İlham Əliyevdən sahibkarlara növbəti
mühüm dəstək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
iş adamlarının dostuna çevrilərək onların
hüquqi təminatının gücləndirilməsinə
xidmət edəcək
Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.
Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kreditlər verilib.
Dövlət sahibkarlar üçün ən
yaxşı tərəfdaşdır
Sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verir.
Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi göstərişlər, tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib. Bu xüsusda onu da vurğulaya bilərik ki, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən diqqət və qayğı bu prosesi daha da genişləndirib. Ötən ilin dekabrında dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsinə dair imzaladığı mühüm fərman
İlham Əliyevin bu sahəyə nə qədər diqqət göstərdiyini bir daha təsdiqlədi.
"Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır”, - deyən Azərbaycan Prezidenti hələ bir neçə il öncə hər bir sahə üzrə konkret proqramları, planların və böyük maliyyə resurslarının olduğunu söyləyəndə məhz belə layihələri nəzərdə tuturdu.
Sahibkarlara böyük dəstək olacaq yeni agentlik
Bu ilin iyun ayında isə Prezident İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayaraq qurumun nizamnaməsi və strukturunu təsdiqlədi.
Düzdür, hazırda Azərbaycanda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına yaxşı imkan yaradır. Buna görə də KOB İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.
İlk "KOB Dostu” Cənub bölgəsində
yaradıldı
Artıq yeni agentliyin bir
regional bölməsi yaradılıb. Prezident İlham Əliyev
sentyabrın 18-də Cənub bölgəsinə səfəri
çərçivəsində Masallı Sənaye Məhəlləsinin
açılışında iştirak edərkən
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta
Biznesin Dostu” (KOB) Mərkəzi ilə tanış olub. Mərkəz məhəllənin inzibati binasında
yerləşir.
Gələcəkdə
ölkənin digər şəhər və rayonlarında da
sahibkarlara dəstək məqsədilə yaradılacaq
"Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti
yeni kiçik və orta biznes sahələrinin yaranmasına,
kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə
regionun potensialının reallaşdırılmasına
yönələcək.
Bu məqsədlə potensial
investisiya layihələri müəyyən ediləcək və
onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq
olunacaq.
Hədəf
sahibkarın dostu kimi önəmli missiyanın
daşıyıcısına çevrilməkdir
Dövlət
başçısının respublikanın Cənub bölgəsinə
səfərindən 3 gün sonra, sentyabrın 21-də
Masallı Sənaye Məhəlləsində ilk "KOB
Dostu”nun təqdimat mərasimi keçirilib. Regionda sahibkarlara
xidmətlər göstərən dövlət orqanları və
təşkilatlarının 20-dən artıq səlahiyyətli
nümayəndəsinin, özəl bölmənin təmsilçilərinin
iştirakı ilə keçirilən mərasimdə yeni
yaradılan agentliyin və ilk regional mərkəzin fəaliyyət
istiqaməti barədə ətraflı məlumat verilib.
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə sahibkarlığın
inkişafı, bu istiqamətdə həyata keçirilən
tədbirlər barədə məlumat verərək bildirib
ki, agentliyin yaradılması dövlət
başçısı tərəfindən
sahibkarlığın inkişafına göstərilən
diqqət və qayğının daha bir göstəricisidir:
"Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi
sahəsində effektivliyin artırılması,
çoxsaylı dəstək mexanizmlərinə sahibkarların
rahat çıxışının təmin edilməsi,
biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında
bu sektorun davamlı inkişafının təmin edilməsindən
ibarətdir. Hədəfimiz qurumu sahibkarın
dostu kimi önəmli missiyanın
daşıyıcısına çevirməkdir”.
10 iqtisadi rayon
üzrə 60 "KOB Dostu” şəbəkəsi
yaradılacaq
Orxan Məmmədov diqqətə
çatdırıb ki, "KOB Dostu”nun fəaliyyəti yeni
kiçik və orta biznes sahələrinin yaranmasına,
sahibkarlığın inkişafına yönəldiləcək. Bu məqsədlə
potensial investisiya layihələri müəyyən ediləcək
və onların KOB-lar vasitəsilə həyata keçirilməsi
təşviq olunacaq.
