Parlament mükəmməl
sosial qanunvericilik bazasına malikdir
Azərbaycan
Parlamenti – 100
Dövlətçilik tariximizdə
mühüm yer tutan və onun parlaq səhifəsini təşkil
edən Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasından 100 il ötür. Müstəqil dövlətimizin yaranması
azadlıq uğrunda aparılan milli azadlıq mübarizəsinin,
milli özünüdərkin və oyanışın nəticəsi
idi. Beləliklə, müstəqil dövlətimizin
yaranması ilə yüz ildən artıq çar
Rusiyasının əsarəti altında qalan
xalqımızın dövlətçilik ənənələri
bərpa olundu.
Sosial məsələlərə
cümhuriyyət parlamenti xüsusi diqqət
ayırırdı
"İstiqlal Bəyannaməsi”
ilə müsəlman Şərqində ilk dəfə olaraq
Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli
dövlətin yaradıldığı bəyan edildi. Bu sənəd
müstəqil Azərbaycan dövlətinin yaradılması
ilə yanaşı, onun prioritetlərini və məramını
da elan etdi. Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq, cümhuriyyətin
dövründə həyata keçirilən tədbirlər
müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan
komissiyanın 5 iyun 1995-ci il tarixli
iclasında demişdir: "Azərbaycan Respublikasının
ilk demokratik dövlətinin, 1918-ci il mayın 28-də
yaranmış demokratik respublikasının konstitusiyası
olmayıb. Ancaq bu hökumət, bu dövlət
fəaliyyət göstərdiyi dövrdə konstitusiya
xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul
etmiş və onların əsasında işləmişdir.
Ona görə də onları demək olar ki,
müəyyən qədər konstitusiya quruculuğunun
başlanğıcı kimi qiymətləndirmək olar”.
Azərbaycan Xalq Cümhuriyyətinin
Milli Şurası və hökuməti Tiflis, Gəncə və
Bakıda fəaliyyət göstərdiyi dövrlərdə
642-dən artıq hüquqi akt qəbul etmişdir. Parlament tərəfindən
isə 270-dən artıq qanun layihəsi müzakirəyə
çıxarılmış, onlardan 230-a yaxını təsdiq
edilmişdir. Bunlardan 10-u bilavasitə sosial
sahə ilə bağlı olub.
1918-ci ildə ermənilərin
Azərbaycana qarşı ərazi iddialarını genişləndirmələri,
Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağda və digər
yerlərdə soyqırımı cinayətləri törətmələri
minlərlə azərbaycanlını qaçqın vəziyyətinə
salmışdı. Təsadüfi deyil ki, Xalq Cümhuriyyəti
hökumətinin ilk günlərdən diqqət yetirdiyi əsas
məsələlərdən biri qaçqınlarla
bağlı olmuşdu. Qaçqınların
maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi,
onlara tibbi xidmət göstərilməsi hökumətin
xüsusi diqqət mərkəzində idi. Belə ki,
hökumət 1918-ci il iyulun 13-də "Qaçqınlara
yardımın təşkil edilməsi haqqında”, 1919-cu il
fevralın 17-də "Qaçqınların yerləşdirilməsi
məsələsini nizama salmaq üçün Şamaxı
qəzasına komissiya göndərilməsi haqqında”, həmin
il iyunun 23-də "Qaçqın və köçkünlərin
vəziyyətinin, onların daimi yaşayış yerlərinə
qayıtması məsələsinin
aydınlaşdırılması üçün mərkəzi
komissiyanın yaradılması haqqında”, noyabrın 8-də
isə "Qaçqınların yerləşdirilməsi
üçün təcili tədbirlərin görülməsi
haqqında” qərarlar qəbul etmişdi.
Ölkədəki
ağır vəziyyətə baxmayaraq hökumət
Gürcüstan və Ermənistanda yaşayan
soydaşlarımıza da müntəzəm yardım göstərirdi.
Xalq Cümhuriyyətinin fəaliyyəti
dövründə pensiya məsələləri də diqqət
mərkəzində olub və bununla bağlı iki əsas qərar
qəbul edilib.
