman əhalisi milli təşkilatından
1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən
1 və polyak komitəsindən 1 nəfər nümayəndə
göndərilməli idi. Bundan əlavə,
qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar
Təşkilatının 3, Bakı Sənaye-Ticarətin isə
2 nümayəndəsinin göndərilməsi nəzərdə
tutulmuşdu.
Məhz bu bölgü
prinsipi Azərbaycan sərhədlərini dəqiqləşdirməklə,
parlamentdə bütün bölgələrin təmsilçiliyinə
imkan verirdi. Ümumiyyətlə, qanun siyasi, sinfi, dini, milli, cinsi
fərqləri nəzərə almadan səsvermə
hüququna malik bütün vətəndaşların
iştirakını təmin edirdi. Demokratik
ideallara yüksək sadiqlik göstərən cümhuriyyət
hökuməti qanunla qadınlara səsvermə hüququnun
verilməsini də təmin etmişdi. Qadınlara
seçki hüququnun verilməsi nəinki Şərqdə,
bütün dünyada mütərəqqi bir hadisə olmaqla
yanaşı, insan hüquqlarının qorunması və
hüquq bərabərliyi kimi dünyəvi problemlərin həllinə
Azərbaycan xalqının verdiyi dəyərli töhfə
idi.
1918-ci il
dekabrın 7-də Azərbaycanın tarixində son dərəcə
əlamətdar hadisə baş verdi. Bakıda
H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri
M.Ə.Rəsulzadənin giriş sözü və təbrik
nitqi ilə açıldı.
Təsis iclasında başda
F.X.Xoyski olmaqla Nazirlər Şurasının bütün
nümayəndələri iştirak edirdi. "Müsavat”
fraksiyasının təklifi ilə Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev onun müavini seçildi. F.X.Xoyski başda
olmaqla, hökumət parlament qarşısında tam tərkibdə
istefa verdi. "Azərbaycan
parlamentinin nakazı” adlanan daxili nizamnamə aparatın
işini təşkil edirdi. "Parlament
nakazı” Rusiya imperiyası Dövlət Dumasının daxili
nizamnaməsi əsasında təşkil olunmuşdu. Azərbaycan parlamentində sədrdən, birinci
müavindən və fraksiya nümayəndələrindən
ibarət məşvərətçi orqan (Məsləhət
Şurası) formalaşdırılmışdı. Parlamentin ilk iclaslarında mandat, reqlament və təsərrüfat
komissiyaları yaradılaraq onların tərkibinə
seçkilər keçirilmişdi.
Azərbaycan parlamentinin ilk
iclasında müttəfiq (Antanta) qoşunların komandanı
general Tomsonun şəxsi nümayəndəsi polkovnik
Kokkerelin, İranın baş konsulu Sədülvüzarənin,
Dağlılar Respublikası hökumətinin sədri
T.Çermoyevin, bu hökumətin Azərbaycan hökuməti
yanındakı təmsilçisi Qantamirovun, Gürcüstan
Respublikasının təmsilçisi Karstvadzenin iştirak etməsi
isə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto
tanınması demək idi.
Cümhuriyyət parlamentinin
ilk iclasının yaddaqalan hadisələrindən biri də
"Azərbaycan parlamentinin açılması münasibətilə
siyasi əfvi-ümumi” adlanan ilk qanunun qəbul edilməsi oldu.
Parlamentin ilk iclaslarında
ayrı-ayrı partiyaların fraksiya və qrupları fəaliyyət
proqramları haqqında da bəyanatlar verirdilər. Bu bəyanatlarda isə
ümumi məqsədlər diqqəti cəlb edirdi: gənc Azərbaycan
Cümhuriyyətinin müstəqilliyi və ərazi
toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq; Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və hökumətlərlə,
xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək; ölkədə
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək;
geniş sosial islahatlar həyata keçirmək; ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq.
Dövlət idarəçiliyi
formasına görə Azərbaycan Xalq Cümhuriyyəti
parlamentli respublika olduğu üçün dövlətin
idarə edilməsində parlamentin rolu çox böyük
idi. Cəmi 17 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
özünün yüksək işgüzarlıq qabiliyyətini
sübut etdi. Bu müddətdə onun 145
iclası keçirilmişdir. Bu iclaslardan 15-i yetərsayın
olmaması üzündən baş tutmamış, 130 iclasda
ölkənin daxili, xarici siyasəti, iqtisadiyyat, maliyyə məsələləri,
qanunvericilik aktlarının müzakirəsi, qəbulu, ordu
quruculuğu və digər məsələlər müzakirə
edilmişdir. Fəaliyyəti dövründə
Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə
270-dən artıq qanun layihəsi
çıxarılmış, onlardan 230-a yaxını təsdiq
edilmişdir. Gənc müstəqil
respublikada cəmiyyət həyatının müxtəlif sahələrini
əhatə edən bu mükəmməl qanunlar
özünün mütərəqqiliyi, demokratik ruhlu
olması ilə fərqlənirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti öz mövcudluğu zamanı bütün fəaliyyətini
ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə,
ölkənin siyasi və ərazi
toxunulmazlığını təmin etməyə, vətəndaşların
hüquqlarını qorumağa, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirməyə,
Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun
xarici ölkələrlə, ilk növbədə yaxın
qonşuları ilə çoxşaxəli əlaqələrinin
genişlənməsinə yönəltmişdi. Parlamentdə
ümumilikdə 11 komissiya - maliyyə-büdcə,
qanunvericilik təklifləri, Müəssislər Məclisinə
seçkilər üzrə mərkəzi komissiya, mandat, hərbi,
aqrar məsələlər, sorğular, təsərrüfat,
sərəncamverici, ölkənin istehsal qüvvələrindən
istifadə üzərində nəzarət, redaksiya və fəhlə
məsələləri üzrə komissiyalar
formalaşdırılmışdı.
Azərbaycan Parlamentinin qəbul
etdiyi qanunların, qərarların hamısı müstəqil
ölkənin ilk qanun və qərarları olduğu
üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi
qanunların strateji önəmini də xüsusi vurğulamaq
lazım gəlir. "Vətəndaşlıq
haqqında”, "Ümumi hərbi mükəlləfiyyət
haqqında”, "Mətbuat haqqında”, "Milli Bankın təsisi
haqqında”, "Bakı Dövlət Universitetinin
yaradılması haqqında”, "Gömrük və
poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında”, "Məhkəmə qanunvericiliyi haqqında” və
digər qanunları göstərmək olar.
