Fəxri xiyabanda
görkəmli alim Rəfiqə Əliyevanın
xatirəsi anılıb
Sentyabrın 20-də Fəxri
xiyabanda görkəmli
kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf
mühitin mühafizəsi
elmi-tədqiqat laboratoriyasının
yaradıcısı, Əməkdar
elm xadimi, "Şöhrət”
ordenli Rəfiqə Əliyevanın qəbirüstü
abidə kompleksi önündə alimin anadan olmasının 86 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə görkəmli
alimin ailə üzvləri, elm adamları,
dövlət və hökumət rəsmiləri,
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbir iştirakçıları Rəfiqə
Əliyevanın xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov
Rəfiqə Əliyevanın
həyat və fəaliyyətindən danışıb. Qeyd edib
ki, həyatının
böyük hissəsini
BDU-da ixtisaslı kadrların hazırlanmasına
sərf edən Rəfiqə Əliyevanın
Azərbaycan kimya elminin inkişafındakı
xidmətləri əvəzsizdir.
Görkəmli alim ekoloji kimya və ətraf
mühitin mühafizəsi
elmi-tədqiqat laboratoriyasının
yaradıcısı və
rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib.
Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb,
onun tələbələri
kimya elminə öz töhfələrini
verməkdə davam edirlər. "Rəfiqə xanım gözəl müəllim,
qayğıkeş ana
və diqqətli insan idi. O, heç kəsdən qayğısını əsirgəmirdi.
Biz Rəfiqə xanımın 70 və 80 illik yubileylərini keçirmək istəyəndə
bununla razılaşmadı.
Yalnız vəfatından sonra
biz onun 85 illik yubileyini qeyd edə bildik. Ekoloji kimya və
ətraf mühitin mühafizəsi elmi-tədqiqat
laboratoriyasının önündə
onun barelyefi açıldı, adına
təqaüd təsis
edildi, elmi yaradıcılığına həsr
edilən beynəlxalq
konfrans keçirildi”,
- deyə Abel Məhərrəmov
qeyd edib.
Akademik vurğulayıb ki, Rəfiqə xanımın
ən yaxşı əsərləri tələbələri
və ailəsidir. Rəfiqə Əliyeva böyük alim, ictimai xadim
olmaqla yanaşı, cəmiyyət üçün
layiqli övladlar böyüdən qayğıkeş
ana idi. Onun ailə üzvləri Azərbaycan cəmiyyətində
özlərini təsdiqləyiblər.
Mərhumun ailəsi
adından çıxış
edən qızları
- BDU-nun ekoloji kimya kafedrasının müdiri,
professor Sevinc Hacıyeva və Əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfova mərasim iştirakçılarına minnətdarlıqlarını
bildiriblər.
Fəxriyyə Xələfova deyib ki, Rəfiqə xanımı tanıyan hər kəs onu sevərək anır. Rəfiqə Əliyeva təkcə
övladları üçün
deyil, həm də çalışdığı
universitetin kollektivi və tələbələri
üçün ana olub. Onun bütün tələbələri
vurğulayırlar ki,
Rəfiqə xanımın
tələbəsi olmaq
böyük həyati
məktəb keçmək
demək idi. O, fədakar insan idi, hər kəsə
qayğı ilə yanaşırdı. Yüksək
intellektə malik olan Rəfiqə xanım elmdə böyük irs
qoyub getdi.
Qeyd edək ki, Rəfiqə Əliyeva 1932-ci il
sentyabrın 20-də Naxçıvan
şəhərində anadan
olub. O, orta məktəbi bitirdikdən
sonra ali
təhsilini 1951–1956-cı illərdə
Azərbaycan Dövlət
Universitetinin kimya fakültəsində alıb.
Rəfiqə Əliyeva 1957-ci ildən
etibarən Azərbaycan
Dövlət Universitetində,
1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının
Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb.
1960–1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında
təhsil alan
Rəfiqə Əliyeva
1964-cü ildən ömrünün
sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini
tutub. O, 1970-ci ildə
namizədlik, 1999-cu ildə
doktorluq dissertasiyalarını
müdafiə edib və həmin ildə professor adına
layiq görülüb.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
2014-cü ildə isə
həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik
və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi
ilə 20-dən çox
fəlsəfə və
elmlər doktoru yetişib.
Azərbaycan.- 2018.- 21 sentyabr.- S.14.