Bunlardan ən mühümü 1918-ci il
avqustun 28-də verilən "Pensiya haqqında qanun layihəsinin
tərtib olunması üçün komissiya yaradılması
haqqında” qərar idi. Qərarda istefaya
çıxanlara xidmət illərinə görə pensiya təyin
olunması nəzərdə tutulurdu.
İlk parlamentin fəaliyyətində
sosial siyasət məsələləri xüsusi yer
tutmuşdur. Belə ki, ağır, kataklizmlərlə dolu bir
şəraitdə parlament sosial məsələləri tənzimləmək
məqsədilə bir sıra qanunlar qəbul edib, təxirəsalınmaz
tədbirlər həyata keçirib.
"İşçi məsələsi”nə dair bəyannamə
ilə fəhlələrə 8 saatlıq iş
gününün müəyyən edilməsi, həftədə
bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların
əmək hüquqlarının qorunması məsələsinə
həssas münasibətini göstərirdi. Bəyannamə
işçilərin qanunla müəyyən edilmiş vaxtdan
artıq, eləcə də axşam saat 9-dan səhər saat
6-dək işlədilməsinə qadağa qoyurdu. 16
yaşına qədər yeniyetmələrin işləməsinin
qadağan olunması, 16 yaşından 18 yaşınadək gənclər
üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi,
qadınların zərərli işlərdə
çalışmasının yasaq olunması, hamilə
qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə
6 həftə ərzində əvəzi ödənilməklə
məzuniyyətin verilməsi insan hüquqlarına yüksək
hörmətin bariz təcəssümü idi.
Əmək Nazirliyinin tələbi ilə
1919-cu il martın 10-da parlament həmin
nazirliyin nəzdində fəhlə məsələsinə
aid xüsusi məşvərət Şurasının təsis
olunması haqqında qanun qəbul edib. Məşvərət
şurası əməyin mühafizəsi, fəhlə və
sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi
məsələləri ilə məşğul olurdu. Məşvərət
şurası on nəfərdən - beş
fəhlə və beş sahibkardan ibarət idi. Onun əməyin mühafizəsinə və zəhmətkeşlərin
maddi vəziyyətinin yaxşılaşdırılmasına
yönəldilən bütün tədbirlər üzrə
qüvvədə olan qanunların icra olunmasına nəzarət
etmək hüququ var idi.
O dövrdə Xalq Cümhuriyyətinin
rəhbərliyi dövlətin sosial siyasətini həyata
keçirmək üçün ümumi daxili məhsulda
istehlak fondunun payının, milli gəlirin, məşğulluğun
səviyyəsinin və əhalinin hər nəfərinə
görə istehlak fondunun artırılmasını, əmək
şəraitinin yaxşılaşdırılmasını, təhsil,
səhiyyə, mənzil və kommunal təminatı səviyyəsinin
yüksəldilməsinə nail olmağı qarşıya
qoymuşdu. İnflyasiya ilə əlaqədar
olaraq əhalinin müxtəlif təbəqələrinin
maaşlarının artırılması məsələsi də
AXC hökumətinin sosial siyasətinin mühüm istiqamətini
təşkil edirdi. Cümhuriyyət hökumətinin
1918-ci il iyulun 3-ü, sentyabrın 21-i və
oktyabrın 13-də, 1919-cu il fevralın 10-da, aprelin 21-də və
1920-ci il yanvarın 5-də verdiyi qərarlarla hökumət
qulluqçularının maaşlarının
artırılması nəzərdə tutulurdu. Həmin məqsədlə
parlament 1919-cu il yanvarın 10-da "Qulluqçulara müavinət
verilməsi haqqında”, fevralın 4-də "Dəmir yolu
qulluqçularının vəziyyətini
yaxşılaşdırmaq haqqında”, aprelin 7-də "Daxili
İşlər Nazirliyi işçilərinin əməkhaqqının
müvəqqəti artırılması haqqında”, mayın
12-də "Hökumət qulluqçularının
maaşlarına müvəqqəti əlavələr
haqqında” , 1920-ci il martın 15-də isə
"Bahalıqla əlaqədar mülki və hərbi təyinatlı
hökumət idarələrində qulluqçuların
maaşlarına əlavələr haqqında” qanunlar qəbul
edib.
