Mərzuq Əli əl-Ğanim: “Küveyt və Azərbaycan hər zaman bir-birinin
yanındadır”
Sentyabrın 21-də Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan Küveytlə münasibətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycanın və Küveytin dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Lakin iqtisadi sahədə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə işləmək lazımdır.
Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qənaətbəxş hesab edib.
Milli Məclisin sədri bildirib ki, Küveyt bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Küveyt
Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim deyib ki, Azərbaycan və
Küveyt hər zaman bir-birinin yanındadır. Küveyt
rəhbərliyi, parlamenti, hökuməti
və xalqı Azərbaycanın mövqeyini
dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. O vurğulayıb ki,
ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əsasən sülh yolu ilə həllinin
tərəfdarıdır.
Azərbaycan.-
2018.- 22 sentyabr.- S.7.