Milli Məclis Azərbaycanın inkişafına və beynəlxalq
aləmdə güclənməsinə böyük
töhfələr verir
Parlament bundan
sonra da Konstitusiya ilə müəyyən olunan vəzifələrini məsuliyyətlə
və layiqincə həyata keçirəcək, Prezident İlham
Əliyevin dövlətçiliyimizin və
xalqımızın maraqlarının təmin olunmasına
xidmət edən siyasətinə dəstək olacaq
Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, həyata keçirdiyi tədbirlər dövlətçilik ənənələrinin bərpasına və inkişafına böyük təsir göstərmişdi. Qısa müddətdə Xalq Cümhuriyyətinin dövlətçilik atributları, ölkə hakimiyyətinin bütün qolları yaradılmışdı.
100 il əvvəl başlayan
demokratiya
Sentyabrın 21-də yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd edilən Azərbaycan Parlamentinin fəaliyyəti Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi dövlət quruculuğunun parlaq səhifəsidir. 100 il əvvəl yaranmasına və demokratik dəyərlərin indiki kimi bərqərar olmamasına baxmayaraq, Azərbaycan parlamenti demokratik bir qurum idi. Parlamentin tərkibi, müzakirələrin aparılması, qanun layihələrinin üçüncü oxunuşdan sonra qəbulu, hökumətin fəaliyyəti ilə bağlı qərarlar Azərbaycan xalqının demokratik dəyərlərə hələ 100 il əvvəl bağlı olduğunu göstərir. Fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsinin çıxarılması isə bu qurumun səmərəli və dinamik fəaliyyətindən xəbər verir. Parlament o dövrdə Azərbaycan dilini dövlət dili elan etdi. Şərqdə ilk dəfə olaraq Azərbaycan Parlamenti qadınlara seçki hüququ verdi.
Bütövlükdə, Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir.
Heydər Əliyevin rəhbərliyi parlamentin
də fəaliyyətinə canlanma gətirmişdi
Sovet dövründə respublikamızda qanunverici orqan mövcud olsa da, onun demokratik fəaliyyət prinsiplərindən söhbət gedə bilməzdi. Lakin ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə qanunverici orqanın da fəaliyyətində canlanma yarandı. Bu mərhələdə sovet parlamenti olmasma baxmayaraq, respublikada bütün sahələrdə inkişafın təmin edilməsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsi davam etmişdir. Ali qanunverici orqanın geniş imkanlarından yüksək peşəkarlıqla istifadə edən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər xalqda milli oyanışı və özünüdərk hissini gücləndirmiş, Azərbaycan SSR Ali Sovetində milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılmasına, elmi-intellektual tərəqqiyə xidmət edən mühüm qanunlar, qərarlar qəbul olunmuşdur.
Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. Ötən əsrin 70-80-ci illərində icra orqanları ilə parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi üçün zəruri əsaslar formalaşdırmış, Azərbaycanın gələcək siyasi müstəqilliyinə möhkəm körpü salmışdır.
Müstəqilliyimizin və müasir
parlamentarizmin banisi
Müstəqilliyin ilk illərində parlament öz üzərinə düşən vəzifələri yerinə yetirmək iqtidarında deyildi. Qanunverici orqan ancaq siyasi çəkişmələr meydanına çevrilmiş, ölkənin taleyüklü problemləri diqqətdən kənarda qalmışdı. Həmin dövrdə parlamentdə baş verənlər ümumiyyətlə siyasi etikaya uyğun deyildi. Hətta o illərdə parlamentin iclaslarında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, gələcək inkişafı ilə bağlı çıxışlar edən ulu öndər Heydər Əliyevə qarşı siyasi təzyiqlər edilirdi. Amma məhz Heydər Əliyev 1993-cü ildə ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə yanaşı, parlamentin də sivil fəaliyyətini təmin etdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Ali Sovetdən başlamışdı. Yalnız onun rəhbərliyindən sonra qanunverici orqanın fəaliyyəti dövlətçilik məsələlərinə, ölkənin düşdüyü problemlərin həllinə istiqamətləndirildi. Beləliklə, ulu öndər Heydər Əliyev həm müstəqil Azərbaycanın, həm də müasir, sivil parlamentarizmin banisi oldu. Belə ki, Heydər Əliyev cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışdı. Amma ulu öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
23 ildə 5750-yə qədər qanun
və qərar qəbul edilib
Həmin dövrdən başlayaraq artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul etmişdir. Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlmişdir.
Sentyabrın 21-də keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev parlamentin fəaliyyətini yüksək qiymətləndirərək deyib: "Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər”.
Ölkə Prezidenti qanunverici
orqana çox böyük diqqət və dəstək
göstərir
Milli Məclis həm də on beynəlxalq təşkilatın üzvüdür. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Parlament Konstitusiyada nəzərdə tutulan funksiyasını çox uğurla həyata keçirir. Həmçinin Milli Məclis Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsini daim diqqət mərkəzində saxlayır.
Onu da qeyd edək ki, Prezident
İlham Əliyev Milli Məclisin fəaliyyəti
ilə bağlı məsələləri dərindən
bildiyinə görə
qanunverici orqana çox böyük diqqət və dəstək göstərir. Prezident İlham
Əliyev birinci və ikinci çağırış Milli
Məclisin deputatı
olub, Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinə rəhbərlik
edib. O dövrdə
Azərbaycan Avropa Şurasında bir çox mühüm uğurlara imza atıb, Ermənistanın
işğalçı siyasəti
ilə bağlı sənədlərin qəbuluna
nail olub. Bu mənada
cənab İlham Əliyevin parlamentdəki fəaliyyət illəri ölkəmizin və Milli Məclisin beynəlxalq uğurları
baxımından əlamətdar
dövrdür.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da deputatlıq fəaliyyəti mühüm
tərəfləri ilə
yadda qalıb. Mehriban Əliyevanın
rəhbərlik etdiyi Azərbaycan-Fransa və Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə
işçi qrupları
ölkəmizin beynəlxalq
əlaqələrinin dərinləşməsinə
böyük töhfələr
verib. 12 ilə yaxın müddətdə Mehriban Əliyeva qanunvericilik bazasının möhkəmləndirilməsində,
parlamentin beynəlxalq
əlaqələrinin inkişafında
yaxından iştirak edib. Onun təklifi və
dəstəyi ilə dörd amnistiya aktı qəbul olunub.
Milli Məclis öz fəaliyyəti ilə ölkədə gedən inkişafa, Azərbaycanın
beynəlxalq aləmdə
güclənməsinə, sabitliyə
layiqli töhfələr
verir. Bütün bunlar həm
də cümhuriyyət
dövründə əsası
qoyulmuş ənənələrin
davamıdır. Milli Məclis
o dövrdə formalaşmış
parlamentarizm ənənələrini
keyfiyyətcə yeni mərhələdə yaşadır.
Azərbaycan parlamenti bundan
sonra da Konstitusiya ilə müəyyən olunan vəzifələrini məsuliyyətlə
və layiqincə həyata keçirəcək,
Prezident İlham Əliyevin dövlətçiliyimizin
və xalqımızın
maraqlarının təmin
olunmasına xidmət
edən siyasətinə
dəstək olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 23 sentyabr.- S.1; 3.