“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb

 

Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də "Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ali qonaq burada xalçaçılıq emalatxanasına, tədris mərkəzinə və "Sehrli ilmələr” qalereyasına baxıb.

Monqolustan Prezidentinə məlumat verildi ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış "Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrikas. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb.

Bildirilib ki, Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, "Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının "Xalçaşünaslıq” sektoru da məhz "Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir.

Ali qonaq "Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovluxovsuz xalça nümunələri ilə tanış oldu.

Sonra Prezident Xaltmaaqiyn Battulqa xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesinə baxdı.

Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı.

 

Azərbaycan.- 2018.- 26 sentyabr.- S.6.