Bütün bunlar göstərir
ki, cümhuriyyət parlamentində qəbul olunmuş qanunlar
insan hüquq və azadlıqlarının qorunmasına xidmət
edir, hər bir fərdin sosial mənafeyinin təminatına
yaxşı imkanlar yaradırdı. Parlamentin 1920-ci il
yanvarın 8-də qəbul etdiyi "Qaçqınların
ehtiyacları üçün 21 milyon manat pul ayrılması
haqqında” qanunları bu sahədə atılan mühüm
addımlardan idi.
Azərbaycan hökuməti
milliyyətindən asılı olmayaraq sosial vəziyyəti
ağır olan vətəndaşlarına yardım göstərirdi. Hökumət
1919-cu ildə müsəlman xeyriyyə cəmiyyətləri
ilə yanaşı, rus və yəhudi xeyriyyə cəmiyyətlərinə,
uşaqların, qocaların və digər əhali
qruplarının saxlanılmasına xeyli vəsait
ayırıb, 1920-ci ilin fevralında Gürcüstanda baş
verən zəlzələ nəticəsində ziyan çəkmiş
əhaliyə yardım edib.
Ulu öndər
Heydər Əliyev sosial sabitliyi təmin etdi
1991-ci ildə müstəqillik
əldə etdikdən sonra özünü dövlət kimi təsdiq
edə bilməyən, siyasi, iqtisadi və sosial problemlərlə
qarşı-qarşıya qalan Azərbaycan 1993-cü ildə
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
böhrandan xilas olaraq, inkişaf yoluna qədəm qoydu.
O dövrün ən mühüm və
strateji vəzifələrindən biri iqtisadi tənəzzülün
qarşısını almaq, maliyyə sabitliyini təmin etmək,
əhalinin sosial rifahını yaxşılaşdırmaq idi.
Məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial
sferada da köklü dəyişikliklər baş verdi. İnsanların sosial
müdafiəsinin mükəmməl və etibarlı şəkildə
təmin olunması, hüquqi bazanın daha da möhkəmləndirilməsi
və təkmilləşdirilməsi yönündə
qanunvericilik aktları qəbul olundu.
1993-2003-cü illərdə
sosial müdafiə sahəsində konkret və məqsədyönlü
işlər görüldü. Ulu öndərin
imzaladığı onlarca sənəd müstəqil Azərbaycanda
sosial sahədə sabitliyin və inkişafın təmin
olunmasına xidmət etmişdir. Bunun nəticəsi
olaraq ölkədə sosial müdafiə sisteminin
köklü surətdə yenilənməsi, yeni milli modelin
yaradılması məsələsi gündəmə gəldi.
Ümummilli lider ilk növbədə,
özünü maliyyələşdirmə məqsədi
güdən sığorta-pensiya modelini qurmaqdan ötrü
pensiya təminatı mexanizmini modernləşdirmək istiqamətində
ciddi addımlar atdı.
Ulu öndər müharibə
gedən dövlətdə hüququn aliliyini, idarəetmə
strukturunun təkmilləşməsini, sosial-iqtisadi
islahatları və sabitliyi təmin edən qanunlar, qərar və
sərəncamlar imzaladı. Ümummilli lider bir
qayda olaraq sosial siyasət məsələlərini ehtiva edən
normativ-hüquqi aktların əhəmiyyətini xüsusi
vurğulayır, bu hüquqi sənədlərin
hazırlanmasına birbaşa rəhbərlik və nəzarət
edirdi. Ulu öndərin bir çox fundamental hüquqi
aktlarla yanaşı, 1994-cü ildə "Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın
maliyyə vəziyyətinin sabitləşdirilməsi
haqqında”, "Əhalinin sosial müdafiəsi sahəsində
əlavə tədbirlər haqqında” sənədləri
imzalaması deyilənlərə bariz nümunədir.
Milli Məclisin bu günə
qədər qəbul etdiyi hüquqi sənədlərin
böyük bir hissəsi Heydər Əliyev tərəfindən
parlamentin müzakirəsinə verilmiş qanun layihələri,
konvensiyalar və sazişlərdir.