"KOB Dostu” sahibkarlara biznes
planının hazırlanmasında yardımçı olacaq,
eyni zamanda sahibkarla dövlət strukturları, kredit təşkilatları
arasında körpü rolunu oynayacaq. Kiçik və orta sahibkarın
çətinliklərinin aradan qaldırılmasına hərtərəfli
dəstək göstərəcək.
Ümumiyyətlə,
"KOB Dostları” kiçik və orta biznesin
hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət
göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr
qurulacaq və "KOB Dostları” onların inkişaf
ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək.
Bu isə həmin tələblərə operativ
reaksiyanı təmin etməyə imkan verəcək.
Masallı və ətraf
rayonlarda fəaliyyət göstərən sahibkarlar "KOB
Dostu”nun xidmətlərindən istifadə edə bilərlər. Tezliklə
ölkənin digər rayonlarında da sahibkarlara dəstək
məqsədilə "KOB Dostu” mərkəzləri
yaradılacaq. Ümumilikdə 10 iqtisadi rayon üzrə
60 "KOB Dostu” şəbəkəsi yaradılacaq.
"KOB Evi” və
"KOB könüllüləri”
Orxan Məmmədovun sözlərinə
görə, yeni hədəflərin reallaşdırılması
məqsədilə agentlik tərəfindən bir sıra
strateji layihələr reallaşdırılmaqdadır. Kiçik və orta
sahibkarlığın inkişafı, onlara dəstəyin və
müvafiq xidmətlərin göstərilməsi
üçün "KOB Dostu” ilə yanaşı "KOB
Evi”, "KOB könüllüləri” və s. kimi yeni mexanizmlər
tətbiq olunacaq.
Hazırda agentlik,
sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər
göstərən, dövlət orqanlarının və təşkilatlarının
bu sahədə göstərdikləri xidmətlərin bir məkanda
- "Kiçik və Orta Biznes Evləri”ndə təşkili
ilə bağlı mühüm layihəni həyata
keçirməkdədir. Bu evlərdə 35 dövlət orqanı
və təşkilatlarının 100-dən artıq xidmət
növünün bir məkan prinsipi əsasında verilməsi
təmin ediləcək, digər tərəfdən sahibkarlar
bu evlərdə çoxsaylı dəstək tədbirləri
ilə əhatə olunacaq. İlk "KOB
Evi”nin Bakı şəhərində
açılışı nəzərdə tutulur. Növbəti mərhələdə regionlarda da belə
evlər yaradılacaq.
"KOB könüllüləri”
isə mərkəzə müraciət edən sahibkarlara
lazımi kömək göstərəcək və bu isə
gələcəkdə onların mərkəzdə müvafiq
işlərlə təmin olunmalarına böyük dəstək
olacaq.
"KOB Evi” yeni
innovativ brend kimi formalaşacaq
Orxan Məmmədov
vurğulayıb ki, bununla yanaşı elektron formada vahid
platforma üzərindən xidmətlərin göstərilməsini
təmin edəcək "e-KOB evi” portalının
yaradılması ilə bağlı işlərə də
başlanılıb: "Əminik ki, bu sahibkar evləri
ölkəmizin yeni innovativ brendi kimi formalaşacaq və sizlərə
şəffaf, operativ şəkildə xidmət göstərəcək”.
Onun sözlərinə
görə, agentliyin fəaliyyəti kiçik və orta
sahibkarlığın yaradılmasının və
inkişafının bütün mərhələlərində
zəruri dəstək tədbirlərinin təşkilinə
yönələcək. Bu tədbirlər güzəştli maliyyə
mənbələrinə çıxışın
asanlaşdırılması, qabaqcıl təşkilati modellərin
tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni
ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici
bazarlara çıxışı, sahibkarların
maraqlarının müdafiəsi və digər istiqamətləri
əhatə edəcək.
Agentlik yeni idarəetmə
modelləri də tətbiq etməkdədir
"Bütün qeyd etdiyim istiqamətləri
sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq
təşkilatlarla sıx əməkdaşlıq şəraitində
reallaşdırmaq niyyətindəyik”, - deyən Orxan Məmmədov
bildirib ki, agentlik Prezident
İlham Əliyevin
onların qarşısına qoyduğu vəzifələrin
reallaşdırılması məqsədilə yeni idarəetmə
modelləri də tətbiq etməkdədir.
Region sahibkarlarını
agentliyin Masallıdakı nümayəndəsi - "KOB Dostu”
ilə sıx əməkdaşlığa dəvət edən
Orxan Məmmədov qeyd edib ki, bu mərkəz ümumiyyətlə,
regionun sənaye potensialının inkişafına,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə
öz töhfəsini verəcək.
Sonra "KOB Dostu” ilə
bağlı təqdimat keçirilib. Təqdimatda sahibkarlara
mərkəzin ümumi fəaliyyət istiqamətləri və
göstərəcəyi xidmətlər barədə ətraflı
məlumat verilib. Burada sahibkarlara müvafiq
xidmətlərin göstərilməsi üçün
lazımi şərait yaradılıb. Mərkəz
texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri,
eləcə də zəruri maarifləndirici məlumatlarla təchiz
olunub. "KOB Dostu” mərkəzində fəaliyyət göstərəcək
"KOB könüllüləri” mərkəzə müraciət
edən sahibkarlara operativ şəkildə
yardımçı olacaq, onlara texniki və s. dəstək
göstərəcəklər.
Yerli sahibkarlar isə ilk "KOB
Dostu”nun Masallıda fəaliyyətə başlamasından məmnunluqlarını
bildirib, mərkəzin göstərəcəyi
çoxsaylı xidmətlərin onların işini daha da
asanlaşdıracağını, biznes fəaliyyətinin
qurulmasında böyük təkan olacağını qeyd
edib, özəl bölmənin inkişafına göstərdiyi
hərtərəfli dəstəyə, tətbiq olunan yeni dəstək
mexanizmlərinə görə Prezident İlham Əliyevə
təşəkkürlərini bildiriblər.
Əsas vəzifə
sahibkarlara şəffaf, obyektiv və nəzakətlə fəaliyyət
göstərməkdir
Təqdimat mərasimindən sonra
jurnalistlərə açıqlamasında Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin
sədri Orxan Məmmədov vurğulayıb ki, "KOB Dostu”
sahibkarlara əsasən 5 sahədə dəstək göstərəcək:
"Əsas istiqamət dövlət dəstəyindən ibarət
olacaq, yəni sahibkar müvafiq dövlət qurumu ilə
sıx əlaqədə ola biləcək. "KOB
Dostu” sahibkarla dövlət qurumu arasında bir körpü
rolunu oynayacaq. Daha sonra sahibkarların
hüquqlarının müdafiəsinə diqqət
ayrılacaq. Bununla sahibkarların
hüquqları qorunacaq, onlara öz hüquqlarını
tanıdacaq. Digər istiqamət maliyyə
bazarlarına çıxış üçün müvafiq
dəstəkdir. Sahibkarlara bu barədə
məlumatlar veriləcək. Vacib fəaliyyət
sahələrindən biri də sorğu və monitorinq xidməti
olacaq. Bu çox vacib bir haldır ki,
"KOB Dostu” sahibkarların problemlərini yerində öyrənə
biləcək və məlumatları agentliyin mərkəzi
aparatına ötürəcək”.
Bir sözlə, agentliyin ən
ümdə vəzifəsi sahibkarların problemlərini aradan
qaldırmaq, onlara şəffaf, obyektiv və nəzakətlə
xidmət göstərməkdir. Orxan Məmmədov bu
vəzifənin öhdəsindən layiqincə gələcəklərini
və dövlət başçısının onlara göstərdiyi
etimadı doğruldacaqlarını söyləyib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 23 sentyabr.- S.1; 3