Mehriban Əliyeva:
"NATO ilə Azərbaycan
arasında yüksək
səviyyəli dialoq uğurla inkişaf edir"
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 20-də
NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın NATO ilə
əməkdaşlığa böyük əhəmiyyət
verdiyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin Alyansın
müxtəlif tədbirlərində
iştirak etdiyini bildirdi. Qeyd etdi ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə
Əfqanıstanda çiyin-çiyinə
xidmət edir, 2018-ci ilin yanvar ayından
Qətiyyətli Dəstək
Missiyasında Azərbaycan
hərbçilərinin sayını
30 faiz artıraraq 120 nəfərə çatdırıb.
Ölkəmiz, həmçinin Əfqanıstanın milli
ordusuna maliyyə yardımı göstərir,
logistika və nəqliyyat problemlərinin
həllinə kömək
edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün
təlimlər təşkil
edir.
NATO ilə Azərbaycan arasında yüksək səviyyəli
dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə
edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Brüsseldə
NATO Zirvə toplantısında
iştirakının və
Alyansın baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün
ölkəmizlə təşkilat
arasında ikitərəfli
əlaqələrin inkişafına
xidmət etdiyini vurğuladı. Birinci vitse-prezident bildirdi
ki, NATO-ya üzv dövlətlər
tərəfindən Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün
birmənalı dəstəklənməsi
ölkəmizdə yüksək
dəyərləndirilir. Mehriban Əliyeva onu da vurğuladı
ki, Azərbaycan
NATO-nun gender məsələlərinə,
qadınlar, sülh və təhlükəsizlik
mövzusuna böyük
diqqətini alqışlayır.
"Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə
Azərbaycanda keçirilib”,
- deyən Birinci vitse-prezident ölkəmizdə
gender bərabərliyinin dövlət
siyasətinin prioritetlərindən
biri olduğunu qeyd etdi. Bildirdi ki, hələ
100 il əvvəl
Azərbaycan Xalq Cümhuriyyətinin atdığı
addımlardan biri də qadınlara seçki hüququnu verilməsi idi. "Fəxr edirik ki, hələ XX əsrin əvvəllərində
Azərbaycan qadınları
bir sıra inkişaf etmiş ölkələrdən əvvəl
bu bərabərliyə
nail olublar”, - deyən
Mehriban Əliyeva müstəqilliyimizi bərpa
etdikdən sonra qadınların ölkəmizin
ictimai-siyasi həyatında
fəal iştirak etdiklərini, parlamentdəki
deputatların 17 faizini
qadınların təşkil
etdiyini diqqətə çatdırdı, bu göstəricinin gələcəkdə
daha da artacağına
ümidvar olduğunu bildirdi. Birinci vitse-prezident ordumuzda
kişilərlə yanaşı
1600 qadının xidmət
göstərdiyini, Azərbaycanda
əsrlərboyu qadınlara
böyük hörmətlə
yanaşıldığını və bu gün
də bu ənənənin davam etdiyini vurğuladı.
Azərbaycanın sülhsevər
ölkə olduğunu,
qonşuları və
digər ölkələrlə
qarşılıqlı hörmət
əsasında əlaqələr
qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın
işğalçılıq siyasətindən əziyyət
çəkdiyimizi, beynəlxalq
səviyyədə ölkəmizin
ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7
rayonun bu siyasət nəticəsində
işğal altında
qaldığını, 1 milyondan
çox insanın qaçqın və məcburi köçkün
həyatı yaşadığını,
münaqişə zamanı
yüzlərlə azərbaycanlı
qadının öldürüldüyünü,
girov götürüldüyünü,
Xocalı faciəsi zamanı 600-dən çox
insanın, o cümlədən
qadın və uşaqların vəhşicəsinə
qətlə yetirildiyini
diqqətə çatdırdı.
Bildirdi ki, BMT Təhlükəsizlik Şurası
25 il əvvəl işğalçı qüvvələrin
Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxarılması
ilə bağlı 4 qətnamə qəbul etsə də, bu işğalçılıq
siyasəti hələ
də davam edir. Münaqişənin ədalətli şəkildə,
beynəlxalq hüququn
norma və
prinsipləri çərçivəsində
həllinin tərəfdarı
olduğumuzu qeyd edən Mehriban Əliyeva vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü
bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və
bundan sonra regionda sülh bərqərar olacaq. "Sülh, təhlükəsizlik
xalqlar arasında qarşılıqlı anlaşmanı
təmin edən amillərdir”, - deyən Birinci vitse-prezident NATO-nun humanitar fəaliyyətinin
Azərbaycanda yüksək
qiymətləndirildiyini, bu
sahədə təşkilatla
sıx əməkdaşlığa
hazır olduğumuzu diqqətə çatdırdı.
"Əmin ola bilərsiniz
ki, Sizin söylədiyiniz fikirləri
biz özümüz üçün
qeyd etdik”, - deyən NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycana səfərlərindən
məmnunluğunu ifadə
etdi, Bakıda "Qadınlar, sülh və təhlükəsizlik”
mövzusunda konfransın
ölkəmiz üçün
əlamətdar günlərdə
- Azərbaycan parlamentinin
100 illiyi ərəfəsində
keçirildiyini söylədi.
Bakının gözəlliyindən danışan qonaq ölkəmizin əldə etdiyi nailiyyətlərdən məmnunluğunu
bildirdi.
Azərbaycan.- 2018.- 21 sentyabr.-
S.2.