Azərbaycan ilə Monteneqro
arasında hərbi əməkdaşlıq məsələləri
müzakirə edilib
Sentyabrın 24-də Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
"ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq
müdafiə sərgisində iştirak etmək
üçün ölkəmizə səfərə gələn
Monteneqro Respublikasının müdafiə naziri Predraq
Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
inkişafından məmnunluğun ifadə edildiyi
görüşdə vurğulanıb ki, Azərbaycan ilə
Monteneqro arasında bir çox istiqamətlərdə, o
cümlədən hərbi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
potensial mövcuddur.
Monteneqronun müdafiə nazirinin
"ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq
müdafiə sərgisində iştirak etmək
üçün nümayəndə heyəti ilə Bakıya
səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov
bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın
daha da inkişafına yeni təkan verəcəyini deyib.
Monteneqronun müdafiə naziri isə
öz növbəsində dövlətlərimizin əlaqələrinin
möhkəm dostluq münasibətlərinə əsaslandığını,
ölkəsinin Azərbaycanın vacib tərəfdaşı
olduğunu deyərək bu cür görüşlərin ikitərəfli
münasibətlərin, eləcə də hərbi sahədə
əməkdaşlığın genişləndirilməsi
baxımından zəruriliyini qeyd edib.
Sonra tərəflər beynəlxalq
və regional təhlükəsizlik məsələləri,
ikitərəfli hərbi əməkdaşlığın
inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-
2018.- 25 sentyabr.- S.3.