Cümhuriyyət parlamentində
qəbul olunmuş bəzi qanun və bəyannamələr
insan hüquq və azadlıqlarının qorunmasına xidmət
edir, hər bir fərdin sosial mənafeyinin təminatına
yaxşı imkanlar yaradırdı. Məsələn,
"İşçi məsələsi”nə dair bəyannamə
ilə fəhlələrə 8 saatlıq iş
gününün müəyyən edilməsi, həftədə
bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların
əmək hüquqlarının qorunması məsələsinə
həssas münasibətini göstərirdi. Bəyannamə
işçilərin qanunla müəyyən edilmiş vaxtdan
artıq, eləcə də axşam saat 9-dan səhər saat
6-dək işlədilməsinə qadağa qoyurdu. 16
yaşına qədər yeniyetmələrin işləməsinin
qadağan olunması; 16 yaşından 18 yaşınadək gənclər
üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi;
qadınların zərərli işlərdə
çalışmasının yasaq olunması; hamilə
qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə
6 həftə ərzində əvəzi ödənilməklə
məzuniyyətin verilməsi insan hüquqlarına yüksək
hörmətin bariz təcəssümü idi.
Demokratik və hüquqi
dövlət prinsiplərinə sadiq olan Azərbaycan Xalq
Cümhuriyyəti hakimiyyətlərin bölgüsü
prinsipinə də ciddi riayət edirdi. 1919-cu il
yanvarın 25-də parlamentdə qəbul edilmiş
"Deputatlıq və məmurluq haqqında” qanun bunu bir daha
təsdiqləyir. Qanun hakimiyyətlərin
bölgüsü prinsipinə əsaslanmaqla, qanunverici və
icraedici hakimiyyətlərin bir-birindən ayrılmasına,
müstəqilliyinə imkan yaradırdı. Qanun nazirlərdən başqa, bütün hakimiyyət
məmurlarına hər iki hakimiyyət qolunda təmsilçiliyi
qadağan edirdi. Digər peşə sahibləri
- təhsil işçiləri, həkimlər bu sırada
istisnalıq təşkil edirdilər. Qanunların
dərc olunduğu gündən qüvvəyə minməsi
prinsipi də məhz "Deputatlıq və məmurluq
haqqında” qanunla tənzimlənirdi.
Cümhuriyyət parlamenti fəaliyyətində
xalq maarifinin inkişafı məsələlərinə də
xüsusi yer ayırırdı. Maarif işinin yüksək
səviyyədə təşkili, tədris və
teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi,
yeni tədris müəssisələrinin açılması,
orada dərs deyən müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məsələləri
diqqət mərkəzində idi. Xüsusilə
də Bakı Dövlət Universitetinin
açılıb-açılmaması məsələsi bir
neçə ay müddətində qızğın
müzakirəyə səbəb olmuş, bununla bağlı dəfələrlə
ciddi mübahisələr getmişdi. Bəzi
deputatlar universitetdə dərs demək üçün
yüksək ixtisaslı milli kadrların olmaması səbəbindən
universitetin rus dilində açılması təklifi ilə
çıxış edirdilər. Bununla
bağlı əsasən "İttihad” və "Əhrar”
partiyalarından olan nümayəndələr təkliflər
irəli sürürdülər. Onlar
universitetin rus dilində açılmasını Azərbaycanda
ruslaşdırma siyasətinin davam etdirilməsi kimi başa
düşürdülər. "Müsavat”
və sosialistlər fraksiyasından olan deputatlar isə
universitetin rus dilində açılmasının heç bir
təhlükə törətmədiyini bildirir, universitetə
daha çox azərbaycanlı tələbələrin cəlb
olunmasını, onların milli kadrlar kimi yetişdirilməsi
və bu yolla universitetdə təhsilin tədricən azərbaycanlılaşdırılmasının
vacibliyini önə çəkirdilər.
"Bakı Universitetinin təşkil
olunması haqqında” qanun layihəsi parlamentin üç
iclasında - avqustun 21-də birinci, avqustun 25-də ikinci və
sentyabrın 1-də üçüncü oxunuşdan
keçərək təsdiq edilmişdi. Parlamentlə
yanaşı, Azərbaycan hökuməti də universitetin
maddi-texniki təchizatı, pedaqoji kadrların cəlb
olunması, müvafiq binaların ayrılması
üçün bütün tədbirləri
görmüşdü. Universitetin yarandığı
1919-cu ildə akademik səviyyədə təhsil almış
azərbaycanlıların sayı barmaqla sayılacaq qədər
az idi. Onların da
istisnasız olaraq hamısı xaricdə - xüsusilə
Rusiyada, Fransada, Almaniyada, İtaliya və İngiltərədə
təhsil almışdı. Bundan əlavə,
o dövrdə Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət
son dərəcə mürəkkəb idi. Belə bir
şəraitdə ali təhsil
ocağı yaratmaq fikrinə düşməyin özü də
çətin və perspektivsiz görünürdü. Bununla belə, xalqın elmə, təhsilə olan
güclü meyli Bakı Dövlət Universitetinin yaranması
ilə nəticələndi.
Azərbaycanda elm və təhsilin
inkişafı, milli kadrların yetişdirilməsi
üçün xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq
üçün azərbaycanlı tələbələrin
xaricə göndərilməsi sahəsində də
cümhuriyyət parlamenti və hökuməti mühüm
işlər görmüşdü. Azərbaycan hökumətinin
100 nəfər azərbaycanlı gənci xarici ali
məktəblərdə təhsil almaq üçün
dövlət hesabına xarici ölkələrə göndərmək
haqqında hazırlanmış qanun layihəsi parlamentdə
geniş müzakirə edilərək qəbul olunmuşdu.
1919-cu il sentyabrın 1-də Azərbaycan
parlamenti xaricə göndərilən tələbələr
üçün 7 milyon rubl vəsait ayrılması
haqqında qərar çıxarmışdı. Xaricə
göndəriləcək tələbələri seçmək
üçün parlament üzvləri - Məmməd Əmin
Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy
Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən
ibarət xüsusi komissiya yaradılmışdı. 1919-1920-ci tədris ilində cəmi 100 abituriyent və
tələbənin xaricə göndərilməsi nəzərdə
tutulmuşdu. Abituriyentlər arasından seçilmiş
yüz nəfər daha çox ümidverici gəncdən 45 nəfəri
Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri
İngiltərənin, 9 nəfəri isə Türkiyənin
müxtəlif ali məktəblərinə göndərilmişdi.