Ölkəmizdə diqqət
yetirilən mühüm məqamlardan biri sosial müdafiə
sahəsində ünvanlılıq prinsipinin gözlənilməsi
olmuşdur. Bunun nəticəsi olaraq ayr-ayrı kateqoriyalı
şəxslərin sosial müdafiəsi üzrə müxtəlif
qanunlar qəbul olunaraq icraya yönləndirilmiş, sosial
müdafiəyə daha çox ehtiyacı olanlara dövlət
tərəfindən yardımların göstərilməsi əsas
məqsədlərdən birini təşkil etmişdir.
Bu xüsusda "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında”, "Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Veteranlar
haqqında” və digər qəbul edilmiş qanunların adını
çəkmək olar.
Sosial müdafiənin və əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsinə
dair atılan növbəti addımlar, bu istiqamətdə həyata
keçirilən siyasətin elmi-nəzəri dəyərlərə
və dünyanın ən mütərəqqi təcrübəsinə
əsaslanması vətəndaşların həyat səviyyəsinin
daha da yaxşılaşdırılması ilə
müşayiət olunmuşdur. Əməkhaqlarının,
pensiya və digər sosial müavinətlərin
vaxtaşırı artırılması, yoxsulluq probleminin həlli
ilə bağlı görülən tədbirlər ölkənin
sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə
yol açmışdır. Bu zaman ulu
öndər müvafiq islahatların həyata keçirilməsini
xüsusi diqqət mərkəzində saxlayır,
sözügedən kontekstdə əhalinin sosial müdafiəsini
gücləndirmək məqsədilə zəruri tədbirlər
görürdü. 2002-ci il
yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni
bir mərhələnin başlanğıcı qoyuldu. "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” 15 noyabr 2001-ci il tarxli qanunla güzəşt və
imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə
yenidən baxıldı, həmçinin kommunal və nəqliyyatdan
istifadəyə görə güzəştlər müavinətlərlə
əvəz olundu.
Sosialyönümlülük
daim diqqət mərkəzindədir
2003-cü ildə Azərbaycan
Prezidenti seçilən İlham Əliyevin
yürütdüyü uğurlu siyasət, məqsədyönlü
islahatlar proqramı ölkəmizin yeni nailiyyətlər əldə
edərək sürətli inkişaf mərhələsinə
qədəm qoymasına səbəb olub. Əhalinin
sosial rifahının yüksəldilməsi əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan və
hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu dövlət siyasətinin strateji hədəflərindən
biridir.
Qürurla qeyd etmək olar ki, ötən
15 il Azərbaycanda iqtisadiyyatın dinamik
inkişafı, dövlət proqramlarının
icrasının uğurla davam etdirilməsi ilə
yanaşı, əhalinin sosial rifahının
yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin
həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən
düşünülmüş sosial siyasət əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsinə,
xüsusən aztəminatlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edir. Azərbaycanda həyata keçirilən
dövlət siyasətinin başlıca istiqamətlərindən
birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi
təşkil edir. Elə buna görə də
neçə illərdir geniş miqyasda həyata keçirilən
sosial müdafiə tədbirləri hətta dünya
iqtisadiyyatının böhranlı günlərində belə,
uğurla davam etdirilmişdir.
Ölkəmizdə aztəminatlı
əhaliyə ünvanlı sosial yardımların verilməsindən
başlamış əlillərin, müharibə
veteranlarının, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına, yoxsulluğun
azaldılmasına qədər bütün sosial müdafiə
tədbirləri müvəffəqiyyətlə həyata
keçirilir.
Azərbaycanın sürətli iqtisadi
inkişafı və büdcə gəlirlərinin davamlı
artımı sosial xərcləri də müntəzəm
artırmağa, yoxsulluğun səviyyəsini son 15 ildə dəfələrlə
aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə
imkan yaratmışdır.
Dövlət
başçısının tapşırığına əsasən,
layiqli əməyin təmin edilməsi, daimi iş yerlərinin
yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi,
işçi qüvvəsinin keyfiyyətinin
artırılması, işsizlikdən sığorta və
tibbi sığorta sistemlərinin tətbiqi, əməyin
mühafizəsi və əmək şəraitinin
yaxşılaşdırılması yönündə təxirəsalınmaz
tədbirlər görülür. Bundan başqa, qeyri-formal məşğulluğun
aradan qaldırılması, əmək bazarında
işçilərin peşə səviyyəsinin iqtisadiyyatın
artan tələbatına uyğunlaşdırılması,
özünüməşğulluğun inkişafı və
s. məsələlər də dövlət
başçısının diqqət mərkəzindədir.
