Naxçıvanda “Avropa şəhərciyi”nin
açılışı olub
Sentyabrın 23-də "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində "Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.
Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.
Məlumat verilib ki, burada Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunurdu. Avropa İttifaqı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı, yerli və regional idarəetmənin təşkili, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına məlumat verilib.
Naxçıvan stendində milli geyimlərimiz və mətbəx nümunələrimiz, şirniyyatlar, içkilər nümayiş olunub, xalça toxunuşu təqdim edilib. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Uşaq Filarmoniyasının solistlərinin ifasında xalq mahnıları və muğamlar səslənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa Naxçıvan xalçası hədiyyə edib.
Naxçıvan şəhər sakinləri Qönçə Yusifova, Süsənbər Ağamalıyeva, Rəna Hüseynova və Samirə Abdullayeva "Avropa şəhərciyi”nin açılışını inkişafın, sabitliyin, milli dəyərlərimizə, adət-ənənələrimizə və mədəniyyətimizə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib, bütün bunlara görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Tədbirin gedişində
hər bir ölkə haqqında viktorinalar təşkil edilib,
bilik səhnələri və bir sıra digər tədbirlər nümayiş olunub. Axşam saatlarına qədər davam edən tədbir konsert
proqramı ilə başa çatıb.
Azərbaycan.-
2018.- 25 sentyabr.- S.8.