Rusiyada təhsil almaq üçün göndərilməsi
nəzərdə tutulan 13 nəfər gənc Rusiyada vətəndaş
müharibəsinin davam etməsi ilə əlaqədar olaraq
oraya gedə bilməmişdi. Avropaya göndərilən
gənclərin hər birinə 1000 frank yol xərci və 400
frank hər ay vəsait ayrılması nəzərdə
tutulurdu.
Cümhuriyyətin parlamenti və
hökuməti 1918-ci il mart
soyqırımının da təhqiqatının
aparılmasını diqqətdə saxlayaraq bununla
bağlı Fövqəladə Təhqiqat Komissiyası
yaratmışdı. O dövrdə qarşıda duran
başlıca vəzifələrdən biri də Azərbaycanın
istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına
nail olmaqdan ibarət idi. Bunun üçün hələ
1918-ci ilin yayında M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə İstanbula nümayəndə heyəti göndərilmiş,
həmin ilin sentyabr ayında isə Ə.M.Topçubaşov
da onlara qoşulmuşdu. Bu nümayəndələrin məqsədi
İstanbulda olan xarici ölkələrin diplomatik nümayəndəliklərinin
vasitəsi ilə həmin ölkələrlə əlaqələr
yaratmaq və onlar tərəfindən Azərbaycanın
müstəqilliyinin tanınmasına nail olmaq idi. Lakin 1918-ci ilin payızında Almaniyanın və
onun müttəfiqlərinin Birinci Dünya müharibəsində
məğlub olması vəziyyəti çətinləşdirirdi.
1918-ci il
oktyabrın 30-da Türkiyə ilə İngiltərə
arasında bağlanan "Mudros” sazişinə görə,
türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı
tərk etməli oldular. Onların yerini general
Tomson başda olmaqla ingilis qoşunları tutdu. Azərbaycan hökuməti, eləcə də
parlament respublikanın müstəqilliyinin Paris Sülh
Konfransının iştirakçısı olan qalib dövlətlər
tərəfindən tanınmasına
çalışırdı. Buna görə də
1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən
parlamentin ağsaqqallar şurası nümayəndələrinin
iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək
üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri,
cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında
əvəzsiz xidmətləri olmuş
Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə
heyəti göndərildi. Böyük əziyyətlərdən
və erməni təbliğatı ilə uzun müddətli
mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə
heyəti 1920-ci il yanvar ayının 12-də
Sülh Konfransındakı əsas ölkələr tərəfindən
Azərbaycanın de-fakto tanınmasına nail oldu.
Azərbaycanın istiqlaliyyətinin
Paris Sülh Konfransı tərəfindən tanınması
tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın
müstəqilliyinin tanınması ona olan marağı da
artırdı. Artıq Belçika, İsveçrə,
Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər
dövlətlər Bakıda öz konsulluqlarını
açdılar. ABŞ, İngiltərə,
Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini
genişləndirməyə başladı.
1920-ci il mart
ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın
bütün sahələrini əhatə edən saziş və
müqavilələr imzalanmışdı. Tərəflər
arasında imzalanan dostluq müqaviləsinə əsasən
İran Azərbaycan Respublikasını de-yure
tanıdığını bildirdi. Qısa
müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə
baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhəddə
vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri
yaradıldı. 1920-ci il aprel ayının ortalarında
Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya,
ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya,
Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər
təsis etmək haqqında qanun qəbul etdi. Bir
sıra xarici dövlətlərin nümayəndəlikləri
isə Azərbaycanda fəaliyyətə başlamışdı.
Beləliklə, aprel
işğalı ərəfəsində Azərbaycan Xalq
Cümhuriyyəti təcridçilikdən çıxıb
geniş beynəlxalq əlaqələr sisteminə daxil
olmuşdu.
Lakin az sonra, aprelin 28-də XI Qızıl
ordunun Azərbaycanı işğalı ilə Xalq
Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq
münasibətlər sistemində müstəqil dövlət
kimi iştirakını dayandırdı.
Lakin 1920-ci ildə mövcud
tarixi şəraitin doğurduğu qarışıqlıqlar
içərisində itirilmiş milli dövlətçiliyin
XX əsrin sonunda yenidən bərpası xalqımızın
milli-azadlıq ruhunun hər zaman yaşadığından xəbər
verir. Belə
ki, 27 il əvvəl, yəni 1991-ci il
oktyabrın 18-də "Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya
Aktının qəbul olunması ilə Azərbaycan xalqı
tarixinin yeni mərhələsinin başlanğıcına qədəm
qoydu.
SSRİ-nin süqutu ilə
yaranan əlverişli tarixi şərait və milli-azadlıq
mübarizəsi nəticəsində xalqımız XX
yüzillikdə artıq ikinci dəfə öz dövlət
müstəqilliyini elan etdi. Lakin əsrin sonunda
öz istiqlaliyyətini bütün dünyaya bəyan edən
Azərbaycan dövləti öz suveren hüquqlarını
reallaşdırmaq üçün ciddi maneələrlə
qarşılaşdı. Heç
şübhəsiz ki, bu, ilk növbədə Ermənistanın
ölkəmizə qarşı əsassız ərazi
iddiaları və hərbi təcavüzü ilə
bağlı idi.
Yalnız 1993-cü ilin ikinci
yarısından ümummilli lider Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil
dövlətçilik ideyalarının bərqərar
olmasına şərait yaratdı. Heç də təsadüfi
deyil ki, milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın
inkişafında keyfiyyətcə yeni bir eranın
başlanğıcı kimi dəyərləndirilir. Dövlətçiliyimizin ən ağır günlərində,
mürəkkəb siyasi şəraitdə
xalqımızın böyük oğlunungöstərdiyi qətiyyət
və iradə onun sonsuz vətən sevgisinin parlaq nümunəsidir.
Heydər Əliyev irsi xalqımızın
dövlətçilik və azərbaycançılıq
şüurunu, ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini
özündə ehtiva edir. Onun müasir
dövlətçilik konsepsiyası tarixi ənənələri
və bəşəri dəyərləri özündə
birləşdirən yeni inkişaf modeli kimi bugünkü Azərbaycanın
simasında öz əksini tapmışdır.
