Baş nazir: 2019-cu il
büdcə layihəsi qlobal maliyyə-iqtisadi
proseslər nəzərə alınmaqla tərtib edilib
Sentyabrın 24-də Baş
nazir Novruz Məmmədovun sədrliyi
ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun
olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan
Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin
və icmal büdcənin layihələri
və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri,
Azərbaycan Respublikasının
2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
müzakirə edilib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu
iqtisadi siyasətin ölkəmizin dinamik inkişafına rəvac verdiyini vurğulayan baş nazir Novruz Məmmədov, bu baxımdan gələn ilin dövlət büdcəsinin
layihəsinin də əldə olunan nailiyyətlər zəminində,
habelə dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər
nəzərə alınmaqla
tərtib edildiyini bildirdi.
O qeyd etdi ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi sosialyönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair maliyyə nazirinin və iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənildi.
Geniş müzakirələrdən
sonra qərara alındı ki, təqdim olunan büdcə
layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq, büdcə
zərfinə daxil olan
sənədlər toplusu Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilsin.
Azərbaycan.-
2018.- 25 sentyabr.- S.2.