Sadaladığımız
bütün bunlar, o cümlədən sosial müdafiə tədbirlərində
əhatəliliyin və ünvanlılığın təmin
edilməsi, əmək və sosial təminat sahəsində vətəndaş-məmur
arasında şəffaf münasibətin yaradılması,
sosial xidmətlərin göstərilməsində innovativ
texnologiyaların tətbiqi ən son nəticədə aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsinə
gətirib çıxarır.
Həyata keçirilən
sosial siyasətin uğurları arasında yoxsulluğun
azalmasını xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında vurğulamışdır ki, 2017-ci
ilin yekunlarına görə ölkəmizdə yoxsulluq 5,4 faiz səviyyəsindədir.
2006-2017-ci illərdə Azərbaycan
Respublikası Prezidenti tərəfindən əmək
pensiyasının baza hissəsinin artırılması ilə
əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi
ilə bağlı 11 sərəncam verilmişdir ki, nəticədə
əmək pensiyasının baza hissəsinin məbləği
4,4 dəfə artmış, pensiyanın sığorta hissəsinin
inteqrə olunmuş indeksləşdirilmə göstəricisi
116 faiz təşkil etmişdir. Görülmüş tədbirlər
nəticəsində əmək pensiyasının orta
aylıq məbləği 2003-cü ilə nisbətən 11,3
dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat
olmuş, yaşa görə əmək pensiyasının orta
aylıq məbləğinin ölkə üzrə orta
aylıq əməkhaqqı məbləğinə nisbəti,
yəni, əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə
yüksəlmişdir.
Azərbaycanın ərazi
bütövlüyünün, müstəqilliyinin qorunması
ilə əlaqədar əlil olmuş şəxslərin və
şəhid ailələrinin rifahının
yaxşılaşdırılmasına yönələn tədbirlər
uğurla aparılan sosial siyasətə daha bir əyani
misaldır.
Belə ki, 2003-cü ildən hazıradək 5.703 nəfər
əlil və şəhid ailəsi mənzillə, 5,9 min nəfər
imtiyazlı şəxs isə pulsuz avtomobillə təmin
olunmuşdur.
Ölkədə həyata
keçirilən kompleks, ardıcıl və sistemli islahatlar,
sahibkarlıq subyektlərinə dövlət köməyi və
güzəştlərin verilməsi nəticəsində
makroiqtisadi sabitliyə, biznes mühitinin
yaxşılaşdırılmasına nail olunmuşdur. Bu da məşğulluq imkanlarının
yaradılması baxımından münbit şərait
formalaşdırmış, biznes və investisiya aktivliyinin
yüksəlməsini şərtləndirmiş, əmək
bazarında işçi qüvvəsinə tələbin artmasına
gətirib çıxarmışdır.
Ümumilikdə, Prezident
İlham Əliyevin təxirəsalınmaz, uğurlu siyasəti
əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq
imkanlarının artırılması, əmək və
sosial hüquqlarının təminatı istiqamətində
qarşıdakı dövrdə də mühüm nailiyyətlərin
əldə olunmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevin aztəminatlı
vətəndaşların sosial müdafiəsinin daha da
gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi
"Ünvanlı dövlət sosial yardımı
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
artıq 13 ildir ki, ölkəmizdə ünvanlı dövlət
sosial yardımı sistemi tətbiq olunur
Böyük
xeyriyyəçi, qayğıkeş vətəndaş
Azərbaycan tarixinə nəzər
salsaq görərik ki, igid, cəsur, cəsarətli, qeyrətli
diplomat qadınlarımız az olmayıb. Nümunə üçün Sara xatun, Nüşabə,
Məhsəti Gəncəvi, Natəvan və s. adını
çəkmək və bu siyahını bir qədər də
artırmaq olar. Diqqət yetirsək şahidi olarıq
ki, qədim mədəniyyətimizi və incəsənətimizi,
Azərbaycanın haqq səsini dünyada, beynəlxalq aləmdə
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva kimi təbliğ edən
və sevdirən qadın çox az olub.