Heydər Əliyev uzaqgörən
siyasətçi olduğunu hələ ölkəyə rəhbərlik
etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə
Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın,
elmin, mədəniyyətin, bir sözlə, həyatın
müxtəlif sahələrində böyük nailiyyətlər
qazanıldı. Məhz bu dövrdə
milli və mənəvi dəyərlərin qorunub
saxlanılmasında, o cümlədən parlamentarizm ənənələrinin
inkişafı istiqamətində əməli addımlar
atıldı, məqsədyönlü siyasət sayəsində
xalqın milli oyanışı üçün əlverişli
şərait formalaşdı.
Bu dövrdə Azərbaycan
parlamenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada
aparılan quruculuq işlərinin hüquqi bazasının
yaradılmasında mühüm rol oynadı. Ulu öndər parlamentin cəmiyyətin
həyatındakı rolunu yaxşı bilir, Azərbaycan SSR
Ali Sovetinin deputatı və ölkənin rəhbəri kimi ali qanunvericilik orqanı ilə sıx əlaqədə
fəaliyyət göstərirdi. O, parlamentdə bu dövrə
təsadüf etmiş IX, X və XI beşilliklərin
proqramlarının təsdiq olunmasında və hər il
respublika büdcəsinin qəbulunda yaxından iştirak edir,
parlamentarizm ənənələrinin bərpası və
inkişafı üçün əlindən gələni əsirgəmir,
bu məsələ ilə bağlı tövsiyələrini
verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali
Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından müdrikliklə
istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın
mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.
Ötən əsrin
yetmişinci illərində görkəmli siyasi xadimin təşəbbüsü
ilə Azərbaycan dili və tarixinə dair aparılan bir
sıra fundamental tədqiqatlara ilk dəfə dövlət
mükafatının verilməsi də bu sahədəki
mükəmməl konsepsiyanın üzvi tərkib hissəsi
idi. Ayrıca vurğulamaq yerinə düşər ki,
respublikamızın 1978-ci ildə qəbul olunmuş
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə
maddənin daxil edilməsi də azərbaycançılıq
ideologiyasının möhtəşəm təntənəsi
kimi o zaman çox böyük əks-səda
doğurmuşdu.
Belə ki, 1977-ci il
oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul
edilir. Heydər Əliyevin rəhbərliyi ilə
Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni konstitusiya layihəsini
hazırlayır və ümumxalq müzakirəsinə verir.
Ümumxalq müzakirəsindən sonra 1978-ci il
aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu
çağırış, növbədənkənar VII
sessiyasında Heydər Əliyev "Azərbaycan SSR
Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun
ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə
edir. Qeyd etmək lazımdır ki, bu Konstitusiya
SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da,
orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri
də öz əksini tapmışdı. Heydər
Əliyevin bilavasitə təşəbbüsü və
mübarizəsi nəticəsində Azərbaycan dilinin
dövlət dili olması haqqında müddəa Azərbaycanın
1978-ci il Konstitusiyasında öz əksini
tapdı. Konstitusiyanın 73-cü maddəsində
"Azərbaycanın dövlət dili Azərbaycan dilidir”,
deyə təsbit edildi. Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan
Respublikası Konstitusiya Komissiyasının iclasında
demişdi: "Bu maddə Moskvada çox böyük etiraza səbəb
oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur,
buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər
İttifaqının rəhbərliyi ilə, Kommunist
partiyasının rəhbərliyi ilə çox gərgin
danışıqlar apardım. Sübut etməyə
çalışdım ki, biz dövlət dilinin Azərbaycan
dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və
yazacağıq”.
Sovetlər Birliyinin sərt
mühitində belə bir addımı yalnız Heydər
Əliyev kimi böyük dahi, bütün varlığı
xalqa, vətənə məhəbbətdən
yoğrulmuş müdrik şəxsiyyət və rəhbər
ata bilərdi.
Bu siyasətin məntiqi nəticəsi
kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda
Heydər Əliyev Azərbaycana demokratik və azad
düşüncə tərzi, milli özünüdərk
duyğusu gətirdi. O dövrdə keçmiş İttifaqın
aparıcı təhsil ocaqlarında gənclərimiz
lazımi ixtisaslara yiyələndilər, milli kadr korpusu
formalaşdı. Həmin illərdə, sonralar
SSRİ rəhbərliyində təmsil olunduğu vaxtlarda Heydər
Əliyev Azərbaycanı yüksəkliklərə
qaldırmaqla özü də dünyanın görkəmli
siyasi və dövlət xadimlərindən birinə
çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev
tariximizin bu dövrünü belə şərh edir: "O
illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya istiqamətini milli özünüdərkin
güclənməsinə imkan verən sürətli
inkişaf strategiyası təşkil etmişdir”.
80-ci illərin sonunda isə
SSRİ adlı böyük bir məkanda baş verən
ictimai-siyasi proseslər və xalqımızın azadlıq
mücadiləsi nəticəsində Azərbaycan dövlət
müstəqilliyini bərpa etdi. Lakin çoxsaylı
problemlərlə üzləşmiş Azərbaycan XX əsrin
əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin
aqibətini yaşamağa çox yaxın idi. Bütün çətinliklərə rəğmən
xalqımızın xoşbəxtliyi onda idi ki, bu dövrdə
onun Heydər Əliyev kimi milli lideri var idi.
Heydər Əliyev
çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla
yanaşı, həm də haqlı olaraq, müasir Azərbaycan
parlamentinin banisi sayılır. Sovet dövründə
Azərbaycanda parlamentin qəbul etdiyi qanunlar kommunist
partiyasının ideoloji məqsədlərinə xidmət
edirdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət
orqanlarının, o cümlədən parlamentin işini
xalqın iqtisadi, mədəni tərəqqisinə, milli
dirçəliş siyasətinin reallaşmasına yönəldə
bildi.
Əslində, Heydər
Əliyevin 30 ildən artıq siyasi hakimiyyət dövrü
tariximizin ən parlaq səhifəsini, ölkənin inkişaf
mərhələsini təşkil edir. Azərbaycanda
müstəqil dövlət təsisatlarının
yaradılması, vətəndaş cəmiyyətinin
formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşməsi
məhz ulu öndərin şərəfli adı ilə
bağlıdır. Bu baxımdan Heydər Əliyevin
1993-cü il iyunun 15-də Azərbaycanın
Ali Sovetinə Sədr seçilməsi ölkənin ən
yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu dövrdə öz
dövlət müstəqilliyini yeni elan etmiş Azərbaycanın
qarşısında mühüm tarixi vəzifələr
dururdu. Təəssüf ki, o dövrkü iqtidar baş verən
proseslərdən düzgün nəticə çıxara
bilmədi. Torpaqlarımız Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olundu. Dağlıq Qarabağ məsələsi
erməni ideoloqları tərəfindən süni şəkildə
şişirdilərək beynəlxalq arenaya
çıxarıldı. AXC-Müsavat
cütlüyünün bir illik hakimiyyəti dövründə
ölkə anarxiyaya sürüklənir, ekstremist meyillər
getdikcə güclənirdi. Azərbaycan vətəndaş
müharibəsi kimi real təhlükənin bir
addımlığında idi.
