İlməni ilməyə bağlayanların ruzisi
Bölgələrdə açılan yeni
xalçaçılıq müəssisələrində
yüzlərlə qadın çalışır
Azərbaycan qədim zamanlardan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biri kimi tanınıb. Son illərdə bu sənətin daha da inkişafına göstərilən dövlət qayğısı xalçaçılığın ölkə sənayesində önəmli yer almasına imkan verib. Xalça istehsalının çoxalması qədim el sənətinin yaşaması, ölkənin ixrac potensialının və nəticədə qazanılan vəsaitin artması, Azərbaycan brendinin geniş şöhrət qazanması ilə yanaşı, həm də qadınların məşğulluq probleminin həllində mühüm rol oynayır.
Bu sahənin inkişafına yönəldilən tədbirlər ardıcıl xarakter daşıyır. Son illərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalçalarımızın dünyada tanınması üçün böyük əmək sərf edib. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 2014-cü ildə isə Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalça Muzeyinin yeni binası istifadəyə verilib. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayıb.
"Azərxalça”nın Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən filiallarının da sayı artmaqdadır. Xalça emalatxanalarının tikintisi ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı rayonlarındakı müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrin hər biri Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
İlk filialın məhz cəbhə bölgəsində, düşmənin beş addımlığında fəaliyyətə başlaması böyük məna daşıyır. Belə ki, Horadizdəki bu yeni müəssisə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Füzuli rayonunda belə bir sənaye ocağının yaradılması dövlətin məcburi köçkünlərə qayğısından qaynaqlanır. Burada 150-dən çox işçinin məşğulluq problemi öz həllini tapıb. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir.
Prezident İlham Əliyev 2016-cı ilin noyabrında müəssisəni açarkən demişdir: "Bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda "Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi öyrədəcəksiniz”.
Əslində, ölkədə xalçaçılıq müəssisələrinin sayının artırılmasının əsas məqsədi də budur.
Bu ilin may ayında Xaçmaz, avqust ayında isə İsmayıllı filiallarının da açılışı olub. Xaçmaz filialının 160-dan çox işçisi var ki, onların da əksəriyyəti qadınlardır. Burada öz məşğulluq problemini həll edən qız-gəlinlər əsasən Xaçmazın ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar da digər filialların toxucuları kimi işə kor-koranə başlamayıblar, bir neçə ay ərzində "Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Xalçaçılar müxtəlif ölçülü onlarca dəzgahda çalışırlar. Onlar Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verirlər. Ümumiyyətlə, bütün filiallarda toxunan çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Keçən ay dövlət başçısının iştirakı ilə açılmış İsmayıllı filialında daha 162 nəfərin məşğulluq problemi həll edilib ki, bunlardan da 150-si toxucu qadınlardır. Onlar yaradılan şəraitdən çox razı olduqlarını bildirmişlər. Prezident İlham Əliyev demişdir: "Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır”.
Xalçaçılıqla yanaşı, bu sahə ilə əlaqəsi olan bir sıra digər istehsalat müəssisələrinin inkişafına da xüsusi diqqət yetirilir. Çünki bunsuz xalça fabriklərinin fəaliyyəti mümkün deyil. Odur ki, onların materialla təmin olunması üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam edir. Dövlət başçısının sərəncamı ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında da xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Gələn il əlavə olaraq on şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Bu müəssisələrdə də yüzlərlə yeni iş yerləri açılacaq.
Bütün bunlar o deməkdir ki, hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.
Flora SADIQLI
Azərbaycan.-
2018.- 26 sentyabr.- S.10.