Mehriban Əliyeva ictimai-siyasi
və sosial fəaliyyəti ilə dünyada rəğbətlə
qarşılanan xanımdır. Bu fəaliyyətin əsasında
insanlara yardım etmək istəyi dayanır. Birinci
xanım Mehriban Əliyevanın 2012-ci il
"The Business Year” jurnalına verdiyi müsahibədən bir
hissəni xüsusilə vurğulamaq istərdim: "Uğur
xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və
ambisiya mənim üçün heç vaxt aparıcı
motiv olmayıb. Əsas məsələ odur ki,
ehtiyacı olan insanlara kömək edəsən”. Bu
sözlər bir daha təsdiqləyir ki, Mehriban xanımın ən
ali amalı ilk növbədə, cəmiyyətimizin
daha çox qayğıya ehtiyacı olan təbəqələrinə
- valideyn himayəsindən məhrum olmuş uşaqlara,
qaçqın və məcburi köçkünlərə,
qocalara və müxtəlif xəstəliklərdən əziyyət
çəkən uşaqlara əl tutmaq, kömək etməkdən
ibarətdir.
Mehriban Əliyevanın
siyasi-ictimai və sosial-mədəni fəaliyyət dairəsi
o qədər genişdir ki, bu barədə nə qədər
danışsaq da bitməz. Hər şeydən
öncə Azərbaycan və eləcə də dünya
ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi,
qayğıkeş vətəndaş kimi tanıyır.
Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən
insanlara qayğı və təmənnasız xidmət
amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini
əhalinin zəif müdafiə olunan təbəqələrinə,
xəstə və valideyn himayəsindən məhrum olmuş
uşaqlara, qocalara kömək göstərilməsinə
yönəldir. Son dövrlərdə geniş vüsət
alan məktəb və xəstəxana tikintisində, uşaq
evlərinin və bağçalarının, internat məktəblərinin
yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında
Mehriban Əliyevanın əzmkarlığını, təhsilimizin
inkişafına, milli genefondumuzun qorunmasına xidmət edən
əsl vətəndaşlıq missiyasını
görürük.
Böyük və çoxşaxəli
fəaliyyəti dövründə bir-birindən fərqli
layihələrin müəllifi olan Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın parlament fəaliyyətinin
Milli Məclis tarixində xüsusi rolu var. Mehriban xanım millət
vəkili olduğu dövrdə seçicilərə olan diqqət
və qayğısı, qanunvericilik təşəbbüsü
ilə parlament mədəniyyətinin inkişafına yeni
töhfələr vermişdir.
Zamanın tələb
etdiyi prioritetlər
Azərbaycanda vətəndaşların
məşğulluğunun təmin olunması, işsizliyin
azaldılması, işsiz şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi, aztəminatlı və sosial
müdafiəyə daha çox ehtiyacı olan insanlara
ünvanlanmış iş yerlərinin yaradılması
dövlətin sosial siyasətinin başlıca istiqamətlərindəndir.
Son illərdə dünyada
iqtisadi və sosial problemlər daha geniş miqyas aldı. Buna görə
respublikamızda qabaqlayıcı tədbirlər həyata
keçirildi, əmək tutumlu iş yerlərinin
yaradılması, orta və kiçik sahibkarlığın,
özünüməşğulluğun inkişafı fərman
və sərəncamlar, proqramlar imzalandı və işlək
planlar təsdiqləndi.
Bildiyimiz kimi, məşğulluq,
əhalinin işlə təminatı sosial siyasətin əsas
tərkib hissəsidir. Çünki məşğulluq əhalinin
müəyyən hissəsinin sosial problemlərini öz əməyi
hesabına həll etməsinə imkan yaradır.
Əhalinin işlə təminatına nail olmaqla dövlət
sosial məsrəflərin müəyyən qismini aztəminatlılara,
işsizlərə, pensiyaçılara və əlillərə
yardıma istiqamətləndirə bilər.
Yeni iş yerlərinin
yaradılması, işsizliyin qarşısının
alınması və məşğulluq sisteminin təkmilləşdirilməsi
məqsədilə 2017-ci ildə parlamentdə
"İşsizlikdən sığorta haqqında” qanun qəbul
olunmuş, ilk dəfə olaraq "İşsizlikdən
sığorta fondu”nun büdcəsi təsdiq edilmişdir.
Bu gün müstəqil Azərbaycan
Respublikasının uzunmüddətli inkişaf strategiyası
ölkəmizi uğurla siyasi və iqtisadi modernləşməyə
doğru aparır. Bununla bağlı, Azərbaycan milli mədəniyyətinin,
ədəbiyyatının, incəsənətinin və turizm
potensialının tanıdılmasına, ölkəmizin
dünyanın mədəniyyət və turizm məkanına
inteqrasiyasına, milli-mədəni irsimizin, dəyər və
sərvətlərimizin qorunub saxlanılmasına xidmət edən
bir sıra tədbirlər həyata keçirilmiş,
mühüm nəticələrə nail olmuşdur.
Xüsusilə, son illər ərzində
ölkəmizdə turizm sahəsində geniş islahat
xarakterli tədbirlər həyata keçirilmişdir. Ölkədə turizm
infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq
standartlara cavab verən turizm xidmətlərinin
formalaşdırılması, eləcə də bu sahədə
koordinasiyanın gücləndirilməsi məqsədilə
"Azərbaycan Respublikasında turizmin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il
tarixli sərəncamı imzalanmışdır. Sərəncamda
turizmin inkişafı ilə bağlı Azərbaycan
Respublikasının Turizm Şurasının
yaradılması, ticarət festivalının keçirilməsi,
əlverişli yeni beynəlxalq uçuşların təşkili
ilə bağlı tədbirlər görülməsi,
çimərlik turizminin inkişafı, vergi və
gömrük güzəştlərinin və
imtiyazlarının verilməsi, turizm nümayəndəliklərinin
yaradılması, sərhəd buraxılış məntəqələrində
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin sürətli keçidinin təmin
edilməsi ilə bağlı konkret tapşırıqlar
verilmişdir.
Bu istiqamətdə həyata
keçirilən ən mühüm tədbirlərdən biri
kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”ni qeyd etmək
olar.
Bugünkü reallıqda
sosial siyasətin uğur qazanması üçün ilk
növbədə, güclü iqtisadiyyata malik olmaq
lazımdır. Bu baxımdan, Azərbaycanın ötən
dövr ərzində böyük inkişaf yolu keçməsi,
ilk növbədə, düzgün iqtisadi siyasətlə əlaqədardır.
Başqa sözlə desək, Azərbaycanın
sürətli inkişafı və əldə edilmiş
nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata
keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir.
Şübhəsiz, sürətli iqtisadi
inkişaf vətəndaşların maddi rifah halının
yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluq səviyyəsinin
aşağı salınması və əhalinin məşğulluğunun
təmin olunması istiqamətində görülən
fundamental tədbirlər bu istiqamətdə qarşıya
qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli
rol oynayır. Bu siyasətin davamlı
xarakter alması üçün dövlətimiz bütün
uğurlu vasitələrdən istifadə edir və atılan
addımların yaxın gələcəkdə daha çox səmərə
verəcəyini artıq indidən proqnozlaşdırmaq olar.
Belə ki, hər bir azərbaycanlı ölkədə
yürüdülən uğurlu sosial siyasətin bəhrəsini
görür.
Prezident İlham Əliyev
parlamentin fəaliyyətini yüksək qiymətləndirir. Milli Məclis
öz fəaliyyətində Prezident İlham Əliyevin siyasi
kursuna layiqli qanunvericilik dəstəyi göstərir.
Deputatlara günün tələbləri səviyyəsində
iş şəraitinin yaradılması məqsədilə
dövlət başçısının təşəbbüsü
və qayğısı ilə Milli Məclisin siması tamamilə
yenilənmişdir. Parlamentin binası və
maddi-texniki bazası yenidən qurulmuşdur. Deputatların səmərəli fəaliyyəti
üçün yeni korpus istifadəyə verilmişdir.
Bu il 100 yaşı tamam olan Azərbaycan
Parlamenti bundan sonra da Konstitusiya ilə təsbit olunmuş vəzifələrini
həyata keçirəcək, Prezident İlham Əliyevin
siyasi kursuna layiqli töhfələr verəcək.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
sədri
Azərbaycan.- 2018.- 21 sentyabr.- S.9.