Belə bir vaxtda Heydər
Əliyevin ölkə parlamentinə sədr seçilməsi
- onun siyasi hakimiyyətə yenidən qayıdışı
xalqda gələcəyə ümid yaratdı. Sonrakı
proseslər göstərdi ki, bu qayıdış müstəqillik
tariximizdə keyfiyyətcə yeni siyasi bir eranın
başlanğıcı idi.
Heydər Əliyev müdrik
dövlət xadimi kimi parlamentin milli dövlətçilik
sistemində yerini və rolunu lazımınca dəyərləndirir,
ölkə qarşısında duran məsələlərin
həllində qanunverici orqanın imkanlarından maksimum
yararlanmaq nümunəsi göstərirdi.
Ali Sovetin Sədri kimi ulu öndər
ilk gündən parlamentarizm ənənələrinə sadiq
qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları,
mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa yayımla televiziya
ekranlarına verildi. Ölkədəki vəziyyət
olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan
qaldırılması üçün lazımi tədbirlər
görülməyə başlandı. Ulu
öndər parlamentarizm ənənələrinin
inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha
da möhkəmlənməsi prizmasından yanaşır, bu
sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib
hissəsi hesab edirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə
rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri
yeni nəfəs, yeni qüvvə aldı. Ordu
quruculuğu sahəsində mühüm qərarlar qəbul
edildi. "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailəsinə edilən güzəştlər
haqqında” Qanun qəbul olundu. Konstitusiyada
və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər
edildi. Ümumiyyətlə, bu dövrdə
120-dən artıq qanun və qərar qəbul olundu. Bütün ölkə əhalisini narahat edən məsələlərin
parlamentdə ilk növbədə müzakirə edilməsi
adi hala çevrildi.
Heydər Əliyev bu
dövrdə əhalinin döyüş ruhunu qaldırmaq,
müharibə dövrünə uyğun təbliğat
aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək
üçün lazımi tədbirlər görür, ölkədəki
vəziyyət barədə fikirlərini tez-tez xalqla
bölüşürdü. O, parlamentin sədri kimi Azərbaycanın
strateji maraqları əsasında ölkənin yeni xarici siyasət
konsepsiyasını, onun beynəlxalq münasibətlər
sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC-Müsavat
cütlüyü iqtidarının bu sahədə
buraxdığı kobud səhvlər qısa vaxtda aradan
qaldırıldı.
Ali Sovetin Sədri mədəniyyətin,
elmin və təhsilin inkişafına da böyük diqqət
yetirir, alimlərlə, gənclərlə görüşlər
keçirir, onlarla ölkənin gələcəyi barədə
fikir mübadiləsi aparırdı.
Cəmi 4 ay Ali Sovetin Sədri
vəzifəsində çalışsa da, ulu öndər bu
qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi,
Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası
aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması,
çıxışların məğzini tutmaq
bacarığı, qiymətli fikirləri ümumiləşdirmək
qabiliyyəti özlüyündə parlamentin üzvləri
üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi
idi.
Heydər Əliyev prezident
seçildikdən sonra da parlamentlə sıx əlaqə
saxlamış, yüksək səviyyəli prezident-parlament
münasibətlərinin dövlətçiliyimizin daha da
möhkəmlənməsinə, xalqın rifah halının
yaxşılaşmasına xidmət etməsi
üçün səylərini əsirgəməmişdir.
Həmin dövrdə həlli
vacib olan məsələlərdən biri davam etməkdə
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
müharibəsinin gedişinə təsir göstərə
biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin
ərazi bütövlüyünü qorumaq, daxili ictimai
sabitliyə nail olmaq mümkün deyildi. Milli
Ordunun döyüş qabiliyyətinin artırılması və
genişmiqyaslı müdafiə tədbirlərinin həyata
keçirilməsi, döyüşçülərdə
yaranan ruh yüksəkliyi sayəsində düşmənə
qarşı bir neçə uğurlu hərbi əməliyyat
aparıldı. Belə şəraitdə
beynəlxalq qüvvələrin təsiri altında
münaqişə tərəfləri atəşi
dayandırmaq barədə razılığa gəldilər.
Bu barədə saziş 1994-cü ilin mayında
imzalandı və münaqişənin dinc vasitələrlə
aradan qaldırılmasına prioritet istiqamət
sayıldı.
Belə bir faktı qeyd etməyə
dəyər ki, Heydər Əliyevin ölkə
iqtisadiyyatında köklü dəyişikliyə gətirib
çıxaran və müstəqil dövlətimizə beynəlxalq
nüfuz qazandıran yeni neft strategiyasının həyata
keçirilməsinə məhz atəşkəsdən sonra
başlanıldı və 1994-cü ilin sentyabrında
dünyanın iri neft şirkətləri ilə "Əsrin
müqaviləsi” adlandırılan ilk neft müqaviləsi
imzalandı.
Elə ilk günlərdən
ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham
Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni
neft strategiyasının hazırlanmasının və
uğurla həyata keçirilməsinin ən fəal
iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində
özünün yığcam şəkildə ifadə etdiyi
belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə
neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə
etməkdən ibarət deyildir. Bizim məqsədimiz
neftdən gələn bütün mənfəətləri həm
siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir”.
1994-cü il
sentyabrın 20-də Bakıda ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında hazırlanan və
imzalanan "Əsrin müqaviləsi” neft kontraktı
respublikamızın salnaməsinə yeni neft
strategiyasının şanlı səhifəsi kimi
yazıldı. Dünyanın 8 ölkəsini təmsil edən
13 ən məşhur neft şirkətinin iştirak etdiyi və
dəyəri 7,4 mlrd. dollar
olan "məhsulun pay bölgüsü” tipli bu müqavilə
həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də
qoyulan sərmayələrin həcminə görə
dünyada bağlanan ən iri sazişlər siyahısına
daxildir. "Əsrin müqaviləsi” Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ümummilli liderin əsasını
qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi
tezliklə Azərbaycanı davamlı inkişaf yoluna
çıxartdı. Bu dövrdə müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul edildi, ölkəmiz Avropa
Şurası kimi mötəbər beynəlxalq qurumların
tamhüquqlu üzvü oldu. Müstəqil
Azərbaycanın birinci çağırış Milli Məclisinə
seçkilər keçirildi, bələdiyyə institutu
yaradıldı, həyatın bütün sahələrində
köklü islahatlar aparıldı. Onun təşəbbüsü
ilə parlamentdə ilk kövrək addımlarını
atmaqda olan müstəqil dövlətimiz üçün həyati
əhəmiyyətli qanunlar qəbul olundu. Azərbaycanın təşəbbüsü və fəal
iştirakı ilə bütöv bir regionun iqtisadi
simasını dəyişə biləcək
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz
kəmərlərinin çəkilişinə
başlandı.
Bu bir həqiqətdir ki,
müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul
olunması və müstəqillik tariximizdə ilk parlament
seçkiləri keçirilməsi ilə Azərbaycanın
tarixi inkişafının yeni bir mərhələsi
başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik
etdiyi komissiya tərəfindən hazırlanmış
ümumxalq müzakirəsinə çıxarılan
Konstitusiya layihəsi həmin il, yəni
1995-ci ilin noyabrın 12-də keçirilən referendumda -
ümumxalq səsverməsində qəbul edilmişdir. Fərəh hissi ilə qeyd etmək istərdim ki,
adıçəkilən komissiyanın tərkibində
Konstitusiya layihəsinin hazırlanmasında yaxından
iştirak etmişəm.
Bu mühüm tarixi əhəmiyyətə
malik sənəd ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarına lazımi təminatlar
yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan
Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin
əldə etdiyi mütərəqqi dəyərlər,
fundamental hüquq və azadlıqlar öz əksini
tapmışdır.
Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi ilə islahatların hüquqi
bazasının yaradılması, insan hüquq və
azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş, ölkəmiz
müxtəlif beynəlxalq konvensiya və sazişlərə
qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin
təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata
keçirilmişdir. Bu tədbirlər sırasında Heydər
Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahatları
Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik
tarixində yaratdığı ənənələri qorumaqla
inkişaf etmiş dövlətlərin hüquq islahatları
ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş
iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir:
"Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının həyata keçirilməsi prosesi hər
birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə
orqanlarının islahatı ilə əlaqədar
qanunların hazırlanması, qəbul olunması çox
mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında
qanunların qəbul olunması kimi çox böyük vəzifələr
var. Hər sahədə qanunlar qəbul edilməlidir.
İndi mən vaxt deyə bilmərəm, - bir il,
iki il, - hər halda müəyyən bir zaman ərzində nail
olmalıyıq ki, bütün sahələr üzrə
müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.
Heydər Əliyevin Hüquq
İslahatları Komissiyasındakı bu nitqi ölkəmizdə
qanun yaradıcılığı sahəsində həyata
keçirilən böyük işlərin proqram sənədi
kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq islahatları sahəsində
çox əhəmiyyətli sənədlərdən biri də
Heydər Əliyevin 1996-cı il iyunun 8-də
imzaladığı "Avropa Şurası və Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi haqqında” sərəncamdır.
Bu sənədə əsasən beynəlxalq standartlara
uyğun "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr
və hakimlər haqqında”, "Prokurorluq haqqında” qanun və
digər hüquqi sənədlərin layihələri
hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və
müvafiq qaydada qəbul olunmuşdur.
Milli Məclisin bu günə
qədər qəbul etdiyi hüquqi sənədlərin
böyük bir hissəsi Heydər Əliyev tərəfindən
parlamentin müzakirəsinə verilmiş qanun layihələri,
konvensiyalar və sazişlərdir. Respublika Parlamenti son
illər ərzində bu istiqamətdə, yəni hüquq
islahatları sahəsində xeyli tarixi sənədlər qəbul
etmişdir.
Qəbul olunan bu hüquqi,
demokratik, dünyəvi dövlətin və vətəndaş
cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi
bazasının yaradılmasında mühüm rol oynadı. 1998-ci ildə
Heydər Əliyevin təşəbbüsü ilə Şərq
aləmində ilk demokratik respublika quran Azərbaycan bu dəfə
də ilk dəfə olaraq, ölüm cəzasını ləğv
etdi. Bu İnsan hüquq və
azadlıqlarına dövlət səviyyəsində göstərilən
diqqətin bariz nümunəsi idi.
Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi
ilə inteqrasiyasını gücləndirən normativ sənədlər
də qəbul olunmuşdur. Parlament bu sahədə "İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında” Konvensiyanı, "İşgəncələrin
və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın
və ya cəzanın qarşısının alınması
haqqında” Avropa Konvensiyasını, "Yerli
özünüidarəetmə haqqında” Avropa
Xartiyasını təsdiq edən sənədləri, "Vətəndaşlıq
haqqında”, "Sərbəst toplaşmaq azadlığı
haqqında”, "Dini etiqad azadlığı haqqında”
qanunları qəbul etmişdir.
Məlum olduğu kimi, Azərbaycanın
Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması
hüquq islahatları baxımından ölkəmiz
qarşısında mühüm öhdəlik və vəzifələr
qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində
ölkəmizdə bir sıra tədbirlər həyata
keçirilmiş, prezidentimizin təşəbbüsü ilə
Milli Məclisdə dövlət qulluğunu tənzimləyən
bir sıra qanunvericilik aktları da qəbul edilmişdir.
Hüquq islahatları sahəsində
Milli Məclis Heydər Əliyevin təşəbbüsü
ilə bir neçə konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında”, "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında”, "Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin
həll edilməsi hüququnun əlavə təminatları
haqqında” konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunmasına necə
böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Heydər Əliyev ölkəmizdə
aparılan hüquq islahatları haqqında ölkəmizin
dövlət müstəqilliyinin onuncu ildönümünə
həsr olunmuş təntənəli mərasimdə
demişdir: "Hər bir qanunun arxasında Azərbaycanda
dövlət quruculuğunu təmin etmək, iqtisadi
islahatları həyata keçirmək, siyasi islahatları həyata
keçirmək, sosial islahatları həyata keçirmək
məsələləri durur. Azərbaycanı
keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni
sistemə keçirmək prosesini biz bu illərdə
apardıq və buna da nail olmuşuq. Məhz
bunların nəticəsində indi Azərbaycanda demokratik,
hüquqi dövlət öz fəaliyyətini uğurla həyata
keçirir. Azərbaycan xalqı
bunların nəticəsində öz müstəqil ölkəsində
tam azadlığa çıxıbdır”.
