İqtisadi sahədə uğurlu
əməkdaşlıq
Azərbaycan-Rusiya İşgüzar
Şurasının sədri
Səməd QURBANOV: "Əsas
məqsədimiz iki ölkə arasında iqtisadi, investisiya qoyuluşu sahəsində
və iş adamları arasında əlaqələri daha da genişləndirməkdir”
Dünən Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.
İclasda çıxış edən Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb.
Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.
Sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib. Tədbirdə iş adamlarının çıxışları dinlənilib, şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.
R.BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 25 sentyabr.- S.1; 3.