Dövlətçilik
irsimizin parlaq səhifəsi
Azərbaycan
Parlamenti – 100
Azərbaycan Xalq
Cümhüriyyətinin ömrü qısa olsa da,
xalqımızın mənlik şüurunda və dövlətçilik
tarixində dərin iz buraxdı. 100 il əvvəl
Azərbaycanda müstəqil parlamentarizmin də əsası
qoyuldu. Bu gün Azərbaycan Milli Məclisi
cümhuriyyət parlamentinin varisi kimi dövlətə və
xalqa layiqincə xidmət edir.
Müsəlman
Şərqində parlament mədəniyyəti Azərbaycandan
başlayıb
Səttar
MÖHBALIYEV,
Milli Məclisin
deputatı,
AHİK-in sədri:
- 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin elan edilməsi dövlətçilik
tariximizin ən yaddaqalan dövrlərindən birinin
başlanğıcı oldu. Həmin dövrdə
demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət,
iqtisadiyyat sahələrində atılmış addımlar
cümhuriyyətin əsas fəaliyyət istiqamətlərindən
idi. Şərqdə ilk dəfə
qadınlara seçki hüququ verən də məhz Azərbaycan
xalqının qurduğu cümhuriyyət olmuşdur.
Azərbaycanda parlamentarizm ənənələrinin
inkişafına nəzər saldıqda görürük ki, hələ
XX əsrin əvvəlində Rusiya imperiyasında ilk
parlamentin formalaşmasına Azərbaycan xalqı da öz
töhfəsini vermişdir. Rusiyanın dövlət
dumalarına seçilmiş azərbaycanlı deputatların
demək olar ki, hamısı milli təəssübkeşliyi
özünün həyat amalı hesab edən ziyalılar idi.
Heç də təsadüfi
deyil ki, müsəlman Şərqində parlament mədəniyyətinin
əsası da məhz Azərbaycanda qoyulmuşdur. Cümhuriyyətin
parlamenti "İstiqlal Bəyannaməsi”nin müəyyən
etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti
nəzərə alaraq ölkənin ərazi
bütövlüyünü təmin etmək, müstəqilliyini
qoruyub saxlamaq, insan azadlıqlarının dolğun təmin
olunduğu hüquqi-demokratik dövlət yaratmaq məqsədi
daşıyan çox mühüm qanunlar və qərarlar qəbul
etmişdi. Parlament 17 aylıq fəaliyyəti
dövründə qəbul etdiyi yüksək səviyyəli
qanunvericilik aktları və qərarları ilə Azərbaycan
dövlətçiliyi tarixində, xüsusən də
parlament mədəniyyəti tarixində dərin və zəngin
iz qoydu.
Sovet dövründə Azərbaycanda
parlamentin fəaliyyəti demokratik parlamentarizm ənənəsindən
uzaq idi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən
parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə,
milli dirçəlişə xidmət edən siyasətin
reallaşmasına yönəldə bilmişdi.
Ötən əsrin 90-cı
illərinin əvvəllərində ölkədəki xaotik
vəziyyətin real mənzərəsi özünü ilk
növbədə, parlamentdə büruzə verirdi. Qanunverici orqan
parlament mədəniyyətindən uzaq olan, dövlətin və
xalqın maraqlarına cavab verməyən dartışma
ünvanına çevrilmişdi. Yalnız 1993-cü ildə
xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn
və Ali Sovetin Sədri seçilən ulu öndər Heydər
Əliyev ölkədə qanunçuluğun bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu yüksəltdi, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratdı.
Ali Sovetin Sədri kimi qısa müddətdə
bu ali qanunvericilik orqanın cılız
çəkişmə və dartışma meydanına
çevrilməsinin qarşısını alan Heydər
Əliyev, eyni zamanda, ona yeni ruh və müasirlik gətirdi. Ulu öndərin fitri idarəçilik keyfiyyətləri,
qətiyyətli mövqeyi, ən çətin situasiyalarda
çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün
böyük ehtiramla, rəğbətlə anılır.
Bir ictimai-iqtisadi quruluş formasından digərinə
keçid dövründə qanunların yeni dövrün tələblərinə
uyğun müasirləşdirilməsini və davamlı
inkişafa zəmin yaradan mükəmməl qanunvericilik
sisteminin formalaşdırılmasının zəruriliyini
düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə
parlamentin geniş imkanlarından düzgün bəhrələnirdi.
Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində
çalışdığı dövrdə Azərbaycanın
demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək
inkişafının təməli qoyuldu.
Ötən 25 ildə Milli Məclis
parlamentarizm ənənələrini inkişaf etdirərək
qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində
məqsədyönlü fəaliyyət göstərib. Ulu öndərin siyasi varisi
kimi cənab İlham Əliyev parlamentarizm ənənələrinə
yeni çalarlar gətirərək bu mühüm dövlət
institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə
nail olub. Xatırladaq ki, cənab İlham Əliyev hələ
Azərbaycan parlamentinin deputatı olduğu dövrdə,
1995-2003-cü illərdə Milli Məclisin qanun
yaradıcılığı işində yaxından
iştirak edib, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə
yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin
genişlənməsinə layiqli töhfəsini verib. Ötən 15 ildə isə parlamentdə qəbul
olunan sənədlərin əhəmiyyətli bir hissəsi
qanunvericilik təşəbbüsü ilə ölkə
Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə
təqdim edilib.
Ölkə rəhbərinin
təşəbbüsü və qayğısı ilə
Milli Məclisin siması tamamilə yenilənib, inzibati
binası və maddi-texniki bazası yenidən qurulub. Deputatların
səmərəli fəaliyyəti üçün yeni korpus
istifadəyə verilib. Milli Məclisə
gələn xarici qonaqlar parlamentdə deputatlar
üçün yaradılmış şəraitə heyran
qaldıqlarını vurğulayırlar.
100 yaşlı Azərbaycan
Parlamenti dövlətə, xalqa layiqncə xidmət edir,
1918-ci ildə sələflərinin başladığı
yolu şərəflə davam etdirir. Bu gün
qarşımızda dayanan əsas vəzifələr dövlətçiliyə
ləyaqətlə xidmət etmək, Prezident İlham
Əliyevin dövlətin və xalqın milli maraqları
üzərində qurulmuş siyasətinə dəstək
olmaqdır. Parlamentin 100 illik yubileyi
münasibətilə Milli Məclis rəhbərliyini və
deputat həmkarlarımı təbrik edirəm və bundan
sonra da öz vəzifələrini uğurla yerinə yetirmələrini
arzulayıram.
100 il
əvvəl Azərbaycanda müasir parlamentarizmin əsası
qoyuldu
Novruzəli
ASLANOV,
Milli Məclisin
deputatı:
- Bir əsrdən artıq müddətdə
çar Rusiyasının əsarəti altında qalan
xalqımızın qədim dövlətçilik ənənələri
Birinci Dünya müharibəsinin gedişində və
çar Rusiyasında baş verən daxili mübarizələrin
nəticəsində yenidən dirçəlməyə
başladı. Və 100 il əvvəl müsəlman Şərqində
ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan
Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafının, milli oyanışının və
dirçəlişi prosesinin məntiqi nəticəsi və
tarixi zərurət kimi yarandı.
Uzaq minilliklərə qədər
uzanan tariximizdə baş verən, dünyanın siyasi
arenasında əlamətdar və önəmli hadisələrdən
biri kimi, ilkin demokratik əsaslarla müstəqil cümhuriyyətin
yaranması xalqımızın siyasi təfəkkürünün
yüksək səviyyəsindən xəbər verirdi. Cəmi 23 ay
yaşamasına baxmayaraq müsəlman Şərqində ilk
parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın zəngin dövlətçilik ənənələrini
yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının
yaradılmasına nail olmuşdu.
Bu gün yaranmasının
100 illiyini böyük fəxarətlə qeyd etdiyimiz Azərbaycan
Parlamentinin təşəkkül tarixi 1918-ci ildən başlayır. Cümhuriyyətin
parlamenti cəmi 17 ay fəaliyət göstərə bildi.
Amma qısa vaxt ərzində parlamentin nə az
nə çox - düz 145 iclası keçirilmiş və
olduqca vacib qanun və qərarlar qəbul edilmişdi. Bu qanunlar və qərarlar, nəticə etibarilə
ilk müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin
əsaslarını yaratmış, qanunvericilik, icra və məhkəmə
orqanlarının formalaşdırılmasına və
dövlətin təhlükəsizliyinin gücləndirilməsinə
yönəlmişdi.
Bununla da qısa müddətdə
parlament Azərbaycanın gələcək həyatı
üçün olduqca dəyərli işlər görə
bildi, müsəlman Şərqində ilk demokratik dövlət
olan cümhuriyyətimizin hüquqi təməli
yaradıldı, dövlət bayrağı və himni qəbul
edildi, ana dili dövlət dili elan olundu. Dünyada birincilər
sırasında, Şərq aləmində ilk dəfə
olaraq məhz bu parlament qadınlara səsvermə hüququ verdi. İqtisadi, sosial, mədəni
və hərbi sahələrdə qəbul edilən
qanunvericilik aktları müstəqil dövlətin səmərəli
fəaliyyətinə imkan yaratdı. Ən
əsası, parlamentin fəaliyyəti müstəqillik və
azadlıq hisslərinin xalqımızın şüuruna hakim
kəsilməsində böyük rol oynadı.
1920-ci ildə Azərbaycan
bolşeviklər tərəfindən işğal edildikdən
və sovet hakimiyyəti qurulduqdan sonra ölkədə
demokratik inkişaf dayandırıldı, o cümlədən
parlamentarizm ənənələrinə ağır zərbə
vuruldu. Azərbaycanın
Sovet İttifaqı tərkibində olduğu dövrdə əsasən
Ali Sovet adı ilə fəaliyyət göstərən ali qanunvericilik orqanı məhdud səlahiyyətlərə
malik idi. Lakin belə bir şəraitə
baxmayaraq, Azərbaycan xalqı parlamentarizm ənənələrinin
yoxa çıxmasına imkan vermədi. Xüsusilə
qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyev ötən
əsrin 70-80-ci illərində müstəqil Azərbaycan
üçün möhkəm siyasi və iqtisadi təməl
yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin
də əsasını qoydu, yüksək siyasi iradə
göstərərək qanunverici orqanın xalqın milli
maraqlarına uyğun çevik və işlək fəaliyyətini
təmin etdi. O dövrdə Azərbaycan Ali Soveti Heydər
Əliyevin respublikaya rəhbərliyi ilə gerçəkləşdirilən
möhtəşəm quruculuq prosesinin mükəmməl
hüquqi bazasının formalaşdırılması prosesində
yaxından iştirak edərək, dayanıqlı inkişafa
zəmin yaradan mühüm qərarlar qəbul etdi.
Müstəqilliyin ilk illərində
Azərbaycan Ali Soveti xalqın dəstəyindən məhrum
olmuşdu. Çünki ölkədəki xaos parlamentdən də
yan ötməmişdi. Yalnız Heydər
Əliyevin xalqın tələbi ilə Bakıya gəlişi
və hakimiyyət sükanının arxasına keçməsi
Azərbaycanı dövlət müstəqilliyini növbəti
dəfə itirməkdən xilas etməklə yanaşı,
ölkədə yeni siyasi münasibətlərin əsasını
qoydu. Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanda sivil parlamentarizm ənənələrini
bərpa etdi. Heydər Əliyevin parlamentin sədri
seçilməsi Azərbaycanın ali
qanunvericilik orqanının normal fəaliyyətini təmin
etdi, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə
zəmin yaratdı. Ulu öndər qısa
müddətdə parlamentin ruhunu kökündən dəyişdi.
Milli Məclisə siyasi mədəniyyət gətirdi.
Onun iclası aparmaq tərzi, öz təkliflərini
dəqiq əsaslandırması, deputatların
çıxışlarının məğzini tutmaq
bacarığı, qiymətli fikirləri ümumiləşdirərək
müzakirəni müsbət axara yönəltmək qabiliyyəti
əsl parlamentarizm məktəbi idi.
Bu gün Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla
inkişaf edir.
Öz fəaliyyəti ilə dövlət
başçısının siyasətinə dəstək verən
Milli Məclis də respublikamızın inkişafı istiqamətində
qanunvericilik fəaliyyətini uğurla və böyük
yaradıcılıqla davam etdirir. Parlamentdə qəbul
edilərək həyata vəsiqə alan
qanunlar qanunvericilik bazasını möhkəmləndirir,
Prezident İlham Əliyevin Azərbaycan dövlətinin və
xalqının maraqları üzərində qurulan siyasi
kursuna hüquqi dəstək verir.
Prezident İlham Əliyev parlamentin
ölkə həyatındakı rolunu daim yüksək dəyərləndirib,
onun maddi-texniki bazasının yenilənməsi, iş üsul
və vasitələrinin müasirləşdirilməsi prosesinə
öz töhfəsini verib. Bu baxımdan, diqqəti cəlb edən
məqamlardan biri Milli Məclisin fəaliyyətinin dünya
standartları səviyyəsinə
çatdırılması, yeni inzibati binanın
inşası, deputatların daha rahat şəkildə qanun
yaradıcılığı ilə məşğul ola bilmələri üçün həyata
keçirilən genişmiqyaslı işlərdir. Bunun nəticəsidir ki, ötən müddətdə
Milli Məclisin fəaliyyəti təkmilləşdirilərək
inkişaf etmiş demokratik ölkələrin qanunvericilik
orqanları səviyyəsinə yüksəlmişdi.
Xüsusilə qeyd etmək
istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti, 2005, 2010 və
2015-ci illərdə Milli Məclisin deputatı seçilmiş
Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti də
parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə
diqqət və qayğısı, təmsil etdiyi ərazilərin
sosial problemlərinin həlli yönündə
gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin
nümunəsini yaradan Mehriban xanım Əliyeva Milli Məclisin
müzakirəsinə təqdim etdiyi layihələrlə
qanunvericiliyimizin təkmilləşməsinə böyük
töhfələr verib. Cəmiyyət
üçün ciddi təhlükə törətməyən
minlərlə insanın onun təşəbbüskarı
olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən
azadlığa çıxması Mehriban Əliyevanın
deputatlıq fəaliyyətinin xoş bir məqamı kimi hər
zaman böyük rəğbətlə xatırlanacaq.
Azərbaycan Parlamenti 100 illik
yubileyini qeyd edir. Bu bizim iftixar dolu şərəfli
tariximizdir, zəngin dövlətçilik irsimizin parlaq səhifəsidir.
Mən bu münasibətlə bütün
deputat həmkarlarımı təbrik edir, qanun
yaradıcılığı prosesində onlara uğurlar
arzulayıram. Ölkəmizin
inkişafının indiki mərhələsində parlamentin
üzərinə çox böyük və məsul vəzifələr
düşür. İnanıram ki, Milli Məclis
bundan sonra da öz şərəfli fəaliyyəti ilə
ölkəmizdə gedən inkişaf proseslərinə,
dövlət başçısının
yürütdüyü siyasətə, Azərbaycanın beynəlxalq
nüfuzunun yüksəlişinə layiqli töhfələr
verəcək.
100 yaşlı
parlamentimiz bundan sonra da dövlətə və xalqa ləyaqətlə
xidmət edəcək
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı:
- Müstəqillik tariximizin
mühüm səhifəsini təşkil edən və bu il yaranmasının 100-cü
ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin
bu qısa dövrdə həyata keçirilən tədbirlər
müstəqil dövlətçiliyimizin əsaslarının
yaradılması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi.
Bugünkü dövlət
qurumlarının bəzilərinin tarixi məhz 1918-ci ildən
başlayır. Ulu öndər Heydər Əliyevin sərəncamları
ilə varislik ənənələrinə sadiq qalaraq, həmin
qurumların 1918-ci ildə yarandıqları gün bu gün
onların peşə bayramları günü kimi qeyd olunur.
100 il əvvəl yaranan mühüm
dövlət təsisatlarından biri də Xalq Cümhuriyyətinin
Parlamenti (Məclisi-Məbusan) idi. O vaxt Azərbaycan müsəlman
Şərqində yeganə parlamentli respublika idi. Yeni yaranmasına və təcrübəsinin
olmamasına baxmayaraq, Azərbaycan Parlamenti ilk gündən
öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati
prinsiplər əsasında qurmağı, özünün həyatiliyini
və yüksək işgüzarlıq qabiliyyətini
sübut etməyi bacarmışdı. Bu mənada,
müstəqil Azərbaycan dövlətinin cəmi 17 ay fəaliyyət
göstərən ilk parlamenti göstərdi ki,
xalqımız həqiqətən, parlament idarəçiliyi
səviyyəsinə yüksəlib.
Azərbaycanın müstəqilliyi və
ərazi toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq, hökumətinin digər
dövlətlərlə dostluq əlaqələrini yaratmaq və
möhkəmləndirmək, hüquqi-demokratik dövlət
quruluşunu bərqərar etmək, sosial islahatlar həyata
keçirmək, ölkəni müdafiə edə biləcək
güclü ordu yaratmaq parlamentin öz qanun
yaradıcılığı fəaliyyətində
qarşıya qoyduğu başlıca vəzifələr idi. Qısa ömrünə rəğmən, parlament
öz vəzifələrini reallaşdırmaq
üçün çox işlər görə bildi. Həyata keçirdiyi müstəqil dövlət quruculuğu
təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli
qanunvericilik aktları və qərarları ilə Azərbaycan
dövlətçiliyi tarixində, xüsusən də
parlament mədəniyyəti tarixində dərin və zəngin
iz qoydu.
Sovet hakimiyyəti illərində
bütün dövlət orqanlarının fəaliyyəti
rejimin ideologiyası üzərində
formalaşmışdı. Qanunverici orqan sovet
hakimiyyətinin qəbul etdiyi məsələləri
yalnız hüquqi nöqteyi-nəzərdən rəsmiləşdirirdi.
Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə ölkədə vüsət alan dinamik inkişaf parlamentin fəaliyyətinə
də sirayət etdi. Belə ki, həmin
dövrdə qanunverici orqan əvvəlki dövrlərlə
müqayisə edilməz dərəcədə müstəqil
milli siyasət aparıb, parlament demokratiyası ənənələrinin
bərpası istiqamətində işlər
üstünlük təşkil edib. Ötən
əsrin 70-80-ci illərində icra orqanları ilə
parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi
üçün zəruri əsaslar
formalaşdırmış, Azərbaycanın gələcək
siyasi müstəqilliyinə möhkəm körpü
salmışdı. Xüsusi xatırlatmaq
lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli
bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya
birinci rəhbərliyi dövründə - keçmiş
İttifaqda analoqu olmayan memarlıq üslubunda inşa
edilmişdir.
Müstəqilliyimizin ilk illərində
parlamentin üzərinə böyük vəzifələr
düşürdü. Lakin təəssüf hissi ilə qeyd etməliyik
ki, o dövrdə, xüsusən AXC-Müsavat iqtidarı
zamanı parlament öz vəzifələrini yerinə yetirə
bilməyərək əslində, hakimiyyət uğrunda
mübarizə meydanına çevrilmişdi. Bütün bunların fonunda isə Azərbaycan
dövlət müstəqilliyini itirmək təhlükəsi
qarşısında qalmışdı. Məhz
belə bir həssas dövrdə tarix ulu öndərin üzərinə
böyük bir missiya - dövlət müstəqilliyini qoruyub
saxlamaq vəzifəsini qoymuşdu. Ulu öndər
1993-cü il 15 iyunda Ali Sovetin Sədri
seçilməsi ilə Azərbaycanı bütün təhlükələrdən
xilas etdi. Bir-birindən çətin və məsul
vəzifələr sırasında müasir tipli parlamentin
yaradılması, orada yeni ənənələrin
bünövrəsinin qoyulması da vardı. Bu mənada, ulu öndərin hakimiyyətə gəlişi
müstəqil dövlətin digər təsisatları ilə
yanaşı, peşəkar parlamentin
formalaşdırılması işində də həlledici
rol oynadı. Beləliklə, Heydər
Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla
yanaşı, həm də müasir Azərbaycan parlamentinin
banisi oldu. Azərbaycanda sabit parlamentin fəaliyyət
göstərməsi Heydər Əliyevin danılmaz xidmətidir.
Ulu öndərin siyasi xəttinin
davamçısı Prezident İlham Əliyev 2003-cü ildən
ötən dövr ərzində ölkəmizi yeni tərəqqi
yoluna çıxarmaqla, ilk növbədə, Heydər
Əliyevin arzularını gerçəkləşdirib. Son 15 ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
əldə etdiyi uğurların miqyası kifayət qədər
genişdir. Təbii ki, hazırkı
sürətli inkişaf parlamentdən də fəaliyyətində
dinamizm tələb edir. Fəxarət hissi
ilə qeyd etməliyik ki, Milli Məclis bu dövrdə öz
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirməyə müvəffəq olub. Bu illər
ərzində Azərbaycanın inkişafına xidmət edən
və Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatlara hüquqi dəstək verən yüzlərə
qanun və qərar qəbul edilib, neçə-neçə
qanunlara əlavə və dəyişikliklər olunub, beynəlxalq
müqavilə və konvensiyalar təsdiqlənib, bir sözlə,
ölkəmizin qanunvericilik bazası daha da təkmilləşdirilib.
Bütün bu işlərdə
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti
ən yüksək ehtirama layiqdir. Birinci vitse-prezident təyin
olunana qədər Milli Məclisin deputatı olan Mehriban
Əliyeva ölkəmizdə parlament mədəniyyətinin
inkişafına çox böyük önəm verib, dövlətimizin
qanunvericilik bazasının təkmilləşdirilməsində
yaxından iştirak edib. Bir sıra
qanunvericilik aktlarının təşəbbüskarı olub.
Milli Məclisdəki fəaliyyəti dövründə
Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq
qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası
dostluq qruplarının üzvü kimi Milli Məclisin beynəlxalq
əlaqələrinin inkişafında böyük işlər
görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil
edib. O, xalqımızı düşündürən problemləri
beynəlxalq ictimaiyyətə çatdırmaq
üçün ardıcıl və məqsədyönlü
iş aparıb. Milli Məclisin deputatı
adını daşımaq Mehriban Əliyevanın
özünün dediyi kimi, böyük şərəf idi.
Bu mənada, Mehriban Əliyevanın Milli Məclisdəki
fəaliyyəti hər birimiz üçün nümunədir.
Təmsil olunduğum
beşinci çağırış Milli Məclis öz fəaliyyətini
əsası ulu öndər tərəfindən qoyulmuş
prinsiplərə uyğun quraraq və ölkə rəhbəri
cənab İlham Əliyev tərəfindən irəli
sürülən təşəbbüsləri dəstəkləyərək
Azərbaycanın hüquqi bazasının təkmilləşdirilməsi
istiqamətində üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlir. Bu
çağırış Azərbaycan Milli Məclisinin
intellektual potensialı parlamentin səlahiyyəti
dövründə qanun yaradıcılığı fəaliyyətinin
hər cəhətdən uğurlu olacağına əminlik
yaradır.
Bu il digər
dövlət qurumları kimi, Azərbaycan parlamenti də 100
illiyini qeyd edir. Bu münasibətlə parlamentin
rəhbərliyi başda olmaqla, bütün deputat həmkarlarımı
təbrik edirəm. 100 yaşlı
parlamentimiz bundan sonra da Azərbaycan dövlətinə və
xalqına ləyaqətlə xidmət edəcək,
qarşısında dayanan bütün vəzifələri
şərəflə yerinə yetirəcək.
Milli Məclisin
dövlətimizin güclənməsində xidmətləri əvəzsizdir
Tahir
MİRKİŞİLİ,
Milli Məclisin
deputatı:
-Azərbaycan xalqının dövlətçilik
təcrübəsi kifayət qədər mürəkkəb
tarixi mərhələlərdən keçib. Müstəqillik
arzusunu daim ürəyində yaşadan xalqımız 100 il bundan öncə öz dövlətini qurdu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə
ilk demokratik dövlət oldu. Bu dövlət ilk dəfə
qadınlara seçkilərdə iştirak edərək səs
vermək hüququ verdi.
Xalq Cümhuriyyəti
fövqəladə dərəcədə çətin və
mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, son dərəcə demokratik inkişaf yolu tutdu. Həm də
müsəlman Şərqində ilk parlament respublikası
modelinin tətbiq olunması ilə dünya tarixinə
düşdü. O zamankı tarixi şəraitdə
atılan bu addım Azərbaycan xalqının müstəqillik
əzminə və demokratik təbiətinə parlaq sübut
oldu.
Azərbaycanda yaşayan
bütün millətlərin və ölkənin vilayətlərinin
də nümayəndələrinin təmsil olunduğu yeni
parlament ölkəmizin sahibi oldu, onun müqəddəratını
müəyyən etdi, hökumətini təşkil etdi və
mənafeyini qorudu. Qısa müddət ərzində
parlamentin qəbul etdiyi çoxlu sayda qanunlar öz
dövrü üçün kifayət qədər mütərəqqi
idi. Dövlət quruculuğu, iqtisadi,
sosial, mədəni və hərbi sahələrdə qəbul
edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli
fəaliyyətinə imkan yaratdı.
Azərbaycanın SSRİ tərkibində
olduğu dövrdə əsasən Ali Sovet adı ilə fəaliyyət
göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə
malik olmuşdur. Lakin belə bir şəraitdə də
Azərbaycanda parlamentarizm ənənələri davam etdirildi.
Dövlət müstəqilliyini
bərpa etdikdən sonra xalqımız yalnız ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışı sayəsində böhran və təlatümlər
dövrünü geridə qoydu. Ulu öndərin rəhbərliyi
ilə və daha sonra parlamentdə qəbul edilən qanunlar
milli dəyərlər nəzərə alınmaqla, üzv
olduğumuz beynəlxalq təşkilatların da ən
yüksək standartlarına uyğun şəkildə
hazırlanmışdır.
Müasir Azərbaycan
Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla,
xalqımızın müstəqillik arzularını bu
gün layiqincə doğruldur. Ölkədə zəngin qanunvericilik
bazasının formalaşmasında yorulmadan
çalışan Milli Məclis ölkəmizin müstəqilliyinin
möhkəmlənməsində və dövlətimizin
güclənməsində əvəzsiz xidmətlər
göstərir, xalqın və dövlətin mənafeləri
ilə bağlı vəzifələri, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması məsələlərini
daim diqqət mərkəzində saxlayır, uğurla həyata
keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların,
demokratikləşdirmə prosesinin hüquqi mexanizmini daha da
inkişaf etdirir.
Hazırladı:
Rəşad
CƏFƏRLİ,
Azərbaycan. - 2018.- 21 sentyabr.- S.10.