Siyasi islahatlar cəsarətlə
davam etdirilirdi.
2002-ci ilin avqustunda keçirilən referendumda
parlamentə seçkiləri daha da demokratikləşdirmə
məqsədilə seçkilərin birmandatlı dairələr
üzrə aparılması qaydası müəyyən edildi.
Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək
ona ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə
hakimlərin təyin olunması hüququ verildi.
Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, o
cümlədən Mülki Məcəllə,
Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi,
Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə,
Cəzaların İcrası Məcəlləsi, "Torpaq
islahatı haqqında”, "Konstitusiya Məhkəməsi
haqqında”, "Məhkəmələr və hakimlər
haqqında”, "Prokurorluq haqqında”, "Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(Ombudsman) haqqında” və digər qanunlar Azərbaycanın
demokratik yolla ardıcıl inkişafı üçün
bütün hüquqi təminatları yaratmışdır.
Bunlar bir tərəfdən Azərbaycanda
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun
təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif
siyasi cərəyanların ideyalarının azad ifadə
olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və
vətəndaş hüquqlarının qorunmasına qulluq edən
təsisatların formalaşması, digər tərəfdən
isə, ölkəmizdə azad rəqabətə, inkişaf
etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə
əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən
qanunvericilik tədbirlərini əhatə etmişdir.
Beləliklə, ulu öndər
hüquqi dövlət quruculuğu prosesində parlamentlə
sıx əlaqə şəraitində böyük
uğurlara nail oldu. Statistikaya müraciət etsək, görərik ki,
1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək
Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun
və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü
ilə qəbul edilmişdir.
Ulu öndərin əsasını
qoyduğu milli inkişaf strategiyası bu gün ölkə
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün
sınaqlardan ləyaqətlə çıxmış ölkəmizin
iqtisadi inkişaf modeli hazırda bütün dünyada təqdir
olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında
böyük perspektivlər açır. Keyfiyyətcə
yeni mərhələdə ölkə Prezidenti vətəndaş
cəmiyyətinin yaradılmasını, demokratikləşmə
prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərt hesab
edərək demişdir: "Siyasi və iqtisadi islahatların
davam etdirilməsi zamanın tələbidir. Əgər
biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə,
bunu etməliyik. Bu işdə həm
dövlətin üzərinə böyük vəzifələr
düşür, eyni zamanda, Milli Məclisin üzərinə
də böyük məsuliyyət düşür. Biz
birlikdə buna nail olmalıyıq”.
Dövlətçilik
sistemində mühüm yer tutan Azərbaycan Parlamenti dövlət
başçısı tərəfindən ölkədə
aparılan quruculuq işlərinə, islahatların həyata
keçirilməsinə öz səlahiyyətləri çərçivəsində
dəstək verir. Azərbaycanda çox qısa zaman kəsiyində
sivil ölkələrə məxsus sosial ədalət
prinsipinə söykənən müasir cəmiyyətin
yaradılmasına Milli Məclis də öz töhfəsini
vermişdir.
Siyasi sistemin dünya
standartları səviyyəsinə yüksəlməsi ölkənin
iqtisadi qüdrətinin artması və demokratik proseslərin
dərinləşməsi məqsədilə yeni qanunların
qəbulu və qüvvədə olan aktların təkmilləşdirilməsi
həmişə Milli Məclisin diqqət mərkəzində
olmuşdur. Parlamentin ictimai-siyasi həyatda baş vermiş
köklü dəyişiklikləri nəzərə alaraq
2009-cu və 2016-cı illərdə Konstitusiya islahatları ilə
bağlı referendum keçirilməsi barədə qərarları
bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə
dövlətin ali məqsədi kimi
tanındı. Bu referendumla həmçinin Ali Məhkəmənin
qərarlarının dərc edilməsi məcburiyyəti gətirildi,
uşaq hüquqlarının müdafiəsi və ətraf
mühitin mühafizəsi gücləndirildi, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına
qanunvericilik təşəbbüsü hüququ verildi və insan
hüquq və azadlıqlarının, ədalət mühakiməsinin
müstəqilliyi və şəffaflığının
yüksəldilməsi üçün digər əlavə və
dəyişikliklər edildi.
26 sentyabr 2016-cı ildə
keçirilmiş digər referendumla da Konstitusiyamıza insan
hüquq və azadlıqları, xüsusilə seçki və
ədalətli mühakimə hüquqlarının genişləndirilməsi,
sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi
ilə bağlı əlavə və dəyişikliklər
edilmiş oldu.
Beləliklə, dövlət başçımız tərəfindən
təşəbbüs edilən iki referendum da xalq tərəfindən
müsbət qarşılandı və nəticədə,
insan hüquq və azadlıqlarına daha ali
səviyyədə təminat verən, şəffaf cəmiyyət
və dövlət aparatının ən qabaqcıl beynəlxalq
standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və
hüquq sistemi formalaşdırılmış oldu.
Hazırda müstəqil Azərbaycanın
bütün sahələr üzrə qanunvericilik bazası
mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr,
qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət
və dövlət həyatında yaranan münasibətləri
tənzimləməyə xidmət edir. Qanunvericilik
fəaliyyətində bəşəri dəyərlər
milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.
Ötən illərdə
Milli Məclis parlamentarizm ənənələrini inkişaf
etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək
istiqamətində məqsədyönlü fəaliyyət
göstərmişdir. Parlamentdə qəbul olunmuş sənədlərin
əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü
ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin
müzakirəsinə təqdim edilmişdir. İlham
Əliyev hələ Azərbaycan parlamentinin deputatı
olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin
qanun yaradıcılığı işində yaxından
iştirak etmiş, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə
yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin
genişlənməsinə öz layiqli töhfəsini
vermişdir. Ulu öndərin siyasi varisi kimi İlham Əliyev
parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək
bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq
miqyasda təsdiqləməyə nail olmuşdur.
Müstəqil Azərbaycanın
xarici siyasət strategiyasında parlament diplomatiyası
mühüm yer tutur. Bu siyasətin məntiqi nəticəsi kimi bu gün
Milli Məclis ölkənin iştirak etdiyi bir sıra
nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin,
o cümlədən Avropa Şurası Parlament
Assambleyasının, Parlamentlərarası İttifaqın,
ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi
Əməkdaşlığı Parlament Məclisinin, MDB-nin
Parlamentlərarası Assambleyasının, TÜRKPA, GUAM Parlament
Assambleyasının, İslam Konfransı Təşkilatı
Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa
Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə
yaxından əməkdaşlıq edir. Milli Məclisdə
dünyanın 80-dən çox ölkəsinin parlamenti ilə
əlaqələr üzrə işçi qrupları
yaradılmış və bu qrupların fəaliyyəti
ölkənin xarici siyasətinə öz töhfəsini
verir.
Çağdaş Azərbaycan
Parlament diplomatiyasının ən böyük uğuru cənab
İlham Əliyevin millət vəkili, AŞ PA-da Azərbaycan
nümayəndə heyətinin rəhbəri kimi AŞ PA sədrinin
müavini və büro üzvü seçilməsi faktı
olmuşdur. Erməni diasporunun mütəşəkkil və
güclü fəaliyyəti dövründə bu cür
uğur diplomatiya tarixinin ən yadda qalan və fəxarətli
hadisəsi oldu. Məhz bundan sonra AŞ
PA-da və digər beynəlxalq parlament təşkilatlarında
Azərbaycanın xeyrinə bir çox qərarlar qəbul
edilmişdir.
İlham Əliyevin Avropa
Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin
rəhbəri olduğu dövrdə formalaşmış
parlament diplomatiyası ənənəsi bu gün
deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq
qurumlarda uğurla davam etdirilir.
Bu gün də Prezident
İlham Əliyev parlamentin hüquqi dövlət quruculuğu
sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir. Məhz
prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı
şəkildə ən müasir səviyyədə təmir
edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə,
deputatların səmərəli və normal fəaliyyəti
üçün bütün zəruri tədbirlər həyata
keçirilmişdir.
Ümumiyyətlə, Milli Məclisin
fəaliyyət tarixini araşdırdıqda görürük
ki, qanunvericilik beynəlxalq hüquqa
uyğunlaşdırılmaqla yanaşı, milli-mənəvi
dəyərləri də əsas kimi qəbul edilir. Eyni zamanda,
qanunlarda cəzaların humanistləşdirilməsi, sosial
yönümlülük, xarici ölkələrin parlamentarilərı
ilə qarşılıqlı əlaqələr və Ermənistan
tərəfindən işğal olunmuş
torpaqlarımızla bağlı problemləri mötəbər
beynəlxalq tribunalardan bəyan etmək parlament fəaliyyətinin
prioritet istiqamətləridir.
Böyük və
çoxşaxəli fəaliyyəti dövründə
bir-birindən fərqli layihələrin müəllifi olaraq
saysız insanların mənəvi dostuna çevrilən Azərbaycan
Respublikasının 1-ci Vitse-prezidenti xanım Mehriban
Əliyevanın parlament fəaliyyətinin Milli Məclis
tarixində xüsusi rolu vardır. Mehriban xanım millət
vəkili olduğu ərəfədə seçicilərə
olan diqqət və qayğısı, habelə qanunvericilik təşəbbüsü
ilə parlament mədəniyyətinin inkişafına yeni
töhfələr vermişdir.
Mehriban Əliyevanın Milli
Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan
biri onun ədalət, humanizm və insanpərvərlik
ideallarını rəhbər tutaraq genişmiqyaslı
amnistiya aktının qəbul edilməsi təşəbbüsü
ilə çıxış etməsidir. 2007-ci ilin 8 may tarixində
Mehriban xanımın hazırladığı "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin
müzakirəsi zamanı çıxışında qeyd
etmişdir ki, "...səhv etmiş, cinayət törətmiş
insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata
qayıtsınlar, ailələrinə, yaxınlarına
qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər.
Ağır cinayət törətməyən
insanları bağışlayaraq, biz həm onları normal həyata
qaytarırıq, həm də müstəqil Azərbaycanın
humanizm prinsipləri əsasında inkişaf etdiyini
nümayiş etdiririk”.
Azərbaycan parlamentarizmi
tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən
irəli sürülmüş və geniş ictimai dəstək
almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi
və siyasi məzmun daşımışdır.
O, bu nəcib təşəbbüsü
ənənəyə çevirərək 2009, 2013 və
2016-cı illərdə də eyni müraciətlə
çıxış etmiş və nəticədə 2009-cu
ildə 9564, 2013-cü ildə təqribən 9000 nəfər
azadlığa buraxılmış, 2016-cı ildə isə
amnistiya aktı 10 min nəfərə şamil olunmuş, o
cümlədən 3500 nəfər azadlıqdan məhrumetmə
cəzasından azad edilmişdir. Bütövlükdə,
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
təqdim olunan amnistiya aktları 40 min nəfərdən çox
insana şamil edilmişdir.
Onun Azərbaycan
xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi,
Azərbaycan xalqının həqiqətlərini dünya
ictimaiyyətinə çatdırması, şəxsi
nüfuzu və fəaliyyəti ilə ölkəmizin xeyrinə
beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri
parlament tarixinin möhtəşəm səhifələrindəndir.
Bütün bunlar göstərir
ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə
yeni mərhələdə yaşayır, inkişaf edir,
ölkəmizin tərəqqisinə, yüksəlişinə
töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına
tapınan Azərbaycan Respublikasının Milli Məclisi
üzərinə düşən məsuliyyətli
missiyanı uğurla yerinə yetirməyə, dövlətin
və xalqın maraqlarının keşiyində layiqincə
dayanmağa çalışır, habelə dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən mütərəqqi siyasi,
iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini
verir.
Bu gün Azərbaycan cənab
İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən
sürətlə inkişaf edən, yeniləşən,
müasirləşən, demokratikləşən dövlətinə
çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın
beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli
dərəcədə gücləndirir.
Prezident İlham Əliyevin həyata
keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən
biri ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında,
tam müstəqil siyasət yürüdən ölkə
olduğunu nümayiş etdirir.
Səfa MİRZƏYEV,
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının rəhbəri,
1-ci dərəcə
dövlət müşaviri, Hüquq üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.-
2018.- 21 sentyabr